07 Fevral 2026 09:35
193
SİYASƏT
A- A+
Cinayət cəzasız qalmadı

Cinayət cəzasız qalmadı


Haqqın yerini tapdığı nöqtəyə çatdıq. Ötən ilin yanvarında başlamış və bir ildən çoxdur davam etdirilən məhkəmə prosesində təqsirləndirilən Ermənistan vətəndaşlarına fevralın 5-də hökm oxundu.

Bakı Hərbi Məhkəməsində aparılan məhkəmə prosesində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslər, Arkadi Qukasyan, Bako Sahakyan, Arayik Harutyunyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan, David Manukyan və digər separatçılar Azərbaycan qanunları qarşısında cavab verdilər. Bir daha göründü ki, onların törətdikləri məqsədli, sistemli şəkildə həyata keçirilmiş cinayətlərdir. Onlara qarşı irəli sürülən ittihamlar isə xalqımızın taleyinə vurulmuş yaraların hüquqi ifadəsidir desək, yanılmarıq. 

Tarixin yaddaşı uzundur. Ədalətin yolu isə ağırdır. İllərlə səbrimiz sınandı. Məhkəmədə çıxarılan tarixi hökm sinəmizdə düyünlənən ağrının, susdurulan fəryadların, yarımçıq qalan talelərin səsinə verilmiş bir cavab oldu. Ədalət zəfər çaldı. 

Qeyd edək ki, Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Manukyan, David Babayan, Levon Mnatsakanyan, Vasili Beqlaryan, Erik Qazaryan, Davit Allahverdiyan, Qurgen Stepanyan, Levon Balayan, Madat Babayan, Qarik Martirosyan, Melikset Paşayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurdular. 

1980-ci illərin sonlarından başlayaraq, Qarabağı separatçılıq ocağına çevirən, himayədarlarının verdiyi silahlarla mülki azərbaycanlılara qarşı ən ağır cinayətləri törədən bu şəxslər cəzasız qalacaqlarını düşünürdülər. Müharibə caniləri ən dəhşətli cinayətlərdən birini Xocalıda törədiblər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, Xocalının yerli əhalisi olan Azərbaycan türklərinə qarşı baş vermiş soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Malıbəyli və Quşçular qətliamları da xalqımıza qarşı törədilən dəhşətli cinayətlərdən biridir. Qarabağ müharibəsi zamanı fevralın 10-dan 12-dək erməni qeyri-qanuni silahlı birləşmələri tərəfindən Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərinə eyni zamanda edilən hücum nəticəsində təxminən 50-yə yaxın dinc etnik azərbaycanlı qətlə yetirilib. 

Həmçinin Qaradağlı faciəsini qeyd edə bilərik. Erməni hərbi birləşmələri 1992-ci il fevralın 14-də Xankəndidə yerləşən keçmiş SSRİ silahlı qüvvələrinin 366-cı motoatıcı alayının hərbi qüvvəsinin və texnikasının köməyi ilə Xocavəndin Qaradağlı kəndinə hücum etdi. Sakinlərin kəndi qəhrəmancasına müdafiə etməsinə baxmayaraq, fevralın 17-də qeyri-bərabər döyüşlərdə Qaradağlı kəndi ermənilər tərəfindən işğal olundu. 118 nəfər əsir götürülənlərdən 101 nəfəri vəhşicəsinə qətlə yetirildi. Öldürülənlərdən 21 nəfəri ahıl və qoca, 10 nəfəri qadın, 8 nəfəri məktəbli idi. 

1991-ci il avqustun 23-də Əsgəran rayonunun Cəmilli kəndində mülki şəxslərin olduğu UAZ markalı avtomobil avtomat silahlardan atəşə tutulub. Nəticədə bir neçə nəfər hadisə yerində həlak olub, çoxlu sayda insan ağır yaralanıb. Xocavənddə, Qazaxın Xeyrımlı kəndində baş verən hadisələr də erməni cinayətlərinin dəhşətli izləridir. Bu cür cinayət faktları çoxdur. Bütün bunları Azərbaycan xalqı unudarmı heç?! 

2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatları ilə döyüş meydanında haqq-ədalət öz yerini tapdı. Azərbaycan Ordusu torpaqlarımızı azad edərək tarixin axarını dəyişdi. 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri ilə isə suverenlik tam bərpa olundu. Bu gün üçrəngli bayrağımız Qarabağda qürurla dalğalanır. Bütün bunlar yolun sonu demək deyildi. Bu, ədalətin hüquqi mərhələsinin başlanğıcı idi.

Tarixlə üzləşmək cəsarət tələb edir. Məhkəmə zalında səslənən ifadələr, zərərçəkənlərin danışdıqları canlı tarix olaraq dinlənildi. Onların söylədikləri bütün hadisələr minlərlə ailənin taleyində yaşayan ağrı-acının ifadəsidir.

İlahi ədalətin bərqərar olmasını uzun illərdir ki, gözləyirdik. Müharibə canilərinə çıxarılan ədalətli hökm heç bir cinayətin əsla cəzasız qalmayacağının bariz nümunəsidir. İlahi ədalət mütləq bərqərar olur.  


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!