26 Iyun 2024 08:35
219
SİYASƏT
A- A+

Cənubi Qafqazın ən güclü Silahlı Qüvvələri

 

 "Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycana hakimiyyətə gəlişindən sonra ölkəmizdə milli hərbi kadrların hazırlanmasına başlanıldı, bu işdə dahi şəxsiyyətin müstəsna xidmətləri olub. 1971-ci ildə SSRİ rəhbərliyinin böyük təzyiqlərinə baxmayaraq, Heydər Əliyev Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılmasına nail oldu. Sovet rəhbərliyi hər zaman azərbaycanlı hərbi kadrların hazırlanmasına mane olmağa çalışsa da, Heydər Əliyev yüzlərlə azərbaycanlı gənci SSRİ-nin digər şəhərlərində yerləşən ali hərbi məktəblərdə təhsil almağa göndərib. 1993-cü ildə xalqın haqlı tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanda ordu quruculuğuna xüsusi diqqət ayırıb". 
Milli Məclisin deputatı Kamilə Əliyeva qəzetimizə açıqlamasında bildirib ki, AXC-Müsavat cütlüyünün hakimiyyəti zamanı Ermənistan şəhər və kəndlərimizi işğal etməyə başladı. Ordudakı hərc-mərclik, ovaxtkı hakimiyyətdə olanların da etiraf etdikləri kimi, fərarilik baş alıb gedirdi. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən dərhal sonra bütün ordu birləşmələrini vahid komandanlıq ətrafında birləşdirdi. O zamanlar Ulu Öndərin komandanlığı altında Füzuli istiqamətində uğurlu hərbi əməliyyatlar keçirildi və ərazilərimizin bir hissəsi işğaldan azad edildi. "1994-cü ildə Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində Azərbaycanla Ermənistan arasında atəşkəs haqqında müqavilə imzalandı. Bundan sonra Azərbaycanda güclü ordu quruculuğuna başlanıldı. Silahlı Qüvvələrimizin maddi-texniki bazası yenidən quruldu, hərbçilərimizin sosial vəziyyətinə xüsusi diqqət ayrıldı. Ordumuzun müasir silahlarla təzhizatına başlanıldı", - deyə deputat əlavə edib.
K.Əliyeva xatırladıb ki, Ulu Öndərin 1998-ci il 22 may tarixli sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunub və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilməyə başlandı. Bugünkü güclü Azərbaycan Ordusunun yaranması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1999-cu ildə Heydər Əliyevin imzaladığı fərmanla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası yaradıldı, 2001-ci ildə Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilər Məktəbinin əsası qoyuldu. 2001-ci ildən Azərbaycan NATO-nun "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat" planına qoşuldu. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Azərbaycan hərbçiləri İraqda, Kosovada, Əfqanıstanda xidmət keçməyə başladılar. 
Deputat qeyd edib ki, bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusuna çevrilib: "Dövlət başçısının təşəbbüsü ilə yaradılan Müdafiə Sənayesi Nazirliyi mindən çox müdafiə və hücumtəyinatlı məhsullar istehsal edir. Prezident İlham Əliyev hər zaman Milli Ordumuzun müdafiə qüdrətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılmasına böyük diqqət ayırır. Son illərdə Azərbaycanın hərbi sənaye kompleksində ən müasir və müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları istehsal edilir. Azərbaycanın zavodlarında istehsal edilən hərbi təyinatlı məhsullar ordumuzu əhəmiyyətli dərəcədə təchiz edir. Bu hərbi məhsullar Azərbaycan Ordusunu təmin etməklə yanaşı, digər xarici ölkələrə də ixrac olunur. Eyni zamanda ölkəmiz bir çox dövlətlə müqavilələr imzalayaraq hərbi əməkdaşlıq əlaqələrini gücləndirir".
Azərbaycan Ordusunun döyüş hazırlığına görə MDB ölkələri arasında lider - ön sıralarda qərarlaşdığını deyən deputat bildirib ki, "Qlobal Fire Power" mərkəzinin hazırladığı hesabatda ordumuz Cənubi Qafqazda birinci, dünyada ilk 50 ordu sırasında yer alıb. Azərbaycan Silahlı Qüvvələrinin bugünkü arsenalında dünyanın ən müasir və güclü döyüş texnikaları yer alır. Prezident İlham Əliyev Azərbaycanı güclü iqtisadiyyatı və yenilməz ordusu olan bir dövlətə çevirdi. 2016-cı ilin aprel ayında  Azərbaycan Ordusu nəyə qadir olduğunu nümayiş etdirdi, Ermənistan ordusunun təxribatına cavab olaraq əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı. Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsi azad edildi. Bu 2020-ci ildəki şanlı qələbəmizə aparan yolun başlanğıcı oldu. İki il sonra - 2018-ci ildə ordumuz Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq hissəsini işğaldan azad edərək əlverişli mövqeləri ələ keçirdi:  "Ali Baş Komandan İlham Əliyevin qurduğu ordu 44 günə Ermənistan ordusunu darmadağın edərək 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi. Dövlət başçısının təşəbbüsü ilə Vətən müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medalları təsis edildi. Azərbaycan Ordusunun igid əsgər və zabitləri "Zəfər" və "Qarabağ" ordenləri, həmçinin "Vətən Müharibəsi Qəhrəmanı" da daxil olmaqla 15 yeni orden və medalla təltif olundular. Vətən müharibəsində Azərbaycan Ordusunun hərbi taktikasını öyrənən Qərb və ABŞ hərbi mərkəzləri heç bir dövlətin qoşunlarının bu ordunun qarşısında tab gətirə bilməyəcəyini vurğuladılar". 
Deputat xatırladıb ki, Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə 2022-ci ildə Milli Müdafiə Universiteti yaradılıb. Ordunun türk ordu modeli əsasında yenidən qurulması Silahlı Qüvvələrin gücünü daha da artırır. Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birlikdə keçirdiyi hərbi təlimlər döyüş qabiliyyətinin gücləndirilməsinə böyük təkan verir. Bununla yanaşı, Azərbaycan dövləti İsrail, Rusiya, Pakistan kimi dövlətlərdən ən müasir silahlar alır və ordumuzun istifadəsinə verir. 
K.Əliyeva vurğulayıb ki, bu gün hər bir gənc güclü, qüdrətli Azərbaycan Ordusunda xidmət etməyi şərəf hesab edir: "26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranması günü münasibətilə Ali Baş Komandan İlham Əliyev  başda olmaqla, bütün hərbçilərimizi, ümumilikdə Azərbaycan xalqını təbrik edirik. Yaşasın Müzəffər Ali Baş Komandan! Yaşasın Azərbaycan əsgəri!"

Əsmər QARDAŞXANOVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video