Bu gün həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya regionları həlledici mərhələdədir. İqtisadiyyatlarımız tranzit marşrutları, enerji şəbəkələri, rəqəmsal infrastruktur və insanlar arasında artan əlaqələr vasitəsilə bir-biri ilə daha sıx inteqrasiya olunur. Eyni zamanda, qlobal iqtisadiyyat geosiyasi gərginliklər, təchizat zəncirindəki pozuntular, iqlimlə bağlı çağırışlar və maliyyə bazarlarındakı dəyişkənlik kimi ciddi qeyri-müəyyənliklərlə üzləşir. Belə şəraitdə risklərin səmərəli idarə olunması iqtisadi inkişafın əsas elementlərindən birinə çevrilib.
AZƏRTAC xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində “İslam İnkişaf Bankı Qrupunun Özəl Sektor Forumu"nda çıxışı zamanı deyib.
Y.Abdullayev qeyd edib ki, Azərbaycan regional əlaqələri və iqtisadi əməkdaşlığı uzunmüddətli rifahın əsas hərəkətverici qüvvələrindən biri hesab edir.
“Azərbaycan enerji və nəqliyyat sahəsində strateji mərkəz kimi öz mövqeyini möhkəmləndirib. Bununla yanaşı, biz beynəlxalq ticarət və investisiyalar üçün də mərkəzə çevrilməyi hədəfləyirik. Böyük infrastruktur layihələrinə yatırılan investisiyalar və davamlı iqtisadi islahatlar sayəsində Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri boyunca bazarların əlaqələndirilməsində rolumuzu gücləndirmiş, malların və xidmətlərin hərəkətini asanlaşdırmışıq. Məsələn, 2020–2025-ci illər ərzində Azərbaycanın ümumi ticarət dövriyyəsi iki dəfədən çox artaraq 24,5 milyard dollardan 49,4 milyard dollara yüksəlib”, - deyə Yusif Abdullayev vurğulayıb.
AZPROMO-nun icraçı direktoru qeyd edib ki, Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi istiqamətində fəal siyasət həyata keçirir: “Enerji sektoru iqtisadiyyatımızın mühüm dayaqlarından biri olaraq qalır. Lakin baxışlarımız karbohidrogenlərdən daha genişdir. Biz gələcəkdə davamlı inkişafı formalaşdıracaq və sürətləndirəcək prioritet sahələrdə yerli və xarici investorlar üçün yeni imkanlar yaradırıq”.