Hazırda Azərbaycanda yeni filmlərin nümayişini həyata keçirən iki özəl kinoteatr şəbəkəsi – “CinemaMastercard” və “Park Cinema” fəaliyyət göstərir. Bununla yanaşı, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Nizami Kino Mərkəzi də yerli və xarici filmlərin nümayiş olunduğu ölkənin əsas kino məkanlarından biri kimi fəaliyyətini davam etdirir.
AZƏRTAC xəbər verir ki, 2026-cı ilin ilk altı ayında ölkə kinoteatrlarında ümumilikdə 18 yerli film nümayiş olunub.
Repertuarda komediya janrı yenə də üstünlük təşkil edib. Belə ki, nümayiş olunan filmlərin 10-u əsasən komediya janrına aid olsa da, dram, tarixi, kriminal, triller, macəra, psixoloji dram və digər janrlarda ekran əsərlərinin təqdim olunması yerli kino istehsalında janr müxtəlifliyinin qorunduğunu göstərir. Diqqətçəkən məqamlardan biri də uşaq auditoriyası üçün istehsal olunan filmlərin sayının artmasıdır. Bu istiqamətdə həm istehsal həcminin, həm də keyfiyyət göstəricilərinin növbəti illərdə daha da yüksələcəyi gözlənilir.
İlin ilk yarısında nümayiş müddətinə görə ən uzunömürlü ekran əsəri “Tağıyev. Neft” filmi olub. Film 2024-cü il noyabrın 7-dən etibarən özəl kinoteatr şəbəkələrində nümayişə başlayıb və hazırda Nizami Kino Mərkəzində tamaşaçılarla görüşünü davam etdirir. Uzunmüddətli nümayiş tarixinə malik digər yerli filmlər sırasında “Apatiya 2”, “Qapı”, “Hozu Xan” və “Qurd dişi” yer alır.
Müqayisəli təhlil göstərir ki, 2025-ci ilin müvafiq dövründə ölkə kinoteatrlarında ümumilikdə 16 yerli film nümayiş olunub. 2026-cı ilin ilk yarısının göstəriciləri isə yerli kino istehsalında müşahidə olunan dinamikanı, bazarın inkişaf tempini və tamaşaçı marağındakı dəyişiklikləri qiymətləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir.