Ötən əsrin 90-cı illərindən etibarən oktyabrın 1-i dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd edilir. Bu əlamətdar gün 1990-cı il dekabrın 14-də BMT-nin Baş Assambleyasının qətnaməsinə əsasən təsis edilib. Beynəlxalq Ahıllar Gününün qeyd edilməsinin başlıca məqsədi ailə və icmaların həyatında ahıl və yaşlıların iştirakını fəallaşdırmaq, onların hüquq və ehtiyaclarını diqqətə çatdırmaqdır.
Ümummilli Lider Heydər Əliyev tərəfindən ahılların sosial müdafiəsinin diqqətdə saxlanılmasının, onlara xüsusi qayğının göstərilməsinin nəticəsidir ki, Beynəlxalq Ahıllar Günü 1993-cü ildən başlayaraq hər il ölkəmizdə də qeyd olunur.
"Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, yaşı 70-ə çatmış şəxslər ahıl hesab olunur. Statistikaya əsasən, ölkəmizdə ahılların sayı təxminən 450 min nəfərdir.
Ahıllara qayğı sosial siyasətin prioritetlərindəndir
Ahıl həyata rəng qatan, örnək olan insandır. Onların həyat təcrübəsindən bəhrələnmək nəsillər arasında körpü yaratmaq üçün çox zəruridir. Ahıllarla söhbət etmək, onların məsləhətlərini dinləmək varislik əlaqəsini bərpa etmək baxımından xüsusilə gənc nəslə fayda verir.
Ölkəmizdə aparılan davamlı sosial islahatlar nəticəsində həssas əhali qruplarından olan şəxslərin, o cümlədən tənha ahılların sosial müdafiəsi dəfələrlə gücləndirilib. Bu kateqoriyadan olan vətəndaşlarımız hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində son illərdə müasir tələblərə uyğun şərait yaradılıb. Beşmərtəbəli 170 yerlik əlavə korpus istifadəyə verilməklə çarpayı sayı 300-ə çatdırılıb. Sakinlərin yaşayışı, keyfiyyətli sosial xidmətlərlə əhatə olunmaları, asudə vaxtlarını mənalı keçirmələri üçün şərait yaradılıb. Müəssisədə kitabxana və idman zalları, müəyyən əl işləri hazırlamaq üçün emalatxanalar və sair ahılların istifadəsindədir. Hazırda sosial xidmət müəssisəsində təxminən 200 ahıl yaşayır.
Həmçinin daimi olaraq əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlilliyi olan şəxslərə sosial xidmətçilər tərəfindən evdə səyyar xidmətlər göstərilir. Sosial xidmətçilər tənha ahıl və fiziki məhdudiyyətli şəxslərin evlərinə gedərək onlara ev təsərrüfatında, əsas tələbat mallarının alınması və digər işlərdə kömək göstərirlər.
Statistikaya əsasən, cari ildə tənha və əlilliyi olan 6185 nəfərə evlərində sosial-məişət xidmətləri göstərilib ki, onlardan 5456 nəfərin yaşı 70 və yuxarı olanlardır.
Əmək pensiyaları ilbəil artırılır
2006-cı ildən etibarən ölkəmizdə tətbiq edilən sığorta-pensiya modeli müasir dünya standartlarına cavab verir, ən mühüm elementləri özündə birləşdirir. Bu sahədə həyata keçirilən islahatlar nüfuzlu beynəlxalq təşkilatlar, maliyyə institutları tərəfindən də yüksək qiymətləndirilir. Yeni sığorta-pensiya sistemində pensiyaların artırılması, bazar iqtisadiyyatının tələblərinə uyğun dəyişdirilməsi mövcud maliyyə imkanlarımızın, xüsusilə, əmək pensiyaçıları arasında ədalətli bölgüsünə imkan verir. Nəzərə almaq lazımdır ki, ölkəmizdə əmək pensiyaçılarının əsas hissəsini ahıl şəxslər təşkil edir.
Ötən beş ildə Prezident İlham Əliyev yaşa görə əmək pensiyasının baza və sığorta hissəsinin artırılması ilə bağlı dəfələrlə sərəncamlar imzalayıb. Beləliklə, yeni sistemin tətbiqindən sonra əmək pensiyalarının minimum və orta aylıq məbləği təxminən 3-4 dəfə artıb.
İkinci Dünya müharibəsi iştirakçısı olmuş ahıl vətəndaşlar da daim qayğı ilə əhatə olunur, Prezidentin aylıq təqaüdləri ilə təmin edilirlər. Müharibə iştirakçısı olmuş həmin vətəndaşların təqaüdlərinin məbləği ötən dövrdə dəfələrlə artırılıb, pensiyalarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr hesablanıb. Hər il 9 May Qələbə Günü ərəfəsində dövlət başçısının sərəncamları ilə həmin kateqoriyadan olan ahıllara birdəfəlik maddi yardımlar ödənilir. Ötən illər ərzində dövlət tərəfindən İkinci Dünya müharibəsi əlillərinə mənzil və avtomobillər bağışlanıb.
Azərbaycan təcrübəsi nümunə kimi qəbul olunur
Ahıllara göstərilən diqqət və qayğı nəticəsində onların formalaşmış güzəranı bütün cəmiyyətin yaşayış keyfiyyətinin yüksəlməsindən xəbər verir. Dövlətimiz yaşlı və ahılların ən böyük himayəçisidir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu bu ənənə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir, ahılların qayğı və problemləri daim diqqətdə saxlanılır.
Son illər "Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi" layihəsi çərçivəsində yaşlı insanların rifahının təşviqi, tənhalıq və sosial təcriddən uzaq olmaları, onların fəal həyat tərzi keçirmələri üçün tədbirlər reallaşdırılıb. Layihənin əsas uğurlarından biri kimi, BMT Avropa üzrə İqtisadi Komissiyasının Siyasi İcmal buraxılışında Azərbaycan fəal yaşlanma sahəsində müsbət təcrübə nümunəsi olan ölkələr sırasında təqdim edilib.
Əlbəttə ki, yaşından asılı olmayaraq heç kəs cəmiyyətdən kənarda qalmamalıdır. Bu baxımdan Azərbaycanda ahıl şəxslərə göstərilən dövlət qayğısının ildən-ilə artırılması təqdirəlayiqdir. Ölkəmizdə yaşlı və ahıl vətəndaşlara həssas münasibət hər zaman aktualdır.
Nəzrin QARDAŞXANOVA,
"Azərbaycan"