Heydər Əliyev irsi dünən, bu gün və sabah
Azərbaycanın müstəqillik tarixi özündə dahi Heydər Əliyevin zəngin siyasi irsinin möhtəşəm salnaməsini əks etdirir. Ötən əsrin 90-cı illərinin əvvəllərində ayrı-ayrı hakimiyyətlər dövründə silsilə uğursuzluqlar və itkilər yaşamağa məhkum olan Azərbaycan 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əzəmətli yüksəliş mərhələsinə qədəm qoymaqla bəşər tarixində Lider amilinin əvəzolunmaz roluna dair təkzibolunmaz həqiqətin yeni parlaq nümunəsini təqdim etdi.
Tarixin seçimi
Xalqların taleyini tarixin seçimindən ayrılıqda təsəvvür etmək mümkün deyil. Müxtəlif dövrlərdə həm bütövlükdə bəşəriyyət, həm də ayrı-ayrı xalqlar tarixi seçim zərurəti ilə üz-üzə dayanır, gələcək inkişaf yolunu təyin edən məsul qərarlar qəbul etməli olurlar. Azərbaycanın tarixi də bəhs edilən ümumdünya qanunauyğunluğundan kənarda mövcud olmamışdır.
Xalqımızın həyatında müstəsna rol oynayan tarixi seçim Azərbaycanın dövlət müstəqilliyinin bərqərar olmasıyla səciyyələnir. Dünyada baş verən köklü dəyişiklikləri, qlobal siyasi rəqabətin şiddətinin artmasını, siyasi, ideoloji və iqtisadi yarışda keçmiş SSRİ-nin mövqelərinin kəskin şəkildə zəifləməsini yeni tarixi reallıqların meydana gəlməsi müşayiət edirdi. Yeni tarixi seçim anı artıq obyektiv zərurətə çevrilmişdi. Sosialist ideologiyasının və onun baş təşkilat forması kimi təqdim edilən sovet rejiminin, bütünlükdə sosialist sistemi cəbhəsinin iflası qaçılmaz idi. Eləcə də Azərbaycanın dövlət müstəqilliyinin bərpası mütləq tarixi zərurət parametrləri kəsb etmişdi.
Onu da ayrıca vurğulamağa dəyər ki, haqqında söhbət açdığımız qlobal keçidin tarixi seçim keyfiyyətində dəyərləndirilməsinin tək səbəbi keçmiş sovet imperiyasının süqutu və bir sıra gənc müstəqil dövlətlərin meydana gəlməsi deyildir. Əlbəttə, müstəqilliyin əldə edilməsi tarixi seçimin əsas parametri hesab olunur və bu baxımdan Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi dövrün tarixi seçiminin ən başlıca yekunu sayılmalıdır. Lakin tarixi seçim həqiqətinin unudulması yolverilməz olan daha bir ölçüsü də mövcuddur. Bu da tarixi seçimin məhsulu olan müstəqilliyin ölkənin siyasi, iqtisadi, sosial və mədəni inkişafı qarşısında geniş üfüqlər açmaq imkanından ibarətdir.
Müstəqilliyin əldə edilməsi, hər şeydən əvvəl, xalqın milli varlığını ifadə etmək imkanlarını yaratmaqla inkişafın yeni mərhələsini şərtləndirir. Sovet imperiyası Azərbaycan xalqının milli varlığını qabarıq şəkildə ifadə etmək imkanını məhdudlaşdırmaqla, həm də onun siyasi və iqtisadi yüksəlişini ciddi çərçivəyə salmışdı. Belə bir şəraitdə özünü ifadə etmək imkanlarından məhrum olan xalq böyük inkişaf motivasiyasına da malik deyildi.
Azərbaycanın müstəqilliyinin bərpası ilə müşayiət olunan tarixi seçimin çox əhəmiyyətli nəticəsi isə öz ifadəsini Heydər Əliyevin milli liderlik keyfiyyətlərinin yeni şəraitdə reallaşmaq imkanlarının təmin edilməsində tapır. Bu heç bir halda Heydər Əliyevin sovet dönəmində unikal istedada malik rəhbər kimi formalaşaraq Azərbaycanın sosial və iqtisadi inkişafına müstəsna töhfələrinin üzərinə kölgə salmır. Onun qətiyyəti, iradəsi və bacarıqları sayəsində Azərbaycan keçmiş sovetlər birliyinin ən qabaqcıl, inkişaf edən və firavan bölgəsi kimi özünü qəti şəkildə təsdiq etmişdi.
Azərbaycanın sovet dönəmində əldə etdiyi nailiyyətlərin əksəriyyətinin və daha əhəmiyyətli hissəsinin Heydər Əliyevin rəhbərliyi illərinə təsadüf etməsi həmin nailiyyətlərin müstəsna olaraq bu dahi insanın müdrikliyinin və əməyinin sayəsində qazanılması qənaətinə gəlməyə əsas verir. Deməli, o zaman respublikanın yüksəlişi sistemin təmin etdiyi üstünlük deyil, Heydər Əliyevin xidmətlərinin bəhrəsi sayıldıqda həqiqətin əsl ifadəsi hesab edilə bilər.
Tarix ona lazım olan Lideri özü seçir. Azərbaycanın dövlət müstəqilliyinin bərqərar olması ilə nəticələnən tarixi seçimin növbəti mərhələsi mütləq halda yeni milli liderin siyasi səhnəyə çıxması olmalı idi. Bunsuz qlobal əhəmiyyət kəsb edən tarixi seçim ölkəmiz üçün dəyərini qoruyub saxlaya bilməzdi.
Bu mənada, 1993-cü ildə Heydər Əliyevin möhtəşəm siyasi qayıdışı sözün tam mənasında tarixin seçimi sayılmalıdır. Azərbaycan xalqı nəinki yenicə əldə olunmuş müstəqilliyinə, həm də bütünlükdə dövlətçiliyin qorunub saxlanmasına görə məhz bu tarixi seçimə minnətdardır. Həqiqətin tam ifadəsi ondan ibarətdir ki, nəinki müstəqillik və dövlətçilik, həm də bu gün hər bir azərbaycanlının qürur hissi ilə dərk etdiyi möhtəşəm yüksəliş, yeniləşmə və zəfər tariximiz haqqında bəhs etdiyimiz seçim üzərində qərar tutur.
Tarixin seçiminin fərqləndirici xüsusiyyəti obyektiv zərurətdən qaynaqlanması, sosial sifariş rolunu yerinə yetirməsidir. Tarix öz seçimini Heydər Əliyevin üzərində fokuslamaqla həm də zamanı çatmış aktual və aktual olduğu qədər də mürəkkəb vəzifələrin uğurlu həllinə zəmanət vermiş olur. Qeyd olunan fikrin təsdiqi qismində bir-birini əvəz edən bir sıra rəhbərlərin öhdəsindən gələ bilmədiyi taleyüklü problemlərin Heydər Əliyevin hakimiyyətə gəlişi ilə qısa zaman kəsiyində uğurla çözülməsini göstərə bilərəm. Bu isə öz növbəsində belə bir tezisin irəli sürülməsini qaçılmaz edir: tarix nəinki istədiyi liderləri özü seçir, həm də seçdiyi liderləri daim qoruyur, ona güc verir, uğurlarına yol açır.
Ümummilli Lider Heydər Əliyevin uğurları öz qaynağını, ilk növbədə, onun dərin zəkasından, iradəsindən, təcrübəsindən alıb. Zamanın irəli sürdüyü missiyanı dərk edən və həmin missiyanı icra etmək yolunda müstəsna xidmət göstərən liderlər bir qayda olaraq uğura qovuşur və tarixin bir parçası olur. Tarix Heydər Əliyevi seçdi və Azərbaycanın yeni tarixi yarandı.
Xalqın seçimi
Azərbaycanın dövlət müstəqilliyini qazanması ölkənin həyatında çoxsaylı fundamental dəyişiklikləri, köklü islahatların aparılmasını tələb edirdi. Müstəqil dövlət quruculuğu suverenlik məfkurəsinin əməli surətdə həyata keçirilməsinin başlıca vəzifəsi hesab edilsə də, gündəlikdə dayanan islahatlar konsepsiyası daha geniş məsələlər kompleksini əhatə edirdi. Xalqın müstəqillik məfkurəsinin mövcud sovet rejiminə qarşı mübarizə fonunda formalaşması məntiqi və zəruri olaraq müstəqil dövlət quruculuğunu ideoloji keçid problematikasından ayrılıqda təsəvvür etməyə imkan vermirdi. Yeni, müstəqil Azərbaycan heç bir halda köhnə ideoloji prinsiplər əsasında qərarlaşa bilməzdi və ona görə də köhnə siyasi-ideoloji sistemin sındırılması ictimai rəydə real müstəqilliyə qovuşmağın həlledici şərti kimi qəbul olunurdu. Lakin bu vəzifənin uğurla həyata keçirilməsini çətinləşdirən bir sıra ciddi reallıqlar mövcud idi. Bunların ən bəsiti cəmiyyətin əhəmiyyətli kəsiminin, əsasən yaşlı nəslin, keçmiş ideoloji çərçivədə tərbiyə alması və həmin çərçivəyə uyğunlaşması sayıla bilərdi. Daha ciddi çətinlik ideoloji keçidin proqramının yoxluğunda ifadə olunurdu. Köhnənin sındırılmasını çoxları istəyirdi, yeninin necə olması barədə isə aydın təsəvvürlər və konsepsiya demək olar ki, yox sayılacaq qədər dumanlı idi.
Fəaliyyət göstərən müəssisələrin bağlanması, kütləvi işsizliyin yaranması, hiperinfilyasiya və əhalinin kasıblaşması yeni cəmiyyətin başlıca sputnikləri oldu. Nəticədə siyasi-ideoloji və iqtisadi keçid köhnənin sındırılması və yeninin yaradılması formasında deyil, əsas etibarilə mövcud olanın dağıdılması, məhv edilməsi və mənimsənilməsi kimi eybəcər şəkildə həyata keçirilməyə başladı. Bu isə mütləq şəkildə iqtisadi kollapsa gətirməli idi və gətirdi də.
Məsələnin mürəkkəblik yükünü artıran digər məqam dəyişikliklərin əhatə dairəsinin və predmetinin idarəçilik sistemi və metodları ilə kafayətlənməməsində, bütün cəmiyyəti ağuşuna almasında ifadə olunurdu. Mahiyyət etibarilə söhbət yalnız yeni milli dövlətin və hökumətin təsis olunmasından deyil, bütünlükdə yeni cəmiyyətin formalaşmasından gedirdi. Vaxtilə Heydər Əliyevin dəfələrlə "müstəqilliyi qoruyub saxlamaq, yeni cəmiyyət qurmaq müstəqilliyi əldə etməkdən çətindir" deyərək səsləndirdiyi fikirlər müəyyən dərəcədə haqqında söhbət açdığımız halları nəzərdə tutur.
Azərbaycanın dövlət müstəqilliyinin ilk illərinin çətinlikləri sırasında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün acı nəticələri, böyük qaçqın və məcburi köçkün ordusunun yaranması, ölkədə digər separatçı hərəkatların baş qaldırması səbəbindən nəinki müstəqilliyin, eləcə də bütünlüklə dövlətçiliyin ciddi təhlükə ilə üz-üzə qalması hesab edilir. Köhnənin yarımçıq sındırılması, yeninin tam yaradılmaması, xaos və anarxiya həm hökumətin və onun silahlı qüvvələrinin, həm də bütünlüklə cəmiyyətin haqqında söhbət gedən real təhlükələrə qarşı müqavimət immunitetini demək olar ki, bütünlüklə sıfra endirmişdi. Söhbət artıq milli dövlətə tam keçiddən deyil, əsas etibarilə dövlətçiliyi qoruyub saxlamaqdan gedirdi.
Xalqın seçimi mexanizminin işə düşməsini şərtləndirən cəhət kimi müstəqilliyin ilk illərinin Lider çatışmazlığı ayrıca vurğulanmalıdır. Azərbaycanın yuxarıda bəhs edilən bir sıra çox ciddi ağırlaşdırıcı şərtlər daxilində müstəqilliyə nail olmasına rəğmən yaranan yeni milli hökumətdə güclü, təcrübəli və qətiyyətli liderin, bacarıqlı siyasətçilərin və idarəçilərin yoxluğu ölkəni hərtərəfli böhrana aparan səbəblərin əsaslarından sayılmalıdır və sayılır.
Yaranmış vəziyyətdə böhranı dayandıracaq, ölkəni fəlakətdən xilas edə biləcək yeganə şərt xalqın seçimi mexanizminin işə düşməsindən ibarət idi. Siyasi proseslərdə Heydər Əliyevin yaxından iştirakından kənar böhranın cilovlanmasının, müstəqilliyin qorunmasının mümkün olmadığını hamı aydın şəkildə dərk etməyə başlamışdı. Heydər Əliyev şəxsiyyətində insanlar həm böyük liderlik keyfiyyətini, təcrübəni, qətiyyəti, həm də xalqın bütün təbəqələrini birləşdirə biləcək milli iradəni görür və qiymətləndirirdi.
Heydər Əliyevin dəfələrlə sınaqdan çıxmış liderlik keyfiyyətləri əhalinin əksəriyyətinin qəti rəğbətini qazanmaqla qüdrətli siyasi amil dərəcəsinə yüksəlmişdi. Xalqın bu dahi insana dərin inamı və etibarı onun liderlik imkanlarının xüsusi fərqləndirici xüsusiyyəti, əlavə güc mənbəyi rolunu oynayırdı. Bütün bunlara görə insanlar ölkənin böhrandan xilas olması şansını yalnız Heydər Əliyev şəxsiyyəti ilə əlaqələndirir, onu açıq şəkildə hakimiyyətə dəvət edən xalq hərəkatında yüz minlərlə insan birləşirdi.
1992-ci ilin sonu, 1993-cü ilin əvvəllərində xalq artıq seçimini etmişdi. Heydər Əliyevin hakimiyyətə qayıdışı zamanını gözləyən qaçılmaz tarixi zərurətə çevrilmişdi. İnsanların səbirsizliklə gözlədiyi möhtəşəm qayıdış 1993-cü ilin iyun ayında baş verdi və Azərbaycanın müstəqillik tarixinin yeni, geriyədönməz, uğur və qələbələrlə zəngin mərhələsinin təməli qoyulmuş oldu. Onu da qeyd etmək tamamilə yerinə düşər ki, Heydər Əliyev hakimiyyətə təkcə təcrübəli və qüdrətli lider kimi deyil, həm də ölkəni böhrandan çıxarmaq üçün aydın proqramı və komandası olan dövlət xadimi kimi qayıtmışdı. Onun rəhbərliyi altında 1992-ci ilin noyabrında yaranan Yeni Azərbaycan Partiyasının sıralarında on minlərlə insan birləşirdi. Partiyanın proqramında ölkəni böhrandan çıxarmağın, müstəqil Azərbaycan dövlətini qurmağın aydın və inandırıcı konsepsiyasının cəmiyyətə təqdim edilməsi Heydər Əliyevə xalqın etimadını və dəstəyini daha da artırırdı.
Xalqın qüdrətli liderin qayıdışı ilə bağlı gözləntiləri heyrət doğuracaq qədər qısa zaman kəsiyində reallaşmağa başladı. Bir neçə ay ərzində xaos, anarxiya, idarəçilikdə yaranmış iflic vəziyyət aradan qaldırıldı, erməni silahlı birləşmələrinin hərəkatının qarşısı alındı və zəruri atəşkəsin imzalanmasına nail olundu. Nəticə etibarilə müstəqil dövlətin siyasi, iqtisadi, sosial əsaslarının yaradılması üçün əlverişli şərait təmin edildi.
Müstəqil dövlət quruculuğu istiqamətində Heydər Əliyevin həyata keçirdiyi islahatların ağırlıq mərkəzi 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasının üzərinə düşür. Müstəqil Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümü şərəfinə Prezident İlham Əliyevin 2025-ci ili "Konstitusiya və Suverenlik İli" elan etməsi dövlətin Əsas Qanununun müasir tarixdə xüsusi rolunun yüksək qiymətləndirilməsi nümunəsi hesab edilməlidir.
Liberal iqtisadiyyata keçidi təmin edən kompleks tədbirlər dövlətçiliyin iqtisadi əsaslarını qurmağa əlverişli imkanlar yaratdı. Bununla yanaşı, müasir dövlət quruculuğunda və müstəqilliyin taleyində Heydər Əliyev müdrikliyinin parlaq nümunəsi sayılan "Əsrin müqaviləsi"nin imzalanması və Bakı-Tbilisi-Ceyhan neft ixrac kəmərinin çəkilməsi böyük tarixi əhəmiyyət kəsb edir. Ölkəmizin iqtisadi imkanlarının inanılmaz dərəcədə yüksəlməsindən tutmuş yeniləşməsində, müasirləşməsində, beynəlxalq əhəmiyyətinin artmasında neft strategiyasının müstəsna rolunu qeyd etməmək mümkün deyil.
Heydər Əliyevin müstəqil dövlət quruculuğu konsepsiyasının təməl prinsipi kimi azərbaycançılıq məfkurəsinin birləşdirici rolu ayrıca qeyd olunmalıdır. Ölkədə separatizmə və millətçi meyillərə qarşı qoyulan sözügedən yanaşma Azərbaycanda dərin köklərə sahib olan milli birliyin və həmrəyliyin ideya əsası kimi missiyasını uğurla həyata keçirir. Bu birlik və həmrəylik Azərbaycan dövlətinin qüdrətinin etibarlı əsası, cəmiyyətdə tolerantlıq və barışın məhək daşıdır desək, həqiqəti etiraf etmiş olarıq.
Heydər Əliyevin müdrikliyinin növbəti parlaq nümunəsi olan və illərin sınağından keçən müstəqil Azərbaycan dövləti təkcə siyasi yetkinlik mücəssəməsi deyil, həm də iqtisadi qüdrət və inkişafın gözəl təcəssümüdür. Özünün qürurla qeyd etdiyi kimi, onun şah əsəri olan müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında daha da güclənir, bütün dünyaya yeni möhtəşəm qələbələrini təqdim edir.
Heydər Əliyevin seçimi
Milli Lider səviyyəsinə yüksələn böyük şəxsiyyətlərin seçimi əksər hallarda tarixi seçim, yaxud xalqın seçimi xüsusiyyəti kəsb edir. 2003-cü ildə növbəti prezident seçkiləri ərəfəsində Heydər Əliyevin xalqa müraciəti Azərbaycanın tarixinə məhz belə bir seçim kimi daxil olmuşdur. "Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıracaq", - deyən Ümummilli Liderin xalqa çağırışı Azərbaycanın tarixində dərin iz buraxmış taleyüklü seçim missiyasını artıq 22 ildir ki, uğurla yerinə yetirir. Bu illər ərzində ölkəmizin qüdrətli inkişafının, silsilə zəfərlərinin kökündə Heydər Əliyev siyasəti ilə yanaşı, haqqında söhbət açdığımız müdrik seçimin dayandığına hər kəs dərindən inanır.
Müdrik siyasətin uğurlu davamının layiqlı varisin fəaliyyətindən asılı olduğunu tarix dəfələrlə sübuta yetirmişdir. Heydər Əliyevin uzaqgörənliyi ilə fərqlənən varis seçimi bu tarixi həqiqəti təsdiq edən növbəti parlaq nümunə kimi mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanda İlham Əliyev amilinin formalaşmasının, ölkənin İlham Əliyev mərhələsinə qədəm qoymasının başlanğıcı, Heydər Əliyevin məlum seçimi sayılır və sayılmalıdır. Eyni zamanda ötən 22 ilin əzəmətli inkişafı və qələbələri Heydər Əliyev seçiminin müdrikliyinin təntənəsi olaraq nəzərdən keçirilməyə tam layiqdir. Ulu Öndərin tarixi seçiminin daha bir ölçüsü isə onun əvəzolunmaz irsinin günümüzdə və gələcəkdə ölkəmizdə fəaliyyət və uğur proqramı missiyasını həyata keçirməsidir. "Müdrik siyasət, üstəgəl, layiqli varis" formasında özünü göstərən uğur formulu həm bu günün, həm də gələcəyin inkişaf fəlsəfəsi olaraq qavranılmaqdadır.
Heydər Əliyev Azərbaycanı qüdrətli dövlət görmək istəyirdi və onun əsasının iqtisadiyyatda olduğunu açıq şəkildə vurğulayırdı. Onun dövlətçilik fəlsəfəsi Ümummili Liderə məxsus "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" sözlərində özünün lakonik ifadəsini tapıb. Azərbaycanın müasir tarixinin İlham Əliyev mərhələsi bu müdrik fəlsəfənin təntənəsinin parlaq nümunəsi sayılmağa layiqdir. Son 20 il ərzində ölkənin iqtisadiyyatının 3 dəfədən çox artması, Azərbaycanın dünyanın ən uğurlu gənc dövləti statusunun etiraf edilməsi, regionun ən böyük iqtisadiyyatına çevrilməsi və digər inkişaf parametrləri hər şeyə qadir olan dövlətin artıq mövcudluğunun aydın təzahürləridir.
Dövlətin ən mühüm vəzifəsini insanların rifahının təmin edilməsində görən Heydər Əliyev strategiyasının İlham Əliyevin rəhbərliyi dövründə yeni keyfiyyət mərhələsinə yüksəlməsi son 20 ilin uğurlarının ən mühümləri sırasındadır. Qısa vaxtda yoxsulluğun 49 faizdən 5 faizə endirilməsi, əməkhaqlarının, pensiya və müavinətlərin dəfələrlə artırılması, yüz minlərlə yeni iş yerlərinin yaradılması, Birinci Qarabağ müharibəsində uğursuzluğun nəticəsi olan qaçqın şəhərcikləri kimi kədərli mənzərənin ölkənin həyatından birdəfəlik silinməsi və digər çoxsaylı möhtəşəm və genişmiqyaslı sosial layihələr insanların həyatını dəyişdirən siyasətin təcəssümü kimi tarixə düşmüşdür.
Müasirləşmə, yeniləşmə, ölkənin simasının dəyişdirilməsi, yeni imicinin formalaşdırılması Heydər Əliyevin yeni Azərbaycan konsepsiyasının ayrılmaz hissəsi kimi qəbul olunur. Onun "İndiki Qara Şəhər gün gələcək ki, Ağ Şəhər olacaq" sözləri, əslində, ölkəmizdə quruculuq siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Bu gün "Ağ Şəhər" nəinki təkcə keçmiş "Qara Şəhər"in yeni mənzərəsinin, habelə bütünlüklə ölkəmizin müasirləşməsi strategiyasının simvolu olaraq səciyyələndirilir. Ümummilli Liderin yaratdığı partiyanın adında ifadə olunan Yeni Azərbaycanın quruculuğu bütünlüklə İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən Heydər Əliyev siyasətinin ən gözəl təcəssümüdür.
Qüdrətli ordu Heydər Əliyevin güclü dövlət konsepsiyasının əsas hədəflərindən birini təşkil edir. Hələ sovet dövründə Azərbaycana rəhbərlik edən Ulu Öndər gələcəyə ünvanlanan hərbçı kadrlar hazırlığına xüsusi önəm verirdi. Naxçıvanski adına hərbi məktəbin yaradılması onun bu fikrinin reallaşması istiqamətində atılan əlamətdar addım sayılır. 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycanın dövlət başçısı kimi ən çox diqqət ayırdığı məsələlər sırasında ordu quruculuğunun xüsusi yer tutması, bu mənada, ayrıca qeyd olunmalıdır. Heydər Əliyev güclü ordunu, ilk növbədə, Qarabağ probleminin ədalətli həllinin əsası saymaqla yanaşı, həm də güclü dövlət quruculuğunun vacib amili hesab edirdi. İndi Azərbaycanın Silahlı Qüvvələrinin dünyanın qüdrətli, yüksək döyüş qabiliyyətinə malik orduları sırasında şərəfli yer tutması Ümummilli Liderin zəngin siyasi irsinin müasir ölkəmizin həyatında davam etməkdə olan missiyasının növbəti əzəmətli təntənəsidir. Qarabağın azad edilməsinin Heydər Əliyevin ən ümdə siyasi vəsiyyəti olduğunu nəzərə alaraq qeyd edilməlidir ki, Prezident İlham Əliyev Ulu Öndərin bu vəsiyyətini, ilk növbədə, yaratdığı güclü ordunun, yetişdirdiyi igid hərbçilərimizin qəhrəmanlığı sayəsində ləyaqətlə yerinə yetirmişdir.
İkinci Qarabağ müharibəsində Azərbaycanın möhtəşəm zəfəri ölkəmizin iqtisadi, hərbi və siyasi qüdrətinin danılmaz təntənəsi kimi tarixə həkk olunub. Bu qələbə bir çox aspektdə böyük tarixi əhəmiyyət kəsb edir. Hər şeydən əvvəl Azərbaycanın müzəffər ordusu 30 ilə yaxın davam edən işğala və onunla birlikdə tarixi ədalətsizliyə son qoydu, milli maraqlarını qorumaq üçün tükənməyən vətənpərvərlik ruhuna, habelə daxili potensiala malik olduğunu sübuta yetirdi. Digər tərəfdən isə, Vətən müharibəsinin uğurlu yekunu Azərbaycanın illər ərzində dünyaya nümayiş etdirdiyi iqtisadi və siyasi potensialın qüdrətli hərbi gücə çevrildiyinin qeyd-şərtsiz təsdiqi effektini yaratmış oldu. İndi beynəlxalq icma ölkəmizi uğurlu iqtisadi sistem olmaqla yanaşı, həm də ciddi hərbi güc, şəksiz regional aktor kimi tanımağa və etiraf etməyə məcburdur. Ölkəmizin fəal beynəlxalq gündəliyi, diplomatik təşəbbüsləri və çoxşaxəli dövlətlərarası əlaqələri onu beynəlxalq həyatın ön planına çıxarmaqdadır.
Hazırda Azərbaycan genişmiqyaslı iqtisadi və sosial siyasət xəttini ardıcıl surətdə davam etdirməklə yanaşı, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun erməni vandalları tərəfindən yerlə bir edilmiş şəhər, kənd və qəsəbələrini bütünlüklə yenidən qurmaqdan ibarət olan əzəmətli sosial-quruculuq layihəsini həyata keçirir. Vaxtilə digər ölkələrin həyatında müşahidə edilən oxşar dağıntıların çoxsaylı beynəlxalq donorların yaxından köməyi sayəsində aradan qaldırılmasından fərqli olaraq, ölkəmiz vandalizmə məruz qalan Qarabağ və Şərqi Zəngəzurda müasir şəhərsalmanın ən gözəl nümunələrini müstəsna olaraq öz imkanları hesabına yaratmaqdadır. Bununla da Azərbaycan Heydər Əliyevin qoyduğu siyasət əsasında Prezident İlham Əliyevin rəhbərliyi altında yaradılan potensialını və böyük imkanlarını dünyaya növbəti dəfə inandırıcı şəkildə nümayiş etdirir.
Azərbaycanın dünənini və bu gününü ehtiva edən Heydər Əliyev ideyaları onun gələcəyinə də işıq saçır, ölkəmizin parlaq sabahına dərin inamın əsasını təşkil edir.
Azərbaycan xalqı 1993-cü ildən bu günə qədər Ulu Öndər Heydər Əliyevin zəngin və aktuallığını heç zaman itirməyən ideyalarından ilham alır. Prezident İlham Əliyevin tarixi nailiyyətlər və qələbələrlə müşayiət olunan siyasəti isə gələcəyin daha güclü, daha firavan, daha müasir Azərbaycanının təməli kimi qəbul edilir. Xalqımız bu gələcəyə inanır, inanaraq yaşayır, yaşayaraq tariximizin yeni parlaq səhifələrini yaradır.
Əli ƏHMƏDOV,
Yeni Azərbaycan Partiyası Sədrinin müavini