Heç vaxt təzyiqə, təhdidə, hörmətsizliyə dözməyəcək
Güclü iqtisadiyyat, qüdrətli ordu və müstəqil siyasət bir ölkənin qalib olmasının əsas təməl sütunlarıdır. Bu amillər ölkənin daxili sabitliyini təmin edir, beynəlxalq arenada nüfuzunu artırır və öz maraqlarını qorumağa imkan verir.
Bu gün dünyada baş verən prosesləri bir anlığa göz qabağına gətirsək, qanlı toqquşmaların, müharibə və münaqişələrin, özlərini "böyük güc" hesab edən ölkələrin, özlərindən zəif olanların işlərinə kobudcasına müdaxilənin, beynəlxalq hüququn tələblərinə məhəl qoyulmadan vəziyyəti gərginləşdirən ərazi iddialarının şahidi olarıq. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, iftixarla deyə bilərik ki, bütün bunları biz Azərbaycanda görmürük və görməyəcəyik. Azərbaycan güclü dövlətdir, öz yolu ilə gedən, heç kimin qarşısında heç bir öhdəliyi olmayan, heç kimin qabağında baş əyməyən, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Azərbaycan Prezidenti hakimiyyətə gəldiyi gündən siyasətinin əsas prioriteti ölkəsini dünyada iqtisadi, siyasi, hərbi cəhətdən qüdrətli, müstəqil dövlət kimi tanıtdırmaq olub.
İlham Əliyevi lider kimi səciyyələndirən ən başlıca xüsusiyyətlərdən biri praqmatik olması, baş verə biləcək arzuolunmaz hadisələrin qarşısını almaq üçün vaxtında qabaqlayıcı tədbirlər görmə bacarığıdır. 2022-ci ildə Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən dövlətimizin başçısı demişdir: "Bu gün güc amili ön plandadır. Mən bu haqda hələ on il bundan əvvəl demişdim. Mənim çıxışlarımın hamısı mətbuatda var. Dedim ki, beynəlxalq hüquq işləmir. Biz özümüzü aldatmamalıyıq, daha güclü olmalıyıq, güc toplamalıyıq. Lazım olarsa, düşməni güc yolu ilə torpağımızdan qovmalıyıq. Bunu demişəm də, bunu etmişəm də. Bundan sonra da güc amili dünyada hakim olacaq. Bunu indi yaxın tarix də göstərir. Ona görə bundan sonra da güclü olmalıyıq və güclü oluruq. Bu gün iqtisadi göstəricilərimiz çox müsbətdir. Deyə bilərəm ki, dünya miqyasında ən sürətlə inkişaf edən ölkələrdən biri Azərbaycandır. Hərbi gücümüzü də artırırıq. Müharibədən sonra yeni silahlı birləşmələr yaradılır, yeni texnika alınır və bundan sonra da biz bunu edəcəyik. Çünki biz güclü olmasaq, istədiyimiz kimi yaşaya bilmərik. Biz istəyirik ki, azad yaşayaq. Biz istəyirik ki, bundan sonra heç kim bizim işimizə qarışmasın. Buna ehtiyac yoxdur. Biz elə gözəl dövlət qurmuşuq ki, bu gün bir çoxları buna həsəd aparır. Heç kim gəlib bizə dərs oxumasın, məsləhət verməsin, öyrətməsin. Buna ehtiyac yoxdur".
Müstəqil Azərbaycanın xarici siyasəti milli maraqlara, beynəlxalq hüququn prinsiplərinə və regional sabitliyin qorunmasına əsaslanır. Rəsmi Bakı beynəlxalq arenada balanslı və çoxşaxəli siyasət yürütməklə, qonşu ölkələrlə dostluq münasibətlərinin inkişafına, qlobal təşəbbüslərdə fəal iştirak etməyə və strateji tərəfdaşlıqları gücləndirməyə önəm verir.
Bir reallıqdır ki, bu gün Azərbaycan tarixinin ən güclü dövrünü yaşayır. Ölkəmiz beynəlxalq arenada iqtisadi-siyasi qüdrəti ilə seçilən dövlətlər sırasında artan nüfuzunu və mövqeyini möhkəmləndirməkdədir. Aparılan düzgün siyasət nəticəsində ölkəmiz dünyanın enerji siyasətində əsas aktorlardan birinə çevrilməkdədir. Bu gün ölkəmiz regional və qlobal enerji bazarlarında durmadan artan rolunu nümayiş etdirməkdədir.
Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli formatda bir sıra dövlətlərlə, o cümlədən Türkiyə, Pakistan, Çin, İtaliya, ABŞ kimi ölkələrlə yüksəksəviyyəli əməkdaşlıq münasibətləri qurub. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, bu ölkələr arasında ikitərəfli münasibətlər qarşılıqlı etimad və hörmət, habelə qarşılıqlı maraqların nəzərə alınması üzərində qurulub: "Bizim münasibətlərimiz bir-birindən uzaqda, fərqli qitələrdə yerləşən ölkələr arasında münasibətlərin necə qurulmalı olduğunun nümunəsidir".
Bu əməkdaşlıq münasibətləri yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmayaraq, humanitar, mədəni və hərbi sahələri də əhatə edir. Qürurvericidir ki, ölkəmizin qlobal arenada yeritdiyi siyasət dünya birliyi tərəfindən müsbət qarşılanır. Qətiyyətlə deyə bilərik ki, Azərbaycan müxtəlif aktorlar arasında birləşdirici ölkə kimi qəbul edilməkdədir. Şübhəsiz ki, bu, ölkəmizin 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 4 illik sədrliyinin müsbət nəticələridir.
Azərbaycandan İtaliyayadək uzanan, "Cənub qaz dəhlizi" adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Bu kəmər Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Hazırda 10 Avropa ölkəsi Azərbaycandan qaz alır və onlardan 8-i Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, Azərbaycan yaxşı nəticələr hasil edə biləcək ölkədir. "Bir çox Avropa ölkəsi ilə fəal əməkdaşlıq əlaqəsi mövcuddur. Avropa İttifaqının 10 üzvü rəsmi olaraq Azərbaycanın strateji tərəfdaşıdır". Avropa dövlətlərinin Rusiya-Ukrayna müharibəsi səbəbindən Moskvadan neft və qaz məhsulları ala bilməməsi, Azərbaycanı Avropa üçün xilasedici obrazında təqdim edir.
Dünyanın əsas güc sahiblərindən olan Çin ilə münasibətlər də hər iki dövlət başçısının ortaq siyasi iradəsi ilə uğurla inkişaf etməkdədir. Əlaqələrin inkişafında "Bir kəmər, bir yol" layihəsinin rolu xüsusi qeyd edilməlidir. 2019-cu ildə Pekində keçirilən 2-ci "Bir kəmər, bir yol" beynəlxalq əməkdaşlıq forumunda Cənubi Qafqazdan yeganə dövlət başçısı Prezident İlham Əliyev iştirak edib. Çin lideri Si Cinpinin qlobal təşəbbüsü olan "Bir kəmər, bir yol" strategiyası üzrə Azərbaycana yüksək dəyər verməsi ölkəmizin əlverişli coğrafi mövqeyi, tranzit imkanları ilə yanaşı, həm də dövlətimizin başçısına olan yüksək etimadın nəticəsi hesab etmək olar. Hələ 2019-cu ilin aprelində Pekində keçirilən "Bir kəmər, bir yol" beynəlxalq forumunda iştirak edən dövlət başçımızın bu səfəri çərçivəsində 10 mühüm sənəd imzalanıb. Sənaye, investisiya, ticarət sahələrini əhatə edən bu sənədlərin reallaşması Azərbaycanla Çin arasında ticari-iqtisadi əməkdaşlığın daha da genişlənməsinə imkan verdi. Azərbaycan və Çin ticarətlə yanaşı, həm də istehsal, infrastruktur tikintisi, sənaye sahələri, kənd təsərrüfatı, nəqliyyat, telekommunikasiya və digər sahələrdə fəal əməkdaşlıq etməkdədir.
2024-cü ildə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"nin qəbulu, hər iki dövlətin ortaq iradəsini ifadə etməklə gələcəyə yönəlmiş böyük əhəmiyyətə malikdir.
Çinin "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat marşrutlarının kəsişməsində yerləşən ölkəmizlə əməkdaşlığa verdiyi əhəmiyyət xüsusi qeyd olunmalıdır. "Bir kəmər, bir yol" layihəsinin tərkib hissəsi hesab olunan Trans-Xəzər Beynəlxalq Nəqliyyat dəhlizi (Orta dəhliz) Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanan beynəlxalq nəqliyyat dəhlizidir. Orta dəhlizlə Çindən Avropaya 12 gün ərzində 10 min deyil, 7 min kilometr məsafə qət etməklə daşınmalar mümkündür. Avropa ölkələri ilə Çin arasında illik ticarət dövriyyəsi 700 milyard dolların üzərindədir.
Azərbaycan-ABŞ münasibətləri uzun illər ərzində müxtəlif mərhələlərdən keçib, zaman-zaman qarşılıqlı əməkdaşlıq və gərginlik dalğaları ilə müşayiət olunub. Lakin Donald Trampın 2025-ci ildə yenidən ABŞ Prezidenti seçilməsindən sonra Azərbaycan və ABŞ arasında enerji təhlükəsizliyi, regional sabitlik, iqtisadi əməkdaşlıq və terrorizmə qarşı mübarizə sahələrindəki ortaq maraqlar strateji tərəfdaşlıq üçün güclü zəmin yaradıb.
Avqustun 8-də Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzaladılar. İmzalanma mərasimində Prezident Donald Tramp xüsusi olaraq qeyd etdi: "Xalqınız böyük xalqdır. Bizim şəxsi tanışlığımızdan əvvəl belə Siz mənim haqqımda gözəl sözlər söylədiniz. Hətta bizim seçkilərdə qalib gəlməyimizdən əvvəl". ABŞ Prezidentinə isə dövlətimizin başçısı özünəməxsus şəkildə cavab verdi: "Bəli, Sizin qalib olmağınızdan əvvəl. Bu mənim səmimi sözlərim idi. Siz ilk prezidentlik dövrünüzdə gördüyünüz işlərə görə Azərbaycan xalqının və beynəlxalq ictimaiyyətin rəğbətinə layiqsiniz. Son bir neçə ay ərzində Siz Asiya, Afrika və nəhayət, Cənubi Qafqaza sülh gətirdiniz. İnanılmazdır".
Elşən QƏNİYEV,
"Azərbaycan"