Biz hamımız birlikdə yerli hakimiyyət orqanlarına, liderlərə, bələdiyyələrə necə kömək edə bilərik? Onlar adətən problemlərin nə olduğunu, hətta onu necə həll etməyi də bilirlər. Amma çox vaxt çatışmayan məqam məşhur “layihə formalaşdırılması” mərhələsidir. Onların ideyası var, amma layihəni necə hazırlamağı bilmirlər. Layihələri var, amma ilkin texniki-iqtisadi əsaslandırma və tam texniki-iqtisadi əsaslandırma üçün dəstək verən yoxdur. Bunu dəstəkləyən birini tapsalar belə, bazara çıxış imkanları olmur.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Meksikadakı rezident koordinatoru Alleqra Mariya BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "Qlobal Mənzil Maliyyələşdirilməsindən Yerli Əlçatan Mənzil Gündəliyinə: Qlobal İnkişaf və Submilli Maliyyələşdirmədən İstifadə" adlı tədbirdə çıxış edərkən deyib.
BMT nümayəndəsi çıxışına belə davam edib: “Nəhayət bazara çıxdıqda isə onlara adətən deyilir ki, bu layihə çox kiçikdir, investorların marağını cəlb etmir. Beləliklə, biz layihə portfellərini necə yaradaq? Bazarlara çıxışı necə təmin edək? Layihələri investorlarla necə uyğunlaşdıraq? Bilirəm ki, bizim bir çoxumuz, o cümlədən BMT tərəfi bu istiqamətdə çox iş görürük — bir növ “marketplace” platformaları yaradırıq, layihələrin formalaşdırılmasına kömək edirik və onları investorların marağını cəlb edə biləcək səviyyəyə çatdırmağa çalışırıq. Təsiryönümlü investorlar və sizin məndən daha yaxşı bildiyiniz digər həll yolları mövcuddur. Amma düşünürəm ki, kollektiv şəkildə bu sahədə daha çox iş görə bilərik.
İkinci məsələ maliyyələşmənin özüdür. BMT baxımından və son iki ildə apardığımız müzakirələrdən, xüsusilə də böyük Sevilya Forumundan gördüyüm odur ki, biz heç vaxt ən böyük donor və ya ən böyük maliyyəçi olmayacağıq. Hətta rəsmi inkişaf yardımı (ODA) da artıq böyük maliyyəçi rolunu oynamayacaq və bu rol getdikcə azalır. Amma biz ilk addımı ata, qrant verə, riskləri azalda, zəmanətlər təqdim edə bilərik. Biz borclanmanın səviyyəsini azalda bilərik. Amma daha da vacibi odur ki, bu, simvolik bir jestdir. Çünki istənilən layihədə, o cümlədən mənzil layihələrində sizlərdən və ya bizlərdən biri ilk maliyyəni ayırdıqda — bu məbləğ müqayisəli olaraq kiçik olsa belə — bu, etimad yaradır və tərəddüd edən kapitalı cəlb edir. Beləliklə, hamımızın müxtəlif maliyyə mənbələrini yerli maliyyə həlləri ilə əlaqələndirmək kimi ortaq rolumuz var. Düşünürəm ki, müzakirə edə biləcəyimiz ikinci əsas məsələ budur”.