29 Avqust 2025 09:40
543
İQTİSADİYYAT
A- A+
Günəş işığı

Günəş işığı


Hazırda əsas qlobal çağırışlardan biri alternativ və bərpaolunan enerjiyə keçiddir. Bu gün dünyada istehsal və istehlak olunan enerjinin, təxminən, 81 faizi bərpa olunmayan fosil yanacaqlardır. Ənənəvi enerji mənbələri olan neft, qaz və kömür tükənən resurslardır, üstəlik, onların istifadəsi təbiətə ciddi ziyan vurur. Bu səbəbdən alternativ və bərpaolunan enerji mənbələrinin inkişafı son illərdə qlobal prioritetə çevrilib. Bu sahədə xüsusi yeri günəş-elektrik stansiyaları (GES) tutur.

Ekoloji cəhətdən təmiz, təhlükəsiz və tükənməz olan günəş enerjisi bərpaolunan enerjinin ən perspektivli və böyük potensiala malik növüdür. Günəş işığından alınan bu enerjinin Yer səthinə düşən miqdarı bütün yanacaq ehtiyatlarından çoxdur. Onun yalnız 0,0125 faizindən istifadə etməklə bugünkü dünya energetikasının bütün ehtiyaclarını ödəmək olar. 


Çində dünyanın ən böyük GES-i tikiləcək


Günəş enerjisindən istifadə inkişaf etmiş ölkələrdə energetikanın əsas istiqamətlərindən biridir. GES-lərin effektivliyi ölkənin təbii iqlim şəraitindən və coğrafi mövqeyindən də asılıdır. Belə ki, bir il ərzində bir kvadratmetr yer səthinə düşən günəş enerjisinin miqdarı ABŞ-də 1500-2000, Rusiyada 800-1600, Fransada 1200-1400, Çində 1800-2000 və Azərbaycanda 1500-2000 kVts təşkil edir.

Hazırda dünyanın 70-dək ölkəsində (ABŞ 600 MVt), Fransa (100 MVt), İsrail (100 MVt) və Türkiyədə (50 MVt)) günəş elektrik stansiyaları fəaliyyət göstərir. Onların istehsal gücünün artırılması məqsədilə layihələr hazırlanır. Bunlardan biri Çin rəsmilərinin təqdim etdiyi Tibet yaylasında tikiləcək dünyanın ən böyük GES layihəsidir. Obyekt 610 kvadratkilometr sahəni əhatə edir. Bu, ölkədə iqlim məqsədlərinin nail olunmasına yönəlmiş günəş enerjisinin sürətli genişləndirilməsinin bir hissəsidir.

Statistikaya əsasən, Çinin karbon emissiyaları ilin birinci yarısında 1 faiz azalıb. Bu azalma emissiyaların 2030-cu ilə qədər müəyyən edilmiş planlaşdırılmış müddətdən əvvəl pik həddinə çatdığından xəbər verir. Lakin ekspertlər ölkənin 2060-cı ilə qədər karbon neytrallığını təmin etmək üçün daha kəskin azalmanın zəruriliyinin olduğunu bildirirlər. Bu baxımdan genişmiqyaslı günəş layihələrinin həyata keçirilməsi təkcə ölkədə karbon izinin azaldılmasına deyil, həm də qazıntı enerji mənbələrindən asılılığın aradan qaldırılmasına xidmət edəcək.


Ölkəmizdə günəş enerjisi istehsalı təxminən 9 dəfə artıb


Azərbaycan da bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik  fiziki-coğrafi mövqeyə sahibdir. Ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 QVt-dir. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı isə günəş enerjisi üzrə 23 min MVt həcmində qiymətləndirilir. Azərbaycanda günəşli saatların miqdarı il ərzində 2400-3200 saat təşkil edir.

Respublikamızda həyata keçirilən enerji siyasətinin hədəflərindən biri də bərpaolunan enerjiyə keçiddir. Prezidentin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də iqlim dəyişikliyi və onunla mübarizə istiqamətində, eləcə də ölkəmizdə "yaşıl enerji" məkanı prinsiplərinə əsaslanan bərpaolunan enerjidən iqtisadiyyatın bütün sahələrində tətbiqi məsələləri öz əksini tapıb. Ötən il COP29 kimi qlobal əhəmiyyətli tədbirin məhz Azərbaycana həvalə olunması da bərpaolunan enerjiyə keçidin ölkəmizin yeni strateji inkişaf dövrünün əsas hədəflərindən biri olmasının göstəricisidir.

 Azərbaycan günəş enerji stansiyalarının tikintisində bu sahədə böyük təcrübəyə malik "Masdar", "Acwa Power" və bp şirkətləri ilə əməkdaşlıq edir. Biləsuvarda inşa olunan ümumi gücü 445 meqavat olacaq günəş-elektrik stansiyasının inşasına Azərbaycan dövləti ilə "Masdar" şirkəti arasında imzalanmış müqaviləyə əsasən başlanılıb. Bununla yanaşı, hazırda 315 meqavatlıq "Neftçala" və 100 meqavatlıq "Qobustan" günəş-elektrik stansiyalarının da inşası həyata keçirilir.

2023-cü ilin oktyabrında istifadəyə verilmiş Xəzər regionunun və MDB-nin ən böyük günəş-elektrik stansiyası olan 230 MVt gücə sahib "Qaradağ" GES-in də enerji istehsalı getdikcə artır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib və ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş-elektrik stansiyasıdır. Ötən müddətdə burada 680 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal olunub. Ümumilikdə, son illər aparılmış təhlillər ölkəmizdə günəş enerjisi istehsalının, təqribən, 9 dəfə artdığını göstərir.


Gələcəyin əsas hədəfi - "yaşıl enerji"


Bərpa və quruculuq işlərinin geniş vüsət aldığı, yeni inkişaf dövrünü yaşayan Qarabağ və Şərqi Zəngəzurda da bərpaolunan enerji istehsalı üçün geniş imkanlar mövcuddur. Prezident İlham Əliyevin "yaşıl enerji" zonası elan etdiyi bu ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur. Sözügedən ərazilərdə 10 qiqavat həcmində  günəş və külək enerjisi potensialı mövcuddur. Xüsusilə Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonları texniki potensialı 7200 meqavatdan çox olan günəş enerjisindən istifadə üçün əlverişli şəraitə malikdir.

Ötən il Cəbrayıl rayonunda 240 MVt gücündə "Şəfəq" GES-in təməli qoyulub. Bu stansiya işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ilk sənaye miqyaslı günəş enerjisi və ən böyük birbaşa xarici investisiya layihəsidir. "Şəfəq" GES-də illik, təxminən, 500 milyon kilovat-saat elektrik enerjisi istehsalı gözlənilir. Bu isə ildə 120-150 milyon kubmetr təbii qaza qənaət, 260-330 min ton karbon emissiyasının azaldılması deməkdir. Virtual Enerji Ötürülməsi Mexanizmi çərçivəsində stansiyada istehsal olunan enerji Cəbrayılda mövcud elektrik şəbəkəsinə ötürüləcək və eyni miqdarda enerji Səngəçal terminalına veriləcək. Tikintisinə bu il start veriləcək stansiyanın ərazisi artıq minalardan təmizlənib.

Cəbrayılda 50 MVt gücündə Üfüq Günəş-Elektrik Stansiyası (GES), 50 MVt gücündə "Şəms" GES layihələri üzrə investisiya və Naxçıvanda 30 MVt gücündə GES layihəsi üzrə də icra müqaviləsi imzalanıb. "Yaşıl enerji" zonalarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən bu layihələrin reallaşması nəticəsində ümumilikdə illik 268 mln. kVt elektrik enerjisi istehsalı gözlənilir. Bu da 59 mln. kubmetr qaza qənaət edilməsinə və 128 min ton karbon emissiyasının azaldılmasına imkan yaradacaq.

Bütövlükdə isə, 2027-ci ilin sonuna qədər ölkəmizdə potensialı 2 qiqavata bərabər olan 9 günəş və külək-elektrik stansiyası istismara veriləcək. Sözügedən stansiyaların istismara verilməsi ilə il ərzində əlavə 3 milyard 843 milyon kilovat-saat təmiz enerji istehsal olunacaq. Bununla yanaşı, həmin stansiyaların fəaliyyəti nəticəsində ildə 496 milyon kubmetr təbii qaza qənaət olunacaq ki, bu da 943 min ton karbon emissiyasının azaldılması deməkdir.

Həyata keçirilən bu layihələr önümüzdəki illərdə Azərbaycanı bərpaolunan enerjinin inkişafı və ixracında lider mövqeyə yüksəldəcək, ölkəmizin gələcəyinin daha dayanıqlı və möhkəm təməllər üzərində qurulmasına mühüm töhfələr verəcək.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!