23 Yanvar 2022 00:56
1903
SİYASƏT
A- A+

Böyük Zəfər ermənilərin uydurduğu ideoloji “konsepsiyaları” darmadağın etdi

 

Qarabağa və Şərqi Zəngəzura səfər edən əcnəbilər də kimin barbar, kimin qurucu, yaradıcı xalq olduğuna şahidlik edirlər 

 

“...Biz işğaldan azad edilmiş ərazilərə dərhal müxtəlif ölkələrdən olan diplomatların, jurnalistlərin, ictimaiyyət nümayəndələrinin səfərlərini təşkil etdik. Onlar hamısı şokda idi. Elə biz hamımız da. Orada olan hər birimiz sadəcə şok vəziyyətinə düşürdük. Ona görə ki, biz vandalizmin və barbarlığın miqyasını bilmirdik”.

Prezident İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsi zamanı səsləndirdiyi bu fikirlərdə olduğu kimi, işğaldan azad edilən torpaqlarımızda olan erməni barbarlığı bütün dünyanı dəhşətə gətirib.

O dünyanı ki, 30 il idi bu vəhşilikləri görməzdən gəlirdi, işğal altındakı torpaqlarımızda tarixi, dini, mədəni abidələrimizin dağıdılmasına göz yumur, susqunluq göstərirdi. Baxmayaraq ki, bu illər ərzində Azərbaycan dəfələrlə bu məsələni beynəlxalq kürsülərdə səsləndirmiş, tarixi-dini abidələrimizin erməni barbarları tərəfindən dağıdılıb təhqir edilməsini real faktlarla dünya birliyinə çatdırmışdı. Amma ermənilərin vəhşilikləri faktlarla göstərilsə də, bir çox ölkə, beynəlxalq təşkilat illər boyu bu cinayət əməllərinə qarşı heç bir tədbir görmədilər...

 

Azərbaycan xalqına qarşı mədəni soyqırımı törədilib

 

1990-cı illərin əvvəllərinə olan statistikaya əsasən, Qarabağda 2625 abidə qeydə alınıb. Onlardan 11-i beynəlxalq əhəmiyyətli, 240-ı ölkə əhəmiyyətli və 455-i yerli əhəmiyyətli olmaqla, ümumilikdə 706-sı dövlət tərəfindən mühafizə edilib. 

Lakin Ermənistanın işğalçılıq siyasəti nəticəsində yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, o cümlədən Füzuli rayonu ərazisində dünyanın ən qədim yaşayış məskənlərindən biri - Azıx mağarası, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu erməni vandalizminin qurbanına çevrilib.

Xüsusilə işğal dövründə Qarabağda islam mədəniyyətinə aid olan bütün məscidlər, abidələr dağıdılıb. Erməni millətçiləri qədim Azərbaycan torpaqlarında türk-müsəlman mədəniyyətinin izlərini silmək üçün məscidlərimizi, dini abidələrimizi yerləyeksan ediblər.

Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub.

Erməni barbarlığına, sadəcə, İslam mədəniyyətinə aid abidələr tuş gəlməyib. Mənfur düşmən qədim insan məskənləri olan Azıx, Tağlar mağaralarından hərbi məqsədlərlə istifadə edib. Həmçinin işğalçılar Azıx mağarasında Azərbaycan izlərini itirmək məqsədi ilə arxeoloji tədqiqatlar aparmaq üçün qeyri-qanuni olaraq xarici ölkələrdən alimlər dəvət ediblər.

Ermənilərin zamanla həyata keçirmək istədikləri məkrli niyyətlərindən biri də Azərbaycan ərazilərindəki Qafqaz alban irsinə yiyələnmək olub. Bu səbəbdən də işğal altında qalan bütün alban məbədlərini özününküləşdirməyə, tarixi faktların saxtalaşdırılmasına çalışıblar. Onlar bu əməlləri ilə həmin ərazilərə olan iddialarını gücləndirmək, saxta faktlar təqdim edərək dünyanı bu yalanlarına inandırmaq istəyiblər. Bəzi hallarda da buna nail olublar...

 

Gün üzünə çıxan erməni yalanları

 

 

Amma 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Qələbə Ermənistanın işğal altında saxladıqları ərazilərimizdəki vandallıqlara son qoydu, milli-mənəvi irsimizi dağıntıdan, talandan, Yer üzündən silinməkdən xilas etdi.

Və həm də parlaq Zəfərimiz erməni vəhşiliklərinin, vandallıqlarının çirkin üzünün  tam çılpaqlığı ilə bütün dünyanın gözləri önünə sərilməsinə işıq tutdu. Ermənilərin “qədim, mədəni, sivil xalq” kimi özlərinə uydurduqları bütün ideoloji “konsepsiyalarını” darmadağın etdi. Sübut edildi ki, onların işğal altında saxladıqları ərazilərimizdə törətdikləri vəhşi əməllər iddia etdikləri “mədəni xalq” statusuna uyğun gəlmir və ondan çox-çox uzaqdır.

İkinci Qarabağ müharibəsindən sonra beynəlxalq ictimaiyyətin nümayəndələri işğaldan azad olunan torpaqlarımıza səfər edərək oradakı vəhşəti öz gözləri ilə görürlər. Eyni zamanda ermənilərin illərdir dünyaya sırımaq istədikləri yalanların şahidi olurlar. Çünki ermənilərin absurd iddialarının və bir çox məkrli xarici qüvvələrin gözləntilərinin əksinə olaraq, Azərbaycan heç zaman bu cür hərəkətlər etmir. İndi də Azərbaycanın nəzarətində olan və ermənilər yaşayan kəndlərdə nə bir ev, bina, nə də hansısa abidə dağıdılıb. Bu isə onun göstəricisidir ki, tolerantlıq və multikulturalizm kimi mənəvi ənənələrə saxta yolla sahib olmaq mümkün deyil. Hansı ki, bu insanlıq ənənələri min illərdir Azərbaycan xalqının qanında genetik kod kimi formalaşıb və bu diyarda heç bir dinə, millətə məxsus olan abidələr, məzarlıqlar dağıdılmır, əksinə, qorunur, qayğı göstərilir.

Bu gün dünya da artıq erməni vandallığını qəbul edir. Bu reallıqların dünyada qəbul edilməsinə şərait yaradan əsas amil isə, bir tərəfdən beynəlxalq ictimaiyyət nümayəndələrinin azad edilən torpaqlara səfər edərək bu vəhşiliklərlə yerindəcə tanış olmasıdırsa, digər tərəfdən də birbaşa dövlət başçısı İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi fəal diplomatik fəaliyyətdir.

 

Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri dünyanı heyrətə salıb

 

İşğaldan azad edilən torpaqlarımıza səfər edən beynəlxalq ictimaiyyətin nümayəndələri qısa müddət ərzində Azərbaycan dövlətinin bu ərazilərdə gerçəkləşdirdiyi möhtəşəm işləri, həyata keçirdiyi böyük layihələri gördükcə heyrətə gəlirlər.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun 44 günlük müharibədə “Dəmir yumruq” əməliyyatı ilə düşmənin belini qıraraq qazandığı parlaq Zəfər, həm də işğaldan azad edilən ərazilərimizə yenidən həyatın qayıtmasını təmin edib. Möhtəşəm Qələbəmizin üzərindən keçən qısa zamanda 30 ildir ki, erməni vəhşiliyi ilə üz-üzə qalan yurdlarımız artıq dirçəlməyə başlayıb. Qarabağda, Şərqi Zəngəzurda anbaan baş verən əzəmətli dəyişikliyi bütün dünya da heyrətlə izləyir və Azərbaycan xalqının, dövlətinin böyük potensialını, Prezidentinin qətiyyətini görür. Və bir daha ermənilərin vəhşi, dağıdıcı, məhvedici, azərbaycanlıların isə mədəni, qurucu, yaradıcı xalq olduğunun əyani şahidi olur.

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video