01 Dekabr 2023 10:00
303
DÜNYA
A- A+

Geosiyasətin patriarxı 100 yaşında vəfat etdi

 

ABŞ qurtulduğu bir çox bəlalara görə Henri Kissincerə borcludur

 

ABŞ-nin sabiq dövlət katibi və milli təhlükəsizlik müşaviri Henri Alfred Kissincer noyabrın 30-da 100 yaşında vəfat edib. O, kəşfiyyat zabiti, siyasi elmlər doktoru, diplomat, tanınmış beynəlxalq münasibətlər patriarxı və soyuq müharibə dövründə ABŞ-nin xarici siyasətinin vektorunu təyin edən Nobel Sülh mükafatı laureatı idi. 
ABŞ ötən tarixdə SSRİ ilə münasibətlərdə dinc tənzimləmə siyasətinə, Çinlə münasibətlərin bərpasına, nüvə silahından istifadənin qarşısının alınması konsepsiyası və Vyetnam müharibəsinin başa çatmasına görə bu dövlət xadiminə borcludur. 
Bavariyadan olan yəhudi gənc okeanın o tayında parlaq karyera qurdu, Amerika elitasının qəlbini fəth etdi və ABŞ-nin gələcək onilliklər üçün xarici siyasət kursunu müəyyənləşdirdi.

 

Almaniyada ölümdən qaçıb ABŞ-də dahiyə çevrildi

 

Henri Kissincer 27 may 1923-cü ildə Almaniyanın Fürt şəhərində anadan olub.  Dindar yəhudi ailəsində böyüyüb. Doğulanda Haynts Alfred Kissinger adını alıb. 1938-ci ildə nasistlərin təqibi təhlükəsi ilə ailəsi ABŞ-yə qaçıb. Nyu Yorkda məskunlaşan gənc adını Henri Kissincer olaraq dəyişdirib.
Kollecdə təhsil aldıqdan sonra - 1943-cü ildə ABŞ Ordusuna çağırılıb. Elə həmin il Amerika vətəndaşlığını alıb və Avropada tərcüməçi kimi xidmət edib, sonra kəşfiyyatçı olub. 1945-ci ilin iyununda Hessenin Berqstrasse bölgəsindəki Əks Kəşfiyyat Korpusunun bölməsinin komandiri təyin edilib. 
1947-ci ildə ABŞ Silahlı Qüvvələrindən rəsmən ayrıldıqdan sonra Henri Kissincer böyük siyasətə doğru ilk addımlarını atıb. Nüfuzlu Harvard Universitetinə daxil olub və orada ən yaxşı tələbələrdən biri olmaqla 1950-ci ildə bakalavr, 1952-ci ildə magistr, 1954-cü ildə isə siyasi elmlər üzrə doktorluq dərəcəsinə yiyələnib.

 

Gənc alim, professor, təhlükəsizlik üzrə ekspert, sülh carçısı

 
Gənc alim nisbətən kiçik coğrafi ərazilərə effektiv zərbələr endirməyə qadir olan və Varşava Müqaviləsi ölkələrinin hərbi hissələrinin Avropa teatrında əhəmiyyətli say üstünlüyünü zərərsizləşdirə bilən aşağı gücə malik nüvə silahlarından istifadə etməyi təklif etdi. Beləliklə, kütləvi cavab strategiyasından fərqli olaraq 1960-cı illərdə ABŞ-də təcavüzə cavab olaraq müəyyən dozalı istifadəni nəzərdə tutan "çevik cavab konsepsiyası" meydana çıxdı.
1960-cı illərdə NATO-nun fəaliyyətində məhz bu doktrina rəsmiləşdi. Nəşr edildikdən sonra o, prezidentlər Eyzenhauer, Kennedi və Consonun yanında təhlükəsizlik üzrə ekspert kimi dövlət xidmətinə gətirildi. Kissincer Birləşmiş Qərargah Rəisləri Komitəsində (1956-1960), ABŞ Milli Təhlükəsizlik Şurasında (1961-1962) və ABŞ Silahlara Nəzarət və Tərksilah Agentliyində (1965-1969) məsləhətçi vəzifələrində çalışdı.
1972-ci ildə Kissincer SSRİ ilə ABŞ arasında strateji hücum silahlarının məhdudlaşdırılmasına dair ilk sazişin (START) imzalanmasına nail oldu. O, Fələstin-İsrail münaqişəsinin (1968 və 1973-cü illərdə) həllinə böyük töhfə verib. Onun səyləri sayəsində "Qiyamət Günü" müharibəsinin sonunda (6-24 oktyabr 1973-cü il) iki atəşkəs müqaviləsi imzalandı və qoşunların çıxarılması barədə razılıq əldə edildi. Kissincer daha sonra Vaşinqton və Hanoy arasında sülhün bərpası ilə bağlı müzakirələrdə vasitəçi olmaqla Vyetnam müharibəsinin sona çatmasına kömək etdi. 27 yanvar 1973-cü ildə - tərəflər arasında dörd il davam edən danışıqlardan sonra Paris Sülh Sazişi imzalandı. Henri Kissincer və Le Dıh Tho Paris razılaşmalarının əldə olunmasındakı rollarına görə Nobel Sülh Mükafatına layiq görüldülər.
Henri Kissincer 1973-cü ildə ABŞ-nin dövlət katibi təyin edildi. Uotergeyt qalmaqalından (1972-1974) və Niksonun istefasından sonra o, vəzifəsini qoruyaraq Prezident Cerald Fordun müşaviri olaraq qaldı.

 

Siyasi realizm məktəbinin ən görkəmli nümayəndələrindən biri

 

2001-ci ilin iyulunda Kissincer Moskvada Beynəlxalq Olimpiya Komitəsinin forumunda iştirak etdi. Səfər zamanı o, Rusiyanın beynəlxalq birliyə inteqrasiyasının dərinləşdirilməsini müzakirə etmək üçün Prezident Vladimir Putinlə görüşdü. Sonradan Kissincer və Putin daha bir neçə dəfə görüşdülər -  2006, 2013, 2016 və 2017-ci illərdə.
2014-cü ilin martında Kissincer bir neçə dəfə ictimaiyyət qarşısında Qərb, Rusiya və Ukrayna arasındakı münasibətlərdən danışıb. "The Washington Post" qəzetinə müsahibəsində deyib ki, "xarici siyasət prioritetləri təyin etmək sənətidir". Kissincer əmin idi ki, Ukrayna Rusiya ilə Qərb arasında körpü olmalıdır.
2015-ci ilin dekabrında "Handelsblatt"a müsahibəsində Kissincer bildirib: "Qərb anlamalıdır ki, Rusiyanın iştirakı olmadan müəyyən problemlərin sülh yolu ilə həlli mümkün olmayacaq". 2019-cu ildə "Rossiyskaya qazeta"da dərc olunan müsahibəsində isə deyib ki, Rusiya böyük tarixə malik böyük ölkədir və Rusiyanın əsas oyunçular sırasında olmayacağı beynəlxalq nizamı təsəvvür etmək mənim üçün çətindir.
Henri Kissincer, şübhəsiz ki, ABŞ siyasi realizm məktəbinin ən görkəmli və nüfuzlu nümayəndələrindən biridir. Elm adamları, jurnalistlər və diplomatlar Henri Kissincerin irsi haqqında uzun müddət mübahisə edəcəklər. Lakin bir şey danılmazdır: indi nəinki öncədən bilməyi, həm də yeni və daha sabit nəyinsə axtarışında dəyişən vəziyyətə səriştəli reaksiya verməyi bacaran dövlət xadimlərinə dünyanın həmişəkindən daha çox ehtiyacı var.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video