Rəsmi Pekin Donald Trampın Çin məhsullarına əlavə gömrük rüsumları tətbiq edəcəyi ilə bağlı açıqlamasına cavab olaraq bildirib ki, ticarət və ya tarif müharibəsinin qalibi olmur.
AZƏRTAC xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmisi xanım Mao Nin məsələyə dair sualı şərh edərkən belə deyib. “Biz Çinin bu məsələ ilə bağlı mövqeyini dəfələrlə izah etmişik. Biz həmişə inanmışıq ki, ticarət və ya tarif müharibəsində qalib yoxdur”, - deyən Çin XİN rəsmisi əlavə edib ki, Çin daim öz milli maraqlarını qətiyyətlə müdafiə edir.
Mao Nin diqqət çatdırıb ki, Pekin ABŞ ilə əlaqə saxlamağa, fikir ayrılıqlarını düzgün həll etməyə, qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməyə və Çin-ABŞ münasibətlərinin davamlı inkişafına töhfə verməyə hazırdır.
Qeyd edək ki, Prezident Donald Tramp fevralın 1-dən başlayaraq Çindən idxal edilən məhsullara 10 faizlik əlavə rüsumlar tətbiq edə biləcəyini açıqlayıb.
Trampın ilk prezidentliyi dövrü ABŞ-Çin ticarət müharibələri, qarşılıqlı olaraq məhsullara əlavə idxal rüsumların tətbiqi ilə yadda qalıb. Ümumiyyətlə, Trampın ilk prezidentliyinin sonunda ABŞ-Çin münasibətləri son onilliklərin ən aşağı səviyyəsinə enmişdi. Donald Tramp administrasiyasının bu dəfə də Çinə qarşı iqtisadi təzyiq alətlərindən istifadə edəcəyinə dair siqnallar verilib. O, hələ seçkiqabağı təşviqat kampaniyasında prezident seçiləcəyi halda, Çin istehsalı olan idxal mallarına 60 faizədək əlavə rüsumlar tətbiq edəcəyini söyləmişdi. Tramp hələ ilk prezidentliyi dövründə iki ölkə arasında ticarət dövriyyəsində Çinin xeyrinə olan böyük müsbət saldoya görə daim gileylənib. Ekspertlər hesab edir ki, tariflərin 60 faizədək artırılması Çinin iqtisadi artımını təxminən yarıbayarı azalda, qlobal tədarük zəncirlərini poza bilər.