05 Noyabr 2025 08:25
394
SİYASƏT
A- A+
Ermənistanda seçkiqabağı gərginlik indidən hiss olunmağa başlayıb

Ermənistanda seçkiqabağı gərginlik indidən hiss olunmağa başlayıb


Ermənistanda növbəti parlament seçkilərinə təxminən 8 aya yaxın bir müddət qalsa da, ölkədə bu ictimai-siyasi proses ətrafında mübarizə indidən hiss olunmaqdadır. 

Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Kamran Bayramov bildirdi ki, qarşıdan gələn seçkilərlə bağlı Ermənistanda indidən siyasi gərginlik hiss olunmağa başlayıb. Çünki ölkədə bu seçkilərin nəticəsindən çox şey asılıdır: "Ermənistanda seçkiqabağı təşviqata demək olar ki, artıq start verilib. Noyabrın 3-də ölkənin Baş naziri Nikol Paşinyan parlament seçkilərində iştirak edəcəyini rəsmi şəkildə bəyan edib və "Vətəndaş müqaviləsi" partiyasından öz namizədliyini irəli sürüb. Ermənistanın müasir siyasi tarixində bəlkə də ilk dəfə olaraq, şərti "sülh partiyası" ilə "müharibə və ya revanş partiyası" arasında əsl güc sınağı gözlənilir. Nikol Paşinyan 2018-ci ildə hakimiyyətə gəldikdən dərhal sonra ona "sülh göyərçini" ləqəbi verildi. O dövrdə bunun üçün müəyyən əsaslar var idi. Sələfləri olan "Qarabağ klanı"nın başçıları və müharibə cinayətkarları Robert Koçaryandan və Serj Sarkisyandan fərqli olaraq, onun əli qana batmamışdır. Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə sülh prosesinin irəliləməsi üçün ciddi ümidlər var idi. Təəssüf ki, reallıq gözləntiləri doğrultmadı. Hakimiyyətə gəldikdən sonra Paşinyan elə bir siyasət yürütməyə cəhd etdi ki, bu da Ermənistanın darmadağınla məğlub olduğu yeni müharibəyə səbəb oldu".

2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan ərazilərini işğaldan azad etdi. 2023-cü ilin sentyabrında isə Qarabağdakı erməni separatizminə son qoyuldu və bununla Azərbaycan öz ərazilərinin üzərində milli suverenliyini tam təmin etdi. Xatırladaq ki, Ermənistanda 2021-ci ilin parlament seçkilərində N.Paşinyan seçicilərinə indiki reallıqdan fərqli olan sözlər verirdi. 2023-cü ilin antiterror tədbirlərindən, Vaşinqtonda baş tutmuş üçtərəfli görüşdən, sülh sazişi layihəsinin mətninin paraflanmasından, əldə olunan digər razılaşmalardan sonra vəziyyət tamamilə dəyişdi. 

Kamran Bayramov dedi ki, bu gün Ermənistanın Baş naziri sülhə, əməkdaşlığa, ölkəsinin və digər dövlətlərin sərhədlərinin tanınmasına və ərazi iddialarından çəkilməyə ehtiyacın olduğunu deyir və məhz bu platforma ilə seçkilərə getmək niyyətindədir: "Parlament seçkilərindən sonra Ermənistanda yeni konstitusiyanın qəbulu ilə bağlı referendumun keçirilməsi də nəzərdə tutulur. Hazırkı konstitusiya Qarabağa ərazi iddialarını açıq şəkildə nəzərdə tutur. Azərbaycan isə sülh müqaviləsinin imzalanmasından əvvəl həmin iddiaların aradan qaldırılmasını israr edir. Çox şey bunun erməni seçiciləri tərəfindən dəstəklənib-dəstəklənməməsindən asılıdır. Bu məsələ revanşist qüvvələrin Nikol Paşinyana qarşı mübarizələrinin fonunda xüsusilə aktualdır. Digər tərəfdən, Rusiyanın dolayı yolla olsa da, Paşinyanla "mübarizə aparmaq" niyyətində olduğuna dair bir çox əlamət mövcuddur. Çünki rəsmi Moskva Ermənistanın Baş naziri vəzifəsinə daha "sədaqətli" və itaətkar bir şəxsin gətirilməsinə üstünlük verir. Bu gün Nikol Paşinyana qarşı daşnaklar, "Qarabağ klanı"nın qalıqları, "Respublikaçılar", Serj Sarkisyanın "Şərəfim var" partiyası və digər iddialı və fərqli siyasi qüvvələrin daxil olduğu cəbhə açılıb. Lakin onların arasında adı və nüfuzu ilə səs toplamaq iqtidarında olan bir lider yoxdur. Müxalifət cəbhəsində "Qarabağ klanı"nın liderləri R.Koçaryan və S.Sarkisyan əsas rol oynayırlar. Paşinyan üçün ən təhlükəli hesab edilən rəqib məhz Ermənistanın ikinci prezidenti R.Koçaryandır. O, çirkli mübarizə üsullarının tərəfdarıdır, dayanıqlı maliyyə bazasına və xarici dəstəyə malikdir. Belə bir resurslarla hakimiyyət olimpini geri almaq üçün heç bir maneənin olmadığı düşünülür. Lakin Koçaryanın ictimai dəstəyi inqilabdan sonra əhali arasında hələ də yüksək reytinqini saxlayan Paşinyana meydan oxumaq səviyyəsində deyil. Üstəlik, Ermənistanda insanlar "Qarabağ klanı"nın cinayətkar diktaturası illərini hələ də çox yaxşı xatırlayırlar və çətin ki, ona qayıtmaq istəsinlər".

Ona görə də Ermənistan müxalifəti dövlət rəhbərliyinə yeni, alternativ namizəd axtarır. Bu yaxınlara qədər elə görünürdü ki, belə bir namizəd ortaya çıxıb. Bu rolu Ermənistanın ikinci ən böyük şəhəri olan Gümrünün meri Vardan Qukasyan əldə etməyə çalışırdı. Kamran Bayramovun sözlərinə görə, bu ilin aprel ayında keçirilən yerli seçkilərdə o, hakim "Vətəndaş müqaviləsi" partiyasının namizədini məğlub etdi və ilk mətbuat konfransında iki diqqətçəkən açıqlama verdi: "Birincisi, yeni seçilmiş mer Ermənistanın Rusiya və Belarusun İttifaq Dövlətinə qoşulmasının tərəfdarı olduğunu bildirdi. İkincisi də, o, 2026-cı il parlament seçkilərində iştirak edəcəyinə və baş nazir postu uğrunda mübarizə aparacağına söz verdi. Bu bəyanatlar İrəvanda sükutla qarşılandı, lakin Vardan Qukasyan sonradan rüşvətxorluq ittihamları ilə həbs edildi. Aydındır ki, bu həbs seçkiqabağı təmizlənmənin bir hissəsidir. Seçkilər ərəfəsində hökumət başçısı sadəcə "inzibati resurslardan" istifadə etmir - onun siyasi rəqibləri müntəzəm olaraq həbsxanaya düşürlər. Və bu, təkcə Vardan Qukasyan deyil. Ölkəyə rəhbərlik etməyə iddalı olan erməniəsilli rusiyalı oliqarx Samvel Karapetyan da həbs olunub. Bu onu göstərir ki, N.Paşinyan revanşistləri tam sıradan çıxarmaqda qərarlıdır".

N.Paşinyan informasiya müharibəsi aparmaqla və hüquqi (məhkəmə) tədbirləri həyata keçirməklə ona qarşı fəaliyyət göstərən, tarix boyu işğala rəvac verən, bu gün isə sülhə qarşı çıxan erməni kilsəsinin nümayəndələrinə də hücum etməkdə eyni dərəcədə israrlıdır. Kamran Bayramovun fikrincə, Baş nazir çox güman ki, 2026-cı ilin yayına qədər özünü sürprizlərdən qorumaq niyyətindədir: "Paşinyanın rəqiblərinin ona qarşı daha tez hərəkətə keçəcəyinə dair bir çox gözlənti var. Ermənistanda gücün tətbiqi hələ də gündəmdən çıxmayıb, çünki R.Koçaryanın artıq "çevriliş" təcrübəsi var. Bu mənada Paşinyanın rəqibləri ona qarşı "silahlı yumruq" ata bilərlər. Artıq Ermənistanda İkinci Qarabağ müharibəsi iştirakçılarını anti-Paşinyan korpusuna çevirməyə cəhdlər edilir. Paşinyanın Ermənistan hərbi rəhbərliyi ilə münasibətləri isə əvvəldən mürəkkəb olub. O, Baş nazir olduğu dövrdə dəfələrlə "ordu təmizləmələri" başlatmış və bir neçə generalı həbs etdirmişdi. 44 günlük müharibədən sonra N.Paşinyanın hökuməti hərbi birliklərin komandirlərinə qarşı bir sıra məhkəmə prosesləri təşkil edib, onları səhlənkarlıqda, döyüş mövqelərini tərk etməkdə ittiham edib. Bu isə hərbçilər arasında hiddətə və qəzəbə səbəb olub. Həmçinin hərbçilər arasında çox güclü ruspərəst əhvali-ruhiyyənin olduğunu da qeyd etmək lazımdır".

Kamran Bayramov onu bildirdi ki, bu ssenari sülh prosesinə ciddi risklər yaradır, lakin bu halda itkilərlə ilk növbədə Ermənistanın özü üzləşəcək:  "Beləliklə, Ermənistanda parlament seçkilərinə kifayət qədər vaxt olsa da, Nikol Paşinyanı düşündürməli olan məqamlar az deyil. Baş nazir özü də anlayır ki, parlament seçkilərinin nəticələri onun səsləndirəcəyi bəyanatlardan, görəcəyi tədbirlərdən, atdığı addımlardan, yeridəcəyi daxili və xarici siyasətdən birbaşa asılı olacaq". 


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə uğurlu təcrübələrin mübadiləsinə hazırdır  

15:31
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!