16 Yanvar 2020 01:57
1033
SİYASƏT
A- A+
Faciəli Şənbə gecəsi - qurur gunu

Faciəli Şənbə gecəsi - qurur gunu


Qara Yanvarın "ağdonlu” şənbə şəhidləri azadlığı al-qanları ilə qazandılar


Xalqımızın milli oyanış və azadlıq mübarizəsinin mühüm mərhələsi sayılan 1990-cı ilin Qanlı Yanvarından 30 il ötür. Hər bir hadisədən müəyyən zaman keçdikdən sonra o, daha dərindən dərk edilir və nəticə çıxarılır. Təbii ki, o günlər hər birimizin yaddaşına ağrı-acılı, göz yaşları ilə yazıldı. Bu, bir xalqın imperiyanın qəddarlığına və amansızlığına qarşı savaşı, eyni zamanda bütünlüklə millətin ölüm-dirim mübarizəsi idi. O gecədən xalqımız qalib, imperiya isə məğlub çıxdı, baxmayaraq ki, oğul və qızlarımız qanlarına qəltan edildi, tankların tırtılları altında xıncım-xıncım doğrandılar...

Qərənfil libaslı Bakı o müdhiş günlərdə şəhid qanında boğulsa da, xalqımızın və millətimizin azadlıq carçıları birliyə, bütövlüyə, daha doğrusu, ölümsüzlüyə - şəhidliyə yol açdı...

Həmin tarixi günlərdə xalqımızın milli birliyi dünya ictimaiyyətini heyrətə gətirmişdi. Dağüstü parkın Şəhidlər xiyabanına çevrilməsi, torpaq və azadlıq uğrunda canlarından və qanlarından keçmiş vətən övladlarının burada dəfn olunması xalqın iradəsi və hökmü ilə gerçəkləşdi. Həmin hüznlü, matəmli günlərdə yaradılan İctimai Dəfn Komissiyasının fədakarlığını da xüsusi qeyd etmək lazımdır. Qanlı Yanvar faciəsi zamanı şəhidlərimizin dəfnini təşkil etmiş həmin komissiyanın sədri, iqtisad elmləri doktoru, professor Qüdrət Əbdülsəlimzadə qanunsuz həbslər, hərbçilərin qəzəb doğuran hərəkətlərinin baş alıb getdiyi günlərdən söz açan "Nikbin faciə”, "Qanlı Yanvardan 15 il keçdi...” adlı dərc olunmuş qeydlərinə yeni faktlar, materiallar daxil edərək, "20 yaşlı 20 Yanvar” kitabını çapdan buraxdırdı. O günlərin sərt fövqəladə vəziyyəti, yerli hakimiyyət qurumlarının iflic olması, hərbi vertolyotların əsəbləri oynadan vahiməli gurultuları, vaxtaşırı şəhərin müxtəlif yerlərindən eşidilən atəş səsləri, kütləvi təqiblər, təhqiramiz yoxlamalar haqqında dolğun və təkzibolunmaz faktlar həmin topluda öz əksini çox dolğun tapdı.

Bu toplu gələcəkdə o günləri hərtərəfli əks etdirən sanballı elmi tədqiqatlar aparıldıqda, həmin hadisələrin şahidi olmuş müəllifin tarixi ardıcıllıq prinsipləri, xronoloji qaydada yazılmış qeydləri, bəzi zəruri təkrarları nəzərə almaqla, baş vermiş proseslərin obyektiv mənzərəsinin yaradılması işinə müəyyən xidmət göstərəcək: "...Yağışlı-yağmurlu yanvar günlərinin biri idi. Qaş qaralırdı. Pərişan və nimdaş geyinmiş 15-16 yaşlı bir oğlan uşağı göz yaşları içində İctimai Dəfn Komissiyası üzvlərinə yaxınlaşaraq, həlak olmuş və bir həftədir ki, axtardığı, gözlərindən əlil atasını, nəhayət, meyitxanadan tapdığını söylədi. Komissiya üzvləri və köməkçilər dərhal ora yollandılar. Rus hərbçisinin açdığı atəşin qurbanı olmuş B.V.Yefimiçevin tabutu Şəhidlər xiyabanına gətirildi.

Qaranlıq havada, şam işığında hamımızın islandığımız bir vəziyyətdə şəhidi dəfn etməyə başladıq. Bu anda Boris Vasiliyeviçin oğlunun atasını tabutda deyil, azərbaycanlı şəhidlərdən biri kimi basdırılması təklifi hamımızı kövrəltdi. Komissiya üzvlərindən kimsə astaca dedi:

- Oğlum, bəlkə anan razı olmadı?

Məlum oldu ki, oğlanın anası ağır xəstədir, bacısı isə ondan xeyli kiçikdir.

Hamı bir anlıq susdu. Mən fikrimi qəti bildirdim:

- O, böyük oğul kimi indi evin kişisidir. Onun sözü bizim üçün qanundur.

Bu fakta diqqəti çəkməyim təsadüfi deyil. Amma o günlərdə şovinistlər bizi "islam təməlçiliyi”ndə günahlandırırdılar”.

20 Yanvar hadisələrində milli oyanışı boğmağa çalışan sovet diktaturası ilk növbədə informasiya blokadası yaratdı, hərbi senzura tətbiq etdi ki, törədilən vəhşiliklərdən dünya ictimaiyyəti xəbərsiz olsun. Fövqəladə vəziyyət rejimində yaşayan Azərbaycan xalqının haqq səsini heç bir senzura boğa bilmədi. Azərbaycana gəlmiş xarici ölkələrin müxtəlif KİV nümayəndələri 20 Yanvar barədə həqiqətin dünya ictimaiyyətinə çatdırılmasında əvəzsiz rol oynadı. ABŞ, Kanada, İngiltərə, Türkiyə, İran, Fransa, Çin, Yaponiya, Hindistan, Misir, Polşa, İtaliya, Almaniya, Macarıstan, ümumiyyətlə, 80-dən artıq ölkəni təmsil etmiş jurnalistlər səmimi etiraf edirdilər ki, Bakıya çatana kimi onların burada baş vermiş, hələ də davam edən hadisələrə münasibətləri birmənalı olmamışdı.

Litvalı jurnalistin hərbçilər tərəfindən qətlə yetirilməsi, Salyan kazarmasındakı bir neçə gün davam etmiş qanlı toqquşma, Bakı limanındakı qarşıdurma, xarici tələbələrin həlak olması və yaralanması, şəhərin müxtəlif hissələrindən tapılmış insan cəsədləri, şəhidlərin dəfninə qoyulmuş ciddi maneələr, Sumqayıt yolunda elm adamlarının gülləbaran edilməsi, təqiblər, işğalçı ordunun əsgər və zabitlərinin özbaşınalığı, girov saxlanılanlar haqqında məlumatların gizlədilməsi, yaxud saxtalaşdırılması faktları xarici KİV nümayəndələrində təəccüb və qəzəb doğuraraq, M.Qorbaçov başda olmaqla, "sovet demokratiyası”, habelə "yenidənqurma”sının əsl mahiyyətini üzə çıxarmış və ifşa etmişdir.

Şəhidlər xiyabanında, son mənzilində uyuyan qurbanlarımızın doğulduqları ünvan fərqli, uğrunda can verdikləri Vətən isə birdir! Onların arasında Vətən məhəbbəti dastana çevrilmiş İlham və Fərizənin məzarları yeni ailə quranların and yerinə çevrilib. Hər birinin özünəməxsus faciəsi var bu şəhidi-üryanların: 1964-cü il təvəllüdlü Yusif Sadıqovun üç gündən sonra toyu olmalı idi. 1932-ci ildə Qafan rayonunda dünyaya gəlib, ömrünün ixtiyar çağlarında erməni vandalları tərəfindən yurdundan didərgin salınmış Mürvət Rəhim oğlunun dərdi isə bir özgə cür idi. Poetik nəfəsi çox erkən ülviyyətə qovuşan Ülvi Bünyadzadənin "And”ı gənclərimizi bir daha Vətən aşiqinə çevirdi. Sinif otağında qara partası boş qalmış İlqar, avtobusda qorxudan atasına sığınan, 7-ci sinif şagirdi kimi daim xatırlanacaq Larisa, ölümünə gülən Cəbrayıl Xanməmmədov, güllə cibindəki "Quran”dan keçib ürəyini parçalayan maştağalı Baloğlan Bağırovun da "günahı” vətənə məhəbbət idi. Ucarlı balası, atasının ili çıxmamış torpağa tapşırılan, "məni güllə götürə bilməz”lə doğmalarını "aldadan” İlqar Qarayev, ölümündən 40 gün əvvəl kabab alıb bibisigilə gəlib "...yadınıza gəlir, deyərdiniz ki, atam ölümündən qabaq hamımıza kabab bişirtdirib?” sulalı ilə hamını mat qoyan lənkəranlı Mircamal Mirsaleh oğlu da o gecənin qurbanları arasında anılır. Son dayanacağı Şəhidlər xiyabanı olan 123 nömrəli marşrut avtobusunun sürücüsü Rüstəm Şahvələd oğlu Əliyev, "çay dəmlə, gəlirəm” - deyib gedən və bir daha qayıtmayan Vidadi Məmmədov, "yəhudi həkim, milliyyətcə rus, gözlərindən məhrum, yəni şikəst, eləcə də tatar sürücü, ləzgi yanğınsöndürən 20 Yanvarda öz qanları ilə "Torpaq uğrunda ölən varsa, Vətəndir” - yazdılar!

Deməli, 20 Yanvar təkcə azərbaycanlıların deyil, eyni zamanda respublikamızda yaşayan müxtəlif millətlərin ümumi faciəsidir və azadlıq uğrunda mücadilə tarixidir!

Xalq şairi Bəxtiyar Vahabzadə yazırdı: "...Dünənə qədər hər gün rast gəldiyimiz, milyonlardan biri kimi tanıdığımız bu adi cavanlar bir gecənin içində nə boyda böyük qəlbə malik olduqlarını ölümləri ilə təsdiq edib qeyri-adiləşdilər. Şənbə gecəsi onların adilikdən qeyri-adiliyə qovuşuq gecəsi oldu. Heç demə, ömrümüz boyu adlarını fəxrlə çəkdiyimiz tarixi qəhrəmanlarımız da Şənbə gecəsinin oğulları kimi adi adamlarmış. Zaman keçəcək, xalq bu igidləri barəsində də əfsanəvi dastanlar yaradacaq, şair və yazıçılarımız kitablar bağlayacaq, poemalar və cild-cild romanlar yazacaqlar...”

Necə unutmaq olar ki, xalqa qarşı silah işlədən hərbçilər qətlə yetirdiklərini dəfn etməyə də imkan vermir, Şəhidlər xiyabanında fitnə-fəsad törədir, silah işlədir, atəş açır və sonradan bunu "təsadüf” sayırdılar. Xüsusilə 62-ci şəhiddən sonra xiyabanda dəfn olunmağa icazə vermirdilər ki, guya rəsmi məlumatda ölənlərin sayı bu qədərdir.

Sovet Ordusunun Bakıya qəfil hücumu, amansız təcavüzünü təsdiqləyən çoxsaylı faktlardan görünür ki, 20 Yanvar hadisələri paytaxtda milli-azadlıq hərəkatını yatırtmaq, onu beşiyindəcə boğmaqla yanaşı, əksəriyyəti erməni muzdlu dəstələrindən təşkil edilmiş "xüsusi təyinatlılar”la onlara amansız divan tutulması üçün hazırlanmış ssenarinin bir "pərdəsi” idi. Faktlar da bunu təsdiqləyirdi: öldürülmüş Yuri Meyroviçin cəsədində 21, D.Xanməmmədovun meyitində 10, R.Rüstəmovun qanlı bədənində isə 25 güllə yeri vardı. 25 güllə! Bu, bütöv bir avtomat sırasıdır. Yaxud da günün günorta çağında yolun kənarındakı minik maşınını əzib keçən və içərisindəkiləri qətlə yetirən sovet tankının sürücüsünün hərəkətlərini ya təsadüfi, ya da əmri verilməmiş saymaq olardımı?!

Hələ ki torpaqlarımız erməni daşnaklarının işğalı altındadır. Hələ ki Qarabağa aparan yolumuz şəhidliyimizdən keçir. Minlərlə azadlıq aşiqi, Vətənə, yurda, torpağa bağlı gənclərimiz, ata-analarımız, qardaş-bacılarımız əsir yurdlarımızın şəhidinə - aşiqinə çevrildi.

Şəhidlər xiyabanları Vətənimizin hər guşəsində al-qırmızı qərənfil libası geyindi. Minlərimiz bu torpaq uğrunda ölümün gözünə dik baxmağı özünün şərəfli borcu saydı. Mübariz İbrahimov kimi cəsur, qorxmaz, igid Vətən övladları - Şəhidlər xiyabanında uyuyan milli-azadlıq mücahidlərinin ölümsüzlüklərinə and içərək qeyrətini silaha çevirdi. Demək, Vətən, uğrunda ölən var! Demək, Torpaq möcüzədir... Torpaq müqəddəsdir... Torpaq sondur...

Məhəmməd NƏRİMANOĞLU,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!