24 Yanvar 2022 14:32
407
DÜNYA
A- A+

Bu gün İtaliyada prezident seçkiləri başlayır

İtaliyada 13-cü prezidentin müəyyən olunacağı seçki prosesi yanvarın 24-də start götürür.

AZƏRTAC xəbər verir ki, seçkiqabağı dövrdə siyasi arenada qeyri-müəyyənlik, partiya və ittifaqlarda isə namizədlərlə bağlı fəallıq davam edir.

İkinci Dünya müharibəsindən sonra 1946-cı ildə xalq səsverməsi ilə monarxiyadan respublika idarəetmə sisteminə keçən İtaliya hazırda 13-cü prezidentini seçməyə hazırlaşır. Ölkədə prezident seçkiləri qanununa əsasən, İtaliya dövlətinin başçısı və milli birliyin nümayəndəsi olan bitərəf prezidenti parlamentin yuxarı palatası olan Respublika Senatının üzvü olan 315 senator və 6 ömürlük senator, aşağı palata - Nümayəndələr Palatasından isə 630 deputat və 20 inzibati rayondan 58 nümayəndədən ibarət 1009 üzvlü “Böyük Seçki Məclisi” səsvermə yolu ilə müəyyən edir.

Səsvermədə deputatlar partiyaların irəli sürdükləri namizədləri və ya özlərinin prezident görmək istədikləri insanların adlarını boş bülletenə yazır və gizli şəkildə seçki qutusuna atırlar. Səslər açıq şəkildə seçki prosesinə ev sahibliyi edən Nümayəndələr Palatasının sədri və Senatın sədrinin nəzarəti ilə hesablanır. Prezident seçkilərinin yekunlaşması üçün namizədlər ilk 3 turda 1009 deputatdan ibarət parlamentin üçdəikisinin dəstəyini almalı, yəni, 672 səs yığmalıdırlar. Namizədlər ilk 3 turda kifayət qədər səs toplamasalar, 4-cü turda səslərin yarıdan çoxunu yığan, yəni, 505 səsə çatan namizəd 7 il müddətinə ölkə prezidenti postunu tutacaq.

1948-ci ildə ilk Prezident Enriko De Nikoladan tutmuş hazırkı Prezident Sercio Mattarellaya qədər 12 prezidentin çalışdığı İtaliyada bu vəzifəyə yalnız ölkənin 11-ci prezidenti Corcio Napolitano iki dəfə seçilib. O, ilk dəfə 2006-cı ildə, ikinci dəfə isə 2013-cü ildə prezident olub. C.Napolitano 7 illik səlahiyyət müddətini başa vurmadan 2015-ci ildə istefa verib və onun yerinə hazırkı Prezident Sercio Mattarella seçilib.

Qeyd edək ki, Sercio Mattarellanın səlahiyyət müddəti fevralın 3-də başa çatacaq.

Baş nazir Mario Draqi prezidentliyə namizədliyini açıqlamayıb

Adı tez-tez prezidentliyə namizəd kimi hallanan Baş nazir Mario Draqi namizədliyini rəsmi olaraq açıqlamayıb. Əgər M.Draqi prezident seçilərsə, hökumət buraxılacaq.

Siyasi ekspertlərin fikrincə, M.Draqi Baş nazir kimi qalmalıdır və prezident başqa bir təcrübəli şəxs olmalıdır. Digər ssenari isə M.Draqinin prezident seçilməsi və onun kimi texnokrat bir şəxsin Baş nazir olmasıdır.

Silvio Berluskoni namizədliyini geri götürüb

İtaliyada prezident seçkilərində iştirak etmək üçün müraciət edən sabiq Baş nazir və “İrəli İtaliya” Partiyasının rəhbəri Silvio Berluskoni namizədliyini geri götürüb. Namizədliyi ilk gündən mübahisə mövzusu olan 85 yaşlı S.Berluskoni “İrəli İtaliya”, sağçı “Liqa” və “İtaliya Qardaşları” (FdI) partiyalarından ibarət sağ mərkəzçi alyansın namizədi idi. S.Berluskoni alyans tərəfdaşlarına və ictimaiyyətə ünvanlandığı mesajında milli məsuliyyət hissi ilə hərəkət etdiyini və ölkəsinə müxtəlif yollarla xidmət etməyə davam edəcəyini bildirib. O, namizədliyi boyunca onu dəstəkləyənlərə təşəkkür edib, mərkəz sağ ittifaq olaraq ortaq namizəd seçəcəklərini deyib.

Digər ssenari hazırkı Prezident Sercio Mattarellanın növbəti dəfə seçilməsidir

2015-ci ildə prezident seçilən Sercio Mattarella onun daha bir müddət vəzifədə qalması ilə bağlı çağırışları qəti şəkildə rədd edib.

Əgər M.Draqi prezident seçilərsə, hökumətdə böhranın yaşanmaması üçün Sercio Mattarellaya gələn il keçiriləcək ümumi seçkilərə qədər bu vəzifədə qalmasını təklif edəcəyi bildirilir. Prezident Sercio Mattarellanın isə bu fikrə xoş münasibət göstərmədiyi mətbuatda əksini tapıb.

Qeyd edək ki, prezidentliyə namizədlər sırasında Nümayəndələr Palatasının keçmiş sədri Pier Ferdinando Kasininin, sabiq Baş nazir Culiano Amatonun, hazırkı ədliyyə naziri Marta Kartabiyanın və Senatının sədri Maria Elizabetta Alberti Kasellatinin də adları hallanır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video