Paris Olimpiadasının saxta medal uğursuzluğu idmançıları məyus edib
Ötən ilin əsas idman hadisəsi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunları oldu. 4 ildən bir keçirilən və bütün dünyanın diqqətini çəkən Olimpiada kimi möhtəşəm tədbirin təşkili qüsursuz olmalı, oyunların yüksək səviyyədə keçirilməsi üçün hər bir detala diqqət yetirilməlidir. Lakin Parisdə belə olmadı və yaranan qalmaqallar Olimpiada tarixinə ağır zərbə vurdu. Olimpiada zamanı fransız qadınlarının hicab geyinməsinə qadağa, çirklənmiş Sena çayı, açılış mərasimində "Son şam yeməyi" rəsminin uğursuz, biabırçı parodiyası beynəlxalq yarışmaya qara ləkə oldu.
Paris Olimpiadası başa çatsa da, problemlər hələ də davam edir. Bu günlərdə fransalı üzgüçülər Parisdə qazandıqları Olimpiya medallarının fotoları ilə sosial şəbəkələri xoşagəlməz şəkildə təəccübləndirdilər.
Yayda üzgüçülər Maksim Qrusse, Klement Sekki və Yoann Ndoye-Bruar 4x100 m qarışıq estafetdə bürünc medallar qazanıblar və Olimpiya Oyunlarının bitməsindən cəmi bir neçə ay keçdikdən sonra medallar artıq tanınmaz olaraq çox köhnəlmiş və soyulmuş hal alıblar.
Mükafatın keyfiyyətindən ilk şikayət edənlərdən biri Oyunlarda küçə intizamında bürünc medal qazanan amerikalı skeytbordçu Nayc Hyuston olub. İdmançı medalı aldıqdan cəmi 10 gün sonra sosial şəbəkədə yazıb: "Görünür, onlar gözlənilən qədər keyfiyyətli deyillər".
Daha sonra bir neçə idmançı, o cümlədən ABŞ komandasının qılıncoynadanı Nik Itkin, amerikalı reqbiçi İlona Maher və britaniyalı suya tullanan Yasmin Harper keyfiyyətsiz medallarının fotolarını paylaşıblar.
100-dən çox idmançı qüsurlu medalını geri qaytarıb
Fransa mediasının yazdığına görə, Paris-2024 Yay Olimpiya Oyunlarında mükafatçılara verilən medalların keyfiyyətsizliyi olimpiyaçılar tərəfindən kəskin tənqid obyektinə çevrilib. RMC Sport "La Lettre"yə istinadən xəbər verir ki, idmançılar yüzdən çox keyfiyyətsiz medalı Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsinə qaytarıblar.
Medalların kütləvi şəkildə geri qaytarılması onların istehsalına cavabdeh olan Paris Sikkəxanasında böyük qalmaqal yaradıb.
Mükafatların qüsurları xüsusi, lakin tərkibində olan zəhərli komponentin istifadəsinə qadağa qoyulması ilə bağlıdır. Vaxt və sınaq çatışmazlığı səbəbindən Olimpiya medalları yeni məhsulların istifadəsindən bu hala düşüblər. Paris Sikkəxanası problemi həll etmək üçün sənaye prosesləri üzrə ixtisaslaşmış bir şirkətə müraciət edib.
Beynəlxalq Olimpiya Komitəsi (BOK) zədələnmiş medalları qaytaran idmançılara söz verib ki, medallar yaxın həftələrdə yenisi ilə əvəz ediləcək.
Son məlumata görə, yaranmış vəziyyətlə əlaqədar medalları hazırlayan Paris Sikkəxanasının direktoru Mark Şvarts üç aparıcı mütəxəssisi: sənaye direktoru, istehsal direktoru və keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühit şöbəsinin müdirini işdən çıxarıb.
Medalların qaytarılması və dəyişdirilməsi proseduru 2026-cı ilədək uzana bilər
Azərbaycan taekvondoçusu Qaşım Maqomedovun 2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qazandığı gümüş medal keyfiyyətsiz olduğuna görə təşkilat komitəsinə qaytarılacaq.
Bunu Milli Olimpiya Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Anar Bağırov yerli mətbuata deyib: "Yay Olimpiya Oyunlarının qalibi Qaşım Maqomedovun medalının üz qabığı soyulub. Digər idmançıların da mükafatları yoxlanılacaq, problem aşkar olunarsa, onlar da geri qaytarılacaq".
Medalların qaytarılması və dəyişdirilməsi proseduru isə 2026-cı ilədək uzana bilər.
2024-cü il Olimpiya Oyunları üçün 5084 qızıl, gümüş və bürünc medallar Chaumet zərgərlik şirkəti tərəfindən dizayn edilmiş və Paris Sikkəxanasında istehsal edilmişdir. Hər medalda Eyfel qülləsinin kiçik bir parçası var.
Rizvan CƏFƏROV,
"Azərbaycan"