Ümummilli Lider Heydər Əliyev milli iqtisadiyyatın qurucusudur
Azərbaycan Respublikasının müstəqil dövlət kimi təşəkkülündə və inkişafında, yeni dövrün tələblərinə cavab verən milli iqtisadiyyatımızın formalaşmasında Müasir Azərbaycanın Qurucusu, Ulu Öndər Heydər Əliyevin böyük və əvəzsiz xidmətləri vardır.
Ulu Öndər hər şeydən əvvəl Azərbaycanda dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi ilə yanaşı, həm də onun qorunması ənənəsini yaratmışdır. Bu baxımdan birmənalı şəkildə qeyd etmək lazımdır ki, dövlətçilik tariximizin ən çətin və məsuliyyətli dövrü Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərlə bağlıdır. Bu tarixi dövrün siyasi-iqtisadi, sosial-mədəni aspektlərinin öyrənilməsi və tədqiq olunması hər zaman öz aktuallığını saxlayacaqdır. Çünki bu, ölkəmizin bugünkü və gələcək inkişaf vektorlarının bir daha müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi baxımından olduqca əhəmiyyətli və vacibdir.
Ümummilli Lider Heydər Əliyevin titanik fəaliyyəti, xüsusilə də onun dövlət quruculuğu və sosial-iqtisadi islahatların həyata keçirilməsi sahəsində atdığı strateji addımlar milli iqtisadiyyatımızın əsaslarını yaratmaqla yanaşı, həm də Azərbaycanı regionun aparıcı güc mərkəzinə çevirmişdir.
Heydər Əliyevin "İqtisadiyyatı qüdrətli olan dövlət hər şeyə qadirdir" fikri bir daha təsdiq edir ki, Ümummilli Lider milli iqtisadiyyatımızın inkişafına, sosial-iqtisadi məsələlərə dövlət quruculuğunun mühüm tərkib hissəsi kimi böyük önəm vermişdir.
1990-cı illərin ortalarından etibarən ölkəmizdə dövlət quruculuğu ilə iqtisadi quruculuq prosesinin bir-birini uğurlu bir şəkildə tamamlaması və uzlaşdırılaraq həyata keçirilməsi müstəqil dövlət kimi uğurlarımızı şərtləndirən başlıca amil kimi qiymətləndirilməlidir.
Ulu Öndər Heydər Əliyev yeni dövrün tələblərinə cavab verən və müstəqil dövlət kimi Azərbaycanın milli maraqlarını nəzərə alan iqtisadi strategiyanı, ölkəmizin iqtisadi sahədə strateji hədəflərini müəyyən etmiş və bu barədə demişdir: "Mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Məqsədimiz güclü iqtisadiyyatımızı qurmaqla ədalətli və humanist sosial siyasətə nail olmaqdır. Məhz bu, dövlət siyasətimizin əsas prinsipləridir".
İqtisadi islahatlara siyasi impuls
Nəzərə almalıyıq ki, dünyanın bir sıra inkişaf etməkdə olan ölkələri, o cümlədən Asiya "pələngləri" nəzərəçarpacaq iqtisadi tərəqqiyə bazar iqtisadiyyatına keçməklə nail olmuşlar. Lakin bu ölkələrdə azad iqtisadiyyatın inkişafına yönəldilmiş radikal iqtisadi islahatlar kursunun ardıcıl davam etdirilməsi güclü siyasi hakimiyyətin sayəsində mümkün olmuşdur. Azərbaycanda da iqtisadi transformasiya prosesinin dönməz xarakter almasında Heydər Əliyevin siyasi qətiyyəti və iradəsi həlledici rol oynamışdır.
Hər bir ölkədə həyata keçirilən əsaslı iqtisadi dəyişikliklərin uğurla başa çatdırılması hər şeydən əvvəl cəsarətli siyasi qərarların qəbul edilməsindən, siyasi və ideoloji oriyentirlərin yeni sosial-iqtisadi şəraitə uyğunlaşdırılmasından asılıdır. Siyasi impuls olmadan iqtisadi və institusional islahatları həyata keçirmək və uğurla başa çatdırmaq mümkün deyil.
Keçmiş ittifaq respublikalarının bir çoxundan fərqli olaraq, Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın siyasi hakimiyyət sistemi sabit şəkildə idarə edilmişdir. Dövlət idarəçiliyi sistemində iyerarxiya prinsipinə ciddi şəkildə əməl edilməsi ölkənin vahid mərkəzdən idarə edilməsinin səmərəliliyini artırmışdır. Hakimiyyətin icra və qanunverici orqanları arasında konstruktiv əməkdaşlıq ölkədə vahid dövlət siyasətinin həyata keçirilməsinə əlverişli şərait yaratmışdır.
Heydər Əliyevin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət kursu Azərbaycanın dövlət maraqlarının qorunmasında mühüm rol oynamış, ölkəmizin beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyət imkanlarını xeyli genişləndirmiş, sosial-iqtisadi inkişaf üçün uzunmüddətli perspektivlər açmışdır.
Müstəqillik illərində Heydər Əliyevin milli iqtisadiyyatımızın inkişafı üçün əsas xidmətləri bir tərəfdən ictimai-siyasi sabitliyin təmin edilməsi, digər tərəfdən isə iqtisadi islahatların aparılmasına ardıcıl siyasi dəstəyin verilməsi ilə izah olunur.
Xarici ekspertlər ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsini və milli iqtisadiyyatın formalaşdırılması sahəsində strateji addımların atılmasını ölkəmizin mövcud potensialının reallaşdırılması üçün "imkanlar pəncərəsi" kimi dəyərləndirirdilər.
İqtisadi islahatların həyata keçirilməsində beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq mühüm rol oynamışdır. Azərbaycan Respublikası Dünya Bankına və BVF-yə üzv dövlət kimi 1992-ci ildə qəbul edilsə də, həmin təşkilatlarla intensiv əməkdaşlığa, birgə hazırlanmış iqtisadi proqramların və layihələrin həyata keçirilməsinə, kredit tranşlarının açılmasına əsasən 1995-ci ildən başlanılmışdır. Bu, hər şeydən əvvəl onunla izah olunur ki, 1995-ci ilədək ölkəmizdə siyasi vəziyyətin qeyri-sabitliyi şəraitində beynəlxalq maliyyə təşkilatları Azərbaycanla fəal əməkdaşlığa meyil etmir və kreditlərin ayrılmasında gözləmə mövqeyi tuturdular.
Genişmiqyaslı islahatlar aparmadan, ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrində köklü dəyişikliklər etmədən müəyyən edilmiş iqtisadi strategiyanın reallaşdırılmasına nail olmaq qeyri-mümkündür. İqtisadi islahatları isə yalnız güclü siyasi iradəyə və qətiyyətli mövqeyə malik olan dövlətlər uğurla həyata keçirə bilir. Bu baxımdan Heydər Əliyevin qəbul etdiyi radikal qərarlar islahatların dönməzliyinin təmin edilməsində həlledici rol oynamışdır.
Dövlət müstəqilliyi və iqtisadi inkişaf
Bəli, Azərbaycanın müasir tarixində dövlətçiliyin qorunması ənənəsinin yaranması Ümummilli Liderin adı ilə bağlıdır. Heç şübhəsiz, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından daha çətindir. Bunu müstəqil Azərbaycanın keçdiyi inkişaf yolu da bir daha təsdiq edir. Bu müddət ərzində dövlətimizə və onun müstəqilliyinə qarşı qəsdlər olsa da, onların qarşısı qətiyyətlə alınmışdır.
Dövlət müstəqilliyi və siyasi azadlıq milli iqtisadiyyatın inkişafına şərait yaratdığı kimi, milli iqtisadiyyatın inkişafı və güclənməsi də dövlət müstəqilliyinin dayaqlarını daha da möhkəmləndirir. Dövlət müstəqilliyi iqtisadiyyatımızın milli maraqlarımıza uyğun inkişaf etdirilməsinə şərait yaratdı. Artıq Azərbaycanın siyasi müstəqillik əldə etməsi iqtisadi problemlərə milli iqtisadiyyatın inkişafı kontekstindən, dövlətçilik və milli maraqlar baxımından yanaşmağı tələb edir. Əgər Azərbaycan öz dövlət müstəqilliyini əldə etməsəydi və onu son illərə kimi qoruyub saxlaya bilməsəydi, nə neft strategiyasını həyata keçirə bilərdik, nə də ölkəmizin strateji əhəmiyyətə malik olan beynəlxalq iqtisadi layihələrdə iştirakı mümkün olardı.
Hər bir xalqın, millətin xoşbəxtliyi ilk növbədə onun müstəqil və güclü dövlətə malik olması ilə müəyyən olunur. Dövlət müstəqilliyi hər şeydən əvvəl onu qazanmış olan xalqın özünütəsdiqi və milli özünüdərki üçün bir şansdır. Belə bir tarixi şansdan faydalanan və ondan səmərəli istifadə edən xalqlar həm milli inkişafa daha tez nail olur, həm də sahib olduqları dövlətin dayaqlarını möhkəmləndirə bilirlər.
Azərbaycan iqtisadiyyatı vahid xalq təsərrüfatı kompleksinin tərkibində
Heydər Əliyevin hələ birinci dəfə respublika rəhbərliyinə gəlişindən öncə Azərbaycan iqtisadiyyatı dərin böhran keçirirdi. 1960-cı illərdə sosial-iqtisadi inkişaf göstəricilərində ciddi geriləmə meyilləri müşahidə edilirdi. Xüsusilə də respublikamız milli gəlirin artım tempinə, sənaye və kənd təsərrüfatı istehsalının həcminə, əmək məhsuldarlığına görə ümumittifaq göstəricilərindən geridə idi. Azərbaycan orta ittifaq göstəricisindən milli gəlirin həcminə görə 2, əsas fondlara görə 1,8, kapital qoyuluşu üzrə 1,7 dəfə geri qalırdı. Aqrar-sənaye kompleksi üzrə istehsal səviyyəsi aşağı düşməkdə davam edirdi. Taxılın, pambığın, üzümün, tərəvəzin, çay yarpağının və başqa bitkilərin məhsuldarlığı aşağı səviyyədə idi.
Respublikanı belə bir ağır vəziyyətdən qurtarmaq üçün çıxış yolu axtarıb tapılmalı, iqtisadiyyatın inkişafı üçün yeni konseptual proqram işlənməli, köklü struktur dəyişiklikləri həyata keçirilməli idi. Bir sözlə, Azərbaycanın sosial-iqtisadi həyatında əsaslı dönüşə ehtiyac var idi. Belə bir dönüşü isə yalnız güclü, bacarıqlı, yüksək təşkilatçılıq keyfiyyətlərinə malik olan cəsarətli bir rəhbər edə bilərdi. Belə bir rəhbər məhz Heydər Əliyev oldu.
Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçiləndən az müddət sonra Azərbaycan KP MK-nın 1969-cu il avqust plenumunda etdiyi məruzədə respublika iqtisadiyyatında yaranmış acınacaqlı vəziyyəti hərtərəfli təhlil etdi, sosial-iqtisadi və mədəni quruculuq sahəsində buraxılmış ciddi nöqsanları və çatışmazlıqları müəyyənləşdirdi. Beləliklə, 1969-1970-ci illər Azərbaycanın iqtisadi və ictimai-siyasi həyatında dönüş mərhələsinin başlanğıcı oldu.
Heydər Əliyevin yorulmaz fəaliyyəti və əzmkarlığı, misilsiz təşəbbüskarlığı və böyük təşkilatçılığı Azərbaycanın 1970-1980-ci illərdə əldə etdiyi uğurların əsasını qoydu. Bu illər ərzində görülmüş işlər ölkəmizin iqtisadi gücünün və potensialının formalaşdırılmasında həlledici rol oynadı. Lakin yaradılmış bu potensial nə 80-ci illərin sonlarında, nə də 90-cı illərin əvvəllərində qorunub saxlanıldı.
1970-1985-ci illərdə respublikamız güclü iqtisadi və intellektual kadr potensialına malik olmaqla bir çox məhsulun istehsalına görə keçmiş müttəfiq respublikalar arasında qabaqcıl yerlərdən birini tuturdu.
Hələ SSRİ dağılmamışdan əvvəl ekspertlər siyasi müstəqilliyə iqtisadi cəhətdən tam hazır olan iki respublikadan biri kimi məhz Azərbaycanı qeyd edirdilər. Çıxarılan belə bir nəticə ölkəmizin təkcə təbii sərvətlərinin zənginliyinə deyil, həm də milli iqtisadiyyatımızın inkişaf perspektivlərinə əsaslanırdı. Belə ki, keçmiş Sovet İttifaqı dövründə Azərbaycanın büdcəsinin gəlirləri xərclərindən bir qayda olaraq çox olurdu. Azərbaycanda həmçinin istehsal olunan milli gəlirlə istehlak olunan milli gəlir arasında birincinin xeyrinə böyük fərq əmələ gəlirdi.
Azərbaycan keçmiş ittifaqın tərkibində olan müttəfiq respublikalardan biri kimi son 70 ildə özünəməxsus iqtisadi inkişaf yolu keçib. Bəs respublikamız bu müddət ərzində mövcud maneələrə və məhdudiyyətlərə baxmayaraq öz iqtisadi potensialını, milli iqtisadi maraqlarını reallaşdıra bilibmi? Bu sualları cavablandırmağa çalışaq.
Sovet İttifaqının mövcud olduğu illərdə Azərbaycanın müstəqil iqtisadi siyasət həyata keçirmək imkanlarının məhdud olmasına baxmayaraq, ölkəmiz həmin dövrdə iqtisadi sahədə ciddi uğurlar əldə etmişdir. 1970-1985-ci illərdə respublikamız iqtisadiyyatın bütün sahələrində güclü iqtisadi və kadr potensialına malik olmuşdur. Bir çox məhsulun istehsalına görə keçmiş SSRİ respublikaları arasında qabaqcıl yerlərdən birini tutmaqla Azərbaycan həmin məhsulların əksər hissəsini müxtəlif regionlara göndərirdi.
1970-1985-ci illərdə xalq təsərrüfatının artım sürəti orta ittifaq səviyyəsindən yüksək olmuşdur. Həmin dövrdə respublikamızda istehsal olunan milli gəlir 2,6 dəfə, sənaye məhsulunun həcmi 2,7 dəfə, kənd təsərrüfatı məhsulu 2,3 dəfə artmışdır. Bu dövrdə həmçinin 211 yeni iri sənaye obyekti tikilib istifadəyə verilmişdir. 1986-cı ilin məlumatlarına əsasən, ittifaq üzrə istehsal olunan məişət kondisionerlərinin 100 faizi, neft-mədən avadanlığının 70 faizi, elektrik mühərriklərinin 12 faizi, soyuducuların 6 faizi Azərbaycanda istehsal edilirdi. Eyni zamanda ittifaq üzrə istehsal olunan üzümün 27 faizi, tütünün 16 faizi, baramanın 13 faizi, pambıq mahlıcının 9 faizi, yaşıl çay yarpağının 5 faizi, tərəvəzin 3 faizi Azərbaycanın payına düşürdü.
Bu rəqəmlər Sovet İttifaqının mövcud olduğu illərdə Azərbaycanın əsaslı iqtisadi inkişaf yolu keçdiyini göstərir. 1980-ci illərdə yeni sənaye müəssisələrinin açılması, maşın və avadanlıqların alınması SSRİ-nin digər respublikalarına nisbətən Azərbaycanda əsas kapitalın (əsas fondların) daha sürətlə artmasına səbəb olmuşdur.
Qeyd edilən dövrdə Azərbaycan iqtisadiyyatı vahid xalq təsərrüfatının tərkib hissəsi olsa da, Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda genişmiqyaslı iqtisadi quruculuq prosesinə start verilmişdir.
Azad iqtisadiyyatın inkişafına konstitusion təminat
Heydər Əliyevin dövlət quruculuğu sahəsində atdığı strateji və siyasi xarakterli mühüm addımlardan biri də 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsi təşəbbüsü oldu.
Hər bir dövlətin Əsas Qanunu - Konstitusiyası həm də ölkənin hansı siyasi və iqtisadi inkişaf yolunu seçdiyini müəyyənləşdirir. Yeni Konstitusiya dövlət idarəçiliyinin formasını, vətəndaşların və dövlətin hüquq və vəzifələrini müəyyən etməklə yanaşı, həm də iqtisadi sistemin əsaslarını, dövlətin iqtisadi strategiyasının əsas prinsplərini özündə əks etdirmişdir.
Heydər Əliyev yeni Konstitusiyanın müəllifi kimi bir tərəfdən ölkədə dövlət idarəçiliyinin əsaslarını, digər tərəfdən də Azərbaycanın iqtisadi inkişaf modelinin əsas prinrsiplərini təsbit etmişdir. Bu həm də iqtisadi ideologiyanın müəyyən edilməsi deməkdir. Mahiyyəti etibarilə iqtisadi ideologiya dövlətin iqtisadi strategiyasını, iqtisadi islahatların konseptual əsaslarını, seçilmiş iqtisadi modelin əsas prinsiplərini, ölkənin milli iqtisadi mənafeyi və maraqları ilə bağlı məsələləri özündə birləşdirir.
Heydər Əliyev tərəfindən əsası qoyulmuş iqtisadi ideologiya artıq Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır. Belə bir ideologiyanın əsasını hər şeydən əvvəl mülkiyyət münasibətləri təşkil edir. Mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən müdafiə edilməsi artıq konstitusion müddəaya çevrilmişdir. Əsas Qanunda həm də qeyd edilir ki, Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. "İqtisadiyyatın inkişafı xalqın rifahının yüksəldilməsinə xidmət edir" müddəası isə iqtisadi siyasətin sosialyönümlü olmasını təsbit edir.
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, ölkəmizdə prezidentli respublika üsuli-idarəsinin seçilməsi iqtisadi sistemin transformasiyasının və radikal iqtisadi islahatların həyata keçirilməsinin sürətləndirilməsi baxımından özünü doğrultmuşdur. Təsadüfi deyildir ki, bir çox ekspert keçid mərhələsində olan ölkələr üçün prezidentli respublikaya əsaslanan dövlət idarəçiliyini daha məqsədəuyğun hesab edir.
Azərbaycan Respublikasının Konstitusiyası iqtisadi siyasətin hazırlanması və həyata keçirilməsi ilə bağlı olan bütün idarəetmə halqalarının iqtisadi idarəçilik sahəsində hüquq və səlahiyyətlərini, onların əsas vəzifələrini dəqiq müəyyən etmişdir. Belə ki, ali icra hakimiyyəti - Azərbaycan Respublikasının Prezidenti dövlətin iqtisadi və sosial proqramlarını təsdiq etməklə sosial-iqtisadi siyasəti müəyyən edir. Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin yuxarı icra orqanı kimi sosial-iqtisadi proqramların icrasını, yəni dövlət başçısı tərəfindən müəyyən edilmiş iqtisadi siyasətin həyata keçirilməsini təmin edir. Mərkəzi icra hakimiyyəti orqanları isə öz səlahiyyətləri daxilində müvafiq proqramların reallaşdırılmasında iştirak edir, dövlətin ayrı-ayrı sahələr üzrə müəyyən edilmiş siyasətini həyata keçirir.
Qeyd edilən müddəalar iqtisadi islahatların dönməzliyinə konstitusion təminat verməklə yanaşı, həm də bazar münasibətlərinin ölkənin iqtisadi həyatına daha dərindən nüfuz etməsi üçün hüquqi-ideoloji zəmin yaradır.
Azad iqtisadiyyat və azad cəmiyyət
Heydər Əliyevin sosialist təsərrüfat sisteminin mövcud olduğu illərdə Azərbaycanın rəhbəri, Sovet İttifaqı hökumətinin isə vəzifəcə ikinci şəxsi olmasına baxmayaraq, o, 1993-cü ildən - müstəqil Azərbaycana rəhbərlik etdiyi ilk dövrdən müasir dünya düzəninin inkişaf meyillərini uzaqgörənliklə qiymətləndirərək, müasir cəmiyyətin qəbul etdiyi inkişaf yolunu seçdi. Bu yol isə iqtisadiyyat üzərində dövlət inhisarçılığının aradan qaldırılmasından, sahibkarlığın inkişaf etdirilməsindən, iqtisadi azadlığın təmin edilməsindən başlayır.
Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövr ərzində iqtisadiyyatın liberallaşdırılmasına yönəldilmiş tədbirlər eyni zamanda insan azadlığının və cəmiyyətin demokratikləşməsinin iqtisadi-ideoloji əsaslarının yaradılması kimi də qiymətləndirilə bilər. Azad cəmiyyət iqtisadiyyatın, xüsusilə də özəl bölmənin və sahibkarlığın inkişafına şərait yaratdığı kimi, azad iqtisadiyyat da cəmiyyətdə demokratik dəyişikliklərin sürətlənməsinə xidmət edir. Xatırlatmaq istərdik ki, Heydər Əliyev BVF-nin nümayəndə heyəti ilə görüşündə iqtisadiyyat və demokratiyanın qarşılıqlı əlaqəsinin mahiyyətini açan belə bir fikir söyləmişdir: "İqtisadi əsas olmasa, demokratiyanı yaratmaq mümkün deyil… Azərbaycanda ictimai-siyasi sabitliyin təmin edilməsi, iqtisadiyyatın tənəzzülünün qarşısının alınması və nəhayət, makroiqtisadi inkişafın əldə olunması - bunlar hamısı birlikdə Azərbaycanda həqiqi demokratiyanın yaranmasının əsaslarıdır".
Ümummilli Lider güclü və inkişaf edən iqtisadiyyatı azad və demokratik cəmiyyətin formalaşdırılmasının həlledici və zəruri şərti hesab edirdi. Bəli, milli iqtisadiyyatını formalaşdıra bilməyən, milli sərvətlərinə sahiblənməyən, yoxsulluq və səfalət, borc içərisində yaşayan ölkələr azad və demokratik cəmiyyət qura bilməzlər. Bu gün müstəqil Azərbaycan Respublikası özünün indiyə kimi topladığı iqtisadi gücü ilə təkcə azad cəmiyyətin qurulması üçün deyil, həm də heç kimdən asılı olmadan müstəqil siyasətin həyata keçirilməsi üçün möhkəm əsaslar yaratmışdır.
"Əsrin müqaviləsi" Azərbaycanın strateji uğuru kimi
Təcrübə göstərir ki, milli iqtisadiyyatını yenicə formalaşdırmaqda olan ölkələrin sosial-iqtisadi inkişafı ilkin mərhələdə sənayenin bir və ya iki sahəsindən asılı vəziyyətdə olur. Və həmin sahələr ölkədəki bir çox iqtisadi problemin həllində mühüm rol oynayır. Azərbaycanda da sosial-iqtisadi inkişaf üçün lokomotiv funksiyasını məhz neft sektoru yerinə yetirməkdədir. Bu baxımdan hesab edirik ki, bir çox maneə və təzyiqə baxmayaraq, Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və qətiyyəti nəticəsində 20 sentyabr 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ölkədə iqtisadi inkişafın əsasını qoydu. Birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu müqavilənin imzalanması ilə Azərbaycan həm də özünün siyasi və iqtisadi diplomatiya tarixində çox böyük bir uğuruna imza atdı. Sevindirici haldır ki, əldə edilmiş bu nailiyyət sonradan Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələrinin reallaşması ilə tamamlandı.
"Əsrin müqaviləsi" böyük siyasi əhəmiyyətə malikdir. Onun imzalanması dövlət müstəqilliyimizin təsdiqi kimi qiymətləndirilir. Bu müqavilə Azərbaycanın regionda geostrateji mövqeyini daha da gücləndirmiş, dünyanın ən iri neft şirkətlərinin ölkə iqtisadiyyatına cəlb edilməsinə, dünyanın aparıcı dövlətləri ilə iqtisadi əlaqələrimizin daha da inkişafına, siyasi və iqtisadi diplomatiya sahəsində Azərbaycanın müstəqil dövlət kimi manevretmə imkanlarının artmasına şərait yaratmışdır.
"Əsrin müqaviləsi"nin iqtisadi əhəmiyyəti də çoxşaxəlidir. Belə ki, bu müqavilə ilə Azərbaycanın enerji təhlükəsizliyinin əsası qoyuldu. Xarici investisiyaların cəlb edilməsi üçün yaşıl işıq yandı. Ölkəmizin regional və beynəlxalq iqtisadi inteqrasiya prosesində yaxından iştirakına əlverişli şərait yarandı. Hazırda neft sektoru ölkənin makroiqtisadi göstəricilərinə, xüsusilə də iqtisadi artım tempinə, sənaye istehsalının və ixracatın həcminə, büdcə və valyuta gəlirlərinə həlledici təsir göstərməkdədir. Bu təbiidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, neft sektoru hələ müəyyən müddət iqtisadiyyatda həlledici rol oynayacaq.
Neft gəlirlərinin səmərəli idarə edilməsi modeli
Dünya ölkələrinin təcrübəsinə istinadən qeyd etmək olar ki, hər bir ölkənin təbii sərvəti iqtisadi inkişaf üçün zəmin yaratsa da, onun həlledici şərti kimi çıxış etmir. Nə qədər təzadlı görünsə də, dünyanın zəif inkişaf etmiş ölkələrinin əksəriyyəti təbii ehtiyatları zəngin olan ölkələrdir. Belə bir təzad həmin ölkələrdə mövcud iqtisadi potensialın reallaşdırılmasına şərait yaradan səmərəli iqtisadi sistemin olmamasının nəticəsidir.
Ulu Öndər Heydər Əliyev məhz böyük şəxsiyyətlərə xas olan uzaqgörənliklə bu gerçəkliyi nəzərə alaraq, neft gəlirlərinin idarə edilməsinin ən effektiv modelini yaratdı. Bu model neft-qaz ixracından əldə edilən valyuta gəlirlərinin Dövlət Neft Fondunda toplanılmasını və həmin vəsaitlərin mərkəzləşdirilmiş qaydada istifadəsini nəzərdə tutur.
Böyük məbləğdə neft gəlirlərinin səmərəli idarə edilməsi baxımından Dövlət Neft Fondu hazırda mühüm rol oynayaraq üç mühüm makroiqtisadi funksiyanı yerinə yetirir: birincisi, neft dollarının ölkənin valyuta bazarına təzyiq göstərməsinə imkan vermir; ikincisi, dividendlər hesabına öz həcmini artırır; üçüncüsü, ölkənin maliyyə sistemini "neftsiz iqtisadiyyat rejimi"nə uyğunlaşdırır.
İnstitusional islahatlar və idarəetmə sistemində dəyişikliklər
İdarəetmə islahatları bir qayda olaraq yalnız azad iqtisadiyyatın inkişafına və bürokratik meyillərin aradan qaldırılmasına, çevik idarəçiliyə və koordinasiyaya şərait yaratdığı halda yüksək iqtisadi və təşkilati effektə malik olur. Ümumiyyətlə, dövlət idarəetmə sistemində islahatlar ağrılı və çətin prosesdir. Lakin siyasi hakimiyyəti güclü və sabit olan ölkələrdə iqtisadi islahatlar və struktur dəyişiklikləri daha davamlı və rəvan bir şəkildə həyata keçirilir. Çünki hakimiyyətin siyasi gücü həmin islahatların aparılması yolunda qarşıya çıxan "maneələri" asanlıqla dəf etməyə imkan verir. Heydər Əliyevin milli iqtisadiyyatın formalaşması və inkişaf etdirilməsi, o cümlədən idarəetmə və dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi sahəsində qəbul etdiyi qərarlar bunu bir daha təsdiq edir.
Bütün postsosialist ölkələri və keçmiş ittifaq respublikaları kimi, Azərbaycan da bazar iqtisadiyyatına keçid prosesinə qəbul edilmiş ümumi "reseptlər" əsasında başlamışdır. Bu mənada transformasiya dövrünü yaşayan ölkələrdə iqtisadi islahatların gedişi və onun mərhələləri bir-birindən demək olar ki, fərqlənmir. Başlıca fərq həmin ölkələrin seçmiş olduğu tənzimləmə və idarəetmə modelindədir. Sözsüz ki, iqtisadi potensialı, sənaye strukturu, milli iqtisadi maraqları, geopolitik mövqeyi, yeni iqtisadi münasibətlərin formalaşması sürəti bir-birindən fərqli olan ölkələrin tənzimləmə modeli və idarəetmə sistemi də eyni ola bilməz. Bunu nəzərə alaraq, Heydər Əliyev tərəfindən Azərbaycanda sosial-iqtisadi inkişafın spesifik xüsusiyyətlərini və mövcud reallıqlarını nəzərə alan iqtisadi tənzimləmə modeli və idarəetmə sistemi qurulmuşdur.
Azərbaycanda iqtisadi islahatların institusional problemlərinə, xüsusilə də iqtisadiyyatın idarə edilməsinin təşkilati strukturunun təkmilləşdirilməsinə, bazar infrastrukturunun formalaşdırılmasına, islahatların kadr təminatı ilə bağlı problemlərin həllinə Ümummilli Lider tərəfindən xüsusi diqqət yetirilirdi. Onun tərəfindən "Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında" 29 dekabr 1998-ci il tarixli fərmanın imzalanması idarəetmə islahatlarının konseptual əsaslarının hazırlanması və bu prosesin geniş miqyasda həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etmişdir.
Dövlət idarəetmə sisteminin yenidən qurulması prosesində diqqət yetirilməli mühüm məsələlərdən biri də idarəetmə islahatlarının iqtisadi islahatların tempi ilə düzgün əlaqələndirilməsidir. Yəni idarəetmə sisteminin restrukturizasiyası ilə yeni iqtisadi sistemin formalaşması və iqtisadi münasibətlərin yeniləşməsi bir-birini tamamlamalıdır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Heydər Əliyev idarəetmə sisteminin təkmilləşdirilməsi ilə aparılan iqtisadi islahatların sinxronlaşdırılmasını təmin etmiş və bu da öz növbəsində iqtisadiyyatın effektiv tənzimlənməsinə əlverişli şərait yaratmışdır.
(Ardı var)
Azər ƏMİRASLANOV,
Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri