08 May 2025 08:00
1534
SİYASƏT
A- A+
Güclü siyasi hakimiyyətdən güclü milli iqtisadiyyata

Güclü siyasi hakimiyyətdən güclü milli iqtisadiyyata


Ümummilli Lider Heydər Əliyev milli iqtisadiyyatın qurucusudur


Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi


Hər bir ölkədə idarəetmə və dövlət nəzarəti sisteminin xüsusiyyətlərini mövcud iqtisadi münasibətlərin xarakteri müəyyənləşdirir. Bu mənada ölkəmizdə bazar münasibətlərinin tədricən formalaşması, iqtisadiyyatın liberallaşması dövlət idarəetmə və nəzarət sistemində keyfiyyət dəyişikliklərinə səbəb olmuş və bu sistemin fəaliyyətinə yeni məzmun vermişdir. 

İstənilən iqtisadi sistem özünə uyğun idarəetmə və tənzimləmə mexanizminin yaradılmasını tələb edir. Nəzarət sistemi isə dövlət idarəetmə sisteminin tərkib hissəsi və onun bir qolu olduğuna görə hüquqi dövlət, demokratik cəmiyyət və azad iqtisadiyyat kimi prinsiplər bu sistemdə də nəzərə alınmaya bilməz.

Heydər Əliyev dövlət idarəetmə aparatının təkmilləşdirilməsinin əsas istiqamətlərindən biri kimi dövlət nəzarəti sisteminin yenidən təşkilinə də xüsusi diqqət yetirmişdir. Ümummilli Liderin imzalamış olduğu iki mühüm sənəd - "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" 1996-cı il 17 iyun tarixli və "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişaf etdirilməsi sahəsində süni maneələrin aradan qaldırılması haqqında" 1999-cu il 7 yanvar tarixli fərmanlar bir çox hallarda nəzarətsizliyə səbəb olan dövlət nəzarəti sistemində radikal dəyişikliklərin əsasını qoydu.

Ümumiyyətlə, dövlət nəzarəti sistemində aparılan əsaslı dəyişiklikləri heç də dövlət nəzarətinin yumşaldılması və ya aradan qaldırılması kimi xarakterizə etmək olmaz. Dövlət heç bir halda qanunların pozulmasına, dövlət əmlakı və vəsaitinin dağıdılmasına, mənimsənilməsinə göz yuma bilməz. Əksinə, hüquqi dövlət quruculuğu və iqtisadi sistemin transformasiyası dövrünü yaşayan bir ölkə kimi Azərbaycanda dövlət nəzarəti daha da sərtləşdirilməlidir. Bu sərtlik isə "məqsədli" əsassız yoxlamaların aparılması ilə deyil, qanun pozuntularının aşkar edilməsi və onun nəticələrinin aradan qaldırılması ilə müəyyən edilir. Bir sözlə, Heydər Əliyevin rəhbərliyi ilə nəzarət sistemində aparılan islahatlar dövlət nəzarətinin yumşaldılmasına yox, onun təkmilləşdirilməsinə, səmərəliliyinin artırılmasına və bu sistemin bazar iqtisadiyyatının tələblərinə uyğun yenidən təşkilinə yönəldilmişdir.


Makroiqtisadi sabitliyin təmin edilməsi


1990-1995-ci illərdə ÜDM-in həcmi hər il orta hesabla 15 faiz azalırdı. İqtisadi artım tempinin aşağı düşməsi inflyasiya ilə müşayiət edildiyinə görə, 90-cı illərin əvvəllərində staqflyasiya müşahidə edilirdi. Azərbaycanda 1991-ci ildən başlayan və 6 il davam edən iqtisadi tənəzzülün qarşısı yalnız 1996-cı ildə alınmışdır. İqtisadi artım artıq davamlı xarakter daşıyır. İqtisadi artımın yüksək tempi nəticəsində ÜDM-in adambaşına düşən həcmi də artmışdır. 

1990-cı illərin əvvəllərində Azərbaycan iqtisadiyyatını inflyasiya deyil, məhz hiperinflyasiya bürümüşdür. Çünki inflyasiyanın səviyyəsi artıq 1000 faizi keçmişdir. 1994-cü ildə Heydər Əliyev sərt pul-kredit və maliyyə siyasətinin həyata keçirilməsini nəzərdə tutan "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında" fərman imzaladı. Həmin fərman əsasında ölkədə ardıcıl antiinflyasiya tədbirlərinə başlanıldı. Artıq 1996-cı ildən etibarən inflyasiya tədricən azaldıldı. 

Ölkədə əhalinin sosial müdafiəsi maliyyə sabitliyindən bilavasitə asılıdır. Yüksək inflyasiya şəraitində həyat səviyyəsini nəinki yüksəltmək, hətta qoruyub saxlamaq mümkün deyil. Qeyd etmək lazımdır ki, əgər inflyasiyanın tempi əməkhaqqının artım tempini qabaqlayırsa, deməli, əhalinin alıcılıq qabiliyyəti aşağı düşəcək. Qeyd edək ki, belə bir tendensiya 1991-ci ildən başlayaraq, 1995-ci ilə kimi davam etmişdir. 

1990-cı illərin əvvəllərində 10 faizə çatan büdcə kəsiri 2002-ci ildə 0,4 faizədək aşağı salınmışdır. 2006-cı ilin dövlət büdcəsi isə profisitlə icra olunmuşdur.

1994-cü ildən 1999-cu ilədək Azərbaycan xarici ticarət dövriyyəsini hər il kəsrlə başa vururdu. 2002-ci ildə isə ilk dəfə olaraq xarici ticarət balansında 500 milyon ABŞ dolları həcmində müsbət saldo yaranmışdır. Həmin dövrdən bu saldo ilbəil artmaqdadır. 


Yoxsulluğun azaldılması strategiyası


Ölkədə iqtisadi artım tempi təmin edildikdən və makroiqtisadi sabitliyə nail olunduqdan sonra Heydər Əliyev tərəfindən "Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə dövlət proqramı (2003-2005) təsdiq edilmişdir. Sosial problemləri, o cümlədən yoxsulluğu aradan qaldırmaq üçün hökumət sosial müdafiə və ya sosial inkişaf proqramları da hazırlaya bilərdi. Hazırlanmış proqramın məhz "Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı" adlandırılması sosial proqram və təminatların iqtisadi baza və resurslarla tamamlanması məqsədini güdürdü. Yəni bu proqram sosial problemlərin həlli yollarını müəyyən etməklə yanaşı, həm də onun iqtisadi əsaslarını müəyyənləşdirdi. Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı ilk strateji dövlət sənədi idi ki, burada islahatların iqtisadi, sosial və institusional aspektləri kompleks şəkildə əhatə olunmuşdur. Bu proqram bütün sosial-iqtisadi problemlərin həllinə məhz yoxsulluğun azaldılması kontekstindən yanaşmağa imkan vermiş və bir növ istiqamətverici rol oynamışdır. 


Sahibkarlığın inkişafına davamlı dəstək


Ulu Öndər Heydər Əliyev sahibkarlıq sahəsində dövlət siyasətinin əsaslarını müəyyən etmişdir. O, sahibkarlarla artıq ənənə halını almış mütəmadi görüşlər keçirirdi. Belə bir təşəbbüs özəl sektorun inkişafına ölkə rəhbərliyi tərəfindən siyasi dəstəyin verilməsi baxımından xüsusi olaraq qeyd edilməlidir. Bu cür görüşlərdə iş adamları biznes mühiti ilə bağlı ən ciddi problemləri dövlət başçısının nəzərinə çatdırmaq və konkret təkliflərlə çıxış etmək imkanı qazanırdılar. Bunun isə praktiki nəticəsi Heydər Əliyev tərəfindən qəbul edilən fərman və sərəncamlarda öz əksini tapırdı. 

Ölkədə sahibkarlığın inkişafına ardıcıl siyasi-ideoloji dəstəyin verilməsi özəl sektorun güclənməsi üçün geniş perspektivlər açmışdır. Heydər Əliyev tərəfindən sahibkarlığın inkişafına təkan verən bir sıra fərmanlar verilmişdir. Özəl sektorun inkişafında mövcud olan problemlərin kompleks həlli məqsədilə "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının dövlət proqramı (2002-2005-ci illər)" qəbul edilmişdir, "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında" 10 sentyabr 2002-ci il tarixli fərman imzalanmışdır.

"Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" 28 sentyabr 2002-ci il tarixli radikal fərmana uyğun olaraq müxtəlif dövlət orqanları təsərrüfat subyektlərinə nəzarət funksiyalarından məhrum edilmişdir. Lisenziya verilən fəaliyyət növlərinin sayı 250-dən 30-a endirilmişdir.

Həmçinin prezident fərmanı ilə Sahibkarlar Şurası yaradılmışdır. Sahibkarlar Şurası dövlətlə sahibkarlar arasında körpü rolunu, əlaqələndirmə funksiyasını yerinə yetirir. 


Torpaq islahatı


Ümummilli Liderin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həyata keçirilən aqrar islahatlar iqtisadiyyatımızın çox mühüm sahəsi olan kənd təsərrüfatında yeni iqtisadi münasibətlərin təşəkkül tapmasına şərait yaratdı. Heydər Əliyev qeyd edirdi ki, müstəqil Azərbaycanın gələcəyi aqrar-sənaye bölməsinin səmərəli işləməsindən asılıdır. Mütəxəssislər yaxşı bilirlər ki, səmərəliliyi təmin edə bilməyən heç bir sahədə və ya təsərrüfatda dayanıqlı inkişafa nail olmaq mümkün deyil. Buna görə də səmərəlilik kənd təsərrüfatında inkişafın əsas prinsiplərindən biri kimi müəyyən edilmişdir.

Heydər Əliyevin aqrar sahədə zəngin təcrübəsi islahatların həyata keçirilməsi prosesində həlledici rol oynamışdır. Ümummilli Lider aqrar idarəçilikdə və bu sahədə işlərin təşkilində böyük təcrübəyə malik olmaqla, ölkəmizin aqrar potensialına çox yaxşı bələd idi. Bitkiçiliyin bütün istiqamətləri barədə - istehsal həcmi, əkin sahəsi, məhsuldarlıq göstəriciləri üzrə onun geniş bilgisi vardır. Heydər Əliyev hər bir rayonun torpaq və iqlim şəraitinə görə ixtisaslaşmasına böyük önəm verirdi, kənd təsərrüfatı məhsulları istehsalçılarının psixologiyasını yaxşı bilirdi. Bitkiçiliyin bütün sahələri üzrə tətbiq edilən aqrotexnoloji qaydalar barədə tam məlumatlı idi. Kənd təsərrüfatının ən gəlirli və ixracat potensialı olan sahələri barədə aydın təsəvvürlərə malik idi.

1970-80-ci illərdə aqrar sektorun inkişafı sahəsində ciddi uğurlar qazanmağımıza baxmayaraq, Heydər Əliyev həmin dövrdə əldə edilmiş göstəriciləri heç də son hədd hesab etmirdi. Hələ 1994-cü ildə aqrar məsələlərə həsr edilmiş müşavirədə Ulu Öndər belə bir fikir söyləmişdir: "Tam əminəm ki, əgər biz aqrar sektorda iqtisadi islahatlar aparıb istədiyimiz prinsipləri həyata keçirəriksə, 70-80-ci illərin nailiyyətləri ilə müqayisədə daha yüksək səviyyəyə qalxa bilərik... Əgər o zaman, sərbəst olmadığımız bir vaxtda, biz bolluca kənd təsərrüfatı məhsulları istehsal etmişiksə, indi nə üçün istehsal etməyək?" Heydər Əliyev perspektiv dövrdə iki mühüm amilin - birincisi, Azərbaycanın dövlət müstəqilliyinin və müstəqil iqtisadi siyasət həyata keçirmək imkanlarının, ikincisi, torpaq üzərində xüsusi mülkiyyətçilik münasibətlərinin aqrar potensialın hərəkətə gətirilməsinə təsir imkanlarını həssaslıqla nəzərə almış və bu amillərin rolunu çox yüksək qiymətləndirmişdir. 

Aqrar islahatların həyata keçirilməsini bir sıra amillər - kənd təsərrüfatında mövcud potensialın itirilməsi təhlükəsi, aqrar-sənaye kompleksində tənəzzülün dərinləşməsi, ictimai təsərrüfatların özünü doğrultmaması, istehsalçılarda maddi maraq və məsuliyyət hissinin azalması şərtləndirmişdir.

Heydər Əliyev aqrar islahatların əhəmiyyətini çox yüksək qiymətləndirərək qeyd edirdi: "Aqrar bölməni keçmiş sistem əsasında, keçmiş prinsiplər əsasında idarə edib istənilən nəticəyə nail ola bilmərik... İslahatların əsasını mülkiyyət formasının dəyişdirilməsi təşkil edir... Gərək kəndli torpağın sahibi olsun və bilsin ki, bütün bunlar onundur və istədiyi kimi istifadə edə bilər... İslahatlar xalqımızın ümumi rifahının qaldırılması üçün həyata keçirilməlidir. Əks təqdirdə islahatlar səmərəsiz ola bilər... Bu islahatların aparılmasında mühafizəkarlığa qətiyyən yol vermək olmaz, eyni zamanda islahat şüarları altında aqrar bölmədə əldə olan potensialımızın dağılmasına da yol vermək olmaz".

Ümummilli Lider aqrar islahatların həyata keçirilməsi üçün müvafiq qanunvericilik bazasının formalaşdırılmasını, xüsusi qanunların qəbul olunmasını zəruri hesab edirdi. Təsadüfi deyildir ki, 1995-ci ildə qəbul edilmiş "Aqrar islahatların əsasları haqqında" qanun, "Kolxoz və sovxozların islahatı haqqında" qanun, 1996-cı ildə qəbul edilmiş "Torpaq islahatı haqqında" qanun kənd təsərrüfatında təşəkkül tapmaqda olan yeni iqtisadi münasibətlər üçün hüquqi əsaslar yaratdı.

Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda aqrar islahatların həyata keçirilməsi müəyyən çətinliklərlə müşayiət edilirdi. Belə ki, əvvəlki illərdən ölkə rəhbərliyi üçün olduqca ağır miras qalmışdır. İqtisadi böhran və tənəzzül bütün sahələri əhatə etmişdir. MDB məkanında real aqrar islahatlara hələ başlanılmadığına görə istinad edilməli elə bir nümunəvi təcrübə də yox idi. Köhnə əhvali-ruhiyyə və psixoloji baryerlər hələ də qalmaqda idi. Torpaq, kənd təsərrüfatı canlı orqanizm olduğuna görə, bu sahədə radikal islahatlar həyata keçirmək heç də asan məsələ deyildi. 

Torpaq islahatlarının ölkə səviyyəsində ictimailəşdirilməsi, açıq müzakirələrə geniş şərait yaradılması, islahat komissiyasına alim və mütəxəssislərin cəlbi, siyasi iradə nümayişi və radikal addımların atılması, torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsi, təsərrüfat fəaliyyətində sərbəstliyin təmin edilməsi, ölkəmizin kənd təsərrüfatı xüsusiyyətlərinin nəzərə alınması, islahatın aqrar-sənaye kompleksini əhatə etməsi, aqrar bölmənin dövlət himayəsində, elmi-tədqiqat müəssisələrinin, toxumçuluq təsərrüfatlarının isə dövlət sektorunda saxlanılması, müxtəlifnövlü təsərrüfat formalarının yaradılması Ulu Öndərin təşəbbüsü ilə həyata keçirilmiş aqrar islahatların səciyyəvi xüsusiyyətləri kimi xarakterizə oluna bilər.

Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, aqrar islahatlar kənd təsərrüfatında kooperasiya məsələlərini də nəzərdə tuturdu. Təbii ki, iri təsərrüfatlar istehsalın effektiv təşkili baxımından əhəmiyyətlidir. Kooperativlər bu cür təsərrüfatların yaradılması formalarından biri kimi çıxış edir. Bu baxımdan heç də təsadüfi deyildir ki, Heydər Əliyev uzaqgörənliklə aqrar islahatlar paketində kənd təsərrüfatı kooperasiyası üçün ilkin hüquqi əsaslar nəzərdə tutmuşdur. 

Bəs aqrar islahatların nəticələri özünü nədə göstərdi? Hər şeydən əvvəl kənddə yeni iqtisadi münasibətlər yarandı, torpaq bazarı tədricən formalaşdı, kəndlinin əməyə marağı və məsuliyyəti artmağa başladı. 

Hazırda kənd təsərrüfatı istehsalının 99 faizi özəl mülkiyyətə əsaslanır. Bu isə həmin sektorun inkişafına xüsusi dinamizm verən həlledici amildir. 1992-1995-ci illərdə kənd təsərrüfatında istehsal həcmi ildə orta hesabla 12 faiz aşağı düşürdü. Məsələn, kənd təsərrüfatı istehsalı 1992-ci ildə 23,8 faiz, 1993-cü ildə 15,5 faiz, 1994-cü ildə 12,8 faiz azalmışdır. 1998-ci ildən başlayaraq, aqrar sektorda istehsal artan dinamika ilə davam etməyə başlamışdı. 

1999-cu ildən etibarən kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisi istisna olmaqla 5 il müddətinə bütün vergilərdən azad olunmuşdur. Bu güzəştlərin müddəti sonrakı illərdə davamlı olaraq uzadılmışdır. 

"Aqrar bölmədə indi gördüyümüz və qarşıdakı illərdə həyata keçirəcəyimiz işlər nəinki bizim - indiki nəsil üçün, həm də gənc və gələcək nəsillər üçün yeni bir bünövrədir, yeni bir təməldir, yeni bir əsasdır". Ulu Öndərin uzaqgörənliklə söylədiyi bu fikir artıq gerçəkləşməkdədir. Bu gün ölkəmizin bütün sahələrdəki uğurları həmin sağlam təmələ əsaslanır. 


Heydər Əliyev iqtisadi strategiyasının real nəticələri


Azərbaycan dövlətinin müstəqilliyinin qorunub saxlanması və iqtisadi tənəzzülün iqtisadi dirçəlişlə əvəzlənməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdırsa, milli iqtisadiyyatın davamlı inkişafı və sürətli modernizasiyası onun layiqli davamçısı, Prezident İlham Əliyevin iki onillik ərzindəki məqsədyönlü və ardıcıl fəaliyyətinin nəticəsidir. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət və dərin islahatlar nəticəsində ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyulmuş vəzifələr yeni dövrün tələblərinə uyğun olaraq icra edilir. Bu təməl üzərində ölkəmizin qazandığı uğurlar və əldə edilmiş nəticələr, əsasən, aşağıdakılardan ibarətdir:

* Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun İkinci Qarabağ müharibəsində düşmən üzərində tarixi qələbəsi və bunun da nəticəsində torpaqlarımızın 30 illik erməni işğalından azad edilməsi;

* Həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası və müxtəlif sahələrdə genişmiqyaslı tədbirlərin icrası nəticəsində əldə olunan nailiyyətlərin ölkənin iqtisadi və hərbi-müdafiə qüdrətini gücləndirməsi və 44 günlük Vətən müharibəsində tarixi qələbənin qazanılmasına zəmin yaratması;

* "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə və "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na uyğun olaraq günün çağırışlarını nəzərə almaqla milli iqtisadiyyatın yeni dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi;

* Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi və həmin ərazilərdə genişmiqyaslı iqtisadi quruculuq işlərinə başlanılması;

* Regionların, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafının təmin edilməsi, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, yerlərdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədilə regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasının davam etdirilməsi.


Heydər Əliyev iqtisadi strategiyasının dönməzliyi və davamlılığı


Heydər Əliyev iqtisadi strategiyası hələ uzunmüddətli dövr üçün Azərbaycanda əsas götürüləcək. Çünki bu strategiya bazar iqtisadiyyatı prinsiplərinə, azad sahibkarlığa, beynəlxalq iqtisadi əməkdaşlığın dərinləşməsinə, maliyyə sabitliyinin və iqtisadi artımın qorunub saxlanılmasına, sosialyönümlü iqtisadi siyasətin həyata keçirilməsinə əsaslanır. 

İqtisadi sahədə siyasət tədbirləri isə heç şübhəsiz, iqtisadiyyatın inkişaf dinamikasına uyğun olaraq yeniləşməli və korrektə edilməlidir. Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlərə verdiyi ilk müsahibəsində bildirmişdir: "Artıq Azərbaycanda ölkəmizi inkişaf etdirmək üçün gözəl zəmin yaranıbdır. On il ərzində Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl qoyubdur. Bu təməlin üzərində gözəl binanın inşa edilməsi asan görünə bilər. Amma eyni zamanda həyat yerində durmur. Qarşımıza yeni tələblər, yeni vəzifələr çıxır".

Bu məqalənin sonunda Ulu Öndər Heydər Əliyevin söylədiyi bir fikri xatırlatmaq yerinə düşür: "Bir müddətdən sonra Azərbaycan dünyəvi dövlət, daha yüksək sürətlə inkişaf edən, kifayət qədər güclü iqtisadiyyata və yaxşı həyat səviyyəsinə malik respublika olacaqdır. Bu, həddən çox "əgər"lərdən asılıdır…" 

Biz birmənalı şəkildə deyə bilərik ki, Ümummilli Liderimizin qətiyyətlə söylədiyi nikbin fikirlər artıq özünü doğrultmaqdadır. Heydər Əliyevdən sonra Prezident İlham Əliyev müstəqil dövlət quruculuğu və iqtisadi inkişaf yolundakı "əgər"ləri, yəni maneələri tədricən aradan qaldıraraq Azərbaycanı davamlı inkişaf edən uğurlu ölkə səviyyəsinə qaldırmışdır.

Heydər Əliyev tərəfindən əsası qoyulmuş iqtisadi strategiyanın nəticəsidir ki, Azərbaycan iqtisadiyyatının inkişaf dinamikası bu günə kimi qorunub saxlanılmışdır. Bu strategiya qarşıdakı illərdə də sosial-iqtisadi inkişafın sürətlənməsini, ölkənin iqtisadi potensialının və maliyyə imkanlarının artmasını, həyat səviyyəsinin daha da yüksəlməsini təmin edəcəkdir. 

Azər ƏMİRASLANOV,

Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ən güclü vasitədir

10:33
20 May

Baş prokuror: Azərbaycanda korrupsiyaya qarşı mübarizə kompleks yanaşma əsasında aparılır  

10:30
20 May

Azərbaycan-Macarıstan strateji əməkdaşlığının regional perspektivləri TƏHLİL 

09:49
20 May

Keçmiş məcburi köçkün: Ağdamı yenidən əvvəlkindən daha gözəl vəziyyətə gətirəcəyik  

09:48
20 May

Ağdam sakini: Arzu edirəm ki, bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsın  

09:47
20 May

Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb  

09:45
20 May

Azərbaycan və Türkiyə Şimali Qafqaz investisiya layihələrinə maraq göstərir

09:44
20 May

Putin Tramp ilə danışıqları məzmunlu və faydalı adlandırıb

09:42
20 May

Zelenski: Ukrayna Rusiyanın istədiyi kimi qoşunlarını öz ərazisindən çıxarmayacaq  

09:41
20 May

Bir tərəfdən də aclıq...

09:20
20 May

Elektron siqaretin zərəri daha çoxdur

09:15
20 May

Əbədiyyət yolçusu

09:10
20 May

MƏN TORPAĞAM

09:07
20 May

Neftçalada maarifləndirici tədbir təşkil olunmuşdur

09:05
20 May

Ürəyini sənətə, övladını Vətənə qurban verib

09:00
20 May

Təbiət sınağa çəkir

08:55
20 May

Düzgün idarə olunan iqtisadiyyatın təməli

08:50
20 May

Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın yeni dövrü başlayır

08:45
20 May

Qərb Azərbaycanın yaratdığı geosiyasi reallığı qəbul etməyə məcburdur

08:40
20 May

Ermənistanda 600 min nəfər aclıqla üz-üzədir

08:35
20 May

Paşinyanın açıqlaması konstruktivlikdən tamamilə uzaqdır

08:30
20 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!