Müasir müstəqillik tariximizdə ilk dəfə Xankəndidə məktəb zəngi səslənəcək
Sentyabrın 16-dan 2024-2025-ci tədris ilinə start verilir. Suverenliyimizin tam bərpası fonunda başlayan bu mövsüm Qarabağa təhsilin qayıdışı, işğaldan azad edilən ərazilərimizdə açılan yeni təhsil müəssisələri ilə əlamətdardır. Müasir müstəqillik tariximizdə ilk dəfə Xankəndidə məktəb zəngi çalınacaq, tələbələr universitetə gedəcək, illərdən sonra şagirdlər Şuşada, Xocalıda... məktəbə yollanacaqlar. Bir sözlə, 30 ildən artıq işğal altında qalan bu bölgələrimizdə dağıdılan təhsil ocaqlarımız yenidən ziya saçacaqlar.
Bu il 132 mindən çox uşaq birinci sinfə gedəcək
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) sorğumuza cavab olaraq bildirildi ki, 2024-2025-ci tədris ilində ölkə üzrə 132 mindən çox uşaq birinci sinfə gedəcək. Ümumilikdə bu il 1 milyon 7 yüz mindən çox şagird təhsil alacaq. Ölkə üzrə məktəbəhazırlıq qruplarına isə 89 mindən çox uşaq qəbul olunub.
Bu günə qədər işğaldan azad edilən ərazilərdə 5 ümumi təhsil müəssisəsi fəaliyyətə başlayıb. Yeni tədris ilindən əlavə 4 ümumi təhsil müəssisəsinin fəaliyyətə başlaması nəzərdə tutulub. Yeni tədris ilindən həmin məktəblərdə təxminən 1400-dən artıq şagirdin təhsil alması proqnozlaşdırılır. İşğaldan azad edilən ərazilərdə 130-dan çox müəllimin dərs deməsi gözlənilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) məlumatına əsasən, qurumun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə, 513698 şagirdin təhsil alacağı gözlənilir. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 46 098, IX sinfində 44 233, X sinfində 35757, XI sinfində 32260 şagirdin təhsil alacağı proqnozlaşdırılır.
BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəslərinə 45201 uşağın, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına isə 29216 beşyaşlının cəlb olunacağı gözlənilir.
2024-2025-ci tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 29400 müəllim, məktəbəqədər təhsil müəssisəslərində isə 4830 tərbiyəçi-müəllim çalışacaq.
Qeyd edək ki, BŞTİ-nin tabeliyində 698 təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 342-si məktəbəqədər təhsil müəssisəsi, 327-si ümumi təhsil, 3-ü xüsusi tipli ümumi orta məktəb, 5-i əyani-qiyabi axşam məktəbi, 12-si internat tipli müəssisə, 9-u isə məktəbdənkənar müəssisədir.
Şuşada, Xocalıda ilk dərs...
Qarabağ Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən Şuşa şəhəri 1 nömrəli tam orta məktəb 960 şagird yerlikdir. Üçmərtəbəli bina beş blokdan ibarətdir. Burada hər biri 24 nəfərlik 40 sinif otağı, 2 fizika, 2 kimya, 2 biologiya, 2 texnologiya, 2 informatika otağı, STEAM mərkəzi, kitabxana, oxu zalı, gənclərin ibtidai hərbi hazırlığı, rəssamlıq və musiqi kabinetləri, yeməkxana, akt və idman zalları, tibb, müayinə və inzibati heyət üçün iş otaqları var. Məktəb üçün ayrılan ərazidə futbol meydançası və digər zəruri yardımçı binalar inşa olunub. Hazırda 92 nəfər şagird məktəbə yerdəyişmə və qəbul edilib. Onlardan 9-u 1-ci sinif, 17-si məktəbə hazırlıq qrupudur.
Xankəndi şəhərində 624 yerlik məktəb binasında bu ildən tədris prosesinin başlanılması nəzərdə tutulub. Məktəb üçün ayrılan ərazidə 11 sinif otağı, laboratoriya, texnologiya, informatika, GÇQH kabinetləri, 137 nəfərlik akt zalı, idman zalı, kitabxana və yeməkxana ilə təchiz edilmiş məktəb binası təmir edilib, istifadəyə hazır vəziyyətə gətirilib. Hazırda 220 nəfər şagird məktəbə yerdəyişmə və qəbul edilib. Onlardan 9-u 1-ci sinif, 5-i məktəbə hazırlıq qrupudur.
Xocalı şəhəri 1 nömrəli tam orta məktəb 132 şagird yerlikdir. Məktəbdə STEAM mərkəzi, kitabxana, oxu zalı, gənclərin ibtidai hərbi hazırlığı, rəssamlıq və musiqi kabinetləri, yeməkxana, akt və idman zalları, tibb, müayinə və inzibati heyət üçün iş otaqları var. Məktəb üçün ayrılan ərazidə futbol meydançası və digər zəruri yardımçı binalar inşa olunub. Hazırda 24 nəfər şagird məktəbə yerdəyişmə və qəbul edilib. Onlardan 1 nəfər 1-ci sinifdə təhsil alacaq.
Xankəndi şəhəri 1 nömrəli körpələr evi-uşaq bağçası 80 yerlik, Xocalı şəhəri 1 nömrəli körpələr evi-uşaq bağçası 40 yerlikdir. Məktəbəqədər təhsil müəssisələri lazımi infrastrukturla təchiz olunub.
Təhsil Şərqi Zəngəzura da qayıdıb
Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə işğaldan azad olunmuş ərazilərdə isə 3 ümumi təhsil müəssisəsi - Zəngilan rayonunun Ağalı kəndində Ağalı kənd tam orta, Laçın şəhərində 2 nömrəli tam orta və Laçın rayonunun Zabux kəndində isə Zabux kənd Ədalət Məmmədov adına tam orta məktəbləri fəaliyyət göstərir. 2024-2025-ci tədris ilində Ağalı məktəbinin məktəbəhazırlıq qrupunda 12 uşağın, I-XI siniflərində 150 şagirdin, Laçın şəhər 2 nömrəli tam orta məktəbin məktəbəhazırlıq qrupunda 9 uşağın, I-XI siniflərində 141 şagirdin, Zabux məktəbinin məktəbəhazırlıq qrupunda 4 uşağın, I-XI siniflərində isə 70 şagirdin təhsilə cəlb olunması nəzərdə tutulub.
İşğaldan azad olunmuş torpaqlarda 2 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir: Zəngilan rayonu Ağalı kənd körpələr evi-uşaq bağçası və Laçın rayonu Zabux kənd körpələr evi-uşaq bağçası. Hazırda Ağalıdakı körpələr evi-uşaq bağçasında 39 uşaq, Zabuxdakı körpələr evi-uşaq bağçasında isə 21 uşaq təhsilə cəlb edilib.
Laçın rayonunun Sus kəndində isə yeni tədris ilindəki Sus kənd tam orta məktəbi və eyni adlı körpələr evi-uşaq bağçası fəaliyyətə başlayacaq. Hər iki müəssisədə təmir-tikinti işləri tam yekunlaşıb və sentyabrda qapılarını doğma şagirdlərinin üzünə açacaq.
Qarabağ elm mərkəzinə çevrilir
Xankəndi şəhərində Qarabağ Universitetinin fəaliyyətə başlaması ümumilikdə Azərbaycan təhsili adına müstəsna hadisə kimi tarixə yazılacaq.
Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olub. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb.
Xatırladaq ki, Prezident İlham Əliyev 2023-cü il noyabrın 28-də "Qarabağ Universitetinin yaradılması haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Elm və Təhsil Nazirliyinin tabeliyində "Qarabağ Universiteti" publik hüquqi şəxs yaradılıb.
2024-2025-ci tədris ilindən Qarabağ Universitetində ali təhsilin bakalavriat səviyyəsində 6 fakültədə 27 ixtisas üzrə kadr hazırlığına start verilir. Bu ildən universitet ilk tələbələrini qarşılayır. İlk tədris ilində universitetdə 1000 nəfərdən artıq tələbə təhsil alacaq.
Qarabağ Universitetində təhsil alacaq tələbələr üçün bir sıra imtiyazlar da nəzərdə tutulub. Belə ki, burada tələbələr ödənişsiz mənzil tipli yataqxana, təqaüd, həmçinin kompüterlə (notbuk) ilə təmin olunacaqlar. Ən yüksək bal toplayan tələbələrə əlavə təqaüd veriləcək.
Beləliklə, ölkəmizdə 2024-2025-ci tədris ilinə uğurlarla başlanılır. Şagird və tələbələrimizin Qarabağ və Şərqi Zəngəzurun yeni həyat verilən təhsil ocaqlarında da bilik öyrənməyə yollanmaları isə xüsusilə qürur yaradır.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"