Tariximizə Zəfər günü kimi yazılan o gündən - 2020-ci ilin 8 noyabrından bəri Qarabağın və Şərqi Zəngəzurun düşmən işğalından azad edilmiş bütün yaşayış məskənləri kimi, Şuşanın da üzü gülür. Həmin gün ki Azərbaycanın igid, mərd oğulları öz qəhrəmanlıqları ilə dastan yazdılar. Prezident İlham Əliyev Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində Şuşanın azad olunması müjdəsini verdi: "Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!", - dedi
Şuşada düzənlənən möhtəşəm tədbir
Vətən müharibəsindən sonra Azərbaycanın bu qədim və gözəl şəhərinin, mədəniyyət mərkəzi, Qarabağın baş tacı olan Şuşanın yeni, mənalı, xoş günləri başlayıb. Düşmən işğalında qaldığı otuz ilə yaxın müddətin ağrısı, acısı yavaş-yavaş çıxır, yaraları sağalır.
Şuşa artıq yağıların tapdağı altında inləmir. Bu əsrarəngiz şəhər işğalın davam etdiyi illərdə də Ermənistanın cəhdlərini boşa çıxardı. Erməni vandalları onun tarixini, mədəniyyətini özününküləşdirə bilmədilər. Gücləri yalnız uçurub-dağıtmağa yetdi. Vətən müharibəsindən sonra doğmalarının əlləri ilə yenidən qurulur, canlanır Şuşa...
Ermənistanın əsarətindən qurtulandan bəri Qarabağda həm də tarixi və mədəni ənənələrimiz bərpa edilib, Şuşa şəhərinin işğalı ilə yarımçıq qalmış tədbirlər yenidən düzənlənir. Azad olunandan sonra bu şəhərdə "Xarıbülbül" Musiqi Festivalı, Vaqif Poeziya Günləri keçirildi. Milli Məclisin "Şuşa ili"nə töhfəsi olaraq qala şəhərində parlamentin komitə iclaslarının keçirilməsinə başlanıldı. Daha bir əlamətdar hadisə isə bu illə əlaqədardır. Belə ki, 2023-cü ildə Şuşa Türk dünyasının mədəniyyət paytaxtı elan olunub.
Zəfər adı xalqımıza çox yaraşır
Keçən il Şuşada təşkil olunan ən unudulmaz tədbirlərdən biri də Dünya Azərbaycanlılarının V Qurultayının bu şəhərdə keçirilməsi oldu. Həmin əlamətdar gündə dünyanın müxtəlif yerlərində, fərqli məkanlarında yaşayan həmvətənlərimiz böyük fəxarət, qürur hissləri yaşadılar.
Tarixə Zəfər qurultayı kimi yazılan Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçıları və Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) əməkdaşları əvvəlcə respublikamızın paytaxtında Fəxri xiyabanı, Birinci və İkinci Şəhidlər xiyabanlarını ziyarət etdilər. Sonra Şuşa şəhərinə yola düşdülər. Dünya Azərbaycanlılarının V Qurultayında 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak etdi.
Prezident İlham Əliyev vurğuladı: "Biz bu gün azad Qarabağda, azad Şuşada dünya azərbaycanlılarının qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə, zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır". Dövlət başçısı bildirdi ki, bundan sonra xalqımız müzəffər xalq kimi, dövlətimiz qalib dövlət kimi yaşayacaq.
Qeyd edək ki, Dünya Azərbaycanlılarının I qurultayı 2001-ci il noyabrın 9-10-da, II qurultayı 2006-cı il martın 16-da, III qurultayı 2011-ci il iyulun 5-6-da, IV qurultayı 2016-cı il iyunun 3-4-də keçirilib. Növbəti - V qurultayın Şuşada təşkil olunması birliyimizin, həmrəyliyimizin böyük təntənəsi, həmçinin otuz ilə yaxın davam edən Ermənistanın işğalından sonra Şuşaya azad səfər etməyimizin, nisgilə, həsrətə birdəfəlik son qoymağımızın qürurunun və sevincinin təcəssümünə çevrildi.
Dünya azərbaycanlıları vətənpərvərliklərini nümayiş etdirdilər
Dünya Azərbaycanlılarının V Qurultayında qalib Azərbaycan xalqının müxtəlif ölkələrdə yaşayan nümayəndələri Şuşaya toplaşdılar. Bu qurultayın məhz Şuşada düzənlənməsi böyük rəmzi məna daşıyırdı. Qeyd edək ki, bütün dünyada yaşayan azərbaycanlılar öz vətənpərvərliklərini, birliklərini, həmrəyliklərini 2020-ci ildə Vətən müharibəsinin davam etdiyi günlərdə nümayiş etdirmişdilər. Həyəcan, təşviş, ümid, arzu dolu o günlərdə hər bir azərbaycanlı bir amalda birləşməyi bacardı. Uşaqdan böyüyədək hər kəs intizarla qəhrəman Azərbaycan Ordusunun uzun illər düşmən işğalında qalan torpaqlarımızı azad etməsi xəbərini gözləyirdi. O günlərdə dünyanın bütün ölkələrində yaşayan soydaşlarımız fəallıq, birlik nümayiş etdirir, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün əllərindən gələni əsirgəmirdilər. Dünyanın 30-dan çox ölkəsində Azərbaycan diaspor təşkilatlarının keçirdikləri 200-dək aksiyaya 25 mindən çox azərbaycanlı, eyni zamanda dost xalqların nümayəndələri iştirak etdilər. Vətən müharibəsinin davam etdiyi günlərdə 300-ə yaxın diaspor təşkilatı ayrı-ayrı ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər etdilər. Bu birlik və bərabərliyin ən böyük müjdəsi və mükafatı isə məğlubiyyətin ağır mənəvi yükündən qurtulmağımız, Ermənistanın işğalına son qoyulması oldu.
Artıq Zəfər günü zəfər illərinə qovuşub. Hər bir azərbaycanlı qürurla bu illərin sevincini duyur, erməni vandallarının xarabalığa çevirdikləri yaşayış məskənlərimizin abad edildiyinin şahidlərinə çevrilir.
Bütün dünyada qələbələrimizi görüb şad olan dostlarımız olduğu kimi, düşmənlərimiz də var. Düşmənin arzularını gözlərində qoymağın, onları uğurlarımızla, iqtisadi, mədəni sahələrdə inkişafımızla məğlub etməyin ən gözəl yolu isə vətənimizi sevmək, onun yolunda hər zaman birlik, bərabərlik və həmrəylik nümayiş etdirməyimizdir.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"