25 Yanvar 2023 02:42
377
SİYASƏT
A- A+

Bölgədə vəziyyəti gərginləşdirən Ermənistandır

 

Yeni vasitəçilik missiyası yalnız İlham Əliyevin doktrinası çərçivəsində tənzimlənməlidir

 

Xəbər verildiyi kimi, yanvarın 23-də ABŞ dövlət katibi Antoni Blinkenlə Prezident İlham Əliyev arasında telefon danışığı olub. Söhbət zamanı Laçın yolunda yaranmış vəziyyətlə bağlı narahatlığını bildirən ABŞ rəsmisinə ərazidə hər hansı blokadanın olmadığı bildirilib.
Prezident İlham Əliyev ABŞ dövlət katibinə bölgədəki real vəziyyət barədə kifayət qədər tutarlı cavab verib. Dövlət başçısı Qarabağ iqtisadi zonasında yaşayan mülki erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında təmin olunacağını qeyd edib. Danışıq zamanı vurğulanıb ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasındakı suveren ərazilərimizdə Azərbaycana məxsus faydalı qazıntı yataqlarının qanunsuz istismarı dayandırılmalı və həmin ərazidə ekoloqlarımızın daimi monitorinq və təftiş aparmasına şərait yaradılmalıdır.  Həmçinin Laçın yolundan hərbi məqsədlər üçün istifadə yolverilməzdir. 
Xatırladaq ki, bəzi xarici dövlət və təşkilatların Laçın yolunun guya azərbaycanlılar tərəfindən blokadaya alınması kimi iddiaları əsassızdır. Ötən il dekabrın 12-dən etibarən 980-nə yaxın nəqliyyat vasitəsinin Laçın yolundan keçidinin təmin olunması bunu sübut edir. Humanitar məqsədli daşımaların 850-dən çoxu Rusiya sülhməramlılarına, 120-dən çoxu isə Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus olub. Eyni zamanda aksiya müddətində Qarabağda yaşayan 90-a yaxın xəstə və tibbi yardıma ehtiyacı olan şəxsin Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə Ermənistana aparılmasına  şərait yaradılıb. 

 

ABŞ vasitəçilik missiyasını üzərinə götürmək istəyir

 

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc əməkdaşımızla söhbətində ABŞ-nin Cənubi Qafqazdakı rolu və hədəfləri barədə söz açıb. Komitə sədri bildirib ki, ABŞ, xüsusilə son dövrlər regional proseslərdə, Cənubi Qafqazın yeni arxitektura quruculuğunda aktiv rol almağa çalışır: "Nəzərə almaq lazımdır ki, rəsmi Vaşinqton 2010-cu ilə qədər bölgəyə yönələn siyasəti hesabına hərbi sistemdə, təhlükəsizlik məkanında fəal iştirak edib, müxtəlif dövlətləri beynəlxalq proqramlara cəlb edib, NATO ilə sıx tərəfdaşlıq qurub, eləcə də digər iqtisadi və siyasi proseslərdə həlledici rol oynayıb. Bəzən kobud güclə, bəzənsə məxməri üsullarla dövlətlərin hakimiyyət sistemlərinin formalaşmasına təsir imkanları bölgədəki əsas qərarlarda onun da söz sahibi olmasına səbəb olurdu. Hesab edirəm ki, eks-prezident Barak Obamanın hakimiyyəti illərində bu mənada bir qədər geriləmə baş verdi, ABŞ-nin yerini Rusiya, İran, Türkiyə və bir sıra Avropa dövləti tutdu. Hazırda postsovet məkanında müşahidə edilən yeni geosiyasi reallıqlar isə gələcək nizamın formalaşmasının müqəddiməsidir". 
Zahid Oruc bildirib ki, hazırda davam edən hərbi toqquşmalar yalnız iki dövlət arasında getmir: "Prezidentin də vurğuladığı kimi, bu, artıq yeni vasitələrlə aparılan Üçüncü Dünya müharibəsidir. Belə şəraitdə isə, şübhəsiz ki, dövlətlər cinahlarını müəyyən edirlər. Bu proses o qədər güclü şəkildə reallaşır ki, bunu görməmək mümkün deyil. Lakin Azərbaycan qəti şəkildə Qərblə əlaqələrini aşağılamaq, Avropadan qopmaq niyyətində deyil. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inteqrasiya nəticəsində, ticarət dövriyyəmizin 35 faizindən çoxu məhz Qərb dövlətləri ilə formalaşır. Bu, şaxələnmiş iqtisadiyyat deməkdir. Digər tərəfdən isə, siyasi-hüquqi əlaqələr də bu müstəvidədir. Onu da qeyd etmək lazımdır ki, hazırda Rusiyanın bölgədəki rolu zəifləyib. Həmçinin Ermənistan da özünü artıq "Rusiyanın forpostu" kimi hiss etmir. Tam əksinə, rəsmi İrəvan "Qərb dövlətlərinin forpostu" olmağa can atır". 
Komitə sədri qeyd edib ki, ABŞ dövlət katibi Antoni Blinken son iki ildə Azərbaycan və Ermənistanla danışıqlar aparır: "Ümumiyyətlə, 10 noyabr üçtərəfli Bəyanatından sonra özünü regiondan çıxarılmış hesab edən və müharibəyə qatıla bilməyən Qərb dövlətləri indiki halda Ermənistanın əli ilə regionda aktiv siyasət aparmağa çalışırlar. Bu, rəsmi Moskvanın mövqelərinə zərbə vurur, sanki yeni cəbhə açır və Rusiyanın ətrafında çənbər formalaşdırır. Bu həmçinin İranın da maraqlarına ziddir. Faktiki olaraq, çoxmillətli qüvvələrin BMT-nin mandatı altına gəlməsi ABŞ ordusunun çox kiçik bir hissəsinin də Azərbaycan-Ermənistan sərhədində hansısa formada yerləşdirilməsi, ərazidə hərbi bazasının qərarlaşması deməkdir. Fransanın, ABŞ-nin əsgəri qüvvələrinin bölgəyə gətirilməsi isə qarşısıalınmaz təhlükələrə yol aça, bölgədə beynəlmiləl toqquşmaları daha da qarışdıra bilər. Eyni zamanda bu, Rusiya-Ukrayna müharibəsinin Qafqaza köçürülməsi kimi bir şey olar".
Zahid Oruc deyib ki, Blinkenin Prezident İlham Əliyevlə telefon danışığı zamanı Laçın yolunda keçirilən aksiya barədə də fikir mübadiləsi aparılıb: "Prezidentin bu məsələ ilə bağlı mövqeyi prinsipialdır. Biz suveren ərazilərimizdə dinc aksiyalar vasitəsilə regiona silah daşınmasının və təbii sərvətlərimizin qeyri-qanuni istismarının qarşısını almağa, terror qruplarının cinayətkar əməllərini durdurmağa çalışırıq. Məqsədimiz təbii sərvətlərimizi talayaraq milyonlar qazanan, həmin gəlirlərini düşmənçilik üzərindən biznesə çevirən erməni oliqarxlarını dinc aksiya vasitəsilə məğlubiyyətə uğratmaq, nəticə etibarilə regiondakı bütün ərazilərimizdə suverenliyimizi bərpa edərək sonrakı dövrdə daimi sülhün yaradılmasına nail olmaqdır. Yəni Prezident İlham Əliyevin bu mənada irəli sürdüyü strategiya hansısa dövlətlər tərəfindən mübahisə predmeti ola bilməz. Bunun üçün onların nə gerçək hüququ, nə də güclü siyasi arqumentləri var".
Komitə sədri bildirib ki, ABŞ vasitəçilik missiyasını üzərinə götürmək istəyir: "Onlar hesab edirlər ki, ATƏT-in Minsk qrupu formatının mövcud olmadığı, Rusiyanın isə minlərlə sanksiya və embarqo tədbirlərinin hədəfinə çevrildiyi vaxtda bölgədə üçlü formatda görüşlər təşkil edə bilməzlər. Ona görə bəzən Şarl Mişel, bəzən isə birbaşa özləri vasitəçilik etməyə çalışırlar. Şübhə etmirəm ki, günün birində Antoni Blinken bölgəyə səfər edəcək, hətta ABŞ rəhbərlərinin bölgənin gələcəyi barədə yeni siyasi planlarını dilə gətirəcək. Əlbəttə ki, biz "hansısa dövlət vasitəçilik etməməlidir" yanaşmasını sərgiləmirik. Lakin ABŞ-nin Rusiya və İranla münasibətlərinin düşmənçilik səviyyəsində olması nəzərə alınmalı, vasitəçilik missiyası Prezident İlham Əliyevin məlum doktrinası çərçivəsində tənzimlənməlidir. Azərbaycan hansısa dövlətin ön cinahı deyil. Yəni biz xarici dairələrin bölgəni hərbiləşdirərək müəyyən siyasi qərarlar qəbul etməsi ilə qəti şəkildə razılaşa bilmərik".
Zahid Orucun sözlərinə görə, dövlətimizin yüksək strateji mövqelərə gəlib çıxması, İrəvandan ta Zəngəzura qədər hərbi müşahidə prosesini həyata keçirməsi, eləcə də ordumuzun şərti sərhədlərdə mövqe qurması fonunda xarici dairələrin Xankəndidə və ya Xocavənddə nəyəsə nail olması qeyri-mümkündür. 
"ABŞ və ya digər dövlətlər müxtəlif siyasi manipulyasiyalar nəticəsində yalnız Ermənistanı, İrəvanı qarabağlaşdıra bilərlər. Bu, nə deməkdir?! İrəvanda Paşinyan hakimiyyəti çox yaxşı dərk edir ki, indiki reallıqda sülh müqaviləsinin imzalanmasını əldən çıxarsalar, Qarabağ məsələsi, doğrudan da, Azərbaycanın coğrafi məkanını aşaraq Ermənistana daxil olacaq. Bu halda onsuz da vaxtilə azərbaycanlıların yaşadıqları ərazilərdə məskunluq tapmayıb başını götürüb qaçan ermənilərin yaşamadığı bölgələrdə Azərbaycanın nəzarəti təmin olunacaq. Bu, əsla hərbi təhdid deyil. Əgər Ermənistan qarabağlaşmaq istəmirsə, Blinken də daxil olmaqla, digər dövlət rəsmiləri Azərbaycan tərəfi ilə telefon danışıqlarına və  görüşlərinə reaksiya verərkən unutmamalıdır ki, onun taleyi bu gün üçüncü ölkələrin paytaxtlarında deyil, məhz Bakıda həll olunur", - deyə komitə sədri qeyd edib.

 

Prezident Laçın yolu ilə bağlı kifayət qədər tutarlı mövqe ifadə edib

 

Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, ABŞ dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevlə telefon danışığı zamanı toxunduğu əsas məqamların kökündə erməni təəssübkeşliyi dayanır: "ABŞ Laçın yolundakı aksiya ilə bağlı məsələdə təəssübkeşi olduğu erməni xalqının maraqlarını təmsil edir. Azərbaycan Prezidenti hər zaman olduğu kimi, bu məsələdə də kifayət qədər layiqli təmsilçi kimi hücumlara dirəniş göstərmək bacarığını ortaya qoyur. Açıq aydındır ki, xarici dövlətlər bu cür yanaşaraq problemi həll edə bilməzlər. ABŞ da anlamalıdır ki, ölkəmizin ərazi bütövlüyünə hörmət etmədən, onun hansısa təklifinin və xahişinin yerinə yetirilməsi yolverilməzdir. Azərbaycan dövlətinin və xalqının bu məsələ ilə bağlı mövqeyi dəyişməzdir". 
Fazil Mustafanın sözlərinə görə, xarici dairələr elə reaksiya verirlər ki, sanki dünyanın bütün problemləri hazırda Laçın yolunda cəmlənib: "Halbuki Laçın yolunun blokadaya alınmasından, humanitar fəlakətdən söhbət belə gedə bilməz. Dövlətimizə qarşı belə sərsəm ittihamlar irəli sürməyin heç bir əsası yoxdur. Hesab edirəm ki, Prezident bu məsələ ilə bağlı kifayət qədər tutarlı, sərt və qınayıcı formada lazımi cavablarını verib. Biz ABŞ-də erməni heyranlarının çox olmasına baxmayaraq, onların da nə vaxtsa dövlətimizin ərazi bötüvlüyünü nəzərə alaraq, ədalətli mövqe sərgiləyəcəklərinə ümid edirik. Avropa Parlamenti, Avropa İttifaqı, ABŞ Laçın yolu ilə bağlı absurd fikirlər səsləndirirlər. Sanki hər biri eyni mərkəzdən idarə olunur və "bir dövlətin hüquqlarını necə tapdalayaq" deyə yarış keçirirlər. Amma əbəsdir, Azərbaycan rəhbəri ciddi xarakter nümayiş etdirərək ölkəmizə düşmən mövqeyində olanları həm həqiqətlərə inandırmağa, həm də yerində oturtmağa davam edir".

Nəzrin QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video