29 İyul 2025 08:00
2245
SİYASƏT
A- A+
“DƏMİR YUMRUQ” ETİBARLI SÜLH İSTƏYİR

“DƏMİR YUMRUQ” ETİBARLI SÜLH İSTƏYİR


Hərb və sülh münasibətləri daim dünyanı narahat edib, düşündürüb, qayğılandırıb, dəyişdirib!

Bir-birlərinin əksi olsalar da, zaman-zaman bir-birlərini əvəz edib tamamlayıblar!

Sülhə gələ bilməyənlər silaha əl ataraq mübahisəni qanlı hərb meydanında həll etməyə çalışmış, bəzən istəklərinə döyüşərək çatmışlar.

Amma bütün hallarda bütün müharibələr sonda danışıqlarla başa çatmış, tərəflər razılaşaraq sülh müqaviləsi bağlamışlar.

Bəzən insan heyrətə gəlir:

*Axı insanlar əsrlərin təcrübəsindən bilirlər ki, əbədi müharibə yoxdur, hətta yüzillik müharibələr də haçansa başa çatır.

* Axı insanlar bilirlər ki, hər bir müharibə başladığı gündən sülhə doğru gedir və sülhlə qurtarır!

* Axı insanlar yaxşı bilirlər ki, nə qədər vuruşaraq bir-birlərinin qanlarını töküb qurbanlar versələr də, yenə sonda sülhə gələcəklər.

Bunu bəşəriyyətin əsrlərlə yaşı olan "hərb və sülh" təcrübəsi də açıq-aşkar göstərir.

Bütün bunlardan sonra silaha əl atmağa, qan axıtmağa, ömürləri yarıda qoymağa, olanları dağıdıb məhv etməyə hacət varmı?

Avropa dövlətləri əsrlərboyu bir-birlərilə müharibə apararaq bir-birlərini qırmışlar.

Sonda yenə sülhə gəlmişlər!

Bu gün isə bir qurumda birləşərək müharibə təhlükəsindən birlikdə qorunmağa çalışırlar.

Amma bu məqamda da yenə hansısa dövləti silahlandıraraq arxasında dayanır, digəri ilə müharibəyə təhrik edir, hazırlayırlar.

Özləri müharibədən ehtiyat edir, özgə yerlərdə isə müharibə ocağı qalamağa çalışırlar...

Belə çətin dünyada, belə mürəkkəb şəraitdə güclü olmaq azdır, həm də müharibə və qarşıdurmaları sülh yolu ilə çözməyi də bacarmalısan!

Müharibədə qalib gəlməyi bacardığın kimi, istəyinə çatdığın kimi, etibarlı sülh yaratmağı, əməkdaşlığa keçməyi də bacarmalısan!

Bu isə yalnız müdriklərə, uzaqgörənlərə, əsl siyasətçilərə, bir də güclülərə və imkanlılara nəsib olur.

***

"Dağlıq Qarabağ münaqişəsi"nin iki əsrlik tarixi var.

Həmin münaqişəni dövlətsiz erməniləri Azərbaycanın qərbinə köçürərək orada onlara dövlət quran çar Rusiyası yaratmışdı.

Həm də daim "közərən" vəziyyətdə saxlayaraq yaşadırdı.

Bu dövlət Rusiyanın əlində Türkiyəyə qarşı yaradılan forpost idi.

Öz hərbi bazasını da hazır vəziyyətdə daim orada saxlayırdı.

Dünyanın hər yerindən topladıqları erməniləri "yeni Ermənistan"a yığaraq əhalisinin sayını artırmağa çalışırdılar.

Sovet Rusiyası sözdə çar Rusiyasını bəyənməyib daim pisləsə də, "millətlər həbsxanası" adlandırsa da, Ermənistana münasibətdə siyasətini dəyişmədi, əvvəlki kimi saxladı!

"Millətlər atası" sayılan Stalin də ermənilərə xüsusi rəğbətilə seçilirdi.

Yeni dövlətdəki ermənilərin baş sayını artırmaq üçün əvvəlcə onlara yer hazırladı.

1948-1953-cü illərdə yüzminlərlə azərbaycanlını qədim ata-baba torpaqlarından Azərbaycana deportasiya etdirərək onların torpaqlarında və evlərində xaricdən gətirilmə erməniləri yerləşdirdi.

Tarixin hər təlatümlü dönəmində daim Azərbaycandan torpaq qopararaq Ermənistanın ərazisini genişləndirib.

Azərbaycan ilk dəfə - 1918-ci ildə dövlət müstəqilliyi qazananda onu qədim şəhəri olan İrəvanı ermənilərə verməyə məcbur etdilər.

Beləliklə, Azərbaycan şəhəri erməni dövlətinin paytaxtına çevrildi!

Azərbaycan ikinci dəfə - XX əsrin doxsanıncı illərində dövlət müstəqilliyinə nail olanda yenidən köhnə ssenari işə salındı.

Proseslərin baş icraçısı da həmişəki kimi Rusiya oldu!

Moskva erməniləri ayağa qaldırıb, Azərbaycana qarşı torpaq iddialarına start verdi, sonra onları silahlandıraraq hərbi əməliyyatlara, terror aktlarına başladı.

Üzdə özünü sülhpərvər, bitərəf və münaqişəni yatırtmaq istəyən kimi təqdim etsə də, mahiyyətdə hadisələrin əsas icraçı tərəfi oldu!

Təkcə silahı ilə yox, ordusu ilə də hərbi əməliyyatlarda və soyqırımlarının təşkilində fəallıq göstərdi.

Ötən əsrin doxsanıncı illərinin əvvəllərində "köhnə ssenari yeni ifadə" işə salındı.

Bu dəfə Qorbaçovun və Yeltsinin razılıqları və dəstəkləri ilə müstəqillik niyyətinə düşən Azərbaycanı itaət boyunduruğunda saxlamaqdan ötrü yenidən "Qarabağ problemi" qaldırıldı, ermənilərin separatçı əməlləri müdafiə olundu, silahlandırıldı və torpaqlarımızın işğalına rəvac verildi.

Ərazilərimizin iyirmi faizi erməni-rus hərbi birləşmələri tərəfindən ələ keçirildikdən sonra isə "torpaqların sülh yolu ilə" geriyə qaytarılması ssenarisi əsasında daha bir oyunbazlığı başlandı.

***

Bu oyunbazlıq isə düz 27 il çəkdi!

Əvvəlcə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə bağlı dörd qətnamə qəbul etdi.

Həmin qətnamələrdə Ermənistana məxsus hərbi birləşmələrin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb olundu.

Amma qətnamələr icrasız, BMT-nin tələbləri isə kağız üzərində qaldı.

Gülməli deyilmi: dünyanın "ən böyük" və "ən nüfuzlu" təşkilatı öz qətnamələrinin icrasını təmin edə bilmədi.

Sonra ATƏT-in Minsk qrupu yaradıldı.

Guya bu təşkilat "Qarabağ münaqişəsi"ni sülh və danışıqlar yolu ilə çözəcəkdi.

ATƏT-in Minsk qrupu dayanmadan sülhdən danışsa da, dedikləri sözdən o yana getmədi!

Qurumu yaratmaqla əsl niyyəti isə bəlli idi: sülh danışıqlarını sonsuzadək uzatmaq, "de-fakto"nu "de-yure"yə çevirmək, Azərbaycan torpaqlarında "ikinci erməni dövləti" yaratmaqla sonralar həmin "dövlət"i Ermənistana birləşdirmək və beləliklə, yenə də Azərbaycan torpaqları hesabına erməni dövlətinin ərazilərini genişləndirmək!

ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri üzdə sülhdən danışsalar da, əməldə Ermənistana heç bir təsir, təzyiq cəhdi belə göstərmədilər, "xala-xətrin qalmasın" deyə bir sanksiya belə tətbiq etmədilər.

Avropa İttifaqı, AŞPA da üzdə özlərini beynəlxalq hüququn təəssübkeşləri və müdafiəçiləri kimi təqdim etsələr də, əməldə ermənipərəst mövqe sərgilədilər.

Əksinə, müxtəlif dövrlərdə və məqamlarda Azərbaycanı işğalla barışmağa, ərazi güzəştlərinə məcbur etməyə can atdılar!

Lakin Ulu Öndər Heydər Əliyev və  cənab İlham Əliyev heç zaman torpaq itkisi və Azərbaycan ərazilərində yeni erməni dövlətinin yaradılması faktı ilə barışmadılar, Azərbaycanın ziyanına olan heç bir sənədə imza atmadılar!

Eyni zamanda mətbuata bütün açıqlamalarında lazım gəlsə, torpaqları hərbi yolla geriyə qaytaracaqlarını açıq şəkildə bəyan etdilər!

***

Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirən və yarımçıq qalmış işlərini qətiyyətlə həyata keçirən cənab İlham Əliyev prezidentliyinin ilk günlərindən Qarabağ münaqişəsinin ədalətli həlli üçün sülh danışıqlarını davam etdirsə də, hərb variantına hazırlığı dayanmadan davam etdirdi:

* Ən əvvəl tarixinin ən qüdrətli Azərbaycanını yaratdı!

* Hücum diplomatiyasına keçdi, beynəlxalq qurum və təşkilatlarla işi gücləndirdi.

* Müstəqil daxili və xarici siyasət yeridərək dünya birliyində Azərbaycana nüfuzlu yer qazandırdı.

* Beynəlxalq təşkilatlara rəhbərliyi dövründə cənab İlham Əliyev siyasi lider kimi yüksək nüfuz, Azərbaycan çoxsaylı dövlətlərlə bərabərhüquqlu əməkdaşlıq sayəsində özünə xeyli dost, strateji tərəfdaş qazandı!

* Yeni, müasir ordu qurdu, onu ən müasir texnologiyaya əsaslanan silahlarla silahlandırdı!

* Xüsusi təyinatlılar, Komando dəstələri yaratdı, orduya müntəzəm təlimlər keçməklə peşəkarlıq səviyyəsini xeyli yüksəltdi!

Ən nəhayət, əlverişli məqam taparaq "İrəli!" əmrini verdi!

***

Hərbi əməliyyatların ilk günlərindən Azərbaycan Ordusunun bütün parametrlər üzrə düşmən ordusundan üstünlüyü açıq-aydın göründü!

Yeni silahlar, onlardan peşəkarlıqla istifadə, düzgün taktika, ordu hissələri qarşısına qoyulan yaxın və uzaq vəzifələrin vaxtında və dəqiqliklə yerinə yetirilməsi, əslində, yeni tipli ordu yaradılmasından xəbər verirdi.

Azərbaycan bir müharibədə faktiki olaraq üç cəbhədə vuruşurdu:

* Həm hərb meydanında;

* Həm diplomatiya sahəsində;

* Həm də informasiya müharibəsində!

Hər üç cəbhənin qalibi və baş qəhrəmanı Müzəffər Ali Baş Komandan 

İlham Əliyev oldu!

Azərbaycan bir müharibədə üç qələbə çaldı:

* Həm torpaqlarını işğalçılardan azad etdi;

* Həm ölkənin ərazi bütövlüyünə nail oldu;

* Həm də dövlət suverenliyini və Konstitusiya əsaslarını təmin etdi!

44 gün çəkən bu müharibə eyni zamanda göstərdi ki:

* Ermənistan dövləti və ordusu heç də "məğlubedilməz dövlət" və "məğlubedilməz ordu" deyilmiş...

* Dostlarının hərbi əməliyyatlar dövründə dayanmadan Ermənistana silah-sursat verməsi, hava yollarını onun üzünə açaraq yardım daşımaları da mənasız imiş.

* Azərbaycan dediklərini etməyi və istədiklərinə nail olmağı bacardı!

Sonda Müzəffər Ali Baş Komandan İlham Əliyevin söylədiyi şərtlər əsasında kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanat imzalandı!

Biabırçı məğlubiyyətə uğrayaraq xeyli itki verən Ermənistanın "böyük Ermənistan" və "Dağlıq Qarabağ respublikası" xülyalarına birdəfəlik son qoyuldu!

Bu gün haylar mifik yox, real Ermənistanı yaşatmaq hayındadırlar!

Otuz ildən çox blokadada qalan, əhalisi yoxsullaşaraq dilənçi vəziyyətinə düşən, vətəndaşları sürətlə ölkəni tərk edərək yenidən dünyaya səpələnən Ermənistanın yeganə xilası isə Azərbaycanın tələblərini yerinə yetirərək sülh müqaviləsini imzalamaq, Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsinə dəstək verməkdir.

Müharibədə Ermənistanı acınacaqlı məğlubiyyətdən xilas edə bilməyənlər, bu gün onu yenidən silahlandıraraq əvvəlki səhvlərini təkrar etməyə sövq edənlər isə erməni xalqının dostları deyil, düşmənləridir!

Müharibədən zəfərlə çıxmış Azərbaycan yenidən ordusunu gücləndirmiş, "dəmir yumruğ"u hazır vəziyyətə gətirmişdir!

Qalib ölkə olsa da, yenə sülh istəyir, Cənubi Qafqazın əməkdaşlıq məkanına çevrilməsinə çalışır.

Bu tarixi imkanı əldən buraxsalar, "mifik Ermənistan" kimi "real Ermənistan"ı da itirəcəklər!

***

Hərbi əməliyyatlar dayandırıldıqdan, Ermənistan kapitulyasiya aktına imza atdıqdan sonra gündəmə sülh danışıqları və sərhədlərin delimitasiyası məsələsi gəldi.

Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesində vasitəçilik etmək üçün irəli çıxanlar, əldən-ayaqdan gedənlər çox oldu.

Danışıqlar prosesi başlamazdan öncə qalib Azərbaycan özünün dəyişməz şərtlərini elan etdi:

* Ermənistanın fəaliyyətdə olan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması!

* Birgə müraciət əsasında ATƏT-in Minsk qrupunun buraxılması!

* Naxçıvana, daha doğrusu, Azərbaycandan Azərbaycana sərbəst gediş-gəlişin təmini!

Quyruğu qapı arasından çıxan Ermənistan dostlarına güvənərək danışıqlar prosesini süni surətdə uzatmağa, müxtəlif bəhanələrə əl atmağa başladı.

Onu bu arxayınçılığa ruhlandıran həm də vasitəçilərin çoxluğu və verdikləri şirin vədlər idi.

* RUSİYA özünü əvəzedilməz vasitəçi sayır.

Hərçənd ki, onun patronajlığı ilə imzalanmış üçtərəfli Bəyanatın bir sıra maddələrinin, xüsusən Zəngəzur dəhlizinin açılışına indiyədək nail olmayıb!

Üstəlik, Ermənistan ondan küsərək yeni ağa axtarışına çıxıb!

* AVROPA İTTİFAQI vasitəçilik missiyasında özünü daha şanslı sayır.

Çünki Ermənistan yeni ağa axtarışına çıxaraq Avropa İttifaqına üzvlük yolunu tutmuş və bu istiqamətdə ciddi hazırlıqlara başlamışdır.

Lakin keçirilən görüşlərdə Avropa İttifaqı açıq şəkildə erməni mövqeyi sərgilədiyindən, hətta özünün "sülh fondu"ndan onun silahlanmasına birtərəfli qaydada iri məbləğdə vəsait ayırdığından Azərbaycan onu vasitəçilikdən kənarlaşdırdı.

* Fransa Prezidenti Makronun ermənidən betər ermənilik edərək Ermənistanı silahlandırmağa, danışıqlar prosesində açıq-aşkar canfəşanlığa başlaması da uğursuz oldu.

Prezident İlham Əliyev onu da oyundankənar vəziyyətə saldı.

* ABŞ Konqresi və Senatındakı ermənipərəstlər əl-ayağa düşərək sülh danışıqlarında Ermənistanın mövqeyinin gücləndirilməsi üçün Dövlət Departamentinə təzyiqlər göstərməyə başladılar.

Bayden Administrasiyası Ermənistanla birgə təlimlər keçirilməsinə, hərbi mütəxəssislərin Ermənistanın müdafiə nazirliyində çalışmalarına imkan yaratdı.

Gedhagetdə isə Ermənistanla strateji müttəfiqlik münasibətləri haqqında memorandum imzaladı.

Lakin bu vasitəçilik də boşa çıxdı, Bayden yeni prezident seçkilərindəki məğlubiyyəti ilə iflasa uğradı.

Prezident İlham Əliyev vasitəçilərsiz, təkbətək danışıqlar aparılmasında təkid göstərdi və niyyətindən dönmədi!

***

İndiyədək olanların nəticəsi göstərir ki, vasitəçiliyə gələnlər özləri ilə böyük bir çömçə də gətirir, əvvəlcə onu dolduraraq özlərinə dolu bir "pay" çəkirlər.

Sonra isə yerdə qalanlarını tərəflər arasında kefləri istəyən kimi bölməyə çalışırlar.

Bu isə heç bir tərəfə sərf etmir...

Xüsusən də Azərbaycana.

Odur ki, ən real və səmərəli yol vasitəçilərsiz danışıqlardır!

Belə görüşlərdə qazanılan nəticələr də təkbətək görüşlərin faydalı və supstantiv olduğunu sübut edir.

Azərbaycan-Ermənistan işçi qrupunun birgə danışıq və razılaşmaları nəticəsində sərhədlərin delimitasiya və demarkasiyası sahəsində qazanılan uğurlar, habelə Azərbaycana məxsus dörd kəndin sülh yolu ilə qaytarılması vasitəçilərsiz təmasların daha effektli və uğurlu, nəticəli olduğunu göstərdi.

Odur ki, birbaşa görüş və danışıqlara üstünlük verilməsi qərara alındı.

***

İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirildi.

Tərəflər vasitəçilərsiz görüşlərin ən səmərəli forma olduğunu qeyd etməklə bərabər, hər iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa da gəldilər.

Sərhədlərin delimitasiya və demarkasiyası prosesi də davam etdiriləcək, bu yöndə işləyən komissiyalar fəallıqlarını artıracaqlar.

Bəli, Paşinyan çox vurnuxdu, çox dost axtardı, silahlandırıldı, amma yenə gördü ki, sülhdən yaxşısı yoxdur!

Bu gün Ermənistanda revanşizmi təbliğ edənlər, sabitliyi pozanlar, müxtəlif dövlətlərin maraqlarına xidmət edənlər, hakimiyyəti ələ keçirməyə can atanlar keçmişdə törətdikləri cinayətlərin hesabını verməkdən qorxanlardır.

Blokadada yaşayan, mühacirət etmək məcburiyyətində qalan, müharibədə övladlarını itirən erməni xalqına yeni savaş gərək deyil!

Normal yaşamaq üçün qonşularla normal münasibət qurmaq, revanşist niyyətlərdən əl götürmək ən doğru yoldur!

Bu yol isə ikitərəfli danışıqlardan, etibarlı sülh müqaviləsindən keçir!

Güclü Azərbaycana məğlub olan zəif Ermənistan kimsələrə güvənməklə fürsəti əldən buraxmamalıdır!

Real Ermənistanı qorumaq və yaşatmaq fürsətini itirmək yanlış olar!


 Bəxtiyar SADIQOV


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında

02:27
20 Mart

Azərbaycan Respublikasının Seçki Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Polis haqqında”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “Hesablama Palatası haqqında”, “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi və “Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun ləğv edilməsi barədə

02:26
20 Mart

"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 373-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

02:15
20 Mart

Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi və bununla əlaqədar bəzi məsələlərintənzimlənməsi haqqında

02:15
20 Mart

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyindəki "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

02:14
20 Mart

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

02:13
20 Mart

"Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası"nın təsdiq edilməsi haqqında

02:13
20 Mart

"Şəxslərin dövlətlərarası axtarışı haqqında Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin 2010-cu il 10 dekabr tarixli Müqaviləsində düzəlişlər edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında

02:13
20 Mart

Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərin əməkhaqqı sisteminin təkmilləşdirilməsi haqqında

02:12
20 Mart

Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında

02:12
20 Mart

Dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə aylıq vəzifə maaşının minimum məbləğləri, əməyin ödəniş səviyyələri üzrə vəzifələr, səviyyə və pillələr üzrə artım faizləri və aylıq vəzifə maaşlarının məbləğlərinin müəyyən edilməsi haqqında

02:10
20 Mart

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin əməkhaqlarının artırılması və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında" 2004-cü il 10 avqust tarixli 351 nömrəli, "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında" 2007-ci il 22 yanvar tarixli 1893 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə" 2022-ci il 1 mart tarixli 1613 nömrəli Fərmanında və "Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında" 2002-ci il 8 oktyabr tarixli 1054 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:10
20 Mart

“Azərbaycan Respublikasının Seçki Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Polis haqqında”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “Hesablama Palatası haqqında”, “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi və “Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun ləğv edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 368-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi, bəzi fərmanlarının və sərəncamlarının ləğv edilməsi haqqında

02:08
20 Mart

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında

02:07
20 Mart

“Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası Qaydası”nın təsdiq edilməsi və “Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 6 fevral tarixli 38 nömrəli Qərarının ləğv edilməsi barədə

02:06
20 Mart

“Müayinə və texniki xidmət məlumatları üzrə reyestrin aparılması və ondan istifadə Qaydası”nın təsdiq edilməsi və “Müayinə və texniki xidmət məlumatları üzrə reyestrin aparılması və ondan istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 216 nömrəli Qərarının ləğv edilməsi barədə

02:05
20 Mart

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan müxtəlif təyinatlı əlcəklərin satın alınması məqsədilə açıq tender elan edir

02:04
20 Mart

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin aprel ayında vətəndaşların qəbulu CƏDVƏLİ

01:46
20 Mart

Baş nazir Əli Əsədov Gürcüstan səfirliyində başsağlığı verib

17:44
19 Mart

QMİ sədri: Azad Qarabağda azan səslərinin ucalması tarixi və ilahi ədalətin bərpasının rəmzidir

17:23
19 Mart

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

17:11
19 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!