Burkina-Faso Fransanın müstəmləkə üslubundan olan hakimlərin parik taxılmasına son qoyub.
AZƏRTAC xəbər verir ki, ölkə prezidenti İbrahim Traore hakimlərin parik geyməsi kimi müstəmləkə üslubunu qadağan edib. Bildirilir ki, bu qadağa qitəni əhatə edən daha geniş mədəni intibahı əks etdirən simvolik addımdır. Prezidentin bu qadağası ölkənin məhkəmə sisteminin, yerli və pan-Afrika mediasının müstəmləkəsizləşdirilməsində bir mərhələ hesab edilir.
Burkino-Faso səlahiyyətlilərinin sözlərinə görə, bu addım müstəmləkə keçmişinin simvollarını pozmaq üçün daha geniş istəyin bir hissəsidir və ölkənin inzibati islahatlarında dönüş nöqtəsidir. Bildirilir ki, Prezident Traore bu qərarı elan edərkən müstəmləkəçilik ənənələrini pozmağın və Burkina-Fasonun mədəni irsini əks etdirən təcrübələrin qəbul edilməsinin vacibliyini vurğulayıb. Burkina-Faso iki qonşusu, Mali və Niger kimi Fransanın müstəmləkə mirasını silməyə davam edir. Qitədə suveren liderlərin hakimiyyətə gəlməsi ilə getdikcə daha çox ölkənin müstəmləkə irsinə yenidən baxılır və fransız adları daşıyan prospektlərin, ictimai yerlərin və müəssisələrin adlarını dəyişdirilir. Bu tendensiyanın son vaxtlar Afrikada artdığı qeyd edilir.
Müstəmləkə dövrünə aid pariklər uzun müddət Afrika hüquq sistemlərində xarici təsirin simvolu olmuşdur. Burkina-Faso indi qitənin digər ölkələrinə qoşularaq yerli adət-ənənələrin xeyrinə bu qalıqları ləğv edir.
Xatırladaq ki, 2022-ci ilin sentyabrında hakimiyyətə gələndən kapitan İbrahim Traore ölkənin suverenliyini öz idarəçilik prinsipinə çevirib. O, 1961-ci ildə Fransa ilə bağlanmış hərbi müqaviləni pisləyib və fransız qoşunlarının çıxarılmasını tələb edib.
Niger, Burkino-Faso və Mali keçmiş müstəmləkəçi dövlət olan Fransanın onlardan sui-istifadə etmək üçün yaratdığı Cedeao təşkilatının təsirinə qarşı mübarizə apararaq, 2024-cü ildən qüvvəyə minmiş Sahel Dövlətləri Alyansını (AES) yaratdılar.