İyirmi il tarix üçün bir an, göz qırpımı qədər qısa müddətdir. Dünyada çox az dövlət tapılar ki, 20 ildə Azərbaycan kimi misilsiz inkişaf yolu keçmiş olsun, bir-birindən möhtəşəm uğurlara imza ata bilsin. Müstəqilliyini ötən əsrin 90-cı illərində bərpa etmiş Azərbaycanı sıfırdan başlayaraq qurmaq lazım gəlirdi.
Üstəlik, həmin vaxt xaos girdabına yuvarlanmış respublika parçalanmaq, böyük qurbanlar bahasına qazandığı müstəqilliyi itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Bu ağır məqamda taleyin xalqımıza bəxş etdiyi xilaskar - Ulu Öndər Heydər Əliyev köməyə yetişərək dərin zəkası, zəngin bilik və təcrübəsi, ürəyindəki Vətən sevgisi sayəsində qorxunc təhlükələri sovuşdura bildi, Azərbaycanı diz üstündən qaldıraraq inkişaf yoluna çıxardı.
2003-cü ilin oktyabrında daha bir taleyüklü an yetişdi. Müdrik xalqımız bu dəfə də düzgün seçim edərək hakimiyyət sükanı arxasına Ulu Öndərin layiqli varisi cənab İlham Əliyevi gətirdi, taleyini ona etibar etdi.
Prezident İlham Əliyev ötən 20 il ərzində Ümummilli Liderin yaratdığı möhkəm təməl üzərində qüdrətli, dünyada sözü keçən, səsi eşidilən yeni bir Azərbaycan qurdu, vaxtilə xəyal kimi görünən arzuları reallığa çevirdi, bizi 30 il işğal altında qalan Qarabağımıza qovuşdurdu. Əsrə bərabər 20 ilin uğur salnaməsi o qədər zəngindir ki, bir yazıya, bir qəzet səhifəsinə sığışmaz. Odur ki, bir neçə əsas məqam üzərində dayanmaqla kifayətlənməli olacağıq.
Zəfər formulu: qətiyyətli lider - qüdrətli dövlət - güclü ordu
Azərbaycanın son 20 ildə qazandığı uğurların zirvəsində, sözsüz ki, 44 günlük şanlı Vətən müharibəsi və Qarabağ Zəfəri dayanır. Prezident İlham Əliyevin liderliyi, nadir sərkərdəlik məharətinin məntiqi yekunu olan bu böyük qələbə bütöv bir xalqın ürəyini illər boyu sızladan məğlubiyyət acısına son qoydu, Azərbaycanı qalib ölkəyə, bizi qalib xalqa çevirdi. Otuz il qürurumuza toxunan, milli mənliyimizi aşağılayan məğlub xalq ləkəsini üstümüzdən atmaq üçün 44 gün kifayət etdi. Doğrudan da, çoxəsrlik tariximizdə buna bənzər bir qələbə olmayıb.
Dünya tarixinə nəzər salsaq görərik ki, bəzi dövlətlərin bir əsrdə keçdiyi yolu Azərbaycan 20 ildə keçib. Nəyin sayəsində? Bu, ilk növbədə liderin uzaqgörən qərarları, nəticəyə hesablanmış, dünyadakı mövcud reallıqlara, zamanın çağırışlarına adekvat siyasəti sayəsində mümkün oldu. Təəssüf ki, müasir dünyada beynəlxalq hüquq, haqq-ədalət arxa planda qalıb, güc amili önə keçib. Kim güclüdürsə, onun sözü keçərlidir, onunla hesablaşırlar. Digər tərəfdən, həqiqi müstəqilliyin yeganə qarantı da iqtisadi-siyasi, hərbi gücdür.
Bu və digər reallıqları vaxtında görən və dəyərləndirən Prezident İlham Əliyev respublika iqtisadiyyatını hər vasitə ilə gücləndirməyi, işğal altındakı torpaqları hərbi yolla azad etməyə qadir milli ordu qurmağı, milli maraqların bütün səviyyələrdə müdafiəsini, sosial rifahı və nəticə etibarilə vətəndaş məmnunluğuna nail olmağı hakimiyyətə gəldiyi ilk gündən prioritet elan etdi, bu strateji hədəflərə doğru qətiyyətli yürüşə start verdi.
Vətən müharibəsi dünya hərb tarixində bir fenomendir. Lakin ona təkcə 44 günün prizmasından baxmaq düzgün olmazdı. Odur ki, bu barədə söhbəti bir qədər sonraya saxlayıb Qarabağ zəfərinə aparan yola, Azərbaycanı qüdrətli dövlətə çevirmək istiqamətində atılan addımlara qısaca nəzər salaq.
İnkişaf yolunun başlanğıcı Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu, dünyaya səs salan "Əsrin müqaviləsi" ilə qoyuldu. Neft gəlirləri maliyyə imkanları yaratmaqla digər sahələrin inkişafına yol açdı. Sonrakı dövrdə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Asiya və Avropa arasında yük daşımaları üçün mühüm qovşaq olan Bakı-Tbilisi-Qars dəmir yolu, Avropanın enerji xəritəsini dəyişən "Cənub qaz dəhlizi"nin sonuncu seqmenti - Trans-Adriatik boru kəməri istifadəyə verildi. Bu nəhəng transmilli energetika və nəqliyyat layihələrinin hər biri tarixi nailiyyətdir, Azərbaycanı dünya iqtisadiyyatında mühüm oyunçuya çevirməklə yanaşı, ölkəmizə böyük siyasi-iqtisadi dividendlər gətirib və gətirməkdə davam edir.
Möhtərəm Prezidentimizin müəllifi olduğu uzunmüddətli strategiyalar, dövlət proqramları və milli fəaliyyət planları, inqilabi islahatlar konsepsiyası, müəyyənləşdirdiyi yol xəritəsi ölkə həyatının bütün sahələrində köklü dəyişikliklərə gətirib çıxardı. Əslində, əlavə şərhə ehtiyac yoxdur və statistika özü hər şeyi deyir: son 20 ildə ümumi daxili məhsul dörd dəfə artıb, ölkə iqtisadiyyatına 300 milyard dollardan çox sərmayə qoyulub, büdcə gəlirləri 30 dəfədən artıq çoxalıb, yoxsulluq 10 dəfəyədək azalıb. 2023-cü ilin dövlət büdcəsi rekord həddə çataraq 33 milyard manatı ötüb. Dövlətimizin başçısı, həmçinin iqtisadiyyatın şaxələndirilməsini qarşıya əsas hədəflərdən biri kimi qoyub və bu istiqamətdə davamlı səylər nəticəsində qeyri-neft sektoru üzrə ümumi daxili məhsul 3,4 dəfə artıb.
Bu uzaqgörən, məqsədyönlü siyasətin nəticəsidir ki, Azərbaycan hazırda iqtisadi rəqabətqabiliyyətliliyinə görə nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında yüksək pillələrdə qərarlaşıb, dünyanın ən islahatçı ölkələri sırasında yer alıb. Prezident İlham Əliyev, həmçinin 2013-cü ildə Azərbaycanı kosmik dövlətə çevirməklə daha bir tarixi uğura imzasını atıb.
Respublikanın daim artan iqtisadi və maliyyə imkanları ordu quruculuğuna daha çox büdcə vəsaiti yönəltməyə şərait yaradırdı. Ölkənin müdafiə qabiliyyətini durmadan möhkəmləndirmək, modern ordu yaratmaq Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsas prioritetlərindən biri idi. Bu məqsədlə orduya nə qədər lazım gəlirdisə, bir o qədər vəsait ayrılırdı. Ordu ən müasir hərbi texnika ilə təchiz edilir, Silahlı Qüvvələrin döyüş hazırlığı ildən-ilə güclənirdi.
Bununla paralel olaraq, ölkəmizin beynəlxalq arenada mövqelərinin möhkəmlənməsi istiqamətində göstərilən səylər öz bəhrəsini verirdi. Müasir dünya siyasətinin incəliklərinə dərindən bələd olan Prezident İlham Əliyevin çevik diplomatik gedişləri nəticəsində 2011-ci ildə Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. Bu da öz növbəsində Azərbaycanın pozulmuş ərazi bütövlüyü məsələsini beynəlxalq gündəliyə çıxarmaq imkanını daha da genişləndirdi.
Eyni zamanda BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına uğurlu sədrlik və möhtərəm Prezidentimizin bu çərçivədəki qlobal təşəbbüsləri həm respublikamızın, həm də Hərəkatın beynəlxalq nüfuzunun yüksəlməsinə vəsilə oldu. Nəticə göz önündədir: Qoşulmama Hərəkatı ölkələri Azərbaycanın ədalətli və haqlı mövqeyinə hər zaman, eləcə də Vətən müharibəsi zamanı, ondan sonrakı dövrdə dəstək göstərməklə etibarlı tərəfdaş olduqlarını nümayiş etdirdilər. Bu dəstək ölkəmizə qarşı bəzi ədalətsiz qərarların qarşısının alınmasında mühüm rol oynadı.
Türk dünyası ilə əlaqələrin möhkəmləndirilməsi daha bir uğur hekayəsi sayıla bilər. Azərbaycan və onun xarizmatik lideri türk dövlətlərinin sıx birləşməsinə dəyərli töhfələr verib, bu işdə daim öncüllük nümayiş etdirib. Həmçinin qardaş Türkiyə ilə münasibətlər daha da dərinləşərək strateji müttəfiqlik səviyyəsinə yüksəlib.
Beləliklə, dünyada dostlarımızın sayı artdı, Ermənistana havadarlıq edənləri, bədxahlarımızı neytrallaşdırmaq mümkün oldu. Bütün bunlar, eləcə də diplomatik müstəvidə qazanılan üstünlük Vətən müharibəsinin zəfərlə nəticələnməsində silahdan heç də az rol oynamadı.
Dünya hərb tarixinə yazılan Vətən müharibəsi fenomeni
İstər Ulu Öndər, istərsə də Prezident İlham Əliyev müharibə istəmir, Qarabağ münaqişəsinə dinc yolla son qoyulmasına çalışırdı. Lakin münaqişənin həllinə vasitəçilik edən ATƏT-in Minsk qrupunun fəaliyyəti sıfır nöqtəsindən tərpənmir, 30 ilə yaxın davam edən danışıqlar imitasiyadan uzağa getmirdi. Getdikcə daha aydın görünürdü ki, məqsəd status-kvonu saxlamaq, Qarabağı unutdurmaqdır. Sülh prosesi beləcə dalana dirənir, hərb variantı gündəmə gəlirdi.
Minsk qrupunun həmsədrləri hər dəfə şablon xarakterli bəyanatlar səsləndirirdilər: münaqişə yalnız sülh yolu ilə həll oluna bilər, onun hərbi həlli yoxdur. Prezidentimiz isə çəkinmədən, açıq deyirdi ki, lazım gəlsə, torpaqlarımızı hərbi yolla azad edəcəyik, müharibə heç zaman istisna olunmur. Məsələnin mahiyyətini tam anlamaq üçün Prezident İlham Əliyevin çıxışlarının birindən kiçik bir sitata nəzər salaq: "Danışıqlar dövründə müxtəlif mərhələlərdə dəfələrlə təklif irəli sürülürdü ki, Azərbaycan tərəfi müharibə yolundan imtina etsin. Mən heç vaxt buna razılıq vermirdim. Ondan sonra məni ittiham etməyə başlayırdılar ki, İlham Əliyev müharibəyə başlamaq istəyir. Mən deyirdim ki, məsələni sülh yolu ilə həll etmək istəyirəm. Amma həll etmək istəyirəm. Ermənistan nə istəyirdi? Status-kvonu saxlamaq, əbədi etmək. Hesab edirdi ki, əgər 26-27 il ərzində buna nail olubsa, deməli, bundan sonra da nail olacaq".
Bu azmış kimi, Ermənistanın hərbi-siyasi rəhbərliyi avantürist bəyanatlar verir, erməni silahlı dəstələri sərhəd bölgələrində və Qarabağda təxribatlar törətməkdə davam edirdi. Xalq və ordu Ali Baş Komandanın əmrinə müntəzir dayanmışdı. Nəhayət, həqiqət anı, ədalət divanının vaxtı yetişdi. 2020-ci il sentyabrın 27-də rəşadətli ordumuz əks-hücum əməliyyatına başladı və Vətən torpaqları uğrunda savaşa atıldı. Şanlı ordumuza cəmi 44 gün kifayət etdi ki, düşmənin başını "dəmir yumruq"la əzsin, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Murovdağda, Suqovuşanda, Hadrutda, Şuşada, ümumilikdə, 5 şəhər, 4 qəsəbə və 286 kənddə dövlət bayrağımızı ucaltsın, düşməni ağ bayraq qaldırmağa məcbur etsin.
Müharibə riskli addımdır, sərkərdədən dəqiq hesablamalar, nəticəni qabaqcadan görmək, əməliyyat şəraitini düzgün qiymətləndirmək bacarığı ilə yanaşı, möhkəm iradə tələb edir. Bu mənada İkinci Qarabağ müharibəsi bir fenomen olaraq Azərbaycan Prezidentinin, Ali Baş Komandanın daha bir fitri liderlik keyfiyyətini - sərkərdəlik məharətini üzə çıxardı. Prezident İlham Əliyev müharibənin ilk günündən qətiyyətlə deyirdi: bizi heç bir qüvvə dayandıra bilməz, biz axıradək - düşmən ağ bayraq qaldıranadək gedəcəyik. Belə də oldu. Bu müqəddəs missiyanı Prezident İlham Əliyevin illər uzunu qurduğu ordu, öz sərkərdəsinə qəlbən inanan Azərbaycan əsgəri, son 20-30 ildə yetişən vətənpərvər, Vətən naminə ölməyə hazır olan fədakar gənclər yerinə yetirdi.
Azərbaycanın apardığı Vətən müharibəsi bir çox parametrlərinə görə dünya hərb tarixinə XXI əsrin müharibəsi kimi yazıldı. Təkcə heyrətamiz tempi ilə deyil, müasir texnikanın, xüsusən PUA-ların birbaşa döyüş meydanında istifadəsi, əməliyyatların məharətlə idarə olunması, zabit və əsgərlərin döyüşkənliyi ilə yadda qaldı. Qırx dörd günlük savaşın hər günü, hər anı misli-bərabəri olmayan bir tarixdir ki, bu gün də qürur və həyəcanla xatırlanır, yüz il sonra da xatırlanacaq. Təfərrüata varmadan yalnız onu demək kifayətdir ki, qəhrəman Azərbaycan əsgəri bir gün də dayanmadan, bir addım da geri çəkilmədən yalnız irəli getdi. Xalqımızın çoxəsrlik tarixində bənzəri olmayan bu möhtəşəm zəfərin memarı Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğa çatdırdı. Dünya miqyasında heç də hər liderə nəsib olmayan möhtəşəm Zəfərə imza atmaqla dövlət başçısı İlham Əliyev öz adını tarix səhifələrinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi qızıl hərflərlə yazdırdı.
Qələbəni şərtləndirən mühüm amillərdən biri də Azərbaycan Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti oldu. Müharibə dövründə Prezident İlham Əliyev 30-dək xarici KİV-ə müsahibə verdi ki, bu da bir fenomen olaraq erməni yalanlarının ifşasında, beynəlxalq rəyin Azərbaycanın xeyrinə dəyişməsində, münaqişə və Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı. Beləliklə, eyni vaxt üç cəbhədə - Ali Baş Komandan və strateq kimi döyüş meydanında, mahir diplomat kimi diplomatik müstəvidə və informasiya müharibəsində mübarizə aparan Azərbaycan Prezidenti bu savaşların hər birindən qalib ayrıldı.
Bu gün dünyada inkişafın Azərbaycan modeli ilə yanaşı, müharibə modelindən də danışırlar. Çünki XXI əsrdə ilk dəfə olaraq bu miqyasda və bu səmərə ilə, minimum itkilərlə çox qısa müddət ərzində tarixi nailiyyətlər əldə edilmişdi.
İkinci Qarabağ müharibəsinin digər bir özəlliyi də diqqət çəkir: Ermənistanın işğalçı ordusunda on minlərlə fərari olduğu halda, Azərbaycan Ordusunun bircə əsgəri belə döyüş meydanından qaçmadı, ölümün gözünə dik baxaraq əsl döyüşçü xarakteri nümayiş etdirdi.
Bəziləri səbirsizlənir və soruşurdu: Bəs Xankəndi, bəs Xocalı, Əsgəran? Erməni silahlı birləşmələri Xankəndidən nə vaxt çıxarılacaq, separatçı rejimin mövcudluğuna nə zaman son qoyulacaq? Bunun da məqamı yetişdi və Qarabağ Zəfərinin gözlənilən davamı gəldi. Müqavimətlərə baxmayaraq, Laçın sərhədində nəzarət-buraxılış məntəqəsi quruldu, erməni terrorçularının Azərbaycan ərazilərinə sızmasının qarşısı alındı. 2023-cü il sentyabrın 19-da isə rəşadətli ordumuzun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri qısa müddətdə öz müsbət nəticəsini verdi, qarşıya qoyulan hədəflərə 24 saatdan da az müddətdə nail olundu. Terrorçular nöqtə atəşləri ilə zərərsizləşdirildi, separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyuldu, suverenliyimiz tam bərpa edildi. Bunun ardınca separatçıların liderlərinin, Xocalı soyqırımında və digər qanlı cinayətlərdə əli olan erməni qatillərin həbs edilərək ədalət məhkəməsi qarşısına çıxarılması prosesi başlandı.
Oktyabrın 15-də xalqımız səbirsizliklə gözlənilən daha bir tarixi anın, tarixi hadisənin şahidi oldu. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev hakimiyyətə gəlişinin iyirminci ildönümü günündə Xankəndi, Xocavənd, Xocalı və Ağdərə şəhərlərində, Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində Azərbaycanın dövlət bayrağını ucaldaraq unudulmaz tarix yazdı.
"Xatırlayıram, o vaxt bəziləri sual verirdi: Nə üçün, nə üçün biz o vaxt - noyabrın 10-da müharibəni dayandırmağa razılıq verdik. Bu gün bax burada durarkən bir daha bildirmək istəyirəm ki, biz hər şeyi vaxtında etməliyik və etmişik. Azərbaycan xalqının böyük əksəriyyəti o vaxt da - noyabrın 10-da və ondan sonrakı dövrdə çox yaxşı başa düşürdü ki, biz istədiyimizə nail olacağıq. İstədiyimiz isə bax, burada dalğalanan Azərbaycan bayrağıdır... Bu gün burada qaldırdığım bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!", - Müzəffər Ali Baş Komandanın Xankəndidə qürurla dediyi bu sözlər bütün Azərbaycanda əks-səda verdi, milyon-milyon qəlbi riqqətə gətirdi.
Bütün bunlar bir daha göstərdi ki, Azərbaycan regionun gündəliyini diktə edən tərəfdir və Prezident İlham Əliyev nəyi və nə vaxt etmək lazım gəldiyini yaxşı bilir.
Şanlı Zəfərdən Böyük qayıdışa doğru
Müharibə başa çatdıqdan sonra qarşıda heç də asan olmayan daha bir hədəf - 30 illik işğal dövründə düşmənin xarabazara çevirdiyi Qarabağı yenidən qurmaq, keçmiş məcburi köçkünləri doğma yurda mümkün qədər qısa müddətdə qaytarmaq vəzifəsi dayanırdı. Böyük bir ərazidə daş üstdə daş qalmamışdı. Prezident ilk gündən dərin inam və qətiyyətlə dedi: biz, bu yerləri, Qarabağı cənnətə çevirəcəyik.
Çox gözləmək lazım gəlmədi. Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi inkişafın irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, bir çox ölkələr üçün nümunə ola biləcək yeni mərhələsinə start verildi. İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində ilk inamlı addımlar atıldı. Qarabağın və Şərqi Zəngəzurun yüksək inkişaf etmiş regiona, turizm məkanına çevrilməsi məqsədilə genişmiqyaslı, bənzərsiz layihələrin icrasına başlanıldı. İşğaldan azad edilmiş ərazilərə Böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olundu.
Biz artıq üç ilə yaxındır ki, Azərbaycan Prezidentinin qurub yaratmaq əzminin, müharibədə olduğu kimi, quruculuq işlərində də sonsuz qətiyyət və əzmkarlığının canlı şahidləriyik. Zəruri infrastruktur obyektləri ilə paralel olaraq, yaşayış kompleksləri, məktəb binaları tikilib istifadəyə verilir, yenilərinin təməli qoyulur, sənaye parkları yaradılır. Qaynar inşaat meydançasını xatırladan ərazidə yollar çəkilir, körpülər, tunellər tikilir, hətta istirahət parkları salınır. Azad olunmuş torpaqlarda indiyədək 11 su-elektrik stansiyasının istifadəyə verilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının vahid enerji şəbəkəsinə qoşulması Böyük Qayıdışın geniş perspektivindən xəbər verir.
2023-cü il oktyabrın 17-də Füzuli Şəhəri Günündə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə dövlətimizin başçısı bildirdi ki, Böyük qayıdış proqramının birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda Füzuli rayonunda 22 min, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq.
Bu gün həqiqətən ürəkaçan, gözəl və qürurverici bir mənzərə ilə qarşı-qarşıyayıq: Qarabağımıza həyat sürətlə qayıdır, evlərdə işıqlar yanır, ətrafa uşaqların gülüş səsləri yayılır, bərpa edilən məscidlərimizdə yenidən azan səsləri eşidilir.
Otuz illik ayrılıqdan sonra doğma torpaqlara qovuşan insanlar bir-birinə gözaydınlığı verir, onlara bu xoşbəxtliyi nəsib edən Prezidentə dua edirlər. Artıq Şuşada, Laçında, Zəngilanda, Füzulidə və digər yaşayış məntəqələrində yeni evlərin açarını almış yüzlərlə ailə dədə-baba yurda qayıdışın sevincini və qürurunu yaşayır.
Azad edilmiş ərazilərin bərpasına və yenidən qurulmasına indiyədək 7 milyard ABŞ dolları həcmində büdcə vəsaiti sərf edilib. Növbəti il üçün planlaşdırılan minimum büdcə isə 2,4 milyard dollardır. Bu nəhəng işləri, layihələri Azərbaycan kənardan heç bir maliyyə dəstəyi, maliyyə yardımı almadan görür. Qüdrətli dövlət olaraq böyük bir ərazidə yalnız öz iqtisadi imkanları hesabına möcüzəyə bənzər xariqələr yaradır. Qlobal trendlər, innovativ həllər əsasında tərtib olunmuş Böyük qayıdışa dair I Dövlət Proqramı bütün parametrlər üzrə uğurla icra olunur.
Onu da qeyd etmək lazımdır ki, azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əvəzsiz xidmətləri var. Erməni barbarlarının dağıtdığı, tarixdən silmək istədikləri milli abidələrimiz, məscidlərimiz fond tərəfindən bərpa olunur və bu iş vüsətlə davam etməkdədir. Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birgə azad edilmiş torpaqlarımızı addım-addım gəzərək quruculuq işlərinə bilavasitə rəhbərlik edir.
Üç il əvvəl Qarabağı və Şərqi Zəngəzuru "dəmir yumruğ"un gücü ilə azad edən Müzəffər Ali Baş Komandan bu gün həmin ərazilərdəki şəhər və kəndlərimizə eyni iradə ilə həyat qaytarır. Azərbaycan xalqı öz liderinin rəhbərliyi ilə qazanılmış Şanlı Zəfərdən sonra Böyük Qayıdış yollarında inamla irəliləyir.
Azərbaycanın simasını dəyişən inqilabi islahatlar
Son 20 il Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən davamlı islahatlarla əlamətdardır. Ölkə həyatının bütün sahələrini əhatə edən, inqilabi səciyyə daşıyan islahatlar strategiyası Azərbaycanı tanınmaz dərəcədə dəyişdirib, modernləşdirib. Yeni siyasi konfiqurasiyanın yaranması, idarəetmə və məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının, söz və mətbuat azadlığının təmin olunması, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi və digər istiqamətlərdə atılan məqsədyönlü addımlar dövlətin demokratik sütunlarını möhkəmləndirməklə inkişafın daşıyıcı lokomotivinə çevrildi. Prezident Administrasiyasından, Nazirlər Kabinetindən tutmuş, mərkəzi və yerli icra hakimiyyəti orqanlarını, məhkəmə-hüquq sistemini və digər qurumları əhatə edən struktur və kadr islahatları ölkəmizin siyasi və iqtisadi inkişafına yeni təkan verdi. Dövrün çağırışlarına adekvat olan yenilənmə ruhu hərtərəfli və dinamik yüksəlişi şərtləndirən əsas amillərdən birinə çevrildi. Azərbaycan Prezidentinin bilavasitə təşəbbüskarı olduğu struktur, kadr islahatlarını təkcə ölkə əhalisi deyil, beynəlxalq təşkilatlar da yüksək qiymətləndirir. Dünya Bankının Azərbaycanı ən islahatçı 20 ölkə siyahısına daxil etməsi bunun bariz ifadəsidir.
Effektiv iqtisadi islahatlar böyük biznesin Azərbaycana marağını artırır. Ölkəmizə investisiya qoymaq istəyən şirkətlərin sayı getdikcə çoxalır və xarici sərmayəni qeyri-neft sektoruna cəlbetmə məsələləri prioritet təşkil etməyə başlayır. Azərbaycanda həyata keçirilən islahatlara aparıcı beynəlxalq maliyyə qurumlarının artan marağı Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı ilə çox səmərəli, işgüzar əməkdaşlığa yol açır.
Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ildə ölkəmizdə ümumxalq referendumu keçirildi və xalq dövlət başçısının elan etdiyi islahatlar konsepsiyasına birmənalı dəstək verdi. Konstitusiya islahatının nəticəsi olaraq yeni vitse-prezidentlik institutu yaradıldı və daha çevik idarəetmə mexanizmlərinin hüquqi bazası formalaşdırıldı. Prezidentin 2017-ci il 21 fevral tarixli sərəncamı ilə Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunması xalqın ürəyindən xəbər verdi, ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı. Çünki Mehriban xanım Əliyeva həmin dövrdə Milli Məclisin deputatı kimi ictimai-siyasi həyatda fəal iştirak edir, Heydər Əliyev Fondunun rəhbəri olaraq həm ölkə daxilində, həm də beynəlxalq arenada bənzərsiz layihələrin müəllifi kimi tanınırdı. Ötən altı ildə yüksək təşkilatçılıq məharəti, özünəməxsus idarəçilik metodları, humanist yanaşma tərzi nümayiş etdirən Mehriban xanım bu vəzifənin öhdəsindən bacarıqla gəlir, dövlət başçısının və xalqın etimadını layiqincə doğruldur.
Prezident hesab edir ki, inkişafın hərəkətverici qüvvəsi daim yenilənmə - zamanın çağırışlarına uyğun kreativ yanaşmalar, trendlərlə ayaqlaşmaq bacarığıdır. Yəni XXI əsrdə köhnə təfəkkürlə irəliyə getmək, uğurlar qazanmaq qeyri-mümkündür. Digər mühüm hədəf idarəetmədə şəffaflığa və vətəndaş məmnunluğuna nail olmaqdır ki, bunun da yolu islahatlar prosesindən keçir. Məsələn, insanların ən çox əziyyət çəkdikləri bürokratiya, süründürməçilik, məmur özbaşınalığı və bu kimi digər neqativ halların qarşısını almaq üçün təkcə cəza üsulunun, administrativ tədbirlərin yetərli olmadığı getdikcə daha aydın görünürdü. Nə etməli? Sualın cavabı yenə islahatçı Prezident olan İlham Əliyevdən gəldi və "ASAN xidmət" ideyası irəli sürüldü. Dünyada bənzəri olmayan bu konsepsiyanın reallaşması nəticəsində illər boyu öhdəsindən gəlməyin mümkün olmadığı neqativlər dərhal aradan qalxdı. Vətəndaş-məmur təmaslarını sıfıra endirən və nümunəvi xidməti təmin edən "ASAN xidmət" Azərbaycan brendinə çevrildi.
İslahatların zəruriliyini və effektivliyini göstərən digər çoxsaylı misallar çəkmək olar. Bu yeniləşmənin, davamlı dəyişikliklərin müsbət nəticələrini hər kəs öz şəxsi həyatında görür və yüksək dəyərləndirir. Müəllifi və əsas təşəbbüsçüsü Prezident İlham Əliyev olan islahatlar strategiyası nəticə etibarilə sosial rifahı, vətəndaş məmnunluğunu təmin etməyə yönəlib və ötən illər ərzində bu sahədə əsaslı irəliləyişlə nəticələnib.
Sosial rifah və vətəndaş məmnunluğu
Prezident İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində insan amili, Azərbaycan vətəndaşı dayanır və son 20 ilin yekunları bunun əyani təsdiqidir. İyirmi il əvvəl cənab İlham Əliyev demişdi: "Mən hər bir azərbaycanlının Prezidenti olacağam". Ötən illər ərzində ölkə rəhbəri bunu gördüyü işlərlə dəfələrlə sübuta yetirib.
Respublikanın müharibə vəziyyətində yaşamasına, bunun böyük hərbi xərclər tələb etməsinə baxmayaraq, dövlət büdcəsinin sosialyönümlülüyü təmin edilib. Belə ki, həmin dövrdə sosial müdafiə təyinatlı xərclər 20 dəfədən çox artıb. Minimum əməkhaqqında 38 dəfə, orta aylıq əməkhaqqında 12 dəfə, minimum pensiyada 14 dəfə, orta aylıq pensiyada 18 dəfə, əlilliyə görə pensiyada 14 dəfə artım olub. Pensiya üzrə ödənilən illik vəsait ümumilikdə 30 dəfə artaraq 6 milyard manata çatıb. Əgər 20 il əvvəl yoxsulluq şəraitində yaşayan insanların sayı 45 faizə yaxın idisə, aparılan işlər nəticəsində hazırda 5,5 faizə enib.
Beləliklə, istənilən prizmadan və baxış bucağından yanaşsaq görərik ki, əhalinin sosial müdafiəsi, xüsusilə ən həssas kateqoriyadan olan insanların sosial təminat məsələləri, bütövlükdə əhalinin sosial rifah halının yaxşılaşdırılması hər zaman Prezidentin diqqətində olub. Bu sırada şəhid ailələrinə və müharibə əlillərinə qayğı xüsusi yer tutur. Onların təqaüdü ötən dövrdə 6 dəfə artırılıb, şəhid ailələri və müharibə əlilləri üçün mənzil təminatı proqramı 5 dəfə genişlənib. Təkcə son üç ildə bu qəbildən olan insanlara dövlət tərəfindən 5300, ümumilikdə isə 14100 mənzil və fərdi ev, eləcə də müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 7500 avtomobil verilib. Bundan başqa, postmüharibə dövründə dövlət başçısının göstərişi ilə 124 min şəxsə 309 min xidmət göstərilib, Heydər Əliyev Fondu Vətən müharibəsi qazilərinin xaricdə müalicəsi, yüksək texnologiyalı protezlərlə təminatı istiqamətində önəmli işlər görüb.
2003-2023-cü illərdə Prezident İlham Əliyev tərəfindən bir çoxu sosial-iqtisadi xarakterli olmaqla ümumilikdə 6080-dən çox fərman və 14 min 290-dan artıq sərəncam imzalanıb. Dövlətimizin başçısı müasir dünyagörüşünə malik, islahatçı lider olmaqla, idarəetmə mexanizminin müasir trendlər əsasında durmadan təkmilləşməsi, ictimai həmrəyliyin güclənməsi üçün çox mühüm təşəbbüslər irəli sürür, vətəndaşa və xalqa xidmətin yeni standartlarını və modellərini müəyyənləşdirir.
Bu baxımdan 2022-ci ilin martında Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılması xüsusi qeyd edilməlidir. Vətəndaş məmnunluğunun təmin edilməsi, məmur-vətəndaş münasibətlərinin keyfiyyətcə daha yüksək pilləyə qaldırılması, vətəndaşların qəbulunda şəffaflığın artırılması, vətəndaş müraciətlərinə daha operativ baxılması məqsədilə yaradılan mərkəz bu işin təşkili üçün hər cür şəraitə malikdir. Ümumiyyətlə, Prezident Administrasiyasına daxil olan vətəndaş müraciətlərinin hər biri hərtərəfli təhlil olunur və qaldırılan bütün məsələlərə operativ qaydada baxılır.
Prezident İlham Əliyevə hər gün xeyli sayda minnətdarlıq məktubu ünvanlanır. İnsanların dərin minnətdarlıq duyğularını, həyata keçirilən siyasətdən razılığını əks etdirən səmimi ürək sözləri - məktubları vətəndaş məmnunluğunun əsas göstəricilərindən biri sayıla bilər. Vətəndaşlar Azərbaycanın inkişafı və daha da qüdrətlənməsi, problemlərin həlli üçün görülən işlərə görə razılıq və sevinc hisslərini minnətdarlıq məktubları vasitəsilə dövlət başçısına çatdırmağı öz mənəvi borcları hesab edirlər. Çoxsaylı məktublar həm də ölkə rəhbərinin Azərbaycanın hərtərəfli inkişafı yolunda böyük inamla, qətiyyətlə və əzmkarlıqla həyata keçirdiyi genişmiqyaslı siyasətə və əvəzsiz xidmətlərə vətəndaşlar tərəfindən verilən ən yüksək qiymətdir.
Sosial sahədəki digər mühüm barometr isə "ASAN xidmət", DOST mərkəzləri kimi innovativ təsisatlarda vətəndaşlara göstərilən nümunəvi xidmətdir. Şəbəkəsi getdikcə genişlənərək paytaxtla yanaşı, bölgələri də əhatə edən bu mərkəzlər vətəndaş məmnunluğunun yüksəldilməsində önəmli rol oynayır, dövlət orqanları tərəfindən əhaliyə bütün xidmətlərin vahid məkanda, daha keyfiyyətli, rahat şəkildə həyata keçirilməsinə imkan yaradır. Əslində isə bu qurumların missiyası daşıdıqları funksiyadan daha genişdir. "ASAN xidmət" həm də sosial-mənəvi məzmun kəsb etməklə, ictimai münasibətlərdə mahiyyətcə yeni fəlsəfənin tətbiqi və ictimai xidmətlər sahəsində inqilabi dəyişikliklər baxımından diqqət çəkir. Hazırda görünən odur ki, sosial inqilab xarakteri daşıyan, hədəfi ictimai intibah olan bu təşəbbüs real nəticəsini verib və hədəfə çatmaq mümkün olub. Vətəndaşların xidmətdən razılığı ideal səviyyəyə yüksələrək 99 faizi keçib. Bu sistem bürokratik maneələri və stereotipləri istisna etməklə, dövlət-vətəndaş münasibətlərində ahəngdarlıq yaradır, dövlətçiliyin ictimai dayaqlarını möhkəmləndirir, vətəndaş məmnunluğunun ən yüksək səviyyəsini təmin edir.
***
Dövlət başçısı kimi 20 illik fəaliyyəti dövründə xalqa verdiyi bütün vədləri tərəddüdsüz yerinə yetirən Prezident İlham Əliyev tarix yazmaqda davam edir. Bu gün biz xəyalların gerçəkləşdiyi Azərbaycanın, qalib ölkənin vətəndaşları olmağın tükənməz qürurunu yaşayırıq. Bu şanlı tarix təkcə bizim üçün yox, gələcək nəsillər üçün də əbədi qürur mənbəyi olaraq qalacaq.
Ölkə rəhbəri öz titanik dövlətçilik fəaliyyəti, müdrik siyasəti, liderlik keyfiyyətləri ilə ötən 20 ildəki arzuların ana xətti olan Qarabağ amalını vahid hərəkat halına gətirdi, xalqımızı xoşbəxtlik məqamına ucaltdı. Odur ki, cənab İlham Əliyev Azərbaycan xalqının böyük etimad göstərdiyi və rəğbət bəslədiyi alternativsiz liderdir.
Bu gün Ulu Öndərimiz Heydər Əliyevin ruhu şaddır. Çünki cənab Prezident ata vəsiyyətini yerinə yetirdi, Qarabağ problemi həll olundu, həm də böyük Zəfərlə yekunlaşdı. Xalqımız əmindir ki, bu zəfərlərin davamı gələcək, Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə yeni-yeni uğur zirvələrini fəth edəcək.
Süleyman İSMAYILOV,
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri