25 Oktyabr 2025 08:30
660
SİYASƏT
A- A+
Cənubi Qafqazda sülhün açarı regionun öz əlindədir

Cənubi Qafqazda sülhün açarı regionun öz əlindədir


Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzaladıqları "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş", Vaşinqton Bəyannaməsi ilə Cənubi Qafqazda yeni tarixi mərhələnin başlanğıcı qoyuldu.

Bu tarixi sənədin imzalanmasından sonra hər iki ölkə rəhbərliyi tərəfindən atılan real və ardıcıl addımlar cəmiyyətləri sülhə hər ötən gün bir qədər də yaxınlaşdırır. Azərbaycan artıq Ermənistana yük tranziti ilə bağlı işğal dövründən qalan bütün məhdudiyyətləri aradan qaldırıb.

Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri zamanı Prezident Kasım-Jomart Tokayevlə birgə mətbuata bəyanatında demişdir: "Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, praktikada olduğunun göstəricisidir".

Azərbaycan həmişə regionda sülhün, sabitliyin və qarşılıqlı etimadın tərəfdarı olub. Uzun illər davam edən münaqişədən sonra sülh sazişinin imzalanması təşəbbüsünün müəllifi də məhz Azərbaycandır.

Ermənistana yük tranzitinin açılması dövlətimizin sülhə sadiqliyinin ən yaxşı  nümunəsidir. Bu addım həm də Azərbaycanın bölgədə qarşılıqlı etimad mühitini möhkəmləndirməyə yönəlmiş müdrik siyasətinin davamıdır. Ermənistanın Baş naziri Nikol Paşinyan və bir sıra erməni rəsmilərinin Prezident İlham Əliyevin bu qərarını alqışlaması da bunu təsdiqləyən faktdır.

Daha maraqlı məqam odur ki, tranzit məhdudiyyətlərinin aradan qaldırılması Azərbaycan nümayəndə heyətinin İrəvana səfəri ilə eyni vaxta təsadüf edib. Bu o deməkdir ki, etimadın möhkəmləndirilməsi yalnız siyasi səviyyədə deyil, vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə də həyata keçirilir. İrəvanda ilk dəfə hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən görüş sülhün sosial təməllərinin formalaşması baxımından əlamətdar hadisədir. Uzun illər davam edən düşmənçilikdən sonra cəmiyyətlərin bir-biri ilə təmas qurması, birgə müzakirələr aparması gələcək birgəyaşayış modelinin yaranmasına real töhfə verir.

Bütün müharibələrin sonu sülhlə bitir. Bu gün Ermənistan cəmiyyəti də anlayır ki, düşmənçilik və revanşizm siyasəti nə iqtisadi, nə də mənəvi baxımdan davamlı ola bilər. İqtisadi resursları məhdud, coğrafi mövqeyi isə mürəkkəb olan Ermənistanın yeganə inkişaf yolu Azərbaycanla sülh şəraitində yaşamaqdan keçir.

Xatırladaq ki, İrəvandakı görüşdə tərəflər siyasi məsələlərdən çox humanitar mövzular, iqtisadi və logistik imkanlar, qarşılıqlı etimadın möhkəmləndirilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparıblar. Birgə fəaliyyət planının işlənib hazırlanması məsələsinə də xüsusi diqqət yetirilib.

Ən mühüm məqam isə bu görüşlərin vasitəçisiz baş tutmasıdır. Uzun illər danışıqlarda "vasitəçi" kimi çıxış edən qüvvələrin, əslində, region xalqlarının taleyindən çox öz geosiyasi maraqlarını düşündüyü heç də sirr deyil. Uğurlu faktdır ki, bu gün artıq  Bakı və İrəvan heç bir kənar müdaxilə, "vasitəçi" olmadan danışıqlar aparır, vətəndaş cəmiyyəti inisitutlarının nümayəndələri birbaşa görüşlər təşkil edirlər. 

Qeyd edilməlidir ki, Ermənistan ictimaiyyətinin və mətbuatının əhəmiyyətli hissəsi, eləcə də bir sıra müxalif qüvvələr də bu görüşləri müsbət qarşılayıb. Amma bu o demək deyil ki, bütün proseslər tamamilə müqavimətsiz, rəvan, sakitliklə keçir. Ermənistanda revanşist qüvvələr anlayırlar ki, sülh prosesinin dərinləşməsi Paşinyan hökumətinin 2026-cı il seçkilərində uğur qazanmaq şansını daha da artırır. Revanşistlərin növbəti məğlubiyyəti onların avantürist  siyasi "fəaliyyətlərinin" sonu, işğalçılıq yolu ilə əldə etdikləri varidatlarının tezliklə əllərindən çıxması deməkdir. Elə bu üzdən də müharibə tərəfdarları  son güclərini toplayaraq   Paşiniyan hakimiyətinə qarşı əsl hücuma keçib, hazırkı hakimiyyəti "təslimçilik"də, "xəyanət"də ittiham edirlər. Bütün bunlarla yanaşı, reallıq göstərir ki, Bakı və İrəvan sülh gündəliyini irəlilətməkdə qərarlıdır.

Şübhə yoxdur ki, bundan sonra da bu cür görüşlər davamlı və müntəzəm xarakter alacaq. Yaxın zamanda Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin Bakıya səfəri reallaşarsa, bu artıq bizi təəccübləndirməməlidir. Unutmamalıyıq ki, bu cür təmaslar sülh mədəniyyətinin formalaşmasına, xalqlar arasında etimad mühitinin daha da möhkəmlənməsinə xidmət edir.

Təsadüfi deyil ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da görüşü yüksək qiymətləndirib: "Mən belə görüşlərin keçirilməsini Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin tərkib hissəsi kimi görürəm. Bu təmaslar insanlar arasında müsbət münasibətlərin yaranmasına yönəlib və sülhün möhkəmlənməsinə töhfə verəcək".

Bu proses bir daha göstərir ki, Cənubi Qafqazda sülhün açarı regionun öz əlindədir. Ermənistan da artıq anlayır ki, sülh  kənar diktə ilə, məcburi razılaşmalarla deyil, qarşılıqlı etimad və əməkdaşlıqla mümkündür.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!