Hazırda bütün dünyada bərpaolunan enerjiyə üstünlük verilməsi ənənəvi enerjinin əhəmiyyətini heç də azaltmır. O cümlədən ölkəmizdə uğurla "yaşıl enerji" layihələrinin həyata keçirilməsinə baxmayaraq, ayrı-ayrı bölgələrdə yeni elektrik enerjisi gücləri yaradılır. Yeni elektrik stansiyaları və yarımstansiyaları tikilib istifadəyə verilir.
Prezident İlham Əliyevin bu il aprelin 18-də açılışını etdiyi "Azərişıq" ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzi deyilənlərə aydın misaldır. Hələ 44 günlük Vətən müharibəsi qələbə ilə başa çatandan az sonra dövlət başçısı bəyan etmişdi ki, əsas diqqət işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına yönəldilsə də, digər bölgələr də unudulmayacaq. Sosial-iqtisadi infrastruktur layihələri ölkənin hər tərəfində davam etdiriləcək. Bu, enerji obyektlərinin işə salınmasında da özünü göstərdi.
Xatırladaq ki, son illər ərzində Azərbaycanda bütövlükdə elektroenergetika sahəsi sürətlə inkişaf etmişdir. Son 20 il ərzində Azərbaycanda 34 elektrik stansiyası inşa edilmişdir və bu stansiyaların generasiya gücü təqribən 3400 meqavata bərabərdir. Hazırda ümumi generasiya gücümüz 7200 meqavatdır. Bunun 3400 meqavatı son iki onillikdə yaradılmışdır. Dövlətin bu məsələni prioritetlərdən biri kimi seçməsi ölkənin iqtisadi gücünə təkan vermişdir, enerji təhlükəsizliyimizi təmin etmişdir.
İşğaldan azad edilmiş torpaqlarda bərpa və yenidənqurma işlərinə də ilk növbədə elektroenergetika sahəsindən başlanmışdır. Həmin ərazilərdə artıq 10-dan çox yarımstansiya, 10-dan çox su-elektrik stansiyası inşa edilmişdir. 50 meqavatdan çox generasiya gücü yaradılmışdır. Bütün stansiyalar ümumi şəbəkəyə qoşulmuşdur. Cari ilin sonuna qədər bu rəqəm 200 meqavata çatacaq. Yəni ancaq azad edilmiş torpaqlarda cəmi 3 il ərzində 200 meqavatlıq enerji gücü yaradılmış olacaq. Şərqi Zəngəzurun və Qarabağın böyük hidroenergetika potensialı imkan verəcək ki, həmin bölgələrdə 500 meqavata qədər generasiya gücləri yaradılsın.
Bunlarla yanaşı, ölkənin bir sıra digər regionlarında da həmin istiqamətdə iş aparılır. Bu il fevralın 13-də Bakıda "Gülüstan" sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük istilik-elektrik stansiyasının təməlqoyma mərasimi keçirildi. Bu enerji nəhəngi Prezident İlham Əliyevin 2022-ci il oktyabrın 25-də imzaladığı sərəncama uyğun olaraq yaradılır. Təməlqoyma mərasimində dövlət başçısı obyektin əhəmiyyətini vurğulayaraq demişdir: "İndi isə Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya əlbəttə ki, bizim potensialımızı böyük dərəcədə gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq. Çünki yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin. Bu gün Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır".
Beləliklə, yeni stansiyanın tikilməsi ölkənin enerji dayanıqlılığının təmin olunması, əlavə generasiya güclərinin yaradılması, yüksələn enerji tələbatının qarşılanması, ixrac imkanlarının artırılması baxımından xüsusi əhəmiyyətə malikdir. Stansiya eləcə də bərpaolunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyasının əks təsirlərinin balanslaşdırılmasına, ətraf mühitin qorunmasına, elektrik enerjisinin istehsalında təbii qaza qənaət edilməsinə, iqlim dəyişiklikləri ilə bağlı kataklizmlərin qarşısının alınmasına dəstək verəcək. Stansiyanın Mingəçevirdə qurulması bu şəhərin əlavə iş yerlərinin yaradılması ilə sosial-iqtisadi inkişafında da mühüm rol oynayacaq.
Yeni elektrik stansiyasının 2025-ci ildə istismara verilməsi nəzərdə tutulur və tikinti prosesini ixtisaslaşmış yerli şirkət həyata keçirir. 1280 meqavat gücündə elektrik stansiyası müstəqillik dövründə tikiləcək ən böyük istilik-elektrik stansiyası olacaq.
Bu günlərdə Salyan şəhərində yaradılan Rəqəmsal İdarəetmə Mərkəzi ölkəmizdə elektroenergetikanın inkişafı istiqamətində işlərin davamlı olduğunun daha bir təsdiqidir. Bu mərkəz dispetçer idarəetmə sistemi ilə aşağı gərginlikli şəbəkələr tərəfindən elektrik enerjisinin son istehlakçıyadək çatdırılmasını nəzarətdə saxlayır.
Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin dispetçer sistemi həm mərkəzləşdirilmiş, həm də müstəqil funksional rejimlərdə istismar imkanına malikdir. Gələcəkdə belə rəqəmsal idarəetmə mərkəzləri vasitəsilə bərpaolunan enerji mənbələrinin iş rejimlərinin izlənməsi də nəzərdə tutulur.
Flora SADIQLI,
"Azərbaycan"