Boliviya hakimiyyəti Kolumbiyanın La Pasdakı səfiri Elizabet Qarsiya Karrillonu "persona non grata" elan edib. Boliviya Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, bu addım Kolumbiya Prezidenti Qustavo Petronun ölkənin daxili işlərinə müdaxilə hesab etdiyi açıqlamaları ilə əlaqədardır.
Boliviya XİN-i Petronun açıqlamalarını qəbuledilməz adlandırıb və buna görə də səfir Karrillonu "persona non grata" elan etmək qərarına gəlib.
Bəyanatda deyilir: "Bu qərar suverenlik, daxili işlərə müdaxilə etməmək və dövlətlər arasında qarşılıqlı hörmət prinsiplərinə riayət etmək zərurətindən irəli gəlir. Bu prinsiplər beynəlxalq birgəyaşayışın və suveren dövlətlər arasında diplomatik münasibətlərin təməl daşıdır. Bu vəziyyət Boliviya və Kolumbiya xalqları arasında dostluq, hörmət və tərəfdaşlığa əsaslanan münasibətləri əks etdirmir və iki ölkə arasındakı dərin tarixi əlaqələrə ziddir".
Boliviya Xarici İşlər Nazirliyi qərarın Kolumbiya ilə diplomatik münasibətlərin kəsilməsi demək olmadığını vurğulayıb. İki ölkə xalqları arasında dostluq və əməkdaşlıq münasibətləri qorunub saxlanılacaq.
Nazirlik əlavə edib ki, Boliviyanın daxili siyasi və sosial problemləri konstitusiya və demokratik mexanizmlər çərçivəsində, xarici müdaxilə olmadan həll edilməlidir.
17 may tarixli açıqlamasında Kolumbiya Prezidenti Qustavo Petro kəndli qrupları, Boliviya fəhlə mərkəzi (COB) və keçmiş prezident Evo Moralesin tərəfdarları tərəfindən təşkil edilən etiraz aksiyalarına və yol maneələrinə toxunub. Etirazçılar Prezident Rodriqo Pasın istefasını tələb edirdilər. Petro Boliviyadakı hadisələri "geosiyasi təkəbbürə qarşı xalq üsyanı" adlandırıb.
Əvvəlki məlumatlarda Boliviya hökumətinin istefasını tələb edən etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalarda saxlanılanların sayının 120-yə çatdığı bildirilirdi.
Boliviyanın son 40 ilin ən pis iqtisadi böhranı fonunda iki həftədir davam edən etiraz aksiyalarında təhlükəsizlik qüvvələri ilə prezident Pasın istefasını tələb edən nümayişçilər arasında toqquşmalar baş verib.
Rizvan CƏFƏROV,
“Azərbaycan”