Çin Prezident İlham Əliyevin təklif etdiyi inkişaf və bərpa strategiyasını dəstəkləyir və Azərbaycan cəmiyyətinin inkişafına və insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına daha böyük töhfələr verməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao Azərbaycan ilə Çin arasında 2024-cü ildə əməkdaşlığın yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
“Çin ölkədə sənayenin inkişafına və məşğulluğun artmasına kömək etmək məqsədilə Azərbaycanla ticari-iqtisadi və investisiya əməkdaşlığını fəal şəkildə davam etdirməklə yanaşı, ölkədə şəhid övladlarına və imkansız ailələrə yardım məqsədilə layihələr həyata keçirir. Pekin həm də Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasını dəstəkləyir. Çin müəssisələri Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edən kimi müvafiq ərazilərdə kommunikasiya şəbəkələrinin çəkilişində iştirak edib. COP29 çərçivəsində “Energy China” və Azərbaycan tərəfi Füzulidə 160 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin həyata keçirilməsinə dair saziş imzalayıblar ki, bu da Çinin azad edilmiş ərazilərdə “Yaşıl Enerji Zonası”na töhfəsidir.
Bu yaxınlarda səfirliyimiz Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə rəsmi əməkdaşlığa başlayıb. Çin bu əməkdaşlığa əsasən məsul dövlət kimi Azərbaycanda minalardan zərər çəkmiş insanlara hər cür humanitar yardımı göstərməyə davam etməyə, o cümlədən Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına və məcburi köçkünlərin öz doğma ocaqlarına qayıtmasına layiqli töhfələr verməyə hazırdır”, - deyə diplomat bildirib.
Çinin modernləşməyə nail olmaq üçün öz milli şərtlərinə uyğun inkişaf yolunu seçməyə güvəndiyini qeyd edən Tao bunun qərbləşmə ilə eyni olmadığını vurğulayıb. O bildirib ki, inkişaf etməkdə olan ölkələr özlərinə uyğun inkişaf yolunu seçə bilərlər.
“Modernləşmə yalnız bir neçə ölkə üçün mövcud imtiyaz olmamalıdır. Bu, bütün ölkələrin yorulmaz mübarizə yolu ilə əldə edə biləcəyi bərabər hüquq olmalıdır. Biz bir-birindən asılı olmayaraq bütün ölkələrin xalqlarının seçdiyi modernləşmə yoluna hörmətlə yanaşır, ideoloji qarşıdurmanın yaradılmasına, yeni bölücü xətlərin və “təsir dairələrinin” yaradılmasına, habelə daxili işlərə müdaxilə edilməsinə və başqalarına zorla nəyisə tətbiq etdirilməsinə qarşı çıxış edirik”, - deyə müvəqqəti işlər vəkili fikrini yekunlaşdırıb.