Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar dairə və məntəqə seçki komissiyalarının bütün üzvlərinin iştirakı ilə hazırlığın artırılması, seçki sahəsində bilik, bacarıq və işgüzar vərdişlərin təkmilləşdirilməsi, xüsusilə protokolların düzgün doldurulması istiqamətində 7 saylı Səbail seçki dairəsinin 3 saylı dairə seçki komissiyasında treninq təşkil olunub.
AZƏRTAC xəbər verir ki, təlimlərin məqsədi seçki komissiyaları üzvlərinin məlumatlılığının və peşəkarlığının artırılmasıdır.
Treninqlərdə ümumilikdə 41 məntəqədən 246 nəfərin iştirakı nəzərdə tutulub. Məşğələləri Mərkəzi Seçki Komissiyasının (MSK) təlim kursunda iştirak etmiş Anar Əhmədov həyata keçirib.
Anar Əhmədov bildirib ki, bu günədək bələdiyyə seçkilərində iştirak üçün Səbail seçki dairəsindən 30 nəfər, Badamdar seçki dairəsindən 24 nəfər namizədliyini irəli sürüb. Səbail seçki dairəsindən 17 nəfər, Badamdar seçki dairəsindən isə 13 nəfər bələdiyyə üzvü seçiləcək. Seçkilərə hazırlığın yüksək səviyyədə aparıldığını qeyd edən Anar Əhmədov bu prosesin uğurla yekunlaşması üçün səylərin birləşdirilməsinin vacibliyini qeyd edib.
Məntəqə seçki komissiyasının üzvləri seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayılması və səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulması, ümumiyyətlə bütün seçki günü prosedurları barədə aydın və müfəssəl məlumatlandırılıblar. Hər bir iştirakçıya təlimlərdə istifadə etmək və yaxından tanış olmaq üçün Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və digər zəruri metodiki vəsait, əyani materiallar da verilib.
7 saylı Səbail dairə seçki komissiyasının sədri Cahangir Məmmədov hazırlıq işlərinin uğurla davam etdiyini, məntəqələrdə səsvermə prosesinin şəffaf və demokratik qaydada təşkili, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şəraitin yaradıldığını deyib.
“Bələdiyyə seçkiləri bütün dünyada həyata keçirilir. Hesab edirəm ki, demokratiyanın vacib atributlarından biridir və bu seçkilərin keçirilməsi böyük əhəmiyyət kəsb edir. Mərkəzi Seçki Komissiyasının təlimatlarına əsasən bizim seçki dairəsində mütəmadi treninqlər keçirilir. Gün ərzində seçki dairəsinin dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının üzvləri iki qrup şəklində - saat 11:00-da, ikinci qrup isə saat 15:00-da treninqdə iştirak edir. Bu hazırlıq zamanı seçki günü məqbul və qeyri-məqbul hərəkətlər barədə ətraflı məlumat verilir, qanun çərçivəsində şəffaf seçkilərin keçirilməsi üçün təlimatlar təqdim olunur. Daimi fəaliyyət göstərən 41 seçki məntəqəsindən əlavə Səbail rayonu ərazisində seçkiyə ən geci 5 gün qalmış işə başlayacaq seçki komissiyaları var. Bunlardan biri N saylı hərbi hissədir. Hər məntəqədən 36 nəfər hər gün treninqlərdə iştirak edir”, - deyə Cahangir Məmmədov bildirib.
Treninqin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.