01 Iyun 2023 09:20
1418
SİYASƏT
A- A+

Ermənilərin bir şansı var

 

İlham Əliyev Laçın zirvəsindən Hayastana, revanşistlərə yeganə qurtuluş yolunu göstərdi

 

"Biz öz doğma torpağımızdayıq və bu gün ermənilərin yaşadıqları Qarabağ bölgəsi bizim əzəli, hüquqi torpağımızdır. Sadəcə olaraq, biz hesab edirik ki, onlar özləri başa düşəcəklər, özləri gəlib Azərbaycan bayrağı altında yaşamağa addım atacaqlar. Biz bunu gözləyirik. Ona görə hər hansı bir başqa addım atmırıq və hesab edirəm ki, iki il yarım ərzində baş vermiş hadisələr artıq onları da oyatmalıdır, bu yuxudan, bu xülyadan ayıltmalıdır".
Mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüşdə Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha Ermənistan rəhbərliyinə, revanşist qüvvələrə, Azərbaycan torpaqlarında yaşayan erməni xalqına və işğalçını boş yerə həvəsləndirib son anda arxasında  durmayan havadarlarına həm ciddi xəbərdarlıq etdi, həm də düşdükləri acınacaqlı durumdan qurtuluş yolunu göstərdi. 

 

Hayastanın başqa yolu yoxdur, müstəqillik xülyası "status"un dalınca gedib 

 

İşğalçı Hayastanla Azərbaycan arasında 30 il davam edən keçmiş Qarabağ münaqişəsinə son qoyulsa da, hələ də tərəflər arasında sülh müqaviləsinin imzalanmaması regionda sabitliyin təmin olunmasına rəvac vermir. Bunun da yeganə səbəbi cəmi 44 günə Azərbaycan qarşısında diz çöküb savaşın dayandırılmasını xahiş edən Hayastanın cəfəng iddiaları, bəhanələri və hərbi təxribatlarıdır. 
Tərəflər arasında artıq sülh danışıqları da intensivləşib. Demək olar ki, sülh sazişinin imzalanması üçün o qədər də ciddi problem qalmayıb. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Əgər Hayastan İlham Əliyevin irəli sürdüyü 5 prinsipi qəbul etsə, yaxın zamanlarda sülh sazişi imzalana bilər. 
Ancaq Hayastan rəhbərliyinin Qarabağda yaşayan ermənilərə əlavə "status"un verilməsi məsələsini gündəmə gətirməsi sülh danışıqları prosesinə mane olur. Çünki artıq "status", "müstəqillik" məsələləri müzakirə mövzusu deyil. İlham Əliyev bunu dəfələrlə vurğulayıb ki, belə bir hal baş verməyəcək. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarına verilən hüquqlardan tam yararlanmaq imkanına malik olacaqlar. Bundan başqa, hansı xüsusi imtiyaz ola bilər ki?!
Qalib Komandan Laçından verdiyi bəyanatda bir daha haylara bunu xatırlatdı: "Sizin kitabınız bağlandı. "Miatsum" kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə. Ona görə, yeganə yol qalıb - Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dırnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq..." 
İlham Əliyev hesab edir ki, işin gedişatı bunu göstərir, çünki Hayastanın başqa yolu yoxdur. 

 

"Ya özləri boyunlarını büküb gələcəklər, ya da ki, indi hadisələr başqa cür inkişaf edəcək"

 

Prezident İlham Əliyev Qarabağdakı qondarma "qurumun" mövcud və gələcək aqibətindən də söz açaraq onlara amnistiyanın düşüb-düşməməsinə də aydınlıq gətirib. 
Bəllidir ki, hər zaman olduğu kimi yenə də Azərbaycan təşəbbüs göstərərək Qarabağın erməni əhalisinin nümayəndəliyi ilə görüş keçirib. Müəyyən danışıqlar aparılıb və həmin nümayəndə heyəti Bakıya dəvət edilib. Amma onlar Bakıya gəlməkdən imtina edərək öz bildikləri kimi addım atıblar. Yenə də böyüklük edərək Azərbaycan ikinci dəfə dəvət göndərsə də, nümayəndə heyəti erməni xislətini bir daha nümayiş etdirib. 
Bu səbəbdən də artıq qarşı tərəfin atacağı addım, verdiyi qərar Azərbaycanı maraqlandırmır. Qalib tərəf kimi Azərbaycan öz missiyasını yerinə yetirib. Prezident də dedi ki, daha üçüncü dəvət olmayacaq: "Ya özləri boyunlarını büküb gələcəklər, ya da ki, indi hadisələr başqa cür inkişaf edəcək. Ona görə onlara ancaq o halda amnistiya düşə bilər ki, özləri könüllü olaraq bütün saxta vəzifələrini kənara qoyub Azərbaycan vətəndaşlığı üçün müraciət etsinlər. Ona da biz hələ baxacağıq. Mənim sözüm qətidir, bunu hər kəs bilir, həm Azərbaycanda, həm dünyada, o cümlədən Ermənistanda. Nəyi deyiriksə, onu da edirik. Bir dənə də olsun sözümüz, necə deyərlər, havada qalmayıb, bu söz də havada qalmayacaq". 
Ermənilər də yaxşı bilirlər ki, sözü imzası qədər keçərli olan İlham Əliyev verdiyi bütün vədləri gerçəkləşdirən, dediyi sözü tez bir zamanda reallaşdıran qüdrətli liderdir. Əgər Azərbaycan Prezidenti hələ də amnistiya məsələsi üçün "işıq ucu" olduğunu deyirsə, demək ermənilər bu fürsəti qaçırmamalıdırlar. İlham Əliyevin humanist siyasətindən vaxtında yararlanmalıdırlar, sonra gec olacaq. Prezidentin özü də erməni xalqına müraciətində qısaca olaraq dedi ki, amnistiyaya baxmaq olar, bu fürsəti də qaçırmasınlar: "Onlar bir çox fürsətləri qaçırıblar, bir çox fürsətləri və hər dəfə, necə deyərlər, gərək onların başından vuraydıq ki, özlərinə gəlsinlər". 
Əlbəttə ki, bu məsələ artıq Azərbaycanın daxili işidir və tarixinin ən qüdrətli dövrünü yaşayan bir ölkənin daxili işlərinə heç bir qüvvə qarışa bilməz. Prezidentin də söylədiyi kimi, Azərbaycan heç vaxt daxili işlərini heç bir ölkə ilə müzakirə etməyəcək. İlham Əliyev hələ bir müddət öncə demişdi ki, Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. 
Təbii ki, bu gün ermənilərin yaşadıqları Qarabağ əzəli və hüquqi torpağımızdır. Ermənilər də bunu dərk edir və yaxşı bilirlər ki, Azərbaycan dövləti qarşısına qoyduğu məqsədə çatmaq üçün istənilən addımı atmağa qadirdi. Sadəcə olaraq, İlham Əliyev hesab edir ki, onlar özləri başa düşəcəklər, özləri gəlib Azərbaycan bayrağı altında yaşayacaqlar.

 

Sülh müqaviləsi beynəlxalq şərtlər əsasında imzalanmalı, Naxçıvana yolumuz açılmalıdır

 

Prezident həmçinin sərhədlərin delimitasiya prosesinə bir daha aydınlıq gətirdi. Hayastana sonuncu xəbərdarlığını ünvanlayan İlham Əliyev bildirdi ki, hələ gec deyil, nə qədər ki, Ermənistanın de-fakto olmasa da, hüquqi cəhətdən müstəqilliyi var, hələ ki Hayastanın sərhədləri anlayışı müəyyən mənada qəbul edilir. Onlar Azərbaycanın şərtlərini qəbul etməlidirlər: "Delimitasiya istəmirlərsə, olmasın delimitasiya. Onda nə olacaq, harada desək, sərhəd də orada olacaq. Onlar bilirlər ki, biz bunu edə bilərik. Heç kim onlara kömək etməz, nə Avropadan gələn pensiyaya çıxmış Fransa polisləri, nə də başqaları, heç kim".
Göründüyü kimi, yenə də gündəliyi Azərbaycan Prezidenti ortaya qoyur. Bütün ağrılı məqamlara, işğala, törədilmiş erməni vəhşiliklərinə baxmayaraq, İlham Əliyev bölgənin gələcəyi naminə sülh gündəliyi təqdim edir. Ermənistanın düşdüyü sosial-iqtisadi bataqlıqdan qurtulması üçün yol göstərir. 
Ona görə delimitasiya Azərbaycanın şərtləri əsasında, yəni ədalətli şərtlər əsasında olmalıdır. Sülh müqaviləsinə gəldikdə isə bu sənəd də beynəlxalq şərtlər əsasında hazırlanmalı və sonra imzalanmalıdır. Bunun tərkibində İlham Əliyevin irəli sürdüyü 5 prinsip öz əksini tapmalıdır. Həmin şərtlərə əsasən, Şərqi Zəngəzurdan Naxçıvana yol açılmalı və Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır. 
Bu, Azərbaycan Prezidentinin dəyişməz şərtləridir və Qalib Komandan kimi İlham Əliyev Laçın zirvəsindən bir daha həmin şərtləri ermənilərə çatdırdı: "Bu şərtləri, bax burada, Laçın şəhərində deyirəm ki, hər kəs görsün ki, biz bu gün buradayıq və burada əbədi olacağıq. Onu da bilsinlər ki, Ermənistan kəndləri buradan görünür. Biz də görürük o kəndləri, yəni onu da unutmasınlar".
İlham Əliyev bu mesajı ilə haylara yeganə çıxış yolunu göstərdi. Ya 5 prinsipi qəbul edib sülh sazişi imzalamaqla bərabər yaşamalı, ya da Azərbaycan torpaqlarından birdəfəlik rədd olub başqa yaşayış yeri axtarmalıdırlar... 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video