04 Oktyabr 2024 08:00
354
SİYASƏT
A- A+
Cəbrayıl - azadlığa qovuşan ilk şəhər

Cəbrayıl - azadlığa qovuşan ilk şəhər


Cəbrayıl şəhərinin azadlığına qovuşmasından dörd il ötür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il oktyabrın 4-də xalqa verdiyi "Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!" müjdəli xəbəri sanki dünən kimi xatırlanır. Amma artıq Cəbrayıl azaddır, dirçəlir, doğma sakinlərinə qovuşur. 

Cəbrayıl düşmən tapdağından xilas edilən ilk şəhər idi. Vətən müharibəsinin ilk günlərindən Cəbrayıl rayonunun kəndləri bir-bir işğaldan azad edilirdi. Dövlət başçısı bu sevincli xəbərləri xalqla bölüşürdü. 

İlk gündə rayonun Böyük Mərcanlı və Nüzgar kəndləri, oktyabrın 3-də isə Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixdə isə Cəbrayıl şəhəri ilə yanaşı, rayonun 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal qüdrətli ordumuz tərəfindən işğaldan azad edilmişdi. 

Cəbrayıl şəhərinin azadlığı, Azərbaycan bayrağının qaldırılması ordumuzu daha əmin addımlarla irəliyə doğru aparırdı. 

Ümumilikdə bu əməliyyatlar zamanı Cəbrayıl şəhəri və rayonun 90 kəndi işğaldan azad edildi. Həmçinin Azərbaycanın İranla dövlət sərhədinə nəzarət qismən bərpa edildi. 

Tarixə nəzər: 1930-cu ildə təşkil edilən Cəbrayıl rayonu 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilib. 17 iyun 1964-cü ildə ayrıca rayon kimi  yenidən yaradılıb. Rayon 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. 

1994-cü il 5 yanvar tarixdə Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilsə də, kənddə yaşayış mümkün olmayıb. 2016-cı il Aprel döyüşlərində Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad ediləndən sonra Cocuq Mərcanlı kəndi ordumuzun nəzarətinə keçib.

Vətən müharibəsinə gedən yolun başlanğıcı hesab edilən Aprel döyüşləri işğal dövründən sonrakı ilk genişmiqyaslı əməliyyat idi. Dörd gün davam edən savaşda Azərbaycan Ordusu Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyini və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində bəzi mövqeləri düşməndən azad etmişdi. Strateji əhəmiyyətli yüksəkliklərin nəzarətimizə keçməsi böyük əhəmiyyət kəsb edirdi. 


Müqəddəs torpaqlara ilk səfər


Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azadlığa qovuşmuş  müqəddəs torpaqlara ilk səfərləri də elə Cəbrayıl şəhərindən başladı. Ölkə rəhbəri Cəbrayıl şəhərində və Xudafərin körpüsündə üçrəngli Azərbaycan bayrağını qaldırdı. 

Füzuli və Cəbrayıla səfər edən dövlət başçısı qələbənin zirvəsi sayılan Şuşaya yol çəkilişi ilə bağlı göstərişini də verdi.  Zəfər yolunun əsası elə bu səfərdə qoyuldu. 

Vətən müharibəsindən dərhal sonra Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, işğaldan azad olunmuş hər bir rayonda bərpa və yenidənqurma işləri sürətlə həyata keçirilir. Quruculuq işləri dövlət başçısının birbaşa nəzarətindədir. 


Bərpa, quruculuq...


Cəbrayıl da 27 il ərzində ermənilər tərəfindən vəhşicəsinə dağıdılan rayonlarımızdandır. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard dollar məbləğində ziyan dəyib. Cəbrayılın işğaldan azad olunmasının ilk ilində Prezident Cəbrayıla səfər edərək, orada bir sıra təməlqoyma tədbirlərində iştirak edib "KAMaz" ASC ilə "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin əsasını qoydu. Ölkə rəhbəri eyni zamanda 110/35/10 kV-luq "Cəbrayıl" yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında iştirak etdi. Həmin səfərində cəbrayıllılarla görüşən Prezident İlham Əliyev qələbənin önəmindən söz açaraq Cəbrayılın azad olunmasından sonra işğal altında olan digər rayonlara uğurlu addımların mümkün olduğunu bildirdi.

Bəli, Cəbrayıldan sonra Zəngilan, Qubadlı və Laçın rayonunun cənub hissəsinin işğalçılardan təmizlənməsinə şərait yarandı. Qüdrətli ordumuz bu şəraitdən məharətlə istifadə edərək irəlilədi. Beləliklə, hərbçilərimiz Laçın dəhlizinə tam nəzarəti bərpa edə bildi.  

Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi", "Ağıllı Tingçilik" və "Dostluq Meşəsi" Kompleksinin də təməlləri qoyuldu. Ötən il Cəbrayıl Şəhəri Günündən öncə rayona səfər edən dövlət başçısı ilk yaşayış məhəlləsi - Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə tanış oldu. Eyni zamanda inzibati binanın təməlini qoydu. 

Cəbrayıl rayonunda 240 meqavat gücə malik günəş-elektrik stansiyasının inşası da nəzərdə tutulub. Rayona gediş-gəlişin rahatlığının təmin olunması üçün isə  hazırda 4-6 zolaqlı yol çəkilir. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edilib.

Bu ilin may ayında Cəbrayıla baş çəkən Prezident İlham Əliyev yeni dörd kəndin - Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərinin əsasını qoydu. Böyük Mərcanlıda 2040-cı ilədək 6230 nəfər əhali üçün 1074 fərdi ev və bir neçə mərtəbəli yaşayış binaları, Karxuluda 4428 sakin üçün 940 fərdi ev və bir neçə mərtəbəli evlərin, Sarıcallıda 4740 nəfər əhali üçün 1185 fərdi evin və bir neçə mərtəbəli binaların, Maşanlıda isə 2360 sakin üçün 590 fərdi evin layihələndirilməsi nəzərdə tutulub.

Bu səfərdə eyni zamanda "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının açılışı baş tutdu. Bütövlükdə, Cəbrayılda adını çəkmədiyimiz neçə-neçə böyük layihələr həyata keçirilir, binaların tikintisi davam etdirilir. 


Bu gün Cəbrayıl Şəhəri Günüdür


Prezident İlham Əliyevin ötən ilin iyul ayında imzaladığı sərəncama əsasən, işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib. Zəfər yolunun başlanğıcı, ilk azad edilən şəhər kimi Cəbrayılın bu gün azadlığının təntənə günüdür. Cəbrayıllılar və bütün Azərbaycan xalqı bu günü böyük təmtəraqla qeyd edirlər.  

Tezliklə digər şəhərlərimizin sakinləri kimi, Cəbrayılın sakinləri də bu böyük bayramın sevincini doğma yurdda qeyd edəcəklər. İlk mərhələdə Cəbrayıl şəhərində ümumilikdə 117 ailə - 364 nəfərin məskunlaşması təmin olunacaq. Məlumata əsasən, Cəbrayıl şəhərinin mərkəzində kompleksdə 33 yaşayış binası tikilir. 4-5 mərtəbədən ibarət olan bu binalarda 712 mənzil olacaq. İnşaat işləri başa çatdıqdan sonra binalarda 2158 keçmiş məcburi köçkün məskunlaşacaq. Bundan sonra cəbrayıllıların da mərhələli şəkildə dədə-baba torpaqlarına köçmələrinin, sevinc göz yaşlarının şahidi olacağıq. 


Cəbrayıl igidləri


Cəbrayılın azad olunması qələbənin qazanılmasında xüsusi rol oynayıb. İllərlə bu ərazilərdə möhkəmlənmiş düşmənin mövqelərini, istehkamlarını məhv etmək xüsusi bacarıq, şücaət tələb edirdi. Vətənini canından çox sevən Azərbaycan Ordusunun əsgər və zabit heyəti bu yolda hər şeyə hazır idi. Bunun üçün yalnız Ali Baş Komandanın əmri kifayət idi. 

Zəfərdən sonra Vətən müharibəsi ilə əlaqədar təsis edilən ali mükafatlar sırasında  "Cəbrayılın azad olunmasına görə" medalı da xüsusi yer aldı. Dövlət başçısı tərəfindən bu yolda canı, qanı bahasına döyüşərək şəhadətə yüksələnlər, həmçinin qazilərimiz mükafatlandırılmışdı. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22797 hərbi qulluqçusu "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdi. 


Cəbrayıl istiqamətində döyüşlər gələcək qələbəmizin təməlini qoydu


Cəbrayılın 1992-ci il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini xatırladan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, rayon strateji mövqeyi, həmçinin Xudafərin körpüsü vasitəsilə İranla həmsərhəd olması baxımından böyük əhəmiyyət daşıyır: "Buna görə ermənilər cidd-cəhdlə Cəbrayılı qorumağa çalışırdılar. Onlar ciddi mühəndis-istehkam qurğuları yaratmışdılar ki, rayonu geri almaq mümkün olmasın. 1994-cü ilin yanvar ayında Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi Azərbaycan hərbçiləri tərəfindən işğaldan azad edilmişdi. 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusu Lələtəpə yüksəkliyini azad edərək Cocuq Mərcanlıya nəzarəti tam ələ almışdı. Lakin rayonun digər kəndləri Ermənistanın, separatçı qüvvələrin işğalı altında qalırdı. 2020-ci il sentyabrın 27-də döyüşlər başlayanda ən ciddi istiqamət Cəbrayıl idi,  çünki ermənilər bu rayonun bir sıra kəndlərini, həmçinin Cocuq Mərcanlını atəş altında saxlayırdılar. Çalışırdılar ki, Azərbaycan Ordusu əks istiqamətdə hücuma keçə bilməsin. Ermənistan silahlı qüvvələrinin bu kəndə açdığı atəşdən mülki vətəndaşımızın yaralanması ilə Azərbaycan Ordusu ciddi həmlələrinə başladı. Əsas istiqamət Füzuli-Cəbrayıl idi. Burada Ermənistanın çoxlu hərbi texnikası cəmləşdirilmişdi. Azərbaycan Ordusu onların hamısını sıradan çıxartdı. Daha sonra 18-ci motoatıcı diviziya məhv edildi". 

Bir sıra strateji əhəmiyyətli kəndlərin müharibənin ikinci həftəsində Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildiyini xatırladan deputat deyib ki, ən mühüm məsələlərdən biri müharibənin təxminən üçüncü həftəsində Azərbaycanı və İranı birləşdirən, 30 ilə yaxın işğal altında olan Xudafərin körpüsünə çıxış idi. Azərbaycan Ordusu Xudafərini işğaldan azad etdi. Prezident İlham Əliyev bu ərəfədə informasiya müharibəsi aparırdı. Xalq ölkə rəhbərinin "Tviter"də (indiki "X") paylaşımlarını maraqla, səbirsizliklə gözləyirdi. Oktyabrın 18-də isə dövlət başçısı Xudafərin körpüsündə dalğalanan Azərbaycan bayrağının videosunu paylaşdı. 

A.Nağıyev vurğulayıb ki, Azərbaycan Ordusu artıq Xocavənd rayonuna - cənub kəndlərinə tərəf irəliləyir və strateji əhəmiyyətli Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatların keçirilməsi üçün böyük imkan əldə edirdi. Cəbrayılın azad olunması Vətən müharibəsində çox  mühüm dönüş nöqtəsi idi. Bu istiqamətdə gedən döyüşlər gələcək qələbəmizin təməlini qoydu. "Noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmin ərazilərdə oldular, Xudafərin körpüsünə getdilər. Qələbədən təxminən 10 gün sonra "Cəbrayılın azad olunmasına görə" medalı təsis edildi. 12 mindən çox hərbçimiz bu medalla təltif olundu. Bu gün isə Cəbrayıl şəhəri minalardan təmizlənərək, yenidən qurulur. 200-ə yaxın ailə Cəbrayıl şəhərinə köçürülüb və proses davam edəcək. Cəbrayıl döyüşləri, şəhərin azad olunması Azərbaycan tarixinə fəxarətlə yazılacaq səhifədir. Bu istiqamətdə analoqu olmayan döyüşlər gedib. Azərbaycan Ordusu, xüsusi xidmət orqanlarımız və digər hərbi birləşmələrimiz Ali Baş Komandanın rəhbərliyi altında tapşırıqları çox yüksək səviyyədə yerinə yetirdilər. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin", - deyə komitə sədri fikrini tamamlayıb.


Zəfər yolunun başlanğıcı


Uzun illər işğal altında qalan digər şəhər və kəndlərimizin taleyini yaşayıb Cəbrayıl da. Daşı daş üstündə qoymayan düşmən yaşayış evlərini, bütün obyektləri dağıdıb. Tarixi silmək istəyən barbarlar Cəbrayılın da abidələrini, mədəniyyət nümunələrini məhv ediblər. Amma Azərbaycan haqqı, ədaləti bərpa edərək işğala son qoyub və bu gün həmin əraziləri öz gücü hesabına yenidən qurur, abadlaşdırır. 

Xatırladaq ki, Cəbrayıl şəhərində vaxtilə Ağoğlan nekropolu, Sultan Məcid hamamı, Sirik kəndində Qala bürcü, Xələfli qəsəbəsində Qız qalası, Dağ Tumas kəndində Divlər sarayı, Tatar kəndində Siklop tikililəri, Şıxlar kəndində şəhərcik qalıqları və qışlaq yerləri, dairəvi türbə, XVI və XIX əsrlərə aid məscidlər, Ağoğlandakı Orxan yazılı abidəsi, Qumlaq kəndində 11 və 15 aşırımlı Xudafərin körpüləri, Xudyarlı kəndində dairəvi və səkkizguşəli türbələr işğal illərində məhv edilib.

Amma artıq əzəli sahiblər öz torpaqlarındadır. Qurur, yaradır, o yerləri yenə cənnətə çevirəcəklər.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Keçmiş prezident insan alverində günahlandırılır - Nazirdən açıqlama 

17:12
04 Oktyabr

Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə edilən məsələlər plenar iclasa tövsiyə olunub  

16:42
04 Oktyabr

Elmi çağırışların həllində qlobal və regional əməkdaşlığın roluna dair müzakirə aparılıb 

16:42
04 Oktyabr

Yeni Kaledoniyalı Siyasi Məhbuslara Dəstək Cəbhəsi dəstəyə görə Bakı Təşəbbüs Qrupuna təşəkkürünü bildirib

16:40
04 Oktyabr

Azərbaycanın və Bəhreynin Ombudsman təsisatları arasında Anlaşma Memorandumu imzalanıb

16:16
04 Oktyabr

Parlamentin İnsan hüquqları komitəsinin ilk iclasında iki məsələ müzakirə edilib

16:15
04 Oktyabr

Azərbaycan və Əfqanıstan “Lapis Lazuli” marşrutu üzrə çoxtərəfli əməkdaşlıq imkanları müzakirə edib

16:13
04 Oktyabr

Sumqayıt Kimya Sənaye Parkında İtaliya şirkəti ilə yaşıl layihə həyata keçiriləcək

16:12
04 Oktyabr

Milli Məclisin Regional məsələlər komitəsinin iclasında iki məsələyə baxılıb

16:10
04 Oktyabr

Qlobal Metanın Azaldılmasının İnkişafı təşəbbüsünün nəticələrinə dair beynəlxalq konfrans keçirilib

16:09
04 Oktyabr

Qafqazın sabitlik ünvanı  

16:02
04 Oktyabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin geniş tərkibdə iclası keçirilib

15:51
04 Oktyabr

Dövlət Komitəsinin sədri Yardımlıda vətəndaşlarla görüşüb

15:30
04 Oktyabr

Bir qrup tələbənin işğaldan azad edilmiş ərazilərə səfəri təşkil olunub 

15:26
04 Oktyabr

Azərbaycan və Türkiyə Ədliyyə nazirlikləri arasında Anlaşma Memorandumu imzalanıb

15:21
04 Oktyabr

“İqlim fəaliyyəti üçün tədqiqat və əməkdaşlığın sürətləndirilməsi” mövzusunda elmi konfrans panel iclasları ilə davam edir

15:13
04 Oktyabr

Fernandu Santuş: “Futbolçudan xoşum gəlir, ya gəlmir deyə, milliyə çağırmıram”

15:11
04 Oktyabr

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

14:55
04 Oktyabr

Kemi Seba Bakıda keçirilən konfransla bağlı təəssüratlarını bölüşüb

14:54
04 Oktyabr

Azərbaycan Prezidenti: Qələbəmiz göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür

14:49
04 Oktyabr

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib YENİLƏNİB-3 

14:48
04 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!