İrəvanın məkrli oyunları bu ölkənin sülh sazişinin imzalanmasında maraqlı olmadığını göstərir
"Ermənistan tərəfi zaman-zaman özünü sülhsevər dövlət kimi təqdim etməyə çalışsa da, əslində, regionumuzda dayanıqlı sülh və sabitliyin təmin edilməsi istiqamətində bu dövlət tərəfindən konkret əməli addımların atılmasını müşahidə etmirik. Bu, istər Fransa və Hindistandan müxtəlif təyinatlı silahların alınması, istərsə də sərhəd bölgəsində təxribatçı addımların atılması ilə özünü büruzə verməkdədir".
Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Zaur Şükürov deyib. Deputat bildirib ki, ilk olaraq Azərbaycan-Ermənistan şərti sərhəd bölgəsində yalnız qısa müddət üçün yerləşdirilməsi nəzərdə tutulmuş Avropa İttifaqının müşahidə missiyasının müddətinin Azərbaycan tərəfi ilə razılaşdırılmadan ardıcıl olaraq uzadılması, habelə missiyanın tərkibinə Aİ-yə üzv olmayan dövlətlərin də təmsilçilərinin daxil edilməsi bu kimi təxribatçı əməllərin tərkib hissəsidir. Görünür, Azərbaycan Prezidenti İlham Əliyevin mükəmməl sərkərdəliyi və şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığı sayəsində işğalçı Ermənistan ordusunun məğlub edilməsindən sonra regionda yaratdığımız yeni geosiyasi reallıqlarla Ermənistan tərəfi hələ də barışmaq istəmir. "Bir müddət əvvəl mediada yer almış Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü ildə etdiyi faşist, irqçi xarakterli çıxışı, həmçinin bu ölkənin hazırkı baş naziri Nikol Paşinyanın istər bu vəzifəyə seçilənədək, istərsə də hakimiyyətdə olduğu dövrlərdə səsləndirdiyi təxribatçı və işğalçı məqsədlərə xidmət edən çağırışları bu ölkə siyasətçilərinin həqiqi niyyətlərini aşkar nümayiş etdirir", - deyə o əlavə edib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin mükəmməl dövlət idarəçiliyi və son dərəcə uğurlu xarici siyasət kursu sayəsində dövlətimizin beynəlxalq miqyasda nüfuzunun davamlı olaraq artması, güclü iqtisadiyyata və qüdrətli orduya malik ölkəmizin regionda sülh və sabitliyin bərqərar olmasına xidmət edən sülhsevər çağırışları, nəhayət, Ermənistan rəhbərliyini fitnəkar əməllərindən çəkindirməlidir. Əks halda, ölkəmizə qarşı istənilən təxribatçı addımlarla bağlı dövlətimiz, müzəffər və qüdrətli ordumuz dərhal müvafiq tədbirlər görəcəkdir. Azərbaycanla Ermənistan arasında sülh sazişinin əksər bəndləri üzrə razılığın əldə olunduğu hazırkı məqamda istər Ermənistan rəhbərliyi, istərsə də öz riyakar davranışları ilə bu ölkədəki revanşist qüvvələri ruhlandıran bəzi dövlətlər öz məkrli məqsədlərindən əl çəkməli və regionumuzda sülh və sabitliyin bərqərar olması, bölgəmizin gələcək inkişafı və region xalqlarının əmin-amanlıq şəraitində yaşaması üçün düşünülmüş addımlar atmalıdırlar.
Ə.QARDAŞXANOVA,
"Azərbaycan"