Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda keçirilən Sülh Şurasının ilk toplantısında iştirakına adi bir siyasi hadisə kimi baxmaq olmaz. Dünya liderləri ilə birlikdə qlobal problemin həllində iştirak edən Prezident İlham Əliyev Azərbaycanın dünyada özünəməxsus, geosiyasi məsələlərin həll olunması istiqamətində rol oynaya biləcəyini göstərir. Azərbaycanın bu nüfuzunun əsası 44 günlük Vətən müharibəsində yaradılıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağı işğaldan azad edən Ordumuz bütün dünyaya özünün qüdrətini və böyük işlərin öhdəsindən gələ bilmək qabiliyyətini nümayiş etdirdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə deyib.
Onun sözlərinə görə, Qarabağı işğaldan azad edən Azərbaycan kapitulyasiya aktını qəbul etdirərək lovğalanmadı tam əksinə təvazökar siyasətə apararaq regionda sülhə, iqtisadi əməkdaşlığa çağırışlar etdi və bu istiqamətdə əməli addımlar atdı.
“Ermənistanı məğlub etdikdən sonra ona yanacaq verməklə yanaşı, ərazisindən dəmir yolu ilə taxıl göndərilməsinə icazə verərək səmimi və heç bir bəhanə gətirmədən sülh istəyini aydın şəkildə göstərdi. Azərbaycanın Zəfəri regionda yeni siyasi reallıqlar yaratdı ki, bu reallıqlar da dünya dövlətlərinin marağına səbəb oldu. Orta Dəhlizin davamı olan Zəngəzur dəhlizi təkcə Azərbaycan ilə Ermənistanı deyil bütün Avropa və Amerikanı maraqlandırmağa başladı. Rəsmi Bakı bu dəhlizləri yalnız ideya olaraq irəli sürmədi, əməli addımlar ataraq böyük infrastruktur yaratdı. Bu gün işğaldan azad edilən ərazilərdə avtomobil və dəmir yolları tikilir, Naxçıvan ilə Azərbaycanın əsas ərazisinin birləşdirilməsi üçün dəmir yolu bərpa edilir. Bu yol Azərbaycan ilə Türkiyə və Mərkəzi Asiya ölkələri arasında nəqliyyat əlaqəsi yaratmaqla yanaşı, Avropa ilə Asiyanın ticarət əlaqələrinin artmasına xidmət edəcək. Avropa kimi böyük güc mərkəzinin, qlobal siyasətdə fəal rol oynayan bir birliyin enerji təhlükəsizliyini təmin edən Azərbaycan, əlbəttə qüdrətli dövlət hesab edilməlidir. ABŞ-a Cənubi Qafqaz və Mərkəzi Asiyaya sərmayə yatırması üçün yaxın müttəfiq lazımdır. Belə müttəfiq yalnız Azərbaycan ola bilər.
Azərbaycanın yerləşdiyi coğrafi məkan ona böyük üstünlüklər verir. Lakin əsas məsələ bu üstünlükdən istifadə etməyi bacarmaqda, onun köməkliyi ilə müttəfiqlər qazanmaqdadır ki, bunu da Prezident İlham Əliyev həyata keçirərək dünyada Azərbaycanın nüfuzunu, gücünü və qüdrətini artırıb”, - deyə Z.Səmədzadə vurğulayıb.