Məlum olduğu kimi, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində davam edən müstəmləkəçilik və onun yeni təzahürlərinin aradan qaldırılmasını əsas xarici siyasət istiqamətlərindən biri kimi müəyyənləşdirib. Bu günlər yaradılmasının iki ili tamam olan Bakı Təşəbbüs Qrupu (BTQ) ötən müddət ərzində beynəlxalq qeyri-hökumət təşkilatı kimi Fransanın dənizaşırı ərazilərində, xüsusilə də Yeni Kaledoniyada, dekolonizasiya və insan haqları məsələləri üzrə əhəmiyyətli nəticələr əldə edib.
Fransanın müstəmləkə cinayətlərinə qarşı mübarizədə Bakı Təşəbbüs Qrupunun yaradılması rəsmi Parisi ciddi narahat edib və nəticədə dünyada ən güclü müstəmləkəçi ölkə kimi tanınan Fransa geri çəkilməyə məcbur olub, bir çox nüfuz dairələrində zəifləyib, yerli xalqlar üzərində öz imicini və gücünü itirib.
Milli Məclisin deputatı Pərvanə Vəliyeva qəzetimizə açıqlamasında bildirib ki, iyulun 12-də Yeni Kaledoniyanın gələcək statusunun müəyyənləşdirilməsi məqsədilə Parisdə Fransa Hökuməti müstəqillik tərəfdarları və əleyhdarları razılaşma əldə edərək sazişə imza atıblar: “Fransanın dövlət başçısı E.Makron ilk dəfə olaraq Yeni Kaledoniya ilə bağlı danışıqda şəxsən iştirak edib. Sazişə əsasən, Fransa Konstitusiyası tərəfindən tanınan və beynəlxalq ictimaiyyət tərəfindən tanınması nəzərdə tutulan, Fransa tərkibində unikal institusional qurum – “Yeni Kaledoniya Dövləti” yaradılacaq. Yeni Kaledoniya öz müqəddaratını təyin etmək hüququnu da özündə saxlayır. Bununla da bəzi Fransa rəsmilərinin dəyişdirilməsi mümkünsüz elan etdiyi Fransa Konstitusiyasının “toxunulmazlığı”na son qoyulur. Beləliklə, dekolonizasiya istiqamətində unikal presedent yaranır. “Dünyaya özünü “demokratiya carçısı” kimi tanıdan Fransa və onun rəsmi şəxsləri hər fürsətdə bu məsələ “daxili işimizdir” deyib, insanları həbs edir, ölümlə hədələyir, üsyanları yatırdırdı. Dənizaşırı ərazilərdə, xüsusilə Yeni Kaledoniyada əhalinin Fransa hökumətinin siyasətindən ciddi narazılığını neytrallaşdırmaq məqsədilə Prezident E.Makron Yeni Kaledoniya, Vanuatu və digər adalara səfər etmək məcburiyyətində qalıb”, - deyə deputat bildirib.
O, həmçinin qeyd edib ki, Fransanın dənizaşırı ərazilərə münasibətdə məqsədli şəkildə ayrı-seçkilik siyasəti aparmasından əziyyət çəkən kanak xalqı Azərbaycan Prezidentinə ümid yeri kimi baxır: “Prezident İlham Əliyev nüfuzlu beynəlxalq platformalarda mütəmadi olaraq, xüsusilə COP29 zamanı müstəmləkəçiliklə mübarizəni gündəmə gətirmiş, ədalət və beynəlxalq hüquq naminə müstəmləkəçiliyin tamamilə ləğv edilməsi, müstəmləkə şəraitində yaşayan xalqların müstəqil yaşaması, öz müqəddəratını təyin etməsinə dəstək ifadə edib. Əsarət altında yaşayan xalqların dövlətimizin başçısına xüsusi rəğbəti və hər fürsətdə bunu dilə gətirmələri, bu dəstəyi qiymətləndirmələri, BTQ ətrafında sıx birləşərək Bakının beynəlxalq dekolonizasiya mərkəzinə çevrilməsinə zəmin yaratmaları həmin yüksək qiymətin təzahürü idi”.
P.Vəliyeva vurğulayıb ki, bundan başqa, BTQ Yeni Kaledoniyada insan haqları pozuntularını BMT səviyyəsində gündəlikdə saxlaya bilib: “BMT-nin müxtəlif platformalarında bu məsələ daim gündəmə gətirilib, plenar iclaslarında çıxışlar edilib, Fransa nümayəndə heyətinə suallar ünvanlaya bilib, alternativ hesabatlar, vizual materiallar hazırlanıb və yayılıb. Bir sözlə, kanak xalqı BTQ-nin dəstəyi ilə məlumat blokadasını yararaq öz səsini ucalda bilib”.
Deputat bildirib ki, Ermənistan-Azərbaycan normallaşma prosesinə hər vəchlə mane olan, Ermənistanda revanşizmi dəstəkləyən, Avropa İttifaqının sərt məhdudiyyət qaydalarına baxmayaraq, birtərəfli qaydada Ermənistanı silahlandıran, ona maliyyə dəstəyi verən Fransa Azərbaycana təzyiq etməyin mənasız olduğunu başa düşsə də, düşmənçilik mövqeyindən əl çəkməyib: “Fransa ərazi baxımından Azərbaycandan 7 dəfədən böyük, əhali baxımından 6 dəfədən çox olsa da, respublikamız Fransanı bütün cəbhələrdə neytrallaşdıra və üstələyə bilib. 44 günlük Vətən müharibəsində Azərbaycanın Ermənistan üzərində Zəfərini öz şəxsi məğlubiyyəti hesab edən Makron bu dəfə “daxili iş” deyərək neytrallaşdırmağa çalışdığı koloniyalaşdırma məsələsində də Prezident İlham Əliyevə uduzdu və müstəqillik tərəfdarlarına münasibətdə böyük güzəştə getməyə – Yeni Kaledoniya üzərindəki əsarətini bitirməyə məcbur oldu”.
Qeyd edək ki, FLNKS hərəkatının rəhbərlərindən biri Rok Vamitan sözügedən sazişin beynəlxalq hüquqa əsaslandığını bildirib. Layihə əvvəlcə hərəkatlar tərəfindən qiymətləndirilməli, daha sonra kanak xalqı tərəfindən təsdiqlənməlidir. İmzalayan tərəflər sənədi müdafiə öhdəliyi götürüblər. Təbii ki, bunu xalqa qəbul etdirmək elə də asan iş olmayacaq. 2026-cı ildə Yeni Kaledoniyanın təşkilat quruluşunu müəyyən edən əsas qanun qəbul ediləcək. Bu qanun ölkənin adı, bayrağı və digər simvollarının dəyişdirilməsinə imkan yaradacaq. Fransa beynəlxalq öhdəliklərinə uyğun olaraq, Yeni Kaledoniyanın maraqlarını beynəlxalq aləmdə müdafiə etməyi və onun beynəlxalq inteqrasiyasına dəstək verməyi öhdəsinə götürür. Təhlükəsizlik üzrə Ali Kaledoniya Şurası yaradılacaq, bölgələrdə yerli polis qurumları ilə təsis edilə biləcək. Həmçinin Fransa və Yeni Kaledoniya arasında maliyyə və iqtisadi bərpa paktı imzalanacaq, nikel sənayesinə dair strateji plan hazırlanacaq.
P.Vəliyeva onu da xatırladıb ki, 18 yaşı tamam olan hər bir Fransa vətəndaşı səs verə bildiyi halda, Yeni Kaledoniyaya bu şamil olunmurdu və burada seçici hüquqları məhdudlaşdırılmışdı: “Hazırkı sazişdən öncə Yeni Kaledoniyada səsvermə hüququ olan şəxslər 1998-ci il noyabrın 8-dək (Numea Sazişi referendumu tarixi) Yeni Kaledoniyada daimi yaşayan şəxslər, yerli kanak əhalisi, Fransız müstəmləkəçilərinin nəsilləri və digər uzunmüddətli rezidentlər idi. Seçicilər 1998-ci ilə qədər daimi rezidentliyi sübut etməli idilər. Vəziyyət 1998-ci ildən sonra Yeni Kaledoniyada doğulmuşlar üçün daha təəccüblü idi, çünki onların hamısı səsvermə hüququna malik deyildi. Bu hüquq valideynlərinin Yeni Kaledoniyaya Noumea Sazişindən əvvəlmi, yoxsa sonramı köçməsindən asılı olaraq dəyişirdi. 2024-cü ilin mayında Fransanın 10 illik rezidentlərə səsvermə hüququ vermək təklifi kanaklar tərəfindən onların siyasi təsirini azaltma cəhdi kimi qəbul edildi və iğtişaşlara səbəb oldu, 14 nəfər insan öldürüldü, 100-ə yaxın azadlıq tərəfdarı həbs edildi, yaralandı, infrastruktura milyonlarla avro dəyərində ziyan dəydi”.
P.Vəliyeva vurğulayıb ki, hazırkı saziş isə minimum 15 il burada yaşayan insanları və yerli kanakları əhatə etməklə, daha çox seçiciyə regional seçkilərdə və gələcək referendumlarda iştirak imkanı verəcək: “Bu razılaşmanın icrasını Fransa dövlətini və kaledoniyalı siyasi tərəfdaşları təmsil edən şəxslərdən ibarət Nəzarət Komitəsi izləyəcək. İndi isə sazişin taleyi kanak xalqının qərarından və iradəsindən asılıdır”.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”