İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Azexport”un vasitəçiliyi ilə qeyri-neft məhsullarının xarici bazarlarda satışının həcmi artır, coğrafiyası genişlənir. "Azexport” həmçinin analoji qurumlarla əlaqələrini genişləndirir.
Belə əlaqələr məhsullarımızın tanınmasında mühüm rol oynayır. Portalın təşkilatçılığı ilə Belarusun Azərbaycana səfər edən topdansatış şəbəkəsinin direktoru Andrey Drozden bildirib ki, rəhbəri olduğu şirkət İspaniya, Türkiyə, Misir, Özbəkistan kimi ölkələrdən məhsul idxal edir. Onun sözlərinə görə, Azərbaycan məhsullarının keyfiyyəti maraqlarına səbəb olub. "Xüsusilə sitrus məhsulları və xurma çox dadlı və keyfiyyətlidir. Hesab edirəm ki, Azərbaycanda yetişdirilən sitrus məhsulları dünya bazarında olan məhsullar sırasında dadına və keyfiyyətinə görə ilk üçlükdə yer alır. "Azexport" portalının dəstəyi ilə baş tutan bu səfər və imzalanan müqavilələr hələ başlanğıcdır. Biz artıq növbəti həftələrdə qənnadı və konservləşdirilmiş məhsulların istehsalı ilə tanış olmaq və sifarişləri təyin etmək üçün səfərləri planlamağa başlamışıq", - deyə A. Drozden bildirib.
Belaruslu qonaqlar səfər çərçivəsində həmçinin Lənkəran, Astara, Göyçay və Hacıqabul rayonlarında yerli sahibkarlarla görüşlər keçirib, məhsulların yetişdirildiyi bağlarda və saxlama kameralarında yaradılan müasir imkanlarla tanış olublar.
"Azexport"dan verilən məlumata görə, portal indiyə qədər "Gələn Alıcı Missiyası" (İncoming Buyer Mission) proqramı çərçivəsində ABŞ, Türkiyə, Rusiya, Kanada və Avropa İttifaqı ölkələrindən Azərbaycana gələn şirkət nümayəndələrini yerli sahibkarlar və infrasturkturla tanış və yerli məhsulların həmin ölkələrdə tanıdılmasını təşviq edib.
Məlum olduğu kimi, Avropa bazarına daxil olmaq çox çətindir. Xüsusən Aİ ölkələrində məhsulun keyfiyyətinə tələblər yüksəkdir və o səbəbdən ixrac məhsulları müəyyən prosedurlardan keçməlidir. Almaniyanın məşhur "Hannover Impuls" şirkəti "Azexport" portalının dəstəyi ilə Azərbaycan sahibkarlarına belə bir imkan yaratmaq istəyir. Şirkətin beynəlxalq işlər üzrə direktoru Peter Ayzenşmin təmsil etdiyi qurumun dövlət təşkilatı kimi əsas fəaliyyətinin Almaniya və ümumilikdə Avropa bazarına çıxmaq istəyən sahibkarları dəstəkləmək olduğunu bildirib. O, "Hannover Impuls"un əsas məqsədinin beynəlxalq ticarət əlaqələrinin qurulmasında təkanverici rol oynamaq istədiyini, eyni zamanda "Azexport"un "Alibaba" və "Amazon" platformaları ilə əməkdaşlıq prinsiplərini qabaqcıl və səmərəli hesab etdiyini, bu təcrübədən öyrəniləcək maraqlı məqamların olduğunu vurğulayıb.
Tərəflər Azərbaycan mallarının Almaniya və Avropada yerləşən satış şəbəkələri və potensial alıcılara çıxarılması istiqamətində birgə fəaliyyət və qarşılıqlı təcrübə mübadiləsi aparılması barədə razılığa gəliblər.
Xatırladaq ki, "Hannover Impuls" Hannover şəhəri və regionu əhatə edən iqtisadi inkişaf agentliyidir. Təşkilat sahibkarlıq təşəbbüslərini dəstəkləyir, startapların inkişafına kömək edir və mövcud şirkətlərin innovativ gücünü artırmaq məqsədilə müxtəlif tədbirlər həyata keçirir.
Rüstəm KAMAL,
“Azərbaycan”