28 Yanvar 2025 16:30
260
SİYASƏT
A- A+
Donald Tramp administrasiyası praqmatizmi dəyərləndirir  

Donald Tramp administrasiyası praqmatizmi dəyərləndirir  


Azərbaycan-ABŞ münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəltmək üçün böyük baza və real potensial var


ABŞ Prezidenti Donald Tramp inaqurasiyası zamanı etdiyi çıxışda həm müttəfiq, həm də rəqib dövlətlərə münasibətdə səsləndirdiy "Öncə Amerika" prinsipini eyni sərtliklə nümayiş etdirməkdədir. Prezident Trampın Davos İqtisadi Forumunda onlayn formatda etdiyi çıxışda da bu yanaşmanı beynəlxalq auditoriya üçün də təkrarlaması xarici siyasət sahəsində onun edəcəyi ciddi dəyişikliklərdən xəbər verir. 

ABŞ-ın yeni Dövlət katibi Mark Rubionun öz X sosial şəbəkə hesabındakı aşağıdakı açıqlaması da xarici siyasətdə çox məsələlərə yenidən baxılacağı müjdəsini verir: “Hər xərclənən dollar, hər maliyyələşdirilən layihə, həyata keçirilən siyasət ABŞ-ni daha təhlükəsiz, daha güclü və firavan etməsi nöqteyi-nəzərindən əsaslandırılmalıdır.” 

Prezident Donald Tramp artıq xarici ölkələrə ABŞ-ın göstərdiyi yardımın yenidən qiymətləndirilməsinə dair sərəncam imzalayıb. Bu, yardımın 90 gün müddətinə dayandırılmasını nəzərdə tutur (burada istisna yalnız iki dövlətə, İsrail və Misirə münasibətdə edilib). Trampın imzaladığı sənəddə qeyd edilir ki, ABŞ-ın xarici yardım sahəsi və onun daxilində hökm sürən bürokratiya Amerikanın maraqlarına uyğun deyil və bir çox cəhətdən Amerika dəyərlərinə ziddir.

Bu vəsaitlərin öz təyinatı üzrə xərclənməməsi barədə suallar həm də qəbul edən tərəflərdə yaranıb. Məsələn, Gürcüstanın baş naziri İrakli Kobaxidze ötən həftə mətbuat konfransında deyib ki, “ABŞ-dan gələn pullar tez-tez digər ölkələrin suverenliyinə xələl gətirmək üçün proseslərin maliyyələşdirilməsinə istifadə olunurdu. Məlum oldu ki, Amerika pulları düzgün olmayan prosesləri maliyyələşdirmək üçün sərf olunurdu.”

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Bayden-Blinken administrasiyası dönəmində Ermənistana (texniki) yardımları faktiki ikidəfə artıraraq 250 milyon dollara çatdırıb. Bu xərclər hətta Ermənistanın iqtisadi və ya sosial inkişafına yönəldilsə də, həmin yardımlar təcavüzkar kemişi olan, revanşist meyilli Ermənistana imkan verir ki, bunun sayəsində öz büdcəsində həmin sahələrə vəsait ayırmasın, qənaət etsin və bu vəsaiti hücumxarakterli silahlanmaya yönəltsin. Bu da göstərir ki, hətta humanitar xarakterli düşünülən yardımlar, reallıqda başqa məqsədlər üçün sui-istifadə olunur. 

Diplomatiyada siyasi müdaxilə məqsədilə “yumşaq vasitə və ya alət” kimi istifadə edilən texniki yardım məsələsinə yenidən baxılması həm yeni Amerika administrasiyası tərəfindən, həm də qəbul edilən tərəfdən qaldırılırsa, deməli islahat aparılası məqamlar çoxdur. Ermənistana edilən davamlı yardımlar aidiyyəti regiona münasibətdə sabitliyin və sülhün əldə edilməsində çoxsaylı suallar və narahatlıq yaradırsa, deməli həmin yardımların təyinatına və effektivliynə yenidən baxılmalıdır. 

Ermənistan hökuməti xarici siyasətdəki "yelləncək siyasəti" ilə həm Rusiyadan yararlanmağa çalışır, həm də Qərbin yanında olmaq istəyir. Ermənistanın etibarsız tərəfdaş olması, xarici və iqtisadi siyasətdə müstəqil olmaması, alıcılıq qabiliyyətinin çox aşağı olması onun ciddi və etibarlı tərəfdaş kimi qəbul edilməsini çətinləşdirir. 

Bu gün Azərbaycan, Gürcüstan və Ermənistanda siyasi dairələri düşündürən məsələ yeni ABŞ administrasiyasının Cənubi Qafqaz siyasətinin necə gurulacağıdır? Digər bir məqam isə Avropanın yeni təhlükəsizlik arxitekturasının gələcəyi və onun Cənubi Qafqaz regionuna təsiri ilə bağlı məsələlərdir. Hərbi büdcəsi 824 milyard ABŞ dollarından çox olan ABŞ-ın yeni Prezident Administrasiyası NATO üzvü olan Avropa tərəfdaşlarından müdafiələrinin təşkili ilə bağlı xərclərini özlərinin təmin etməsi üçün hərbi xərclərini ÜDM-in 5 faiz həcminədək qaldırmasını tələb edir. Hazırda əksər Avropa dövlətlərində bu xərc 2-3 faiz arasında dəyişir. Hərbi xərclərin artırılması NATO üzrə tərəfdaş kimi Birləşmiş Ştatları qane etsə də, Avropa İttifaqı üzvü dövlətlər arasında rəqabət və qısqanclığı gücləndirir, məsələn, Almaniyanın hərbi xərclərinin artması qonşu Polşa və eləcə də İtaliya tərəfdən narahatlıqla qəbul edilir. 

Rusiya-Ukrayna müharibəsinin dayandırılması və bu problemin hərtərəfli həlli ilə bağlı müzakirə olunan əsas məsələlərdən biri Avropanın ümumi təhlükəsizlik axritekturasının gələcəyi, Rusiya və NATO dövlətləri arasında təhlükəsizlik zəmanəti ilə bağlıdır. Xüsusi ilə birinci məsələ kontekstində Cənubi Qafqaz dövlətlərinin təhlükəsizliyi ilə bağlı məsələlər də hansısa formada və hansısa mərhələdə müzakirə predmetində yer ala bilər. 

Rusiya rəhbərliyi ABŞ-nin yeni administrasiyası ilə görüşə hazırlıq istiqamətində regional və qlobal mövqelərini möhkəmləndirir. Kremldə İranla hərtərəfli strateji tərəfdaşlıq haqqında sənədin imzalanması, Çinlə dövlət başçıları səviyyəsində onlayn formatda keçirilən görüşdə dostluq münasibətləri və çoxqütblü dünya düzəninin əhəmiyyətinin vurğulanması bunu təsdiq edir. Rusiya üçün prioritet məsələ ABŞ və Avropa dövlətləri ilə Ukraynaya dair danışıqlarda güclü mövqedən çıxış etmək və daha çox siyasi və hərbi-təhlükəsizlik güzəşti əldə etməkdir. 

Azərbaycan ABŞ-la enerji, nəqliyyat-logistika, terrorizmlə mübarizə sahələrindəki uzunmüddətli səmərəli əməkdaşlıqdan çıxış edərək, münasibətlərə yeni məzmun verilməklə onu strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaqda maraqlıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ABŞ-ın 47-ci Prezidenti Donald Trampa ünvanladığı təbrik məktubunda da bu faktor vurğulanmışdır: “Azərbaycan ilə Birləşmiş Ştatlar özlərinin milli təhlükəsizlik maraqları əsasında qlobal çağırışlara və təhdidlərə, beynəlxalq terrorizmə və onun müxtəlif təzahürlərinə qarşı mübarizədə daim sıx əməkdaşlıq ediblər.”

Müstəqilliyimizin ilk illərində transmilli enerji şirkətləri ilə birgə Azərbaycanın Xəzər dənizi sektorundakı neft və qaz ehtiyatlarının istismarı və ixracı ilə bağlı fəaliyyətin həyata keçirilməsində ABŞ hökumətinin siyasi və investisiya dəstəyi mühüm rol oynadı. Azərbaycan öz qazını “Cənub qaz dəhlizi” vasitəsi ilə Avropaya, neftini Bakı-Tbilissi-Ceyhan neft kəməri vasitəsilə Türkiyənin Aralıq dənizi limanı olan Ceyhana ixrac etməklə ABŞ-nin Avropada NATO üzvü olan müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin olunmasına sabit şəkildə töhfə verir. Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən vacib komponentlərindən biridir. NATO üzvü olan dövlətlərin milli təhlükəsizliyinin təminində Azərbaycanın iştirakı isə həm də ölkəmizin dost və etibarlı tərəfdaş kimi beynəlxalq tərəfdaşlıqda mühüm rolunun və funksiyasının olduğunu təsdiqləyir.

Prezident İlham Əliyev Donald Trampa ünvanladığı təbrik məktubunda “ənənəvi sahələrdə qarşılıqlı etimada əsaslanan tərəfdaşlığın qətiyyətlə davam etdirilməsi” ilə yanaşı, “yeni əməkdaşlıq sahələri üzrə də sıx işləmək” qətiyyətini və “əməkdaşlığın yeni məzmun kəsb edəcəyinə” inamını ifadə etdi. Cari il yanvar ayının əvvəlində Prezident İlham Əliyev yerli mətbuat nümayəndələri ilə müsahibəsində Birləşmiş Ştatlarla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldımaq ismarıcını açıqlamışdı. Strateji tərəfdaşlıq isə əsasən təhlükəsizlik və hərbi-müdafiə sahələrində intensiv əməkdaşlığı ehtiva edir. Prezidentin təbrik məktubundan sitat bunu daha aydın təsdiqləyir: ”İnanıram ki, Sizin yeni prezidentliyiniz dövründə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənəcək və yeni məzmun kəsb edəcəkdir.”

ABŞ-Azərbaycan münasibətlərində digər vacib bir komponent terrorizmlə mübarizədə birgə fəaliyyət və Birləşmiş Ştatlar hökumətinə hakimiyyətdə hansı partiyanın nümayəndəsinin olmasından asılı olmayaraq bu sahədə uzun illər məhdudiyyətsiz dəstəyin göstərilməsidir. Bu sahədə də Azərbaycan özünü etibarlı tərəfdaş kimi doğrultmuşdur. Əfqanıstanda həyata keçirilən uzun müddətli birgə əməkdaşlıq və ABŞ-ın Əfqanıstana müxtəlif təyinatlı uçuşlarının həyata keçirilməsində Azərbaycanın verdiyi nəqliyyat-loqistik yardım ikitərəfli münasibətlərdə etibarlılığa və qarşılıqlı dəstəyin olmasına çox yaxşı nümunədir. Hətta bu səylərin dəstəklənməsi və genişləndirilməsi niyyəti ilə “Azadlığı Dəstəkləmə Aktı”na 1992-ci ildə edilən ədalətsiz 907-ci düzəliş dayandırılmışdır. Amma keçmiş administrasiyanın Əfqanıstandan qaçmasından və Azərbaycanın öz suverenliyini tam bərpa etməsindən sonra Bayden administrasiyası 2023-cü ildə 907-ci düzəlişin bərpasına qərar vermiş və Azərbaycana hərbi yardımların edilməsini dayandırmışdı.

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda ABŞ-nin Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə görüşdə “Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət” göstərildiyini dedi. “907-ci düzəlişin yenidən bərpasını məhz elə Bayden-Blinken administrasiyasının nankorluğunun təzahürü” kimi səciyyələndirən dövlətimizin başçısı “bunun da nəticəsində ikitərəfli əlaqələrin böhrana sürükləndiyini” bildirdi. 

İnaqurasiyası zamanı etdiyi çıxışda "Mən sülhməramlı olmaq, bütün müharibələri dayandırmaq istəyirəm" mesajını verən Donald Tramp dünyada sülhün bərqərar olmasını prioritet elan etdi. Azərbaycan və Ermənistan arasında müharibə yoxdur, çünki Azərbaycan dövləti Ermənistanın beynəlxalq hüquqa zidd işğalına son qoymuşdur. İki ölkə arasında de-fakto sülh və sabitlik var və onun davamlı sülhə çevrilməsi üçün sülh müqaviləsinin imzalanması və onun implementasiyası vacibdir. Bu istiqamətdə də Donald Tramp administrasiyasının sülhməramlı missiyası üçün imkanlar var. Sülh müqaviləsinin əksər müddəaları üzrə razılıq əldə edildiyindən bu, sülh müqaviləsinin imzalanması üçün Ermənistanın konstruktiv addımlar atması və Azərbaycanın məlum obyektiv şərtlərini qəbul etməsi prosesini sürətləndirə bilər. Praqmatizmi qiymətləndirən yeni ABŞ administrasiyasının bu istiqamətdə Azərbaycanın sülh səylərini dəstəkləməsi və əldə ediləcək real nəticə Prezident Donald Trampın başqa regionlardakı sülh missiyası üçün də uğurlu nümunə ola bilər. 

Sadalanan faktorlar ABŞ administrasiyasının Azərbaycanla münasibətləri nəticəyönümlü strateji tərəfdaşlıq səviyyəsində aparmaq və uğurlu perspektivlər əldə etmək üçün yaxşı bazadır.


Rizvan NƏBİYEV, 

Milli Məclisin deputatı,

siyasi elmlər doktoru


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bütün dairələrdə seçkilər normal keçib

02:19
30 Yanvar

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında

02:17
30 Yanvar

"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 82-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

02:17
30 Yanvar

"III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 iyul tarixli 198 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:14
30 Yanvar

bp Xəzər dənizinin Azərbaycan sektorunda Şahdəniz perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin operatoru kimi elan edir ki, saziş üzrə iş proqramı çərçivəsində Şahdəniz Kompressiya (ŞDK) layihəsi üçün Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihəsi podratçı tərəflər adından hazırlanıb və dərc edilib

02:05
30 Yanvar

AŞPA Gürcüstanla bağlı qətnamə qəbul edib  

23:45
29 Yanvar

Lüksemburqun Baş naziri: Azərbaycanın hakimiyyət orqanları ilə dialoqun tərəfdarıyıq  

23:44
29 Yanvar

Ombudsman seçki günü aparılmış müşahidələrə dair açıqlama yayıb

22:21
29 Yanvar

Rusiya hava yollarına məxsus təyyarə Xəzər dənizi üzərində həyəcan siqnalı verib

22:20
29 Yanvar

Prezident Ərdoğan Türkiyə-Azərbaycan-Özbəkistan üçtərəfli görüşünün iştirakçılarını qəbul edib  

22:18
29 Yanvar

Bələdiyyə seçkilərində ən yüksək seçici fəallığı qeydə alınan seçki dairəsi məlum olub

22:17
29 Yanvar

Moldova mediası: Zəngəzur dəhlizi dünyada qəbul edilmiş termindir  

22:16
29 Yanvar

Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının prioritet istiqamətləri müzakirə edilib

22:14
29 Yanvar

Bələdiyyə seçkilərində seçici fəallığı açıqlanıb 

22:12
29 Yanvar

Mətbuat Şurasında bələdiyyə seçkiləri ilə bağlı yaradılmış “qaynar xətt” fəaliyyətini yekunlaşdırıb

20:13
29 Yanvar

Türkiyə XİN rəhbəri: Azərbaycan və Özbəkistan ilə münasibətimiz ən yüksək səviyyədədir

20:10
29 Yanvar

Emmanuel Makron sosial şəbəkələrdə tənqid atəşinə tutulub

19:23
29 Yanvar

Bələdiyyə seçkilərində səsvermə başa çatıb

19:10
29 Yanvar

Türkiyə-Azərbaycan-Özbəkistan biznes-forumu keçirilib

18:30
29 Yanvar

Qurban Qurbanov: Pley-off şansımız qalmasa da, “Olimpiakos”la oyuna ciddi yanaşırıq

18:01
29 Yanvar

Ankarada keçirilən Azərbaycan-Türkiyə-Özbəkistan üçtərəfli nazirlər görüşündə Bəyannamə imzalanıb

17:51
29 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!