18 Dekabr 2022 02:45
1855
SİYASƏT
A- A+

Böyük qayıdışın baş planı

 

I Dövlət Proqramı Qarabağ və Şərqi Zəngəzurun hərtərəfli bərpasına böyük töhfə verəcək

 

"Bu gün biz yeni çağırışlarla üzləşirik. Ancaq bunlar xoş çağırışlardır - Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması". Bu il oktyabrın 5-də Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda dövlət başçısı İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan dövlətinin milli ideyası Qarabağı və Şərqi Zəngəzuru yenidən qurmaq və keçmiş məcburi köçkünləri öz yurdlarına qovuşdurmaqdır.
Prezidentin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın icrasını təmin etmək məqsədilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi də sözügedən məqsədə nail olmaq üçün bu istiqamətdə atılan əhəmiyyətli addımdır. Sərəncama əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş milli prioritetindən biri kimi müəyyən olunub. 

 

Qısa zamanda gerçəkləşdirilən nəhəng uğurlar

 

Azərbaycan zəfərlə bitən Vətən müharibəsindən ötən iki il müddətində Qarabağda və Şərqi Zəngəzurda quruculuq və bərpa işləri ilə əlaqədar mühüm layihələr gerçəkləşdirib. Artıq qələbədən sonra Böyük qayıdışa uğurlu start verilib və Zəngilan rayonunun Ağalı kəndinə sakinlər köçürülüb. 
İşğaldan azad edilmiş ərazilərdə irimiqyaslı infrastruktur layihələri icra olunur. Füzuli Beynəlxalq Hava Limanı cəmi səkkiz ay ərzində tikilib. Cari il oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib. 2025-ci ildə isə Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi nəzərdə tutulur. Bərdə-Ağdam dəmir yolu 2023-cü ildə istifadəyə veriləcək. Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. 
Bütün azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa edilib. 2022-ci il martın 15-də Azərbaycanda inşa ediləcək 230 MVt gücündə "Qaradağ" Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. İşğaldan azad olunmuş ərazilərdə bərpaolunan enerjinin potensialı on min meqavat təşkil edir. Artıq bir neçə su-elektrik stansiyasının açılışı olub. Su elektrik enerjisinin ümumi gücü beş yüz meqavatdan çox olacaq. Yerdə qalan güc isə günəş və külək elektrik enerjilərindən qaynaqlanacaq. 
Ötən iki il ərzində Qarabağ və Şərqi Zəngəzurda gerçəkləşdirilən quruculuq, bərpa işləri ilə əlaqədar dövlət büdcəsindən bütövlükdə 5 milyard manata yaxın vəsait ayrılıb. 
Gələn ilin büdcə siyasətinin qarşısında duran əsas çağırışlardan biri də Böyük qayıdışın tərkib hissəsi kimi Qarabağ və Şərqi Zəngəzurda əhalinin dayanıqlı məskunlaşması üçün ilkin şərtlərin yaradılmasıdır. Buna görə də işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin daha geniş həcmdə davam etdirilməsi, keçmiş məcburi köçkünlərin öz əzəli yurdlarına mərhələli şəkildə qayıtması və məskunlaşması, bunun üçün sosial-məişət, təhlükəsizlik və məşğulluq şəraitinin yaradılması üzrə tədbirlərin həyata keçirilməsi, həmin ərazilərdə dövlət idarəetmə qurumlarının təşkili və fəaliyyəti ilə bağlı 2023-cü ilin dövlət büdcəsinin layihəsində  müvafiq maliyyə təminatı yaradılıb. Belə ki, 2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün 3 milyard manat vəsait ayrılması nəzərdə tutulur. 

 

Nəzərdə tutulan tədbirlər 2026-cı ilədək həyata keçiriləcək

 

Prezident tərəfindən təsdiqlənən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük qayıdışa dair I Dövlət Proqramı" Qarabağ və Şərqi Zəngəzura qayıdışla bağlı hədəflənən bütün işlərin qısa zamanda və effektiv şəkildə həyata keçirilməsi üçün yol xəritəsi olacaq mühüm sənəddir.
Əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edən dövlət proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, dövlət proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Dövlət proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb. 
Nəzərdə tutulan tədbirlər strateji hədəf göstəricilərinə uyğun olaraq, 2026-cı ilədək həyata keçiriləcək.

 

Proqramın strateji məqsədləri

 

Proqramın strateji məqsədləri əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası çərçivəsində müəyyən edilib. Ərazilərdə təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil etmək, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatını həyata keçirmək, müasir standartlara uyğun xidmətlərin yaradılmasını təmin etmək, ərazilərdə məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndirmək nəzərdə tutulur. Həmçinin əhalinin məşğulluq imkanlarını artırmaq, sosial xidmətlərin əhatə dairəsini genişləndirmək və əlçatanlığı, dayanıqlı sosial-iqtisadi inkişafı təmin etmək, sahibkarlıq mühitinin əlverişliliyini artırmaq və biznes fəaliyyətinin inkişafına dəstək vermək, ərazilərin kənd təsərrüfatı potensialından səmərəli istifadə olunması üçün müasir suvarma infrastrukturu formalaşdırmaq, dayanıqlı və mütərəqqi kənd təsərrüfatı təcrübələrini tətbiq etmək kimi məsələlər sənəddə öz əksini tapıb.
Təbii ehtiyatları və sosial-iqtisadi potensialı təsərrüfat dövriyyəsinə cəlb etmək, turizm sektorunun perspektiv inkişaf imkanlarından effektiv istifadəyə nail olmaq, ətraf mühitin etibarlı mühafizəsini və ekoloji təhlükəsizliyi təmin etmək, təbii resurslardan səmərəli və effektiv istifadə etmək, "ağıllı şəhər", "ağıllı kənd" və "yaşıl enerji zonası" konsepsiyalarının bölgədə tətbiqini təşviq etmək də nəzərdə tutulur. 

 

Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur 

 

Dövlət proqramının icrası prosesi üzərində şəffaf nəzarətin təmin olunması məqsədilə sözügedən proqramın icrası qoyulan hədəflər nəzərə alınmaqla, monitorinq olunacaq. Monitorinq məqsədilə tədbirlər üzrə ilkin, aralıq və yekun nəticələr müəyyən ediləcək. İlkin nəticələr dövlət proqramının icra olunduğu dövr ərzində hər ili, aralıq nəticələr illik əsasda olmaqla 2023-cü, 2024-cü və 2025-ci illəri, yekun nəticələr isə 2026-cı ili əhatə edəcək.
Göründüyü kimi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazandığımız qələbə Qarabağ və Şərqi Zəngəzurda quruculuq zəfəri ilə davam edir. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük qayıdışa dair I Dövlət Proqramı"nın icrası isə azad olunmuş ərazilərin bərpasına böyük töhfələr verəcək.

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video