Fransa Prezidenti Emmanuel Makron ABŞ ilə Avropa İttifaqı arasında ticarət gərginliyinin hələ bitmədiyi barədə xəbərdarlıq edib. Bir neçə Avropa mediasına, eləcə də “Le Monde” qəzetinə verdiyi müsahibədə Makron Vaşinqtonla davamlı bir ticarət müharibəsi riskinə diqqət çəkərək, son aylarda baş verən hadisələrin aldadıcı olmamasını vurğulayıb.
AZƏRTAC xəbər verir ki, Tramp administrasiyası tərəfindən yeni gömrük rüsumları və əlavə vergilərlə bağlı səsləndirilən təhdidlərin bir hissəsi geri götürülsə də, Fransa Prezidenti bunun müvəqqəti olduğunu düşünür.
“Əvvəl təhdidlər və təzyiqlər olur. Sonra birdən Vaşinqton geri addım atır və biz elə bilirik ki, hər şey bitdi. Amma buna bir saniyə də inanmayın. Hər gün əczaçılıq, rəqəmsal sektor və digər sahələr üzrə yeni təhdidlər səslənir”, - deyə Makron bildirib.
Bu kontekstdə Emmanuel Makron Avropanın öz sənayesini qorumaq üçün daha qətiyyətli addımlar atmalı olduğunu söyləyib. Onun fikrincə, Avropa sənayesini qorumaq üçün bəzi strateji sahələrdə Avropa üstünlüyü (préférence européenne) tətbiq edilməlidir. Prezident bu sahələr arasında təmiz texnologiyalar, kimya sənayesi, polad istehsalı, avtomobil sənayesi və müdafiə sektorunu sadalayıb. “Əks halda, avropalılar bu rəqabət dalğası qarşısında sıradan çıxarılacaq”.
Makronun mövqeyi Avropa Komissiyasının son təklifləri ilə də üst-üstə düşür. Komissiya xüsusilə elektrik avtomobilləri üçün batareyalar kimi strateji məhsullarda Avropa istehsalını dəstəkləməyi təklif edib. Bu yanaşma Fransada müsbət qarşılanıb. Çünki Paris Çinlə qiymət rəqabətində çətinlik çəkir. Almaniya isə daha ehtiyatlı mövqe tutur.
Emmanuel Makron Avropa səviyyəsində yeni maliyyə aləti təklif edir: “Gələcəyin xərcləri üçün ümumi borclanma imkanını işə salmağın vaxtıdır”.
Bu ideya Fransa üçün yeni deyil. Oxşar təklif COVID-19 pandemiyası dövründə də irəli sürülmüşdü, lakin Almaniya tərəfindən rədd edilmişdi. Buna baxmayaraq, Makron hesab edir ki, ABŞ-ın artan ticarət təzyiqləri fonunda Avropa artıq bu cür kollektiv maliyyə mexanizmlərindən yayınmamalıdır.