Ermənistanda hərbi müstəvidə də böyük problemlərin hökm sürməsi heç kimə sirr deyil. Son vəziyyətin təhlili ilə bu ölkənin silahlı qüvvələrində xaos halının daha da dərinləşməsi müşahidə olunur. Narazılıq doğuran məqamlardan biri də orduda artan itki hallarının gizlədilməsinə cəhdlərin göstərilməsidir. Bu xüsusda ötən ilin aprelində aldığı xəsarətlərdən ölən erməni hərbi qulluqçu Samvel Balanasyanın olayı ətrafında proseslərin daha da gərginləşməsi müşahidə olunur.
Xatırladaq ki, ötən il Ermənistan ordusunun müqaviləli hərbi qulluqçusu Samvel Balanasyan odlu silah yarasından ölsə də, Müdafiə Nazirliyi bu barədə məlumat yaymayıb. Hadisə ilə bağlı intihar həddinə çatdırma maddəsi üzrə cinayət işi açılıb. Məlum olub ki, S.Balanasyan 6 ay imiş ki, müqaviləli hərbi xidmətə başlayıbmış. Onun valideynləri intihar versiyasına inanmırlar. Anası Mariya Balanasyan eyni vaxtda postda olan 8-9 nəfərin vicdanlarının susduğuna inana bilmədiyini deyərək, onların tez və ya gec cavab verməli olacaqlarını bildirib.
Hərbi qulluqçunun anası onun aldığı xəsarətin döş qəfəsində olduğunu qeyd etməklə, bu faktın intihar hadisəsini inkar etdiyini, məsələ ilə bağlı hazırda istintaq orqanlarının məşğul olduğunu və hər şeyin üzə çıxacağına inandığını söyləyib.
Bu cür faktların çoxluğu fonunda belə qənaət yaranır ki, ölkədə ordunun çöküşü əvvəlki dinamika ilə davam edir. Bunu hətta müvafiq rəsmi dairələr də təsdiqləyir. Elə bunun nəticəsidir ki, ötən il Ermənistanda hərbi cinayətlərlə bağlı ittiham aktları artıb. Ermənistan İstintaq Komitəsinin yaydığı məlumatda qeyd olunub ki, 2022-ci ildə komitənin Baş hərbi istintaq idarəsi 6510 işə baxıb, onlardan 2112-nin (32,4 faiz) istintaqı başa çatıb. İttiham aktları 586 nəfərə (2021-ci illə müqayisədə təxminən 60 faiz çox) tərtib edilib. Qeyd edilən müddətdə Ermənistan silahlı qüvvələrində xidmət qaydasının pozulması halları da nəzərə alınıb.
Ümumilikdə, 2022-ci ildə İstintaq Komitəsi tərəfindən baxılan cinayət işlərinin sayı 59 830 və ya 2021-ci illə müqayisədə demək olar 43 faiz çoxdur.
Qeyd edilir ki, il ərzində həbslə bağlı 1 768 vəsatət qaldırılıb, onlardan 1 424-ü təmin edilib. Cinayət işləri çərçivəsində əmlaka dəymiş ziyan təqribən 7,3 milyard dram (18 milyon ABŞ dolları) təşkil edib.
Başqa bir cinayətlə bağlı hərbi prokurorluq tərəfindən təhqiqat aparılarkən təsadüf nəticəsində bıçaqlanma hadisəsinin üstü açılıb. Məlum olub ki, bu cinayət uzun müddət hüquq-mühafizə orqanlarından gizlədilib. Faktla bağlı cinayət işi açılıb və Henrix Qasparyan adlı hərbi qulluqçu istintaqa cəlb olunub.
Ermənistan mediası yazır ki, belə hadisələrin sayı yüzlərlədir. Elə bunun nəticəsində orduda fərarililik, intihar hallarının sayı artır. Hərbi hissələrdə həmçinin epidemiya tüğyan edir. Elə bu günlərdə 50-yə yaxın əsgər ağır vəziyyətdə hospitallara yerləşdirilib. Digər tərəfdən Ermənistan ordusunun bölmələrində özbaşınalıq və qanunsuzluqlar səbəbindən ölən və yaralananların sayı artmaqda davam edir.
Epidemiya, soyuqların düşməsi və qar yağması da aclıqdan, şəraitsizlikdən əziyyət çəkən hərbçilər üçün bəlaya çevrilib. Əsgərlər müxtəlif virus xəstəliklərindən əziyyət çəkirlər. Tibbi heyət problemin qarşısını almağa çalışsa da, dərman preparatlarının və zəruri ləvazimatların çatışmaması səbəbindən profilaktik tədbirlər görmək mümkün olmur.
"4rd.am" saytı yazır ki, yeni müdafiə nazirinin təyin edilməsindən savayı, orduda heç bir dəyişiklik olmayıb. Ölümlər davam edir, bu məsələlər obyektiv araşdırılmır, çox pis təhqiqat aparılır, işlər açılmır. Ordudakı ağır duruma görə cavabdehlər cəzasız qalır. Vurğulanır ki, 2020-ci il Qarabağ müharibəsində ordunun döyüş bacarığı haqda təbliğat tezisi hamının gözü qarşısında buxarlanır.
Bütün bunlar bir daha təsdiq edir ki, məğlub ölkənin ordusunun çöküşü sürətlə davam edir.
Elçin CƏFƏROV,
"Azərbaycan"