30 Iyul 2024 09:09
385
Mədəniyyət
A- A+

Gözəlləşən Bakının yenilənən heykəlləri

 

Tariximizin bir parçası sayılan heykəllər təmizlənir, bərpa edilir və daha da cəlbedici olurlar 


Heykəllər hələ qədim zamanlardan insanların maraq dairəsində olub. Bu maraq indi əhatə dairəsini daha da genişləndirib. Heykəllər bu gün şəhərlərin, qəsəbələrin  yaraşığına çevrilib. Bəzən isə şəhərlər heykəlləri ilə tanınıb, heykəlləri ilə sevilib, heykəlləri ilə yadda qalıb. Heykəllər həm də bizlərə dünənimizi, ulu keçmişimizi xatırladır. Elə heykəllər də var ki, baxdıqca baxırıq, onun gözəlliyindən gözümüz doymur. 

Heyranı olduğumuz heykəllər həm də sanki keçmişdən bizə "yazılmış" daş məktubları xatırladır. Günü-gündən gözəlləşən ölkəmizin paytaxtı Bakı şəhəri böyük sənətkarların əl işləri olan heykəllərlə, abidə kompleksləri ilə zəngindir. Bu heykəllər şəhərimizə xüsusi yaraşıq verir, tarixi keçmişimizi özündə yaşadır, xoş hisslər aşılayır, ovqatımıza ovqat qatır.
Heykəllər də haradasa insanlara bənzəyir, kim bilir, bəlkə elə onlar kimidir. Onların da zaman-zaman diqqət və qayğıya ehtiyacı var. Bunu duyan, hiss edən, keçmişimizə, tariximizə hörmətlə yanaşan insanlar daim heykəllərə diqqət və qayğı göstərirlər. On gündür ki, "Abidələrə qayğı - Bakı şəhərində heykəltaraşlıq əsərlərinin  təmizlənməsi və bərpası" layihəsi çərçivəsində ölkəmizin paytaxtındakı heykəllər təmizlənir, bərpa olunur, ikinci həyat verilir. 
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə paytaxtda yerləşən heykəllərin monitorinqi keçirilmişdir. Monitorinq nəticəsində şəhərə yaraşıq verən bəzi heykəllərin bərpaya ehtiyacı olduğu müəyyən edilmişdir. Artıq verilən təkliflərə uyğun olaraq ixtisaslaşmış texniki heyət tərəfindən bərpa-təmizləmə işlərinə başlanılıb. Məqsəd bu sənət əsərlərinin orijinal vəziyyətə qaytarılması və bərpa edilməsidir.
Qeyd edək ki, layihə çərçivəsində bərpa-təmizləmə işləri görkəmli Azərbaycan mütəfəkkiri və şairi Məhəmməd Füzulinin şərəfinə ucaldılmış heykəlin üzərində də aparılıb. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının önündə Orta əsr Azərbaycan şairi Məhəmməd Füzulinin şərəfinə ucaldılmış heykəl 1958-1963-cü illərdə şairin ölümünün 400 illiyi münasibətilə hazırlanmışdır. Abidənin heykəltaraşları Tokay Məmmədov və Ömər Eldarov, memarı isə Hacı Muxtarovdur. Heykəltaraşlar bu işlərinə görə keçmiş SSRİ Rəssamlıq Akademiyasının gümüş medallarına layiq görülmüşlər. Baxdıqca hiss edirsən ki, əsər olduqca poetikdir. Belə ki, Füzulinin daş obrazı bir əlində öz "Divan"ı, digər əlini çənəsinə söykəmiş şəkildə yaradılıb. Əsər sanki "qəmin hərifi" olmuş, dünyanın qəm yükünü çiyinlərində daşıyan şair obrazının daşlaşmış əksidir.
Məhəmməd Füzulinin heykəli təbii çəhrayı qranit daşından hazırlanmış postament üzərində ucalan bürünc heykəldən və postament qarşısında yerləşən fəvvarədən ibarətdir. 12 metr hündürlüyündə olan heykəlin yuxarı hissəsində təbiətin, aqressiv mühitin yaratdığı müxtəlif rəng dəyişmələri, korroziyaların aradan qaldırılması, onun ilkin vəziyyətinə qaytarılması üçün müvafiq işlər görülüb. Heykəl yad təsirlərdən, çirklərdən təmizlənərək ilkin vəziyyətinə qaytarılıb. Heykəlin yad təsirlərdən uzun müddət qorunması məqsədilə ona qoruyucu qat çəkilib.
Bərpa-təmizləmə işləri aparılan abidələrdən biri də Milli Qəhrəman Albert Aqarunovun şərəfinə ucaldılmış heykəldir. Heykəl 2019-cu ildə Bakı şəhərinin Nərimanov rayonu ərazisində ucaldılıb. Albert Aqarunov 25 aprel 1969-cu ildə Bakının Əmircan qəsəbəsində, yəhudi ailəsində dünyaya göz açıb. 1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.
Abidədə əks olunan qayadan çıxmaq təsviri Dağlıq Qarabağın simvoludur. Ətraf mühitin yaratdığı müxtəlif rəng dəyişmələri, korroziyaların aradan qaldırılması və heykəlin ilkin vəziyyətinə qaytarılması üçün bütün zəruri tədbirlər görülüb. Heykələ qoruyucu qat çəkilərək xarici mühitin təsirinə davamlılığı artırılıb. 
Mollanəsrəddinçi satirik şair, müəllim və maarifpərvər Mirzə Ələkbər Sabirin heykəli də təmizlənib bərpa olunaraq əvvəlki vəziyyətinə gətirilib. Xatırladaq ki, Sabirin 1922-ci ildə ucaldılan abidəsi Bakıda ilk heykəl olmuşdur. Qala divarlarının yaxınlığında qoyulmuş heykəl qəribə daş ömrü yaşayıb. Belə ki, yeri olduğu kimi qalsa da, heykəl iki dəfə dəyişib. Cəlal Qaryağdı tərəfindən hazırlanan birinci heykəldə Sabir ayaqüstə olub. Heykəltaraş xatirələrində əzəmətli təsvir edilmiş Sabiri "Bənzərəm bir qocaman dağa ki, dəryada durar" misrasından ilhamlanaraq yaratdığını qeyd edib. Sabirin ikinci "heykəl ömrü" 1958-ci ildən başlayır. Belə ki, 1958-ci ildə abidə Yakov Keylixis tərəfindən hazırlanmış və oturmuş vəziyyətdə olan heykəllə əvəzlənib. Qaryağdının müəllifi olduğu heykəl isə Sabirin Şamaxıdan ilk gəldiyi dönəmlərdə dərs dediyi Balaxanıdakı məktəbin qarşısında ucaldılıb.
Görkəmli bəstəkar Qara Qarayevin abidəsi də təmizlənərək bərpa edilib, əvvəlki görkəminə qaytarılıb. Qara Qarayevin heykəli "Nizami" kino mərkəzinin arxasında, Bakı Musiqi Akademiyasının və bəstəkarın bir vaxtlar yaşadığı evin yaxınlığındadır. Bəstəkar hər gün buradan keçib işə gedər, axşamsa evə qayıdardı. Heykəlin müəllifləri Azərbaycanın Xalq rəssamı heykəltaraş Fazil Nəcəfov və respublikanın Əməkdar memarı Rəhim Seyfullayevdir. 
Heykəllərin unikallığının qorunması və təhlükəsizliyinin təmin olunması məqsədilə peşəkar heykəltaraşların nəzarəti ilə texniki heyət tərəfindən görülən işlər bütün standartlara uyğun və keyfiyyətlə həyata keçirilir. Buna görə də bərpa işlərindən sonra heykəllər daha gözəl görünür. 
Yaxın günlərdə Bakının ən hündür heykəllərindən biri olan görkəmli siyasi xadim, yazıçı-dramaturq Nəriman Nərimanovun heykəlinin üzərində bərpa və təmizləmə işləri aparılacaq. 
Şəhərimizi gözəlləşdirən heykəllərin təmizlənməsi və yenidən bərpa olunması sakinlər tərəfindən də böyük məmnunluqla qarşılanır. Bizimlə həmsöhbət olan Zemfira İsmayılova dedi ki, abidə və heykəllərə hörmətlə yanaşıram. Çünki onlar bizlərə keçmişdən yadigar qalıb. Biz bu yadigarları göz bəbəyimiz kimi qoruyub gələcək nəsillərə çatdırmalıyıq. Abidələr üzərində aparılan bərpa-təmizləmə işləri həm də tariximizə göstərilən böyük hörmətdir.  
Paytaxt sakini Bəxtiyar Əliyev də söhbətimizə qoşularaq dedi ki, hər şey təmiz və səliqəli olanda daha  gözəl görünür. "Bir müddət əvvəl marşrutda gedərkən dahi şairimiz Məhəmməd Füzulinin heykəli üzərində təmizləmə-bərpa işləri aparıldığını gördüm. Buna çox sevindim. Yolum heykəlin ucaldıldığı ünvandan tez-tez düşür. Artıq abidə üzərində bərpa işləri başa çatıb". 
Şəhərimizi daha da gözəlləşdirən, tariximizin bir parçası olan heykəllərin bərpa-təmizləmə işləri uğurla davam edir. Deməli, zaman keçdikcə şəhərimiz daha gözəl görünəcək, həm sakinlərimiz, həm ölkəmizin paytaxtına gələn turistlər bu gözəllikdən zövq alacaqlar.

Vahid MƏHƏRRƏMOV,
İlham BABAYEV (foto),
"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video