18 Sentyabr 2023 22:42
332
PARLAMENT
A- A+

Milli Məclis "Energetika haqqında" qanun layihəsini müzakirə edəcək

 

Sentyabrın 18-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib. Komitə sədri Sadiq Qurbanov iclasın gündəliyinə daxil edilən məsələlər barədə tədbir iştirakçılarına məlumat verib.

Əvvəlcə Sadiq Qurbanov 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin gördüyü işlərə dair hesabatı diqqətə çatdırıb. O deyib  ki, bu müddətdə komitənin 12 iclası keçirilib, 40 məsələyə baxılıb. Komitədə 9 qanun layihəsinin üç oxunuşda müzakirəsi keçirilərək Milli Məclisdə qəbul edilib. Habelə qeyd olunub ki, digər 9 qanun layihəsi isə bir oxunuşda müzakirə olunaraq qəbul edilib.

Sadiq Qurbanov "Heydər Əliyev İli" çərçivəsində görülən işlər, mövzu ilə bağlı komitə üzvlərinin iştirak etdikləri tədbirlər barədə məlumat verib. O həmçinin bir sıra aktual məsələlərlə əlaqədar ölkədə və ölkədən kənarda keçirilən müzakirələrdə deputatların fəal iştirak etdiyini söyləyib.

Sonra komitə sədri Sadiq Qurbanov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2023-cü ilin payız sessiyası üçün iş planını təqdim edib. O, sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələrinin, bəzi qanunlarda ediləcək dəyişikliklərin müzakirə olunacağını söyləyib. Bildirib ki, sessiya ərzində Hacıqabul gölünün mövcud  vəziyyəti və bərpası istiqamətində işlərin görülməsi, qlobal iqlim dəyişikliyinin Azərbaycana təsiri ilə bağlı, içməli su problemi, suyun keyfiyyəti və onun təmizlənməsi texnologiyaları barədə, Qarabağ iqtisadi rayonu ərazisinin ekoloji vəziyyətinə dair, işğal zamanı Ermənistanın qanunsuz silahlı birləşmələri tərəfindən minalanmış Azərbaycan ərazilərində  ekologiyaya vurulmuş zərərlə bağlı və bir sıra digər mövzularda müzakirələrin keçirilməsi nəzərdə tutulub.

İclasda 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə komitənin gördüyü işlərə dair hesabatı qənaətbəxş hesab olunub, 2023-cü ilin payız sessiyası üçün iş planı təsdiq edilib.

Sonra gündəlikdəki növbəti məsələ - "Energetika haqqında" qanun layihəsi birinci oxunuşda təqdim olunub. Sənədi diqqətə çatdıran Energetika Nazirliyinin Hüquq şöbəsinin müdiri İbrahim Ağayev bildirib ki, 6 fəsil, 28 maddədən ibarət qanun layihəsi "Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında" Azərbaycan Prezidentinin 2019-cu il 29 may tarixli Sərəncamının icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 iyun tarixli Sərəncamının 1-ci hissəsinin icrası məqsədilə hazırlanıb.

Qeyd olunub ki, layihənin məqsədi energetika sahəsində fəaliyyətin hüquqi, iqtisadi və idarəetmə əsaslarının, habelə enerji təhlükəsizliyinin təmin edilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması, davamlı iqtisadi inkişafın dəstəklənməsi, istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və təhlükəsiz enerji ilə təmin edilməsi mexanizmlərinin müəyyən edilməsindən ibarətdir. Sənəd  hazırlanarkən respublikamızda bazar iqtisadiyyatının mövcud vəziyyəti və perspektiv inkişaf istiqamətləri, beynəlxalq təcrübə, o cümlədən Avropa ölkələrinin qanunvericiliyi  araşdırılıb və nəzərə alınıb.

Layihə ilə bağlı çıxış edən komitə üzvləri İltizam Yusifov, Nəsib Məhəməliyev sənədi dəstəkləyərək, bəzi fikir və qeydlərini söyləyiblər. İclasda iştirak edən energetika nazirinin müavini Samir Vəliyev, Energetika Nazirliyinin şöbə müdiri İbrahim Ağayev çıxışlarda səsləndirilən sualları ətraflı cavablandırıblar, bəzi məqamlara aydınlıq gətiriblər.

Müzakirələrin sonunda "Energetika haqqında" qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.

Sonra iclasda bir sıra cari məsələlərə baxılıb.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, komitənin üzvləri İltizam Yusifov, Nəsib Məhəməliyev, energetika nazirinin müavini Samir Vəliyev, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, Su Ehtiyatları Dövlət Agentliyi rəisinin müavini Rafiq Aslanov ölkəmizdə ekoloji vəziyyətə dair fikirlərini açıqlayıblar, bu sahədə olan problemlərdən, onların həllinə yönəlmiş tədbirlərdən söhbət açıblar. Çıxışlarda qlobal iqlim dəyişikliklərinin törətdiyi fəsadlardan danışılıb, bəzi statistik rəqəmlər diqqətə çatdırılıb, su resurslarının düzgün idarə olunmasının aktuallığından bəhs edilib.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi sektorunun müdiri Əkbər Əsgərov "Hacıqabul gölünün reabilitasiyası" mövzusunda təqdimatla çıxış edib. O, gölün ekoloji problemləri, keçirilən monitorinqlər, aparılan ölçmələrin nəticələri, gölün bərpası istiqamətində nəzərdə tutulan işlər barədə məlumat verib.

Sonra komitə üzvü Fatma Yıldırım sahibsiz itlərlə bağlı məsələyə toxunub. O bu sahədə mövcud vəziyyət, yaranan problemlərin aradan qaldırılması, sahibsiz heyvanlara nəzarət mexanizmlərinin yaradılması, bununla bağlı qanunvericilik sisteminin təkmilləşdirilməsi məsələlərindən danışıb.

Komitənin sədri Sadiq Qurbanov bu məsələnin aktuallığından danışaraq, onun daim komitənin diqqət mərkəzində olduğunu bildirib, mövzu ilə əlaqədar gələcəkdə də aidiyyəti qurumlarla müzakirələrin aparılacağını söyləyib.

Komitə üzvləri İltizam Yusifov, Nəsib Məhəməliyev də bu məsələ ilə bağlı bəzi qeydlərini səsləndiriblər.

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video