Gündən-günə inkişaf edən, getdikcə dünyada nüfuz qazanan, regionda söz sahibi olan Azərbaycanın dayanıqlı inkişafında, siyasi və mədəni həyatında, cəmiyyətin aparıcı qüvvəsi sayılan gənclik aparıcı rol oynayır. Azərbaycan gəncləri dövlət quruculuğunda, ictimai-siyasi həyatda, ordu quruculuğunda, elm və təhsil sahələrində fəal iştirak edir, ürəkaçan uğurlar qazanırlar.
Dövlətin yaratdığı geniş imkanlar sayəsində gənclər cəmiyyətin avanqard qüvvəsinə çevriliblər. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəal çalışaraq siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində bacarıq nümayiş etdirir, şəxsi keyfiyyətləri, bacarıqları, istedadları ilə xalqımızın hörmət və etimadını qazanırlar. Bütün bunlar onu göstərir ki, daim axtarışda olan, yeniliklə nəfəs alan gənclərimiz vətənpərvərdirlər, dövlətə, xalqa, Vətənə sadiqdirlər.
Azərbaycanda gənclər siyasəti dövlətin davamlı diqqət yetirdiyi, qayğı göstərdiyi aparıcı sahələrdəndir. Gənclərimiz də dövlətin onlar üçün yaratdığı bütün imkan və şəraitdən bacarıqla istifadə edərək cəmiyyətin inkişafına, dövlətimizin, dövlətçiliyimizin daha da möhkəmlənməsinə əməli işləri ilə böyük töhfələr verir, çalışdıqları sahələrdə uğurlar qazanırlar.
Milli-mənəvi dəyərlərə dərindən yiyələnmiş bu nəsil Vətənimizi uğurlu gələcəyə aparan, tükənməyən gücə malik olan bir qüvvədir. Ölkə gənclərinin yüksək bilikli, savadlı, sağlam ruhda tərbiyə olunması və böyüməsi üçün Heydər Əliyev zaman-zaman lazımi tədbirlər görmüş, bu istiqamətdə mühüm qərarlar qəbul etmişdir. Ulu Öndər Heydər Əliyev hər zaman xalqına arxalanır, cəmiyyətin aparıcı qüvvəsi olan gəncliyə böyük ümidlər bəsləyirdi.
Bu gün də gənclərimiz Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətçiliyimizin daha da möhkəmlənməsində çalışdıqları sahələrdə uğurlar qazanırlar. Prezident İlham Əliyev gənclərə olan münasibətini belə ifadə etmişdir: "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram".
Dövlətin göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatındakı fəaliyyəti, rolu gündən-günə artır. Ölkəmizin evsahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlərdə, istər ölkə daxilində, istərsə də xaricdə keçirilən forum və konfranslarda fəal iştirak edən gənclərimiz əməli işləri ilə bir daha göstərirlər ki, onlar vətənpərvərdirlər, dövlətini, xalqını sevirlər. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsidir ki, Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Gənclər də dövlət qayğısını daim hiss edərək uğurları ilə onlara göstərilən etimadı doğrultmağa çalışırlar. Gənclərimizin bu çalışqanlığı bütün sahələrdə hiss olunur.
Ölkəmizdə həyata keçirilən gənclər siyasətinin mərkəzində Azərbaycan gənclərinin Vətənə, doğma el-obaya sədaqət ruhunda tərbiyə edilməsi dayanır. 44 günlük Vətən müharibəsində gənclərimizin qəhrəmanlığı bir daha göstərdi ki, Azərbaycan Ordusunun zabit və əsgərləri Şuşanın sıldırım qayalarında, Qarabağ torpaqlarında yazdıqları qəhrəmanlıq salnaməsinin bünövrəsində azərbaycançılıq ideologiyası ilə yanaşı, Vətənə, yurda sədaqət, torpağa dərin köklərlə bağlılıq amilləri də böyük rol oynayır. Yurdumuzun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən və böyük qəhrəmanlıq göstərən oğulların əksəriyyəti gənclər idi. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev zabit və əsgərlərimizin İkinci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqlardan danışarkən demişdir: "Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər".
Prezident İlham Əliyev daim gənclərə diqqət və qayğı göstərir. Ölkə gəncləri də Prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici siyasəti dəstəkləyir, onun həyata keçməsi, inkişaf etməsi üçün yorulmadan çalışırlar. Bu isə onları yeni uğurlara ruhlandırır.
Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində gənclərimiz başqa sahələrlə yanaşı, təhsildə də uğurlar qazanırlar. Onlar dərindən dərk edirlər ki, gələcək inkişafları təhsillə bağlıdır. Buna görə də daim öz üzərlərində çalışırlar. Qazandıqları bilikləri və təcrübələri ilə cəmiyyətin aparıcı qüvvəsinə çevrilirlər.
Qazanılan uğurlar onu deməyə əsas verir ki, gənclərin cəmiyyətdə fəal iştirakını, elmli-bilikli, təhsilli olmağını təmin etmək məqsədilə dövlət tərəfindən həyata keçirilən tədbirlər müsbət nəticələr verir. 2005-2009-cu, 2011-2015-ci və 2017-2021-ci illəri əhatə edən və bu gün də uğurla davam edən dövlət proqramları cəmiyyət üçün bilikli, peşəkar, istedadlı gənclərin yetişməsinə əlverişli təminat yaradır. Uğurla həyata keçirilən dövlət proqramları çərçivəsində gənclərimiz dünyanın müxtəlif ölkələrində təhsil alırlar. Prezident İlham Əliyev çıxışlarının birində Azərbaycan gəncliyinin savadına, bacarığına, gələcəyinə böyük inam ifadə edərək demişdir: "Ona görə mən əminəm, gənclərimiz bunu yaxşı başa düşürlər ki, yaxşı bilik almaq, yaxşı savad almaq və istənilən sahədə peşəkar olmaq hər bir gəncin, hər bir insanın həyatda yaxşı yer tutmasına gətirib çıxaracaqdır".
Bakıda və regionlarda istifadəyə verilən "Gənclər ev"ləri, olimpiya idman mərkəzləri gənclərin maraq dairəsini xeyli genişləndirməklə yanaşı, həm də onların asudə vaxtlarının səmərəli təşkili üçün yeni imkanlar açır. Bunun nəticəsidir ki, onların cəmiyyətdə, ictimai həyatda fəallığı daha da artır. Gənc idmançılarımız müntəzəm olaraq beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edir, uğur qazanırlar.
Dövlətimiz tərəfindən gənclərə göstərilən daha bir diqqət və qayğı isə ondan ibarətdir ki, ölkəmizin şəhərləri Azərbaycanın "Gənclər paytaxtı" elan edilir. Bu ənənə 2012-ci ildən başlayıb. Həmin ildən hər il Bakı istisna olmaqla, Azərbaycanın şəhər və rayonlarından biri "Gənclər paytaxtı" elan olunur. "Gənclər paytaxtı" seçilən şəhərlərdə bir il müddətində gənclərin ölkənin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Tədbirlərdə gənclərin intellektual və yaradıcılıq potensialının artırılması üçün əlverişli şərait yaradılır. Belə layihələrin uğurla reallaşdırılması bütövlükdə, Azərbaycan dövlətinin gənclərin ictimai-siyasi fəallıqlarına, müxtəlif sahələrdə qazandıqları əhəmiyyətli uğurlara verdiyi yüksək qiymətdir.
Bu gün uğurla həyata keçirilən dövlət proqramları, müxtəlif layihələr gənclərin fəallığına, onların ölkə üçün, xalq üçün dəyərli vətəndaş kimi yetişməsinə hesablanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bütün işlərin məqsəd və amalı Azərbaycan gəncliyini ölkənin uğurlu inkişafına istiqamətləndirməkdir. Dövlət başçısının gənclərlə görüşləri və onların qarşısında mühüm vəzifələr qoyması Azərbaycanın parlaq gələcəyinə hesablanır. Torpağını, vətənini canından çox sevən Azərbaycan gəncləri isə onlara göstərilən bu dövlət qayğısını yüksək qiymətləndirirlər.
Azərbaycan gəncləri onlara göstərilən etimadı doğrultmaq üçün böyük əzmkarlıqla çalışırlar. İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında doğma torpaqlarımızın işğalına son qoyan, Qarabağı və Şərqi Zəngəzuru azad edən Azərbaycan gəncliyi bu əzmkarlığa ən yaxşı nümunədir. İnanırıq ki, gənclərimiz həmişə olduğu kimi 2026-cı ildə qazandıqları uğurları ilə xalqımızı sevindirəcək.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"