Ermənistanın sabiq lideri Levon Ter-Petrosyanın yaxın günlərdə üzə çıxmış 1993-cü ilə aid nitqi bu dövlətin faşizm, etnik dözümsüzlük və ekstremizm ideologiyası üzərində bərqərar olmasının növbəti əyani sübutudur. Erməni eks-prezidentinin 32 il öncə, Ağdamın işğalına təsadüf edən çıxışında Azərbaycan torpaqlarının ekspansiyası planının necə hazırlandığını, azərbaycanlı əhalinin dədə-baba yurdundan - Qərbi Azərbaycandan deportasiyasının hansı məqsədlərə xidmət etdiyini açıq bəyan etməsi göstərir ki, Ermənistandakı təmayülündən asılı olmayaraq bütün siyasi qüvvələrin dünyagörüşü etnik və dini əlahiddəliyə əsaslanır.
Uzun illər boyu özünü guya liberal təfəkkürün daşıyıcısı, sülh tərəfdarı kimi göstərməyə çalışan Ter-Petrosyanın azərbaycanlıların qanlı deportasiyası və etnik separatizmə əsaslanan "miatsum" hərəkatının öncüllərindən olması, minlərlə insanın həyatına son qoymuş, işğal və soyqırımı ilə müşayiət edilən müharibənin başlama səbəblərinə dair sualların üzərindən pərdələri götürdü.
Köçəryan və Sarkisyandan fərqlənməyən Ter-Petrosyan
Öncə qeyd etmək lazımdır ki, Ter-Petrosyanın qalmaqallı açıqlamaları yenə də dünya birliyinin, xüsusilə də erməni separatizminə dəstək verən kollektiv Qərbin hakim və siyasi dairələrinin, habelə onların iftiraçı və böhtançı mediasının diqqətindən kənarda qalacaq. Məsələn, Fransanın ermənilərdən çox erməni olan prezidenti Emmanuel Makron hər addımbaşı Azərbaycanın ünvanına əsassız hədyanlar yağdırmağa çalışır və bunu öz dili ilə desək, "Ermənistanın və beynəlxalq hüququn müdafiəsi üçün" etdiklərini deyir. Bu ölkənin Ermənistandakı səfiri "Artsax ermənilərinin növbəti dəfə Yeni il bayramını evlərindən uzaqda" qeyd etmələrindən heyfsilənir, amma halına yandığı Ermənistanın prezidenti olmuş bir şəxsin siyasi cinayət dolu bəyanatlarına heç bir reaksiya vermir.
Aydındır ki, ermənipərəst dövlətlər və siyasi qüvvələr, hər dəfə imkan düşdükcə Azərbaycanı qaralamağa çalışan dairələr bir vaxtlar Robert Köçəryanın və Serj Sarkisyanın cinayət etiraflarını necə qulaqardına vurmuşdularsa, Ter-Petrosyanın açıqlamalarını da eləcə ört-basdır etməyə çalışacaqlar. Halbuki erməni eks-prezident 32 il öncə müharibənin kim tərəfindən planlaşdırıldığını və başlanıldığını, azərbaycanlıları indiki Ermənistandan silah gücünə qovmaqla Azərbaycan ərazilərinin ekspansiyasına münbit zəmin yaradıldığını, hətta bu məqsədləri naminə öz xalqının onminlərlə nümayəndəsini qurban verməyə belə çəkinmədiklərini könüllü şəkildə etiraf edir. Belə olduğu halda, Qərbin "hüquq cəfakeşləri" hansı üzlə və əsasla bizdən "əsir" adlandırdıqları terrorçu və cinayətkar canilərin azadlığa buraxılmasını istəyirlər? Biz Vardanyanı, Saakyanı, Arutyunyanı və digərlərini hansı cinayətlərdə ittiham ediriksə, Ter-Petrosyan onların törətdiklərini təsdiqləyir və etiraf edir.
Ter-Petrosyanın "liberal" faşizmi
Eks-prezident Ter-Petrosyanın çıxışı 1993-cü ilə aiddir. Ondan sonra Ermənistana üç lider rəhbərlik edib və onların heç birinin Ter-Petrosyanı faşizm mahiyyətli çıxışına görə ittiham etməmələri göstərir ki, erməni dövlətçiliyinin əsası şovinizm, başqasını inkar etmək, etnik ayrıseçkilik və aqressiv millətçilik üzərində qurulub. Azərbaycan torpaqlarının işğalını həyata keçirmiş, Xocalı soyqırımını törətmiş Köçəryanla Sarkisyanın "Qarabağ Emənistandır və nöqtə" deyən Paşinyanla, yaxud azərbaycanlıların deportasiyasının ermənilərin 600 illik arzusu olduğunu bəyan edən Ter-Petrosyanla hansı fərqi var? Sualın cavabı təbii ki, bəllidir.
Ter-Petrosyan Qarabağ komitəsinin aktiv üzvü kimi azərbaycanlıların Ermənistandan köçürülməsinə rəhbərlik edən şəxslərdən biridir. Azərbaycan ərazilərinin işğalı, Xocalı soyqırımı, Meşəli, Qaradağlı, Malıbəyli kəndlərində törədilən qırğınlar birbaşa Levon Ter-Petrosyanın tapşırığı ilə həyata keçirilib. Məhz onun göstərişləri digər cinayətkarlar, Köçəryan və Sərkisyan tərəfindən icra edilib. Onlar məsələlərin icraçısı, Ter-Petrosyan isə siyasi hakimiyyətin başında dayanan və qərar verən şəxs rolunda çıxış edib.
Ter-Petrosyanın 1993-cü ilin iyulunda erməni terrorçularını bir araya gətirən "Yerkrapa" fəalları ilə görüşündə söylədiklərinə bir daha diqqət edək: "Bizim hərəkat hesabına Ermənistan və Dağlıq Qarabağ erməni xalqının 600 il həll edə bilmədiyi problemin öhdəsindən gələ biliblər - Ermənistan və "Artsax" digər xalqlardan tamamilə təmizlənib". Yaxud: "Təsəvvür edirsinizmi, bu gün 1988-ci ilədək burada yaşayan 170 min nəfər digər millətlərin nümayəndələri olsaydı, indi bizim dövlətçiliyimiz yox idi. Biz şimal və şərq bölgələrimizi, Sevan gölü rayonunu müdafiə etmək iqtidarında olmazdıq. Bundan əlavə, bizim daha üç problemimiz olacaqdı. Unutmayın ki, üç rayonda - Vardenis, Masis və Amasiyada azərbaycanlılar çoxluq təşkil edirdilər, habelə Zəngəzurda əhalinin böyük qismi azərbaycanlılar idi". Onun bu sözləri Azərbaycan torpaqlarının işğalından öncə azərbaycanlıların indiki Ermənistandan necə qovulduqlarının etirafıdır, eyni zamanda azərbaycanlıların Qərbi Azərbaycanda əsrlər boyu yaşadıqlarının, bu yurdun sahibləri olduğunun sübutudur.
Levon Ter-Petrosyan həmin çıxışında məhz Azərbaycan ərazilərinin işğalından, azərbaycanlıların Ermənistandan deportasiya edilməsindən geniş danışır. Eyni zamanda Azərbaycan ərazisindən ermənilərin köçürülməsi, Sumqayıt və Bakıda həyata keçirilən iğtişaşlar ilə bağlı çox ciddi açqlamalar verir. Siyasi icmalçıların fikirlərinə görə, bu da bizə beynəlxalq səviyyədə Ermənistanı ifşa etmək, o cümlədən bu respublikanın arqumentlərini puça çıxarmaq üçün kifayət qədər materallar verir. Məhz Levon Ter-Petrosyanın açıqlaması bir daha erməni cəmiyyətinin, Ermənistan siyasi düşüncəsinin hansı yöndə kökləndiyini açıq şəkildə ifadə edir.
Ter-Petrosyan Ermənistanın iki çağırış prezidenti olub və bu gün ondan sonra gələnlərin özlərini 1993-cü ildə edilmiş aqressiv məzmunlu bəyanatlardan uzaqda tutmaq cəhdləri mənasız görünür. Bir daha qeyd edək ki, rəhbər şəxslərdən heç biri Ter-Petrosyanın ekstremist və faşist təzahürlü sözlərini nə inkar edib, nə də pisləyiblər. Onun "Ermənistan və "Artsax" digər xalqlardan tamamilə təmizlənib" sözləri faşizmin və etnik təmizləmənin klassik nümunəsidir.
Yeri gəlmişkən, bir fakt da xüsusi qeyd edilməlidir. Sabiq erməni liderinin videogörüntüsü rəsmi İrəvanın əsas mübarizə alətini də heçə çıxarır. Paşinyan Qərbi Azərbaycan mövzusuna toxunarkən "ermənilərin də Azərbaycandan - Bakıdan, Sumqayıt və Gəncədən köçürüldükləri"nə istinad edir. Yəni əgər siz qayıtmaq istəyirsinizsə, onda bizimkilər də Bakıya dönsünlər. Ter-Petrosyanın ifadələri isə açıq şəkildə göstərir ki, ovaxtkı Azərbaycanda yaşayan etnik ermənilərin köçünə Yerevanda start verilmişdir. Bu isə geosiyasi oyunların birbaşa nəticəsi idi. Levon Azərbaycandakı soydaşlarının firavan həyatını və rifahını bilərəkdən millətçi ambisiyalarının qurbanına çevirdiklərini gizlətmir: "Əgər biz vaxtında başlamasaydıq, ən yaxşı halda 500 min erməni əsirlikdə olacaqdı (o vaxtadək onlar fiziki cəhətdən məhv edilməsəydilər). Bu, Ermənistanı dizi üstə qoymaq üçün güclü rıçaq ola bilərdi. Bir daha təkrarlayıram ki, onların böyük qismi əzab çəksələr də, bu ermənilər istənilən halda xilas oldular və 300 min nəfərdən çoxu Ermənistanda özlərinə sığınacaq tapdılar. 10-20 ildən sonra həmin 300 min insan bir milyon, yaxud milyon yarım olacaqlar. Milli miqyasda olan daha bir problem bizim hərəkatımızla həllini tapdı".
Ter-Petrosyanın bu sözləri faktiki olaraq Azərbaycanda yaşayan ermənilərin aqibətinin siyasi alətə çevrildiyini göstərir. Yəni İrəvan nəinki azərbaycanlıların deportasiyasını həyata keçirib, eyni zamanda erməni soydaşlarının Azərbaycandan köçürülməsini də özü təşkil edib.
Xocalı etirafı, etnik uyğunsuzluq və yeni işğal hədələri
Ter-Petrosyanı əvəzləyən, əvvəllər separatçı hərbi xuntanın rəhbəri olmuş Köçəryan açıq şəkildə faşizm qoxulu "etnik uyğunsuzluq"dan, AŞ PA kürsüsündən işğalçı əməllərinə görə fəxr etdiyindən, Sarkisyan isə Xocalıda azərbaycanlıların gözünü qorxutduqlarından bəhs edəndə ATƏT-in Minsk qrupu həmsədrləri "sülh"dən danışırdılar. O sülhdən ki, nail olunmasının yolunu Azərbaycan torpaqlarının işğal altında qalmasından keçdiyini düşünürdülər. Paşinyanın təyin etdiyi müdafiə naziri "yeni ərazilər üçün yeni müharibə" tezisini irəli sürəndə, dünya yenə özünü eşitməməzliyə qoymuşdu. İndi isə aydındır ki, "liberal mələk" donuna girmiş, illər boyu güzəşt və mərhələli həll variantının "tərəfdarı" olan Ter-Petrosyanın sən demə, erməni faşizminin önündə durduğunun məlum olmasını görməzdən gələcəklər. Əks halda geosiyasi oyunların mənası olmaz, Azərbaycan sərhədlərini binoklla izləyən Avropanın "müşahidə missiya"sına isə ehtiyac qalmazdı. Görəsən, Ter-Petrosyan 32 il sonra heç olmasa Ermənistanın başqaları üçün tapdaq yeri, ermənilərin isə vasitə olduqlarını başa düşübmü?
İradə ƏLİYEVA,
"Azərbaycan"