“Davos İqtisadi Forumunda dövlət və hökumət başçıları, eləcə də dünyanın aparıcı transmilli şirkətlərinin rəhbərlərinin Prezident İlham Əliyevlə görüşməyə təşəbbüs göstərmələri və baş tutan görüşlərdə müzakirə olunan məsələlər deməyə əsas verir ki, Azərbaycan qlobal gündəmdə önəmli və mühüm rol oynayan ölkə hesab olunur. Davos İqtisadi Forumu siyasi və iqtisadi sənədlərin imzalanmadığı bir platforma olmasına baxmayaraq, təsir gücünə malik bir təşkilatdır”.
Bu fikirləri “Azərbaycan” qəzetinə Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva deyib. O bildirib ki, Prezident İlham Əliyevin Forumda iştirakı və səsləndirdiyi fikirlər bir daha sübut edir ki, Azərbaycan qlobal proseslərdə aktiv iştirak edir. Azərbaycan Avrasiyanın enerji təhlükəsizliyi, o cümlədən nəqliyyat-logistika məsələlərində öndə gedən dövlətlərdəndir.Azərbaycan enerji ixrac edən dövlət olmaqla yanaşı, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat marşrutları üzərində yerləşən çox önəmli tranzit ölkə kimi çıxış edir. Bu gün ölkəmiz həqiqətən də Şərqlə Qərbi birləşdirən və dövlətlərarası iqtisadi əlaqələrin yaranmasına böyük töhfə verən bir dövlətdir. “Ölkə başçımız çıxışında bir daha vurğuladı ki, Azərbaycan regionda yeni reallıqlar yaradıb. Dövlətimiz hərbi, siyasi, diplomatik yolla Cənubi Qafqaz regionunda stabillik, əmin-amanlıq yaratdı, əbədi sülhü bərpa etdi. Ermənistan rəhbərliyi də Azərbaycanın yaratdığı bu reallığı artıq qəbul edir və regionun inkişafı və tərəqqisi üçün ən optimal variant olduğunu təsdiqləyir”, - deyə o əlavə edib.
Ekspert xatırladıb, Prezident İlham Əliyev "Euronews"a müsahibəsində dünyada baş verən iqtisadi problemlərə münasibətini bildirərək, müasir dünyada güc amilinin beynəlxalq hüququ üstələdiyini qeyd edib. Azərbaycan torpaqlarının 30 il işğalda qaldığı zaman biz bunun şahidi olmuşuq. BMT TŞ-nin 4 qətnaməsinin olmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisini tərk etmədi. Azərbaycan beynəlxalq hüququn prinsiplərini əsas götürərək hərbi bə siyasi yolla torpaqlarını işğaldan azad etdi.
K.Əliyeva bildirib ki, bu gün Azərbaycan regionda güclü və nüfuz sahibi olmasına baxmayaraq, hər zaman beynəlxalq hüquqa sadiqlik nümayiş etdirir: “Ölkəmiz Cənubi Qafqazda siyasi, iqtisadi, hərbi cəhətdən güclü bir dövlət olmasına rəğmən hər zaman sülhün tərəfdarı olub. Ölkə başçımız Zəngəzur dəhlizinin açılmasının Avrasiya məkanına böyük töhfələr verəcəyini xüsusi vurğuladı. 30 il Azərbaycanla müharibə aparan Ermənistan da Zəngəzur dəhlizi açıldıqdan sonra böyük mənfəət əldə edəcək. Müsahibəsində Prezident İlham Əliyev Azərbaycanın bir sıra dövlətlərin enerji təhlükəsizliyinə böyük töhfə verdiyini xüsusi qeyd etdi. Bu gün Azərbaycan 16 dövlətə təbii qaz ixrac edir ki, bunlardan 10-u Avropa ölkəsidir. Bununla da Azərbaycan həm regional, həm də qlobal səviyyədə enerji sahəsində lider dövlət olduğunu təsdiqləyir. Bütün bunlara rəğmən Avropa Parlamenti və AŞPA Azərbaycana qarşı qeyri-konstruktiv mövqe nümayiş etdirir. Dövlət başçımız bu qurumların Azərbaycana qarşı neqativ mövqe nümayiş etdirmələrinə diplomatik formada layiq olduqları cavabı verdi. Prezident İlham Əliyev Davos İqtisadi Forumunda bir daha qlobal iqtisadi arenada Azərbaycanın lider dövlət olduğunu nümayiş etdirdi”.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”