15 Yanvar 2022 00:43
809
SİYASƏT
A- A+

Bu günə və gələcəyə strateji baxış

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hər müsahibəsi bir hadisədir. Dövlət rəhbərimizin yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibə də toxunduğu mövzularla, səsləndirilən fikirlərlə böyük bir tarixə çevrildi.

Prezident İlham Əliyev əsasən, 2021-ci ildə ölkəmizdə iqtisadi, sosial sahələrdə görülən tədbirlər, Azərbaycanla Ermənistan arasındakı münasibətlər, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri, ölkəmizin xarici siyasəti və digər məsələlərə dair sualları əhatəli şəkildə cavablandırdı. Onu da qeyd edək ki, bu, dövlət rəhbərimizin 2022-ci ildə ilk müsahibəsidir. Ötən il ərzində isə ölkə rəhbərimiz yerli və xarici mediaya ümumilikdə 11 geniş müsahibə verib. Prezident İlham Əliyev müxtəlif vaxtlarda xarici media orqanlarından Türkiyənin “CNN Türk” televiziya kanalının, “Anadolu” Agentliyinin, İspaniyanın EFE İnformasiya Agentliyinin, İtaliyanın “La Repubblica” qəzetinin, Rusiyanın “Rossiya-1” telekanalının, İspaniyanın “El Pais” qəzetinin, İtaliyanın “İl Sole 24 Ore” qəzetinin suallarını cavablandırıb.

 Bu müsahibələrin hər birində respublikada gedən inkişaf proseslərinə, Vətən müharibəsindəki qələbəmizdən sonra regionda yaranmış yeni vəziyyətə, postmüharibə dövrünün reallıqlarına, Azərbaycanın müxtəlif məsələlərlə bağlı mövqeyinə geniş yer ayrılıb.

 

Dünya miqyasında ən yüksək göstərici

 

12 yanvar tarixdə yerli televiziyalara müsahibəsində isə Azərbaycan Prezidenti, ilk növbədə, iqtisadi məsələlərə dair suallara cavab verdi. İl ərzində ölkəmizdə iqtisadi artımın 5 faizdən çox olduğunu diqqətə çatdırdı, müharibədən yenicə çıxmış ölkə üçün bunu gözəl bir göstərici kimi xarakterizə etdi. Qeyri-neft iqtisadiyyatımızın 7,2 faiz artmasını da sevindirici hal kimi qiymətləndirdi. Dövlət rəhbərimizin verdiyi açıqlamadan məlum oldu ki, Azərbaycanda ümumi sənaye istehsalı il ərzində 5 faizdən çox artıb.

Eyni zamanda qeyri-neft sənayesində 20 faizə yaxın artım var. “Hesab edirəm ki, bu, dünya miqyasında bəlkə də ən yüksək göstəricidir. Çünki biz neft amilini kənara qoysaq, real iqtisadi və sənaye artımı məhz bu rəqəmdə özünü əks etdirir”, - dedi Prezident İlham Əliyev.

Dövlət rəhbərimiz xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində, eləcə də ölkəmizin digər yerlərində tam icra edilən investisiya proqramına rəğmən Azərbaycanın valyuta ehtiyatlarının da 2,5 milyard dollar artdığını qeyd etdi. Onun sözlərinə görə, Azərbaycan nadir ölkələrdəndir ki, xarici ticarət balansının saldosu müsbətdir. İlin yekunlarına görə, ixrac idxalı böyük dərəcədə üstələyib. Müsbət saldo 10 milyard dollardan çoxdur. Bunun isə, ilk növbədə, manatın sabit qalmasına böyük təsiri var. Azərbaycanın builki büdcəsi isə tarixində ən böyük büdcəsidir. Belə ki, büdcə xərcləri təxminən 30 milyard manata çatacaq. Təkcə vergi orqanları keçən il proqnozdan əlavə təqribən 1,4 milyard manat vəsait yığa biliblər. Ümumilikdə, ölkədə gedən saflaşma və şəffaflıq siyasətinin xoş nəticələri bütün sahələrdə özünü göstərir.

 

İnsan amili aparılan siyasətin mərkəzindədir

 

Azərbaycan Prezidenti onu da vurğuladı ki, aparılan siyasətin təməlində insan amili olduğu üçün daim sosial sahəyə xüsusi diqqət göstərilir. Həm maaşların, pensiyaların, təqaüdlərin qaldırılması, həm də sosial obyektlərin yaradılması, şəhid ailələrinə, keçmiş məcburi köçkünlərə diqqətin göstərilməsi kimi sosial paket iqtisadi islahatların uğurla həyata keçirilməsinə imkan verir.

Dövlət rəhbərimiz son günlər çörəyin bahalaşması ilə bağlı məsələyə də aydınlıq gətirdi. Bunu, buğdanı ən ucuz qiymətə təklif edən tərəf kimi Azərbaycanın əsas buğda təchizatçılarından olan Rusiyada həm qiymətlərin, həm ixrac rüsumlarının artması ilə əsaslandırdı. Eyni zamanda ölkəmizdə çox geniş sosial paketin həyata keçirildiyini xatırladaraq minimum əməkhaqqının 20 faiz, minimum pensiyanın 20 faiz artırılmasına, təqaüd və sosial müavinətlərdə də artımın baş verməsinə diqqəti yönəltdi. Bütövlükdə dövlətə 1,5 milyard manat vəsait hesabına başa gələn bu artımların əhatə dairəsi 2 milyondan çox insana aiddir. Bu baxımdan artan maaşlar çörəyin qiymətinin qalxmasının təzminatı kimi qiymətləndirilə bilər. Ölkə Prezidenti bu suala cavab olaraq dedi: “Azərbaycan xalqı əmin ola bilər ki, imkan daxilində, imkan yarandıqca biz əlavə yığılmış vəsaiti, ilk növbədə, sosial məsələlərə yönəldəcəyik. Necə ki, mən qeyd etdiyim kimi, vergi orqanları proqnozdan 1,4 milyard manat vəsait artıq toplayıblar, 1,5 milyard manatlıq sosial paket dərhal təmin edildi. Yəni əlavə yığılmış bütün vəsait yalnız sosial layihələrə istiqamətləndirildi və bu, bir daha bizim sosial sahəyə nə qədər böyük önəm verdiyimizdən xəbər verir”.

Prezident İlham Əliyev müsahibəsində ölkəmizin ərzaq təhlükəsizliyi ilə bağlı ortaya çıxan bir sıra suallara da aydınlıq gətirdi. Həyata keçirilən uğurlu tədbirlərdən danışdı. Eyni zamanda sosial siyasət çərçivəsində şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə dövlətimizin diqqət və qayğısından bəhs olundu. Qeyd edildi ki, bu sahədə Azərbaycan dünya miqyasında öz modelini ortaya qoyur. Şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən mənzillərin verilməsi buna bariz nümunədir.

 

Tarixin ən genişmiqyaslı bərpa-quruculuq proqramı

 

Azərbaycan Prezidenti Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra hazırda işğaldan azad yurdlarımızda aparılan bərpa-quruculuq işləri barədə də geniş məlumat verdi. Qeyd etdi ki, müharibədən çıxmış ölkələrin təcrübəsinə nəzər saldıqda Azərbaycanın apardığı bu tədbirlər ən genişmiqyaslı proqramdır. Bu proqramın əsas özəlliyi isə ondadır ki, Azərbaycan heç kimdən yardım istəmədən və almadan öz vəsaiti hesabına bərpa-quruculuq işlərini həyata keçirir. Ərazi minalardan təmizlənir, infrastruktur qurulur, o cümlədən elektrik xətləri, yollar çəkilir. Bütün bunlar ən çətin relyef xüsusiyyətlərinə malik ərazilərdə də uğurla aparılır. Baş planı hazır olan şəhərlərin - Şuşa və Ağdamın minalardan təmizlənməsi prosesi xüsusilə sürətli gedir. Digər şəhərlərin baş planlarının hazırlanması ilə bağlı da müvafiq şirkətlərlə sazişlər imzalanıb. “Biz istəyirik ki, hər şey əsaslı olsun. Həm tez edək, eyni zamanda tələskənliyə yol verməyək. Çünki hər şey əsaslı olmalıdır və ora qayıdacaq insanlar ən yaxşı şəraitlə təmin edilməlidir”.

Bu gün Göygöldən Kəlbəcərə uzunluğu 11 kilometrdən çox olan tunel çəkilir. Kəlbəcər ilə Laçın arasında 4 kilometr uzunluğu olan ikinci tunel inşa edilir. Bərdə-Ağdam avtomobil yolu salınır. Naftalan Talış və Suqovuşanla birləşdirilir. Artıq Bərdə-Ağdam dəmir yolunun inşasına başlanılıb. Bundan başqa, Horadiz-Ağbənd-Zəngəzur dəhlizinin bir parçası olan dəmir yolunun çəkilişinə start verilib.

Tarixi abidələrin bərpası ilə də bağlı quruculuq işləri sürətlə davam etdirilir. Ağdam, Zəngilan, Hadrut, Daşaltı məscidlərinin təməli qoyulub. Məktəblər, xəstəxanalar tikilir, muzeylər bərpa edilir. Şuşada artıq yaşayış komplekslərinin inşasına start verilib. Ağalı kəndinin istifadəsi nəzərdə tutulub. Bütün bunlar həm maliyyə tutumu, həm də məsuliyyət baxımından genişmiqyaslı işlərdir.

      

Ermənistan təxribatlarına görə cavab tədbirlərindən ibrət dərsi almalıdır

 

Müsahibənin mühüm bir hissəsi də həm yerli, həm beynəlxalq ictimaiyyəti maraqlandıran əsas məsələlərdən birinə - Vətən müharibəsindən sonra regionda yaranmış yeni tarixi reallıqlara həsr olundu. Bu mövzu Azərbaycan Prezidentinin 2021-ci ildəki müsahibələrinin də başlıca istiqamətini təşkil edirdi. Vətən müharibəsinin nəticələrinin beynəlxalq  ictimaiyyət tərəfindən qəbul olunmasında həmin müsahibələrin, cənab İlham Əliyevin Azərbaycanın haqlı mövqeyi ilə bağlı gətirdiyi arqumentlərin, irəli sürdüyü təkliflərin, regionun gələcəyinə aydın baxışının çox böyük rolu var.

Prezident İlham Əliyev müshibəsində, ilk növbədə, Ermənistanın sərhəd bölgəsində Azərbaycan hərbi qulluqçularına qarşı növbəti hərbi təxribatına münasibət bildirdi. Bunun müharibədən sonra baş verən birinci hadisə olmadığını xatırlatdı. Azərbaycanın bundan əvvəlki bütün cavab tədbirlərindən Ermənistanın hələ də ibrət dərsi ala bilmədiyini təəssüflə qeyd etdi: “Azərbaycan Silahlı Qüvvələri cinayətkarları cəzalandırmaq üçün qəti tədbirlər görüblər və bu gün müdafiə nazirindən aldığım məlumata görə, düşmən tərəfin 6-8 hərbi qulluqçusu məhv edilib, çoxları yaralanıb. Bu hadisədən bir qədər sonra erməni tərəfi təkidlə atəşin dayandırılmasını xahiş etməyə başladı. Lakin onlar başa düşməlidirlər ki, azərbaycanlı hərbi qulluqçunun ölümü heç vaxt onlara bağışlanmayacaq. Erməni tərəfin çoxsaylı xahişlərinə, mən deyərdim, yalvarışlarına, bu hadisənin rusiyalı sülhməramlıların məsuliyyət zonasında deyil, Kəlbəcər istiqamətində baş verməsinə, rusiyalı sülhməramlıların da xahişlərinə baxmayaraq, saat 21:30-da mən müdafiə nazirinə komanda verdim ki, atəş dayandırılsın və erməni tərəfin çoxsaylı yaralılarını götürməsinə imkan verilsin. Yəni istər bu hadisə, istərsə də əvvəl baş vermiş hadisələr bu şəkildə sona çatıb - cinayətlər, təxribat, gizlincə törədilən alçaq təxribatlar, Azərbaycan tərəfin cəza tədbirləri, sonra da atəşin dayandırılması barədə yalvarışlar. Nəticədə Azərbaycan yenə humanizm nümayiş etdirdi, lakin yalnız bizim fikrimizcə cəza əməliyyatının başa çatdırılmalı olması qənaətinə gələndən sonra”.

Azərbaycanın ordu quruculuğu istiqamətində atdığı növbəti addımlardan, o cümlədən Komando Qüvvələrinin yaradılmasından danışan Ali Baş Komandan bəyan etdi ki, əgər Ermənistandan bizim təhlükəsizliyimizə azacıq da olsa təhdid görünsə, bu təhdid harada,  Ermənistan ərazisinin hansı dərinliyində olsa da, biz onu dərhal, sadəcə, məhv edəcəyik. “Bunu hamı, ilk növbədə, Ermənistan rəhbərliyi bilməli və başa düşməlidir”.

Ermənistanın həm mövcud hakimiyyəti, həm də müxalifət qrupları arasında özünü göstərən müəyyən revanşist meyillərə münasibət bildirərkən dövlət rəhbərimiz dedi ki, biz hansı qonşu ilə qonşuluqda yaşadığımızı unutmamalıyıq. Sərhəddə törədilmiş təxribatlar da Azərbaycanı yenə sınağa çəkmək istəyindən qaynaqlanır.

 

“Bizim xoşniyyətli davranışımız şərt deyil ki, əbədi olacaq”

 

Azərbaycan işğaldan azad edilmiş ərazilərini yenidən qurur, abadlaşdırır. Regiondan dünyaya yeni qapılar açır. Hamını sülhü qorumaqdan ötrü çalışmağa, yeni inkişaf imkanları kəşf etməyə, tərəqqiyə mane olan əngəlləri ortadan götürməyə dəvət edir. İndiyədək heç bir dövlət müharibələrdən, münaqişələrdən səmərə görməyib. Bu günə qədər nail olduğu inkişaf səviyyəsini isə bütün bəşəriyyət sülhə xidmət edən, iqtisadi yüksəlişdən hamının faydalanması üçün geniş imkanlar yaradan, investisiyalara, mütərəqqi təşəbbüslərə, dirçəlişə yol açan dühalı liderlərə bocludur. Azərbaycan Prezidenti İlham Əliyev bu gün beynəlxalq siyasi arenada belə bir tarixi missiyanı hünərlə, qətiyyətlə yerinə yetirir.

Dünya onun simasında öz məqsədlərini dəqiq müəyyənləşdirən, keçmişin təcrübəsinə əsasən bu günü və gələcəyi doğru proqnozlaşdıran, irəli sürdüyü qlobal təşəbbüslərin effektivliyini, faydalarını zaman-zaman sübuta yetirən kamil bir lideri, qətiyyətli dövlət rəhbərini görür. Cənab İlham Əliyevin irəli sürdüyü hər təklifin, verdiyi hər bəyanatın arxasında real icra mexanizmləri, aydın, dəqiq gözləntilər durur. Əgər Azərbaycanın yaratdığı reallıqlar düzgün dəyərləndirilərsə, bütün qonşu ölkələr bu reallıqlardan bəhrələnmək üçün imkanları birləşdirərlərsə, sülhün, sabitliyin davamlı inkişafı üçün çalışarlarsa, o zaman bu region yaxın illərdə dünyanın ən gözəl məkanına çevriləcək.

Bu baxımdan Prezident İlham Əliyev suallara cavab olaraq onu da bildirdi ki, Azərbaycan sülh gündəliyini Ermənistana təklif edib. Burada sərhədlərin delimitasiyası, əgər bu baş tutarsa, ondan sonra demarkasiya prosesləri ilə bağlı çox aydın təkliflər var. Azərbaycan Prezidenti dedi: “Bildiyiniz kimi, ilkin mərhələdə Ermənistan cavab vermirdi, nə hə, nə yox deyirdi. Yəni bu, bir daha onu göstərir ki, Ermənistan rəhbərliyində gələcəklə bağlı açıq-aydın təsəvvür yoxdur. Bizim siyasətimiz isə tam aydındır - istər müharibə ilə bağlı, istər keçmiş Qarabağ münaqişəsinin baş vermiş həlli ilə bağlı, istər gələcəklə bağlı. Biz təklif etmişik ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanısın, sərhədlərin delimitasiyası ilə bağlı işlərə start verilsin, kommunikasiyaların açılması prosesinə start verilsin və sülh müqaviləsi imzalansın”.

Azərbaycan Prezidenti qeyd etdi ki, sülh müqaviləsinin imzalanması 100 faiz qarantiya olmasa da, hər halda, müharibə riskini böyük dərəcədə minimuma endirir. Bununla belə istənilən sülh müqaviləsinin Ermənistan üçün, sadəcə, kağız parçası ola bilməsi ehtimalı da unudulmamalıdır. Bütün hallarda Azərbaycan öz hərbi gücünü daim artıracaq. Ermənistan tərəfinin tərəddüdləri isə dövlət rəhbərimizin fikrincə, rəsmi dairələrin bu məsələ ilə bağlı öz fikirlərini hələ formalaşdıra bilməmələri ilə bağlıdır. Bir tərəfdən, onlar başa düşürlər ki, sülh müqaviləsi olmasa və güclü Azərbaycan mövcud olduğu halda onların müəyyən narahatlığı yarana bilər. Digər tərəfdən anlayırlar ki, sülh müqaviləsi imzalanarsa, orada mütləq hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması müddəası olmalıdır. “Ancaq seçim etməlidirlər, düzgün seçim etməlidirlər. Mən demişəm, bizim xoşniyyətli davranışımız şərt deyil ki, əbədi olacaq və şərt deyil ki, bu təkliflər əbədi masa üzərində qalacaq”, - deyə Prezident İlham Əliyev vurğuladı. “Əgər bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün bəlkə də yüz dəfə daha çox əsasımız var, nəinki onların bizim ərazi bütövlüyümüzü tanımaması üçün. Çünki hər kəs artıq bunu yaxşı bilir, dünya ictimaiyyəti də bilir ki, 1920-ci ilin noyabr ayında tarixi torpağımız Zəngəzur bizdən ayrılıb Ermənistana birləşdirildi, Göyçə də həmçinin. İrəvan şəhəri 29 may 1918-ci ildə Ermənistana verildi. Yəni bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün, necə deyərlər, bir çox amillərimiz var”. Azərbaycan heç nə itirməyəcək.

Ermənistan Azərbaycanın sülh gündəliyinə hələlik hər hansı cavab vermədiyindən Prezident İlham Əliyev sülh sazişi və ölkələrin bir-birinin ərazilərini tanıma məsələsinin perspektivini görmədiyini qeyd etdi. Lakin bununla belə, kommunikasiyanın açılması ilə bağlı artıq razılığın olduğunu diqqətə çatdırdı: “...Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasındakı avtomobil yolunun çəkilişinə də razılıq verib. Yəni mən demək istəmirəm ki, biz onları məcbur etmişik, biz heç bir zor tətbiq etməmişik. Ola bilər ki, bizim, necə deyərlər, siyasi addımlarımız, diplomatik addımlarımız, eyni zamanda bölgədə gedən proseslər göstərir ki, bunu artıq təkcə Azərbaycan yox, bir çox region ölkələri istəyir”.

 

Həmişə qaliblərin dostları çox olur

 

Azərbaycan Prezidenti xüsusi vurğuladı ki, müharibənin başa çatmasından bir il keçəndən sonra beynəlxalq birliyin reaksiyası onu qane edir. Bu isə təbii ki, ölkəmizin apardığı ardıcıl siyasət sayəsində baş verib. Azərbaycan öz konstitusion hüquqları, o cümlədən BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı çərçivəsində yeni reallıq yaradıb və hamı bu reallıqla hesablaşmalıdır. O qədər də asan başa gəlməyən, böyük zəhmət tələb edən işlər hesabına bu gün beynəlxalq təşkilatlar - BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB bu reallıqları tamamilə qəbul ediblər. “Biz bunu həm formal mənada, həm də xalis ünsiyyətdə görürük. Üstəlik, mən beynəlxalq strukturların çoxsaylı rəhbərləri və dövlət başçıları ilə əlaqədə olarkən müşahidə edirəm, indi biz öz haqq işimizə qat-qat artıq dəstək görürük”. Azərbaycan Prezidenti onu da bildirdi ki, İkinci Qarabağ müharibəsi təkcə ərazilərin azad edilməsi, təkcə milli ruhun oyanması və ləyaqət hissinin qaytarılması demək deyil, bu, çox böyük multiplikativ, müsbət effektdir və daim müsbət təsir göstərəcəkdir.

 

Əcdadlarımızın yolu ilə getməliyik

 

Azərbaycan Prezidentinin müsahibəsindəki ən maraqlı məqamlardan biri də Zəngəzur dəhlizinin açılması perspektivi ilə bağlı səsləndirdiyi fikirlər və Zəngəzurla əlaqədar şəxsi tarixçəsi ilə bağlı oldu. Bu barədə sualında jurnalist Azərbaycan Prezidentinin Naxçıvana səfəri zamanı öz əcdadlarını ziyarət etdiyini xatırlatdı və soruşdu ki, Şuşa azad olunan gün Azərbaycan Prezidentinin Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət etməsini bunun davamı hesab edə bilərikmi?

Cənab İlham Əliyevin bu suala cavabı belə oldu: “Bəli, belədir. Mən təşəkkür edirəm ki, siz bunu belə qəbul etdiniz, bəli. Məhz bu idi mənim ürəyimdə olan fikirlərim və ürəyimdə olanları mən hələ ki, deməyəcəyəm. Amma babamın məzarını ziyarət etməklə, eyni zamanda ürəyimdə olan sözləri dedim. Baxmayaraq ki, mən babamı görməmişəm, o, həyatdan gedəndə mən hələ doğulmamışdım. Amma bildiyiniz kimi, o, Zəngəzurda doğulmuşdur, erməni etnik təmizləmə siyasətinin də qurbanı olmuşdur, onun ailəsi məcburən oradan köçüb Şahbuza, ondan sonra Naxçıvanda yerləşmişdir”. Azərbaycan Prezidenti vurğuladı ki, biz əcdadlarımızın yolu ilə getməliyik. Onların ruhlarını həmişə şad etməyə çalışmalıyıq. “Azərbaycan xalqının üstünlüyü ondadır ki, biz öz qədim ənənələrimizə sadiqik. Bu nöqteyi-nəzərdən, hər birimiz üçün onun ailəsi, onun ulu babaları, əcdadları böyük əhəmiyyət kəsb edir, o cümlədən mənim üçün. Orada babamın məzarı önündə ürəyimdə dediyim sözləri ola bilsin ki, nə vaxtsa dilə gətirəcəyəm”.

Azərbaycan Prezidenti bu müsahibəsi ilə bugünkü nailiyyətlərimizdən başlanan xoş bir gələcəyin üfüqlərini göstərdi, hər kəsin hüzur içində, qarşılıqlı hörmət ruhunda yaşayacağı parlaq gələcəyi. Bu yeniliklərlə Azərbaycan özünü növbəti inkişaf mərhələlərinə hazırlayır. Zamanla birgə özü də dəyişib inkişaf edir. Milli hədəflərimizə doğru böyük yolumuza davam edirik...

 

İradə ƏLİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video