12 İyun 2025 09:05
858
Mədəniyyət
A- A+
Böyük alim, istedadlı şair, unudulmaz müəllim

Böyük alim, istedadlı şair, unudulmaz müəllim


Ötən əsrdə xalqımızın milli-mənəvi dəyərlərinin zənginləşməsində, ədəbiyyat, mədəniyyət və elmin inkişafında xidmətləri olmuş unudulmazlardan biri də görkəmli şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi və pedaqoq kimi tanınan professor Cəfər Xəndandır.

Cəfər Xəndan Zeynal oğlu Hacıyev 8 may 1910-cu ildə Qərbi Azərbaycanın İrəvan şəhərində müəllim ailəsində anadan olmuşdur. Valideynləri 1918-ci ildə erməni daşnaklarının məqsədli şəkildə müsəlman ailələrinə qarşı aqressiv müdaxilələri, hücum və qətliamları nəticəsində yurdundan didərgin həyatı yaşamışdır. O zaman "Cəmiyyəti-Xeyriyyə"nin dəstəyi ilə fəlakət bölgələrində olan istiqlal şairi Əhməd Cavad və yazıçı-publisist Əli Səbrinin vasitəsilə digər qaçqınlarla birlikdə Gəncədə yerləşdirilmişlər. Az sonra Cəfərin atası və anası vəfat etmişdir. Bundan sonra o, kiçik qardaşı Rəşid və azyaşlı bacısı Leyla ilə birlikdə şəhərdəki uşaq evində yaşamışdır. İbtidai təhsil aldıqdan sonra Gəncə Pedaqoji Texnikumunda oxumuşdur. 1925-ci ildə texnikumu müvəffəqiyyətlə bitirən Cəfər Azərbaycan Dövlət Universitetinin (indi BDU) Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olmuşdur. Universiteti 1930-cu ildə uğurla başa vurduqdan sonra təhsilini aspiranturada davam etdirmişdir.

Gənclik illərindən ədəbiyyata və dövri mətbuata böyük maraq göstərən Cəfər 1932-1941-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda assistent, müəllim, dosent, kafedra müdiri işləyib, həmçinin ədəbi prosesdə fəal iştirak edib, "Ədəbiyyat qəzeti"nin məsul katibi, "Gənc işçi" qəzetinin ədəbiyyat şöbəsinin müdiri vəzifələrində çalışıb. 1938-ci ildə Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilib. Bunlardan başqa, Cəfər Xəndan M.F.Axundov adına Müəllimlər İnstitutunda (indi Bakı Slavyan Universiteti ) Dil və ədəbiyyat fakültəsində dekan, Azərbaycan Milli Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunda şöbə müdiri, eyni zamanda Azərbaycan Yazıçılar Birliyində təşkilat katibi kimi fəaliyyət göstərib. 1939-cu ildə dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. Həmin ildə orta məktəb şagirdləri üçün "Azərbaycan ədəbiyyatı (sovet dövrü)" dərsliyini nəşr etdirib. 1940-cı ildə Azərbaycan ədəbiyyatşünaslığında M.Ə.Sabir haqqında ilk monoqrafiya "Sabir (həyat və yaradıcılığı)" adlı kitabı çapdan çıxıb.

1941-1945-ci illər Böyük Vətən müharibəsinin iştirakçısı olmuş Cəfər Xəndan Şimali Qafqazda və İranda siyasi rəhbər və jurnalist kimi fəaliyyət göstərib. 1944-1946-cı illərdə Cənub-Qərb, Şimali Qafqaz və Qafqaziya cəbhələrində siyasi şöbənin baş təlimatçısı, "Vətən yolunda" və digər sahə qəzetlərində redaktorun müavini vəzifələrində çalışıb. Ordudan tərxis olunduqdan sonra - 1946-1947-ci illərdə Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasında dosent, eyni zamanda "Kommunist" qəzetinin mədəniyyət şöbəsinin müdiri olub. 1947-1950-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri, filologiya fakültəsinin dekanı, 1950-1954-cü illərdə Azərbaycan Dövlət Universitetinin rektoru, 1952-1961-ci illərdə isə həmin universitetin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri vəzifələrində işləyib.

Cəfər Xəndan çoxcəhətli ədəbi-bədii, ictimai-siyasi, elmi-pedaqoji fəaliyyəti dövründə bu gün də aktuallığını qoruyub saxlayan, ölkəmizin ali və orta məktəblərində çoxminli tələbə və professor-müəllim kollektivinin bəhrələndiyi dərslik və monoqrafiyalar yazıb. Görkəmli alim 1947-ci ildə "1906-1946-cı illərdə Cənubi Azərbaycan xalqının milli azadlıq mübarizəsi və onun ədəbiyyatda inikası" mövzusunda doktorluq dissertasiyası müdafiə edib, filologiya elmləri doktoru alimlik dərəcəsi alıb.

1948-ci ildə "Ədəbiyyat nəzəriyyəsi" kitabını təkrar çap etdirən alim 1949-cu ildə professor olub. 1951-ci ildə "XX əsr Azərbaycan ədəbiyyatı", 1952-ci ildə iki hissədən ibarət "Sovet ədəbiyyatı", "1954-cü ildə Cəfər Cabbarlının həyat və yaradıcılığı", 1955-ci ildə "XX əsr Azərbaycan ədəbiyyatı tarixi oçerkləri", 1956-cı ildə "Mikayıl Müşfiq", "Molla Nəsrəddin", 1958-ci ildə "Mir Cəlal", "M.Ə.Sabir haqqında", 1961-ci ildə "Şairin həyatı", 1962-ci ildə "Sabir yaradıcılığının sənətkarlıq xüsusiyyətləri" adlı kitabları çapdan çıxıb. Professor Cəfər Xəndan üçcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin 1957-ci ildə nəşr olunmuş üçüncü cildinin müəlliflərindən biridir.  Alimin "Ədəbiyyat nəzəriyyəsi", "Şairin həyatı" kitablarının hər biri iki dəfə, "Sovet ədəbiyyatı" kitabı isə 17 dəfə nəşr olunub. 

Sabirşünaslığın inkişafında böyük xidmətləri olan professor Cəfər Xəndan Sabiri ədəbiyyatımızın iftixarı hesab edirdi. Təsadüfi deyil ki, o, Sabirə həsr etdiyi məqalələrindən birini "Fəxrimiz" adlandırmışdı. Bütün ədəbi-elmi fəaliyyəti dövründə Sabirin çox zəngin və dəyərli irsinə dönə-dönə müraciət etmiş, ən yaxşı monoqrafik tədqiqatlarında ona daim xüsusi diqqət yetirmiş və mühüm yer ayırmışdır. Abbas Səhhətin "Sabir İran inqilabına bir ordudan artıq kömək etmişdir", - sözlərini təkrar-təkrar xatırlayaraq tədqiqatlarında "Sabir və xalq", "Sabir və zaman" problemlərinin elmi-nəzəri təhlilini vermişdir. 

Professor C.Xəndan yaşının və elmi yaradıcılığının kamillik çağlarında Cənubi Azərbaycanda ədəbiyyat, mətbuat, maarif və incəsənət, Azərbaycan ədəbiyyatında cənub mövzusu ilə tədqiqatçı bir alim kimi dərindən maraqlanıb, bütün bu məsələləri əhatə edən doktorluq dissertasiyası yazaraq müdafiə edib. Bu sanballı elmi-tədqiqat işində Cənubi Azərbaycan ədəbiyyatının 1828-ci il Türkmənçay müqaviləsindən sonra 1946-cı ilə qədər keçdiyi yol, mətbuatın, maarifin, incəsənətin inkişafı ilk dəfə olaraq zəngin ədəbi-bədii, tarixi-elmi mənbələr əsasında sistemli və əhatəli surətdə işıqlandırılıb. Həmin maraqlı elmi-tədqiqat işi tamamlandığı vaxtdan xeyli sonra - 1987-ci ildə "Azərnəşr" tərəfindən "Uğur yolu" adında dərc edilib. 

Tədqiqatçıların qənaətinə görə, professor Cəfər Xəndanda Cənubi Azərbaycan ədəbiyyatı mövzusuna maraq təsadüfən yaranmayıb. Özünün yazdığı kimi, Tehranda çıxan "Ayəndə" məcmuəsində onun baş redaktorunun Azərbaycan xalqının tarixinə böhtan atması vətənpərvər alimin bununla əlaqədar silsilə məruzələr hazırlayıb təbrizlilər qarşısında ardıcıl çıxışlar etməsinə səbəb olub. Beləliklə, "Monqol istilasına qədər Azərbaycan dili və ədəbiyyatı", "XV-XVI əsrlərdə Təbrizdə ədəbiyyat", "XVII-XVIII əsrlərdə Təbrizdə ədəbiyyat", "XIX-XX əsrlərdə Təbrizdə ədəbiyyat" mövzularında məruzələr ictimaiyyətə çatdırılıb. Bütün bunlardan sonra  Cəfər Xəndanın "Cənubi Azərbaycanda ədəbiyyat, mətbuat, maarif və incəsənət, Azərbaycan ədəbiyyatında cənub mövzusu" adlı çox əhəmiyyətli və əhatəli monoqrafiyası meydana çıxıb. Böyük zəhmət və istedadla yazılmış bu əsərdə Türkmənçay müqaviləsindən sonrakı illər və ədəbiyyata ümumi bir baxış, Heyran xanım, Hacı Mehdi Şükuhi, 1905-ci il rus inqilabı və 1917-ci ildən sonrakı dövrdə Cənubi Azərbaycanda inqilabi-ədəbi hərəkat, Milli Azadlıq hərəkatının yeni mərhələsində, yəni 1941-1946-cı illərdə ədəbiyyat, mətbuat və incəsənət kimi məsələlər zənginliyi ilə əhatə edilmişdir. 

Professor Cəfər Xəndan şair, tənqidçi, tərcüməçi kimi də maraqlı bir yaradıcılıq yolu keçib. O, "Bəyaz gecələr" (1936), "Cəbhə şeirləri" (1942), "Qafqaz" (1942), "İlk ayrılıq" (1944), "Mübarizə yollarında" (1946), "Şeirlər" (1983) kimi kitablarında toplanmış şeir və poemaları ilə oxucuların estetik zövqünün formalaşmasında, insanların mənəvi dünyasının yetkinləşməsində böyük rol oynayıb.

Cəfər Xəndan Azərbaycan poeziyasının fars dilində yaranmış klassik nümunələrinin tərcümə sahəsində də böyük işlər görmüşdür. Onun yüksək səviyyədə poetik tərcüməsində böyük Azərbaycan şairi Nizami Gəncəvinin "Lirika" (1940), Heyran Xanımın "Qəzəllər" (1975), M.F.Axundzadənin "A.S.Puşkinin ölümünə Şərq poeması" (1962) kitabları geniş oxucu kütləsi tərəfindən böyük maraq və məhəbbətlə qarşılanmışdır. Bu tərcümələr Azərbaycan tərcümə sənətinin tarixində olduqca dəyərli yer tutur.

Onun C.Cabbarlı, S.Vurğun, M.Müşfiq, Mir Cəlal, S.Rüstəm, R.Rza kimi müasirləri, qələm dostları haqqında məqalə və kitabları ədəbi-elmi mühitdə, canlı ədəbi prosesdə, çoxsaylı oxucular arasında geniş əks-səda doğurub. C.Xəndanın Nizami Gəncəvinin qəzəllərindən yüksək məharətlə etdiyi tərcümələri böyük Ü.Hacıbəylinin diqqətini cəlb edib və bu, "Sənsiz", "Sevgili canan" kimi əsl incəsənət nümunələri olan romansların yaranmasına səbəb olub. 

Cəfər Xəndanın ədəbi-elmi janrlarda 30-a qədər kitabı çap olunub. Bunlardan birincisi 1936-cı ildə nəşr edilən "Bəyaz gecələr" adlı şeir kitabıdır. Bu ilk kitabın redaktoru Cəfər Xəndanın qələm dostu, istedadlı şair Mikayıl Müşfiq olub. Repressiya qurbanı olan Mikayıl Müşfiqə bəraət verildiyi 1956-cı ildə onun haqqında çap edilmiş ilk kitabın müəllifi isə professor Cəfər Xəndan idi.

Cəfər Xəndan Azərbaycan elminin inkişafında olduğu kimi, elmi kadrların hazırlanmasında da böyük xidmətlər göstərib. Onun rəhbərliyi altında onlarla elmlər doktoru və elmlər namizədi yetişib.

Şair, tənqidçi, ədəbiyyatşünas, pedaqoq, ictimai xadim kimi həyat və yaradıcılıq yolu keçmiş, özündən sonra zəngin və çoxşaxəli bir irs qoyub getmiş Cəfər Xəndan vətən və xalq qarşısında xidmətlərinə görə "Qırmızı Ulduz" (1942), "Qırmızı Əmək Bayrağı" (1946) ordenləri, "Qafqazın müdafiəsinə görə", "Almaniya üzərində qələbəyə görə" medalları ilə mükafatlandırılıb. 


 Rəhman SALMANLI,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!