08 May 2022 02:45
2765
SİYASƏT
A- A+
Ədalətin zəfərini təmin edən sosial siyasət

Ədalətin zəfərini təmin edən sosial siyasət

 

Müasir Azərbaycan dövlətinin banisi və qurucusu Ümummilli Lider Heydər Əliyevin vətənimiz və xalqımız qarşısında tarixi rolu və xidmətləri misilsizdir, təkrarolunmazdır. Ulu Öndər bütün ömrünü canından əziz sevdiyi Azərbaycanın inkişafına, tərəqqisinə, zəngin və qüdrətli ölkəyə çevrilməsi, doğma xalqının xoşbəxtliyi və firavanlığı uğrunda mübarizəyə həsr etmişdir.

Heydər Əliyev iki bir-birinə zidd ictimai-iqtisadi formasiyada - sosializm və bazar iqtisadiyyatı zamanında, iki bir-birinə antaqonist məkanda - SSRİ kimi nəhəng imperiyanın tərkib hissəsi olan Sovet Azərbaycanında və müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında rəhbər kimi uğurlar qazanmış, bütün daxili və xarici basqıları dəf edərək dünyanın qəbul etdiyi dövlət xadiminə və milli liderə çevrilə bilmişdir.

Azərbaycan xalqı isə öz liderinə həmişə dəstək vermiş, hər zaman öz lideri ilə birlikdə olmuşdur. Çünki xalq əmin-amanlıq və ədalət istəyirdi, Heydər Əliyevin də bir rəhbər kimi əsas fəaliyyət istiqaməti bu idi. Xalq yaxşı yaşamaq üçün imkan, yaxşı işləmək üçün şərait axtarırdı. Heydər Əliyev də öz xalqının xoşbəxtliyi üçün çalışırdı. Xalq gerilikdən, ətalətdən, bürokratiyadan, rüşvətxorluqdan canını qurtarmaq istəyirdi. Heydər Əliyev də ədalətin təntənəsi, millətin və ölkənin yüksəlməsi naminə çalışırdı.  "Qoy ədalət zəfər çalsın!" şüarı məhz Heydər Əliyev tərəfindən irəli sürülmüş və xalq tərəfindən birmənalı olaraq dəstəklənmişdi. 

1969-cu ildə Azərbaycana rəhbər seçilən və 1982-ci ilə kimi -13 il bu vəzifədə çalışan Heydər Əliyev respublikanı SSRİ məkanında 1920-ci ildən bu yana nail olmadığı ən yüksək mərtəbəyə qaldırdı. SSRİ-nin aqrar xammal bazası olan, kasıb, mədəniyyəti və elmi tənəzzül edən, bütün göstəricilərinə görə geridə qalan Azərbaycanı inkişaf etmiş sənaye mərkəzinə, müasir texnologiyanı tətbiq edərək yüksək göstəricilər əldə edən aqrosənaye kompleksinə malik kənd təsərrüfatı respublikasına, yüksək mədəniyyəti və biliyi ilə seçilən tanınmış ziyalıları olan xalqın yaşadığı diyara çevirdi.

 

Dövlət xalq üçündür

 

SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçovun xəyanətkar həsəd və qısqanclığı səbəbindən Heydər Əliyev ittifaq rəhbərliyindəki vəzifələrindən istefa verməli oldu. Bu istefanın marağında yatan erməni separatizmi Qarabağda baş qaldırdı, Ermənistan SSR-də öz ata-babalarının torpaqlarında yaşayan azərbaycanlılara qarşı milli zəmində düşmənçilik və etnik təmizləmə siyasəti başladı.

Paralel olaraq Heydər Əliyevin böyük fədakarlığı sayəsində ovaxtkı SSRİ-nin qabaqcıl respublikasına çevrilən Azərbaycan 1988-1993-cü illərdə keçmiş ölkə rəhbərliyinin düşmənçiliyi, respublikanın başında duranların səriştəsiz və dağıdıcı fəaliyyəti nəticəsində dərin siyasi, iqtisadi və sosial böhran, işğal və dağılma təhlükəsi ilə üz-üzə qaldı. Azərbaycanda siyasi böhran, iqtisadi geriləmə, sosial gərginlik getdikcə dərinləşdi, müstəqilliyini yenicə əldə etmiş ölkəmiz dağılmaq və məhv olmaq təhlükəsi ilə üz-üzə qaldı.

Belə bir dövrdə xalqın çağırışı ilə ölkə rəhbərliyinə qayıdan Heydər Əliyev yenidən vətənin xoşbəxtliyi, azadlığı və qüdrətlənməsi uğrunda mübarizəyə başladı. Bu mübarizə Vətən yolunda, haqq uğrunda mübarizə, ədalət, milli birlik, müstəqil dövlətçilik və xoşbəxt gələcək uğrunda müqəddəs mübarizə idi. Bütün siyasi fəaliyyəti və mübarizəsi boyu Heydər Əliyev öz doğma xalqına arxalanmış, öz xalqından dəstək almış, nə etmişdisə də, xalqı və vətəni Azərbaycan üçün etmişdir. 90-cı illərin əvvəllərindəki böhranlı günlərdə də, xalq öz müdrik rəhbərinin səfərbəredici fəaliyyətini dəstəklədi, onun ətrafında birləşdi, ucaldı, ucalığını dərk etdi, potensial gücünü ümummilli enerjiyə çevirə bildi. "Heydər-Xalq", "Xalq-Heydər" birliyi o vaxtlar yarandı, zamanın sınaqlarından keçdi, bərkidi, möhkəmləndi, əbədiyyət qazandı. Nəticədə 1995-ci ildən başlayaraq ölkədə iqtisadi tənəzzül dayandı və bu, sosial sahədə siyasətin konkret istiqamətlərinin müəyyənləşməsinə, islahatlar aparılmasına və sosial siyasətin geniş hüquqi bazasının yaranmasına təkan verdi.

Heydər Əliyevin müasir dövlətçilik siyasətinin başlıca prinsipi "dövlət xalq üçündür" ideyasıdır. Ümummilli Liderin müəllifi olduğu Konstitusiyamızda bu ideyanın sosial mahiyyəti bariz şəkildə öz təsdiqini tapmışdır. Heydər Əliyevin qurduğu müasir Azərbaycan dövlətinin daxili siyasətində sosial ədalət, sosial rifah, sosial müdafiə xətti həmişə prioritet istiqamət kimi müəyyən olunur. Heç təsadüfi deyildir ki, bizim dövlət büdcəmizdə sosial xərclərin payının 30 faizdən yuxarı olması artıq ənənə halını almışdır.

Müstəqil Azərbaycanın dövlət quruculuğu və inkişafı strategiyasını müəyyən edərkən  Heydər Əliyev sosial siyasəti prioritet istiqamətlərdən biri olaraq müəyyən etmiş, milli sərvətlərin xalqın bütün təbəqələrinə mənsub olması, sosial ədalət prinsipinin qorunması, əhalinin aztəminatlı hissəsinə dövlət dəstəyinin artırılması məsələlərini həmişə diqqət mərkəzində saxlamışdır.

Sosial siyasətin təminatlı və əhatəli olması üçün möhkəm iqtisadi təməl və hüquqi bazanın olması mühüm şərtdir. Məhz buna görə də müstəqil Azərbaycanın sosial siyasət strategiyasını müəyyənləşdirən zaman Ümummilli Lider bir tərəfdən sosial siyasətin ölkənin real iqtisadi imkanlarına uyğunlaşdırılmasına, digər tərəfdən isə müvafiq normativ-hüquqi bazanın yaradılmasına ciddi önəm verirdi. Heydər Əliyev dövlətin sosial sahədə vəzifəsini bunda görürdü: "Bir dövlət olaraq, hökumət olaraq biz xalqımızın, millətimizin, vətəndaşlarımızın sosial tələblərini təmin etməliyik".

 

Sosial ədalət və sosial rifah

 

Modern dövlət quruculuğu yoluna qədəm qoymuş müstəqil Azərbaycanın sosial siyasətinin təməlində iki klassik prinsip dayanır: sosial ədalət və sosial rifah. "Biz XXI əsrə daha da qüdrətli müstəqil Azərbaycan dövləti çatdırmaq istəyirik. Gələcək nəsillərə daha xoşbəxt həyat yaratmaq istəyirik. Azərbaycanın imkanlarından səmərəli istifadə edib, iqtisadiyyatı inkişaf etdirib, Azərbaycan xalqının rifah halını yüksəltmək üçün çalışırıq" söyləyən Heydər Əliyev ölkənin sosial inkişaf perspektivlərini ardıcıl aşağıdakı istiqamətlərdə aparılacaq islahatlarda görürdü və zaman Ulu Öndərin uzaqgörənliyini təsdiq etmiş oldu.

- Regionların harmonik inkişafı və yoxsulluqla mübarizəyə dair dövlət proqramlarının qəbul edilməsi;

- Əmək və əmək münasibətləri sahəsində müasir bazar münasibətlərinə əsaslanan siyasətin formalaşdırılması (əməyin ödənilməsi, sosial sığorta, əməyin mühafizəsi, məşğulluq);

- "Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası"nın təsdiq edilməsi, sosial sığorta prinsiplərinə əsaslanan pensiya təminatı sisteminə keçilməsi və sığorta-pensiya sistemi ilə sosial müavinət və yardım sistemlərinin bir-birindən ayrılması;

- Sosial dəstək və aztəminatlı təbəqənin (əlillər, pensiyaçılar, qaçqın və məcburi köçkünlər, şəhid ailələri və s.) sosial müdafiəsi, pensiya təminatı, sosial müavinətlər, yardımlar, sosial xidmət);

- Sosial infrastruktur siyasəti (mənzil, nəqliyyat, yol, rabitə, ticarət və məişət xidməti);

- "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı"nın təsdiq olunması və respublikamızda ümumi təhsildə 11 illik icbari ümumi orta təhsilə və ölkəmizin ümumtəhsil məktəbləri şagirdlərinin dərsliklərdən pulsuz istifadəsinə keçilməsi;

- Səhiyyə sahəsində Milli Sağlamlıq Proqramının işlənib hazırlanması və qəbul edilməsi, özəl, təsərrüfat hesabı ilə işləyən tibb müəssisələrinin yaradılması yolu ilə özəl tibbi xidmətin əsaslarının formalaşdırılması, icbari tibbi sığorta sisteminə keçidin bazasının yaradılması;

- Əhalinin pul gəlirləri siyasəti (həyat səviyyəsi, istehlak səbəti, rifah halı, insan kapitalının inkişafı və rəqabətqabiliyyətli kadrların hazırlanması).

2003-cü ilin oktyabrında keçirilən Prezident seçkilərində xalqın birmənalı dəstəyini qazanan cənab İlham Əliyev Prezident kimi and içən zaman Heydər Əliyev siyasi kursunu davam etdirəcəyini, Heydər Əliyevin şah əsəri olan Azərbaycanı daha da zəngin, qüdrətli ölkəyə çevirəcəyini, hər bir azərbaycanlının Prezidenti olacağını xalqa bəyan etdi.

Ən ədalətli hakim olan zaman göstərdi ki, İlham Əliyev nəinki uzaqgörən və praqmatik siyasətçidir, eyni zamanda müdrik və realist bir dövlət xadimidir. Cənab İlham Əliyev "600 min yeni iş yeri açacağıq" söyləyəndə həm də 600 min ailənin həyat səviyyəsinin yüksələcəyini düşünürdü. 5 il ərzində ölkədə vəd olunan 600 min iş yeri əvəzinə 900 min yeni iş yeri açıldı ki, bunun da 700 mini daimi iş yerləri idi. Əhalinin məşğulluğunun təminatı sonrakı illərdə də dövlət başçısının diqqət mərkəzində oldu və bu illər ərzində ölkədə 2 milyondan artıq yeni iş yeri açıldı, işsizlik 10 dəfə aşağı düşdü. 2003-cü ildən bu yana ölkədə minimum əməkhaqqı 13 dəfədən çox artdı, 2022-ci ildən isə minimum əməkhaqqı 300 manat olmaqla yaşayış minimumunu (210 manat) 30 faiz üstələdi.

Uğurla aparılan sistemli islahatlar nəticəsində 2009-cu ildə ölkəmizdə iqtisadi sahədə keçid dövrü başa çatdı, 2013-cü ildə isə cənab Prezident Azərbaycanın sosial dövlət olduğunu ölkə vətəndaşlarına və dünya ictimaiyyətinə bəyan etdi. Ardınca 2018-ci ildə növbəti dəfə xalqının böyük etimadını qazanaraq Prezident seçilən cənab İlham Əliyev ölkəmizdə dərin sosial islahatlara başladı. Həmin ildən sonrakı dövrdə dövlət başçısının imzaladığı 40-dan çox fərman və sərəncamla ölkə əhalisinin əksəriyyətini əhatə edən 3 sosial islahat zərfi icra olundu və bu paketlərin illik maliyyə dəyəri 6,5 milyard manata çatdı.

Bu islahatların nəticəsində son 4 ildə:

- minimum əməkhaqqı 2,3 dəfə;

- orta aylıq əməkhaqqı 40 faizə yaxın;

- median əməkhaqqı 74 faiz artmışdır;

- minimum pensiyada 2,2 dəfə;

- orta pensiyada 65 faiz;

- müavinət və təqaüdlərdə orta hesabla 2,5-3 dəfə artım baş vermişdir.

 

Postmüharibə dövründə sosial dəstək

 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü, inamlı, səfərbəredici fəaliyyəti sayəsində qəhrəman Milli Ordumuz tərəfindən torpaqlarımız işğaldan azad edildi, Azərbaycanın ərazi bütövlüyü təmin edildi.

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailə üzvləri, bu haqq savaşımızda şanlı zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçiləri, qazilərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin daim xüsusi diqqət və qayğıkeşliyi ilə əhatə olunmuşlar. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir.

Postmüharibə dövründə dövlət büdcəsi vəsaiti hesabına mülki və hərbi kontingent olmaqla 40 000-dən çox şəxsə 48 000 psixoloji, tibbi, sosial və s. xarakterli xidmət göstərilmiş, 7500 müharibə əlili avtomobillə təmin olunmuşdur. Ümumiyyətlə, bu günə qədər dövlət siyasəti olaraq şəhid ailələri, müharibə əlillərinin sosial müdafiəsi istiqamətində çox böyük işlər görülmüşdür. Onu demək kifayətdir ki, həmin kateqoriyadan olan 12500 nəfər dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin edilmişdir. Təkcə keçən il 3000 mənzil verilmişdir. 2025-ci ildə isə bütün şəhid ailələri və qazilərin mənzil məsələsi həll edilib başa çatacaqdır.

Bunlardan əlavə, şəhid ailələrinin üzvləri və müharibə veteranlarının fəal məşğulluq tədbirləri çərçivəsində 52 min nəfər daimi işlə təmin olunmuş, 8 min 100 nəfər özünüməşğulluq proqramına, 56 min nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb edilmişdir. Eyni zamanda 29 min 200 nəfər reabilitasiya vasitələri ilə təmin olunmuş, 2 min 600 nəfərə reabilitasiya xidmətləri göstərilmişdir. Bu qəbildən olan vətəndaşların orta aylıq əməkhaqqı 2018-2020-ci illərdə 30, orta aylıq pensiyası isə 60 faiz artmışdır.

 

Humanizmin ünvanı - Heydər Əliyev Fondu

 

Azərbaycanda sosial siyasətin və geniş spektrli sosial dəstək proqramlarının həyata keçirilməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun böyük rolu və əhəmiyyəti vardır. 2004-cü ildə müasir Azərbaycan dövlətinin banisi və qurucusu, Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsi və təbliğ edilməsi, onun azərbaycançılıq ideyasının və dövlətçilik baxışlarının yeni nəsillərə çatdırılması məqsədilə yaradılan fond Mehriban xanımın yüksək təşkilatçılıq istedadı və yorulmaz fəaliyyəti sayəsində müasir Azərbaycanın ictimai-siyasi həyatının mühüm atributuna çevrilmişdir.

Mehriban xanımın çoxşaxəli ictimai-siyasi fəaliyyətinin əsas qayəsi humanizm, əsas istiqamətləri isə milli-mənəvi dəyərlərimizin qorunması, inkişafı və dünyada təbliği, sosial müdafiəyə ehtiyacı olan şəxslərə, xüsusilə şəhid ailələrinə, qazilərə, valideyn himayəsindən məhrum olan uşaqlara qayğıkeşliyi, səhiyyənin, təhsilin, mədəniyyətin, idmanın inkişafına dəstək verilməsi, keçmiş Qarabağ probleminin, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, bölgədə və dünyada ədalət, sülh, tolerantlıq, əməkdaşlıq və s. kimi aktual məsələlərdir. Bu sırada Heydər Əliyev Fondunun ölkədaxili fəaliyyəti ilə yanaşı, beynəlxalq əhəmiyyətli, sosial, mədəni, humanitar fəaliyyəti də mütləq qeyd olunmalıdır.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir çox sosial, humanitar layihələr, o cümlədən ailə quran şəxslərin nikah öncəki icbari tibbi müayinəsinin həyata keçirilməsi, ana və uşaqların mühafizəsi, talassemiya və hemofiliya xəstələrinə dəstək haqqında, habelə valideyn himayəsindən məhrum olmuş, eləcə də I və II qrup əlil uşaqların təhsil haqlarının ödənilməsinin dövlət büdcəsi tərəfindən həyata keçirilməsini təmin edən qanunvericilik aktlarının qəbul edilməsi sosial sahədə islahatların növbəti addımı kimi olduqca əhəmiyyətlidir.

Heydər Əliyev Fondunun sədri Mehriban Əliyeva fondun fəaliyyətini çox dəqiq ifadə edərək demişdir: "Rəhbərlik etdiyim Heydər Əliyev Fondu artıq 13 ildir ki, öz fəaliyyətini humanizm prinsipləri əsasında qurub. Biz bu illər ərzində bir çox irimiqyaslı layihələr icra etmişik. Biz Azərbaycanın ictimai və siyasi həyatında fəal iştirak edirik. Biz infrastruktur layihələri icra edirik. Eyni zamanda biz 13 il ərzində ayrı-ayrı insanların problemlərinə heç zaman biganə qalmamışıq. İnsanlarla ünsiyyətdə olmaq, onları dinləmək və eşitmək, köməyə ehtiyacı olana kömək etmək, mənəvi dəstək vermək Heydər Əliyev Fondunun hər bir əməkdaşının birbaşa vəzifəsidir. Hesab edirəm ki, bu, dövlət qurumlarında çalışan bütün insanların əsas borcu və vəzifəsidir. Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar".

 

Davamlı inkişaf və dərin sosial islahatlar yolunda

 

Əlçatan və təhlükəsiz ərzaq təminatı, ekoloji salamatlıq, sosial rifah, səhiyyə və təhsil kimi yaxşı həyat keyfiyyəti üçün vacib olan şərtlər insan həyatının, ömür uzunluğunun müsbət inkişafına təsir edən amillərdir.

Prezidentin 2016-cı il 9 dekabr tarixli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının Milli iqtisadiyyat perspektivi üzrə Strateji yol xəritəsi"nə görə, 2025-ci ildən sonrakı dövrdə yoxsulluq tam şəkildə aradan qaldırılacaq, qeyri-məşğul əhalinin sayı minimuma endiriləcək, ölkə üzrə yaşayış minimumundan aşağı olmayan səviyyədə pensiya (bu bənd artıq icra olunmuşdur - M.Q) veriləcək, əməkhaqqı və sosial müavinətlər tam həyata keçiriləcəkdir. Bu məqsədlə qəbul olunmuş pensiya islahatları konsepsiyası uğurla həyata keçirilir. Həmin islahatların nəticəsində əhalinin sosial müdafiəsi daha da güclənəcək, sosial ədalət, şəffaflıq və ünvanlılıq tam təmin olunacaqdır. Yeni və layiqli əməkhaqqı verəcək iş yerlərinin açılması, yeni texnologiyaların tətbiqi nəticəsində fiziki əməyin yüngülləşdirilməsi, iş saatlarının və iş günlərinin azaldılması nəticəsində vətəndaşların istirahət və ailədə daha çox vaxt keçirmək imkanları genişlənəcəkdir. Layiqli iş yerlərinin sayının çoxalması minimum əməkhaqqı məbləğində işləyən insanların sayının azaldılmasına, ölkə üzrə minimum əməkhaqqının orta əməkhaqqı səviyyəsinin 60 faizə çatmasını təmin edəcəkdir.

Həyat keyfiyyətinin yüksəldilməsi üçün vacib şərtlərdən biri də insanların mənzil təminatının yaxşılaşmasıdır. Hazırda sosial müdafiəyə daha çox ehtiyacı olan vətəndaşlarımız - qaçqın və məcburi köçkünlər, şəhid ailələri və Qarabağ əlilləri dövlət büdcəsi vəsaiti hesabına tikilən mənzillərlə təmin olunurlar. Digər kateqoriyadan olan vətəndaşların mənzil təminatının həyata keçirilməsi üçün isə İpoteka Fondu fəaliyyət göstərir. Prezidentin fərmanı əsasında yaradılmış Mənzil İnşaatı Dövlət Agentliyi artıq fəaliyyətə başlamışdır və ölkəmiz üçün yeni olan sosial mənzillər layihəsini uğurla həyata keçirir. MİDA tərəfindən indiyə qədər 5000-ə yaxın mənzil tikilmiş və uyğun şərtlərlə vətəndaşlarımıza satılmışdır. Bu proqramın daha da genişlənməsi, təkmilləşməsi, ölkəmizin daha çox bölgələrini əhatə etməsi istiqamətində fəal iş aparılır.

İnsan kapitalının inkişafında heç şübhəsiz ki, əsas yerlərdən birini səhiyyə sisteminin inkişafı, tibbi xidmətlərin keyfiyyəti və insanların bu xidmətlərə əlçatanlığı təşkil edir. Son illərdə səhiyyə sahəsində görülən işlər, əldə edilən uğurlar vətəndaşlarımızın sağlamlığının möhkəmlənməsi, rifahının yüksəlməsi və orta ömür uzunluğunun artmasına nail olmağa imkan vermişdir. Bu gün Azərbaycanda orta ömür uzunluğu 77 yaş təşkil edir ki, bu da dünya üzrə yaxşı göstərici sayılmaqdadır.

Səhiyyə sahəsində aparılan davamlı islahatların ən uğurlu nəticəsi kimi ölkə ərazisində icbari tibbi sığortanın tam tətbiq olunmasının təmin edilməsini qeyd edə bilərik. İcbari Tibbi Sığorta sisteminə keçid vətəndaşlarımızın səhiyyə xidmətlərinə əlçatanlığının yaxşılaşdırılmasını, səhiyyənin profilaktika istiqamətinin gücləndirilməsini, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsini, tibbi xərclərin optimallaşdırılmasını, sağlam rəqabətin formalaşmasını təmin edəcək, bu sahədə korrupsiya, rüşvətxorluq və digər neqativ halların aradan qaldırılmasına şərait yaradacaqdır.

Məlum olduğu kimi, dünyanı çənginə almış koronavirus pandemiyası 2020-ci ilin əvvəllərindən başlayaraq bütün dövlətləri və xalqları sınağa çəkdi. Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və vətəndaşların həyat səviyyəsinə mənfi təsirlərinin azaldılması ilə bağlı 19 mart 2020-ci il tarixli sərəncamının icrası olaraq Nazirlər Kabineti tədbirlər planı hazırladı. Tədbirlər planında nəzərdə tutulan maliyyə-iqtisadi tənzimləmə tədbirləri ilə yanaşı, hökumət məşğulluq və sosial müdafiə tədbirlərinə ciddi önəm verdiyini bir daha bəyan etdi. Koronavirusla mübarizə çərçivəsində həyata keçirilən sosial müdafiə tədbirləri çoxşaxəli olmaqla, 4 istiqaməti, 10 tədbiri nəzərdə tutmuş və 5 milyona yaxın insanı əhatə etmiş, maliyyə tutumu 610 milyon manata yaxın bir məbləğə çatmışdır. Bu tədbirlər sayəsində 300 min iş yeri iflasdan xilas olmuş, dövlət büdcəsindən maaş alan 910 min, özəl sektorda çalışan 794 min işçinin orta aylıq əməkhaqqı saxlanılmışdır. Eyni zamanda işsiz və işaxtaran vətəndaşların, xüsusilə əmək müqaviləsi olmadan çalışan, karantin dövründə isə işsiz qalan şəxslərin sosial müdafiəsini təmin etmək üçün aylıq əməkhaqqı 250 manat olmaqla 90 min sosial iş yeri açılmış, 600 min şəxsə isə yaşayış minimumu (190 manat) məbləğində müavinət verilmişdir.

Özünüməşğulluq proqramının genişlənməsini, 132 növ xidmət təklif edən DOST mərkəzlərinin yaranmasını, 21 sosial təminat növü üzrə elektron təyinat sistemlərinin istifadəyə verilməsini, ünvanlı sosial yardım və əlillik təyinatı sahəsində şəffaflığın təmin edilməsini, əhalinin həssas qruplarının sosial təminatının yaxşılaşdırılması sahəsində görülən işləri də sosial sahədə hökumətin uğurlu fəaliyyəti siyahısına əlavə etmək yerinə düşərdi. 2020-2025-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 22 min şəxsin özünüməşğulluq proqramı üzrə kiçik biznesə çıxışına dəstək verilməsi ilə bağlı Dünya Bankının nazirliklə əməkdaşlığı çərçivəsində "Azərbaycanda Məşğulluğa Dəstək" layihəsi təsdiq olunmuş və 25 iyun 2020-ci ildə layihə üzrə kredit sazişi imzalanmışdır. Dəyəri 100 milyon ABŞ dolları təşkil edən layihə üzrə 2020-ci il ərzində 2 min nəfərin özünüməşğulluğa cəlb edilməsi və növbəti 2021-2025-ci illər ərzində hər il üçün iştirakçı sayının 5 min nəfər olması nəzərdə tutulmuşdur.

Yeri gəlmişkən qeyd edək ki, 2021-ci ildə ölkədə iqtisadi fəal əhalinin sayı 5390,1 min nəfər olmuşdur ki, onun da 451,6 min nəfərini işsiz əhali təşkil etmişdir. Ölkəmizdə aparılan sosial islahatların tərkib hissəsi olaraq, aktiv əmək bazarı proqramlarının əhatə dairəsinin genişləndirilməsi, aztəminatlı əhali kateqoriyasının gəlir mənbələrinə çıxışının daha da artırılması, yeni iş yerlərinin yaradılması və əhalinin məşğulluğunun təmin edilməsi sahəsində tədbirlərin davam etdirilməsi, insan kapitalının inkişafı məqsədilə təhsil sahəsinə investisiyaların artırılması, gender bərabərliyinə nail olunması, icbari tibbi sığorta sisteminə tam əlçatanlığın təmin olunması aktuallıq kəsb edən məsələlərdir.

 

Yeni reallıqlar, yeni hədəflər

 

İndi Azərbaycan dövləti öz tarixinin ən qürurlu, qüdrətli və şərəfli tarixini yaşayır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində düşməni darmadağın etmiş, torpaqlarımızı işğaldan qurtarmışdır. Uzun illər bölgədə sülhü və asayişi təhdid etmiş erməni faşizmi məhv olunmuşdur.

Müharibənin ilk günlərində Ali Baş Komandan xalqa müraciətində demişdir: "Nəyi nə zaman və necə etməyi mən bilirəm!" Bəli, zaman göstərdi ki, həmişə olduğu kimi, bu dəfə də Prezident İlham Əliyev xalqının və Vətəninin naminə ən doğru olanını edib, edir və gələcəkdə də edəcəkdir.

İndi bölgədə yeni reallıqlar yaranmışdır və bu reallığı biz yaratmışıq, biz də idarə edirik. Postmüharibə dövründə Azərbaycan qarşıda duran bütün siyasi, diplomatik, sosial, humanitar vəzifələri uğurla həll etmişdir: sərhədlərin və ərazi bütövlüyünün qarşılıqlı tanınması, Zəngəzur dəhlizi də daxil olmaqla, bütün kommunikasiyaların açılması, qanunsuz erməni silahlılarının tör-töküntülərinin ərazimizdən çıxarılması, 3+3 formatda bütün bölgə dövlətlərinin iqtisadi maraqlarının təmin olunması və əməkdaşlığın güclənməsi kimi məsələlər danışıqlar masasında Azərbaycanın təklifləri əsasında öz həllini tapmaqdadır.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması bölgənin yeni sosial-iqtisadi mənzərəsini müəyyən etməkdədir. Vətən müharibəsinin qurtarmasından keçən ilyarım ərzində işğaldan azad olunmuş ərazilərimizdə böyük bərpa və quruculuq işləri başlamışdır. Qarabağda və Zəngəzurda torpaqlarımız minalardan təmizlənir, yollar çəkilir, körpülər salınır, tunellər qurulur, elektrik, su, qaz təchizatı bərpa olunur, şəhər və kəndlərimizin baş planları, müasir layihələri hazırlanır. Zəngəzurda və Qarabağda müasir, "ağıllı kənd"lər, qəsəbələr salınır. Bu il məcburi köçkünlərin ilk dəstələri doğma yurdlarına qayıdacaqlar. Bir sözlə, Prezidentin söylədiyi "Qarabağı da, Zəngəzuru da nümunəvi bir bölgə kimi quracağıq. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar!" sözləri günbəgün həyatda öz əməli təsdiqini tapmaqdadır.

Bu günlər Şuşada keçirilən Dünya Azərbaycanlılarının Zəfər qurultayında çıxış edərkən Prezident İlham Əliyev söyləmişdir: "Biz bundan sonra ancaq və ancaq güclənəcəyik və postmüharibə dövrü bunu bir daha göstərdi. Həm ərazilərin bərpası, həm beynəlxalq müstəvidə addımlarımız bizim gücümüzü göstərdi. Çünki postmüharibə dövrü çox həssas bir dövrdür və artıq ilyarım keçəndən sonra tam əminliklə demək olar ki, biz bu çətin sınaqdan da şərəflə çıxdıq".

Mən Qarabağın yenidən qurulacağı, çiçəklənəcəyi, inkişaf edəcəyi, dünyanın turizm mərkəzlərindən birinə çevriləcəyi günlərin lap yaxında olduğunu hiss edirəm. Bakı-Naxçıvan-İstanbul sürət qatarı ilə gedəcəyim günün də uzaqda olmadığına inanıram. Türk coğrafiyasını yenidən birləşdirəcək bu müqəddəs yol həm də qədim Zəngəzur torpağından keçir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 18 aprel tarixində Milli Məclisdə keçirilən andiçmə mərasimində söylədiyi "Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar" sözləri bu gün həyatda öz əməli təsdiqini tapmışdır.

Bu gün Azərbaycan vətəndaşı sabahından arxayındır, bilir ki, onun qüdrətli dövləti var. Bu gün Azərbaycan vətəndaşı qürurludur və sabahına inamlıdır, bilir ki, onu böyük qələbələrə aparan, təminatlı və firavan həyatını təmin edəcək cəsarətli və müdrik Lideri vardır!

 

Musa QULİYEV,

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!