Suala tarixçi-alim aydınlıq gətirir
Azərbaycan xalqı müsəlman Şərqində ilk dəfə 1918-ci ildə demokratik dövlət qurdu, parlament seçkiləri keçirdi, qadınlara kişilərlə bərabər seçmək-seçilmək hüququ verdi, müasir təhsil sisteminin əsasını qoydu. Ölkəmiz beynəlxalq münasibətlərin subyektinə çevrildi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə həm də nizami ordu yarandı, milli hərbi kadrların yetişdirilməsinə başlandı, milli dil orduda rəsmi dil kimi qəbul olundu, bu sahədə tarixi nəticələr əldə edildi.
Ancaq 1920-ci ilin aprelində Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal edilməsi ilə milli dövlət quruculuğuna son qoyuldu. Azərbaycanın Milli Ordusunun və dövlətçiliyinin yaradılmasında xidməti olmuş milli kadrlar kütləvi şəkildə qətlə yetirildi.
İşğalın 105-ci ilində qaranlıq qalan bəzi mətləblərə aydınlıq gətirmək məqsədilə Milli Müdafiə Universiteti, Hərbi Elmi-Tədqiqat İnstitutunun professoru, tarix elmləri doktoru Mehman Süleymanovla görüşdük. Həmsöhbətimiz o dövrün hərbi-siyasi mənzərəsini yaratmağa çalışdı: "1920-ci ilin aprel işğalının mahiyyətinin və obyektiv mənzərəsinin tam şəkildə yaradılması sözsüz ki, bu problemin hərbi-siyasi aspektlərini vəhdətdə və tam şəkildə araşdırılması ilə mümkündür. Problemin siyasi aspekti haqqında bolşevik Rusiyasının lideri Vladimir Leninin Bakının işğalı ilə bağlı imzaladığı teleqram bu məsələnin aydınlaşdırılmasına kömək edə bilər. O, Qafqaz cəbhəsi Hərbi İnqilab Şurasının üzvü S.Orconikidzeyə göndərdiyi teleqramda belə bir tələb irəli sürürdü: "Bakını almaq bizim üçün çox və çox zəruridir. Bütün səylərinizi buna yönəldin. Özü də bəyanatlarınızda mütləq yalnız diplomatik olun". Yəni bolşevik Rusiyasının rəhbəri birmənalı və qətiyyətli şəkildə tələb edirdi ki, Bakı şəhəri işğal edilməlidir. Bakının işğal edilməsi üçün Rusiyanın hərbi komandanlığı tərəfindən güclü bir qruplaşma yaradılmışdı. Bu qruplaşmanın əsasını Qafqaz Cəbhəsinin XI ordusu təşkil edirdi. XI orduya "III İnternasional", "Timofey Ulyansev", "Qırmızı Dağıstan", "Qırmızı Həştərxan", "Stepan Razin", "Kransoarmeyets" zirehli qatarları verilmiş, Volqa-Xəzər donanması XI ordunun əməliyyat tabeliyinə keçmişdi. Bütünlükdə Azərbaycanın işğal edilməsinə 72472 nəfərlik bir ordu vəzifələndirilmişdi. Bolşevik Rusiyası Azərbaycan sərhədinə sadəcə böyük sayda qoşun toplamamışdı. Həm də bu böyük sayda qoşunun icra edə biləcyi xüsusi əməliyyat planı hazırlamış və hər bir hissəyə, birləşməyə bu əməliyyat planında xüsusi vəzifələr müəyyənləşdirilmişdi - sürətli hücum, cümhuriyyət qüvvələrinin müdafiəsinin güclü zərbə ilə yarılması, cinah zərbələri, Volqa-Xəzər donanması hərbi gəmilərinin top atəşləri ilə hücumun himayə edilməsi, cümhuriyyətin müdafiə qüvvələrinin əhatələnməsi və onların geri çəkilmə yollarının bağlanması və s."
Tarixçi-alim deyir ki, haqlı olaraq sual yaranır: o zaman bu qədər güclü təchizatla təmin olunmuş qoşun birləşmələrinin qarşısını almağa, mümkün hücumu dayandırmağa Cümhurriyyət Ordusunun gücü çatardımı? Professorun sözlərinə görə, XI ordu komandanının Bakının işğal edilməsi üçün imzaladığı əmrdəki məlumata əsasən, Qusar-Quba-Xudat rayonlarında 5 min nəfərlik müdafiə qüvvəsi və jandarm divizionu var idi: "Ancaq bu məlumat doğru deyildi. Bunu bolşevik mənbələri də təsdiq edir. Məsələn, XI ordunun zirehli qatarlar qrupunun komandiri M.Q.Yefremov şəxsən apardığı kəşfiyyatdan sonra Samur çayı üzərindəki körpü ətrafında 300 nəfərlik qüvvə yerləşdiyini bildirirdi. Cümhuriyyət Ordusunun arxiv sənədlərinə görə isə 1920-ci il aprelin 25-də respublikanın şimalındakı cümhuriyyət hərbi qüvvələri 4-cü Quba alayının polkovniki knyaz Tumanovun rəhbərliyi altında 4 piyada bölüyündən, dağ batareyasından və bir zirehli qatardan ibarət idi. Piyada bölüklərindən biri Yalamada, biri Şirvanda, 2 bölük və bir batareya isə Xudatda dayanırdı. Zirehli qatarla dəstənin qərargahı Xaçmazda yerləşdirilmişdi. Bunlardan başqa, şimal bölgəsində bir jandarm bölməsi də var idi və bu bölmə sərhədin müdafiəsinə cəlb edilməli idi. Şahidlərin verdiyi məlumata görə, həmin bölmə Yalama stansiyası yaxınlığındakı meşənin içərisində yerləşmişdi. Çox güman ki, M.Yefremovun haqqında danışdığı qüvvə həmin bu bölmə idi".
M.Süleymanov sonra əlavə etdi ki, aprel işğalı ərəfəsində cümhuriyyətin şimal sərhədlərini qoruyan hərbi qüvvələr bunlardan ibarət idi: "Bolşevik mənbələrinə əsasən aparılan araşdırmalardan birində göstərilir ki, XI ordunun qüvvələri aprelin 27-də Quba və Qusar rayonları ərazisində cümhuriyyətin hərbi qüvvələrini təşkil edən 31 zabiti və 600 əsgəri əsir götürmüşdü. Bu rəqəmə əsasən belə bir qənaətə gəlmək mümkündür ki, aprel işğalı ərəfəsində cümhuriyyətin şimal sərhədinin müfahizəsində təxminən 700 nəfərlik bir hərbi qüvvə mövcud idi. Sərhəd bölgəsində mövcud olan cümhuriyyət qüvvələri isə nəyin bahasına olursa-olsun Bakını işğal etmək tapşırığı almış 72,5 min nəfərlik bir qoşunun qarşısını almağa yetərli deyildi".
Professor bildirdi ki, erməni millətçiləri bolşevik Rusiyası ilə danışığa gedib məqsədli şəkildə sərhədlərimizdə gərginlik yaradırdılar: "Ümumiyyətlə, XI ordunun Azərbaycanı sürətlə işğal edə bilməsinin bir səbəbi də ermənilərlə bağlıdır. Cümhuriyyətin əsas hərbi qüvvələri 1920-ci il martın 22-dən etibarən Azərbaycana qarşı başlanmış kütləvi təcavüzün qarşısının alınması məqsədilə Qarabağ bölgəsində və Ermənistanla sərhəd boyunca yerləşdirilmişdi. Cümhuriyyətin hərbi qüvvələrinin əsas hissəsinin Ermənistan cəbhəsində olmasını Rusiya ordusunun Qafqaz dairəsinin komandanlığı da bilirdi. Rusiya Ordusu Qafqaz Cəbhəsinin komandanı Tuxaçevskinin və bu cəbhənin Hərbi İnqilab Şurasının üzvü S.Orconikidzenin XI ordu və Volqa-Xəzər Donanmasının komandanına Bakının işğalı ilə bağlı göndərdikləri 21 aprel 1920-ci il tarixli 490 nömrəli direktivdə göstərilirdi ki, Azərbaycanın əsas qüvvələri öz ölkələrinin qərb sərhədi boyunca yerləşiblər. Cəbhə komandanlığı bu vəziyyəti Azərbaycanın işğalı üçün əlverişli durum kimi dəyərləndirir və aprel ayının 27-də işğala başlanmasını əmr edirdi. XI ordu komandanının Bakının və Azərbaycanın işğalı ilə bağlı 25 aprel 1920-ci il tarixli 52 nömrəli əmrində də Azərbaycanın əsas hərbi qüvvələrinin Ermənistan cəbhəsində olması və bunun da işğal üçün əlverişli şərait yaratdığı bildirilirdi. Mövcud olan faktlar və sənədlər belə bir qənaətə gəlməyə əsas verir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünün 1920-ci ilin aprel işğalı ərəfəsində başlaması həm də erməni millətçi dairələri ilə bolşevik Rusiyasının rəhbərliyi arasında əldə edilmiş sövdələşmənin nəticəsi idi. Bu ərəfədə erməni millətçilərinin nümayəndələri Rusiyaya gedərək bolşevik hökumətinin nümayəndələri ilə Azərbaycan ərazilərinin ermənilərə güzəşt edilməsi qarşılığında Cümhuriyyət Ordusunun diqqətinin Ermənistan cəbhəsinə cəlb edilməsi barədə razılığa gəlmişdilər".
M.Süleymanov sonra dedi: "Aprel işğalı ərəfəsində Qarabağın dağlıq hissəsində və Qazax-Tovuz istiqamətində hərbi şərait əsaslı şəkildə cümhuriyyətin hərbi qüvvələrinin nəzarəti altına götürülsə də, erməni təcavüzünün yenidən alovlanması istisna edilmirdi. Ona görə də burada yerləşən hərbi qüvvələrin şimal sərhədinə atılması və bununla Qarabağ cəbhəsinin zəiflədilməsi mümkünsüz sayılırdı. 1920-ci il aprelin 27-də bolşevik qoşunlarının Azərbaycan sərhədlərini keçməsi xəbəri alınanda da hərbi nazir Səməd bəy Mehmandarov Cümhuriyyət Ordusunun 1-ci piyada diviziyasının komandiri general-mayor Cavad bəy Şıxlinskiyə teleqram göndərərək bir piyada taborun Gəncədən, bir piyada taborun isə Qazaxdan şimal sərhədinə göndərilməsi barəsində əmr vermişdi. Bunun üçün teleqramda Gəncəyə yük qatarının göndərildiyi və həmin taborların da ayın 28-də Bakıya çatmasının zəruriliyi ifadə olunmuşdu".
Moskvanın verdiyi təlimatları Bakıdakı bolşeviklər can-başla yerinə yetirirdilər
Professor bildirdi ki, aprelin 24-də hərbi vəziyyət elan edildi və şəhərdəki silahlı strukturlar döyüş hazırlığına gətirildi: "Bütün partiya üzvləri səfərbərliyə alındı. Aprelin 25-də XI ordunun Petrovskda olan qərargahında toplantı keçirildi. Bu toplantıda Qafqaz cəbhəsi İnqilab Şurasının üzvü S.Orconikidze, XI ordunun komandanı M.Klevandovski, ordunun İnqilab Şurasının üzvü K.Mexonişin və Bakıdan gəlmiş B.Əliyev, H.Cəbiyev, A.Qoqoberidze, A.Mikoyan və başqaları iştirak edirdilər. Toplantıda Azərbaycan Cümhuriyyətinin devrilməsi üçün başlanacaq təcavüzün detalları müzakirə olundu. Aprel ayının 26-da Azərbaycan K(b)P MK və Diyar Komitəsi Bakı bürosunun təcili iclası çağırıldı və şəhərdə təşkil ediləcək silahlı üsyana rəhbərlik etmək üçün operativ qərargah yaradıldı. Qərargah üzvlərinin üsyana cəlb edilməsinə Çingiz İldırım rəhbərlik edirdi. Bir qrup türk kommunistinə Bakı stansiyasını ələ keçirmək tapşırılmışdı. Bakıdakı türk kommunistlərindən Süleyman Nuri, Məhəmməd Tahir, Fuad Sabit və başqaları silahlı üsyanın gözlənilən nəticəni verməsi üçün xüsusi canfəşanlıq edirdilər. Mövcud olan məlumata görə, Bakının general-qubernatoru, Azərbaycanın milli hərbi qüvvələrinin formalaşmasında dəyərli xidmətləri olan general-mayor M.Tlexasın həbsə alınması da bu insanların canfəşanlığının nəticəsində mümkün olmuşdu. Beləliklə, Moskvanın verdiyi təlimatlar Bakıdakı bolşevik və kommunist qüvvələri tərəfindən yerinə yetirildi və XI ordunun müdaxiləsinin asanlaşdırılması üçün zəruri olan işlər görüldü. Qırmızı ordunun sərhədi keçməsi Bakıdakı qüvvələrin hərəkətə keçməsi üçün bir işarə olmalı idi. Qafqaz cəbhəsinin komandanı da yetişmiş vaxtın Azərbaycanın işğalı üçün çox münasib olduğunu qəbul edərək XI ordunun hücuma başlamasına əmr verdi".
Bakıya hücum
M.Süleymanov davam etdi: "Aprelin 26-da Bakı üzərinə hücum üçün son əməli hazırlıq işlərinə başlandı. Hücumu başlamalı olan "III İnternasional" zirehli qatarı Azərbaycan sərhədinə doğru hərəkətə başladı və sərhəd xəttindən 5-6 kilometr aralı olan bir məntəqədə qərar tutdu. Qatar dayanacağı üçün elə bir yer seçildi ki, qarşı tərəfdən onu müşahidə etmək mümkün olmasın. Dərhal da sərhəd xətti ətrafına piyada kəşfiyyatçılar göndərildi. Bu kəşfiyyatçılar Samur çayının hər iki sahilinin kəşfiyyatını apardılar və qarşı tərəfdə XI ordunun hücumu ilə bağlı həyəcanlı vəziyyətin olmadığını müəyyənləşdirdilər. Elə həmin gün "Qırmızı Həştərxan" və "Timofey Ulyansev" zirehli qatarları Azərbaycan sərhədi yaxınlığında hücumqabağı 37 mövqe tutdular. Bakı bolşeviklərinin nümayəndələri, o cümlədən A.Mikoyan zirehli qatarlara burada qoşuldular. A.Mikoyan Bakıya qalib sifətində daxil olmaq üçün sərhədi keçən ilk zirehli qatarda hərəkət etməli idi. Əlimizdə olan mövcud məlumata görə, aprelin 27-də hökumətin iclasında bolşevik qüvvələrinin sərhədi keçməsi xəbəri müzakirə edilərkən, respublikanın müdafiə imkanları barəsində sorğuya cavab verərkən hərbi nazir S.Mehmandarov bildirmişdi ki, Ermənistan silahlı qüvvələrinə müqavimət göstərmək imkanımız olsa da, bolşevik qüvvələrinin hücumunun qarşısını almaq mümkün deyil. S.Mehmandarov bu fikrini şimal sərhədlərində XI qırmızı ordunun say tərkibi ilə müqayisədə Azərbaycan hərbi qüvvələrinin həddən artıq az olması ilə izah etmişdi".
Professor Mehman Süleymanov onu da qeyd etdi ki, bolşevik qüvvələrinin Azərbaycana hücumunun qarşısının alınması üçün Qarabağdan qoşun hissələrinin şimal sərhədinə atılması ilə bağlı hökumət daxilində bəzi fikirlər olub: "Ancaq 1920-ci il aprelin 16-da F.Xoyski bildirirdi ki, Qarabağdan qoşunları heç bir vəchlə çıxarmaq olmaz. Çünki bu, erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarına qarşı təcavüzkarlığının yenidən alovlanmasına gətirib çıxara bilər. 1920-ci il aprelin 27-də bolşevik qüvvələrinin Azərbaycan sərhədlərini pozması xəbərini alan kimi hərbi nazir S.Mehmandarov 1-ci piyada diviziyasının komandiri general-mayor Cavad bəy Şıxlinskiyə teleqram göndərib şimal sərhədinin müdafiəsinə hərbi qüvvələrin ayrılması barədə əmr verdi: "Bolşeviklər Yalama stansiyasına hücum etdilər. Onlar dayanmadan irəliləyirlər. Xudatı ələ keçiriblər. Çıxılmaz vəziyyətdəyik. Günü bu gün Qızılburuna Qazaxdan bir tabor və Gəncədən bir tabor göndərməyinizi əmr edirəm. Hər bir taborda ən azı 500 süngü və pulemyot olmalıdır. Yük qatarını artıq göndərmişik. Həmin hissələrin gəlməsi vaxtını teleqrafla bildirin. Biz taborları sabaha gözləyəcəyik". S.Mehmandarov bu teleqramla şimalın müdafiəsi üçün köməyi Qarabağdan deyil, Gəncə və Qazaxdan göndərməyi əmr edirdi. Vəziyyətin teleqramla qiymətləndirilməsi göstərir ki, Qarabağda olan qüvvələrin şimala göndərilməsi ilə də çox böyük qüvvəyə malik olan XI ordunun qarşısını almaq asan olmayacaqdı. Çünki erməni milliyyətçi qüvvələrinə qarşı aparılan gərgin mübarizə Azərbaycan Ordusuna xeyli canlı və maddi itkilər vermişdi. Respublikanın ərazi bütövlüyünün qorunması üçün hətta şimal sərhədlərinin müdafiəsində dayanan qüvvələr də Qarabağa aparılmışdı. Bütünlükdə 1920-ci ilin aprelində Azərbaycanda mövcud olan hərbi şərait sürətlə cənuba doğru irəliləyən bolşevik qüvvələrinin işğalçılıq niyyətlərindən qorunmaq üçün respublikanın xeyrinə deyildi. Bolşeviklər də bundan dərhal istifadə etdilər. İşğalçı qüvvələrin əsas zərbə qüvvəsini təşkil edən zirehli qatarların Bakıya girməsi, şəhərin giriş-çıxış nöqtələrinin tutulması Azərbaycanın müstəqilliyinə son qoydu. Aprelin 28-də respublika hökuməti, Hərbi Nazirliyin rəhbərliyi istefa verdi. Hakimiyyət bolşeviklərin əlinə keçdi".
Cümhuriyyətin süqutu ilə repressiyalar başladı
Professor Mehman Süleymanov xüsusi olaraq qeyd etdi ki, aprel çevrilişindən dərhal sonra Azərbaycan Xalq Cümhuriyyətinin liderləri və görkəmli nümayəndələri repressiyaya məruz qaldılar: "Azərbaycanın ictimai-siyasi həyatında təsirli rol oynamış tanınmış siyasətçilər, təcrübəli hərbçilər, generallar, maarif-mədəniyyət xadimləri dustaq edildilər. Onlar Nargin adasında qətlə yetirildilər, çoxları isə sürgünə göndərildi. Bu cinayətlər Azərbaycan İnqilab Komitəsindən xəbərsiz olaraq XI ordunun xüsusi şöbəsi tərəfindən həyata keçirilirdi. Əsasını rus şovinistləri və erməni daşnakları təşkil edən şöbəyə əməlləri ilə Azərbaycan xalqına böyük bəlalar gətirmiş V.A.Pankratov rəhbərlik edirdi. Bundan əlavə, XI ordu qüvvələri Azərbaycan ərazisinə daxil olduğu gündən yerli əhalinin talanmasına, qanunsuz sərvət toplanmasına rəvac verildi. Fəhlə və kəndli hakimiyyətinin qurulmasını öz məqsədi hesab edən bolşevizmin hərbi qüvvələrinin Azərbaycan ərazisindəki ilk qurbanları da elə fəhlə və kəndlilər oldular. Əhalinin talanması elə kütləvi hal aldı ki, XI ordu hissələrinin komandanı Levandovski 1920-ci il mayın 10-da onun qarşısının alınması barədə əmr imzalamalı oldu. Hissə komandirlərindən tələb olunurdu ki, əhalidən qanunsuz alınmış əmlak geri qaytarılsın".
Amma artıq gec idi. Yerli əhali aldadıldığını başa düşmüşdü. M.Süleymanov söylədi ki, aprel çevrilişindən heç bir ay keçməmiş Azərbaycanı sovet quruluşu əleyhinə üsyanlar dalğası bürüdü: "Elə bir bölgə tapmaq mümkün deyildi ki, orada yeni rejimə qarşı narazılıqlar baş verməsin. İstiqlaliyyətinin keşiyində dayanan ordunun dağıldığını, milli zabitlərinin, ziyalılarının, dövlət və siyasət adamlarının həbs və edam edildiyini, sərvətlərinin talana məruz qaldığını, milli əxlaq və dəyərlərinin təhqir olunduğunu, bayrağının endirilərək Vətəninin ilhaq edildiyini görən xalq üsyana qalxdı. Bu üsyanların ilhamvericisi və aparıcı qüvvəsi Milli Ordunun əsgər və zabitləri idi. Onların xidmət etdikləri hərbi hissələr isə üsyanların mərkəzinə çevrildi. Gəncə və Qarabağ üsyanlarının ardınca Şamaxıda da gərgin vəziyyət yarandı. Bolşeviklərin özbaşınalığından cana doymuş Şamaxı əhalisi arasında yeni rejimə qarşı bir nifrət vardı. Çünki bu rejimin təmsilçisi kimi bölgəyə gəlmiş hərbi hissədəki erməni silahlıları Şamaxıda görünməmiş talanlar həyata keçirmiş, bütün kəndləri var-yoxdan çıxarmışdılar. 1920-ci il may ayının sonlarında qırmızı hərbçilər Qazax rayonunda da əhaliyə qarşı sonsuz haqsızlıqlar həyata keçirdilər. Zaqatalada isə yerli əhalinin evlərində yerləşdirilmiş olan hərbçilər özlərini bu evlərin ağası sayır və ev sahiblərinə zorakılıq tətbiq etməkdən çəkinmirdilər. Salyanda ərzaq toplamaq adı altında hərbçilər kənd-kənd gəzir, əhalinin bütün var-yoxunu əllərindən alırdılar. Yevlaxla Qarabağ arasına səpələnmiş XI ordu hissələri və bölmələri də oxşar özbaşınalıqları törətməkdə idilər. Şuşa-Yevlax yolu ilə hərəkət edən qırmızı hissələr kimsədən çəkinmədən ətraf kəndlərə basqınlar edir, əhalini silahla qorxudub talançılıq edirdi".
Araşdırmaçı professor qeyd etdi ki, cümhuriyyətin süqutundan sonra Azərbaycanın müstəqilliyinə xidmət edən Cümhuriyyət Ordusu məqsədli şəkildə məhv edildi: "İki il ərzində xalqının müstəqilliyinin müdafiəsində şərəfli bir tarix yaşamış bu ordu bolşevizmin gətirdiyi qanlı faciələrin qurbanı oldu. Cümhuriyyət Ordusunun şəxsi heyətinin yeni şəraitdə sovet işğalına qarşı çıxmasına yol verməmək üçün onun zabit və generalları kütləvi şəkildə öldürüldülər. İşğalından dərhal sonra Azərbaycan Xalq Cümhuriyyəti ordusunun 12 generalı, 27 polkovnik və polkovnik-leytenantı, 46 kapitanı və ştab kapitanı, 148 nəfər kiçik zabit, 267 nəfər digər hərbi qulluqçu bolşevik hakimiyyəti tərəfindən qətlə yetirildi. Bütünlükdə isə milli düşüncəli azərbaycanlı zabitlərin sovet hakimiyyəti tərəfindən aradan götürülməsi 1940-cı illərə qədər davam etdi".
Elşən QƏNİYEV,
"Azərbaycan"