27 Avqust 2025 08:55
494
İQTİSADİYYAT
A- A+
"Azərbazalt" zavodu Azərbaycanın texnoloji sabahına açılan qapıdır

"Azərbazalt" zavodu Azərbaycanın texnoloji sabahına açılan qapıdır


Azərbaycanın zəngin təbii sərvətləri sırasında uzun illər diqqətdən kənarda qalan bir xəzinə də var - bazalt. İlk baxışda sıradan bir vulkanik daş kimi görünsə də, əslində, bu süxur parçası gələcəyin tikinti materialı, sənaye inqilabının aparıcı elementi, hətta iqlim dəyişmələrinə qarşı silah da ola bilər.

Bazalt  nədir? Bu, vulkanik mənşəli, tünd rəngli (adətən, tünd boz və ya qara) və çox sıx, sərt bir daş növüdür. Həbəş dilində "bazal" (dəmirsaxlayan daş) sözündən törəyib və ilk dəfə qədim Roma yazıçısı və filosofu Böyük Plini tərəfindən işlədilib. Bazalt, əsasən, okean qabığında və vulkanik zonalarda lava axınının sürətlə soyuması nəticəsində əmələ gəlir. Bu səbəbdən vulkanik fəaliyyətin çox olduğu yerlərdə bazalt yataqları geniş yayılıb. Əsas mineralları piroksen, plagioklaz feldispat və bəzən olivindir. Bazalt  az hallarda lifli və ya çox kiçik kristallardan ibarət ola bilər. Yol, bina, körpü və asfaltın alt təbəqəsi kimi  tikinti sektorunda istifadə edilir. Onu dekorativ daş kimi  parklarda, bağlarda, memarlıq abidələrinin üzərində də görmək olar. 

Sənaye sahəsində bazalt lifləri böyük əhəmiyyət kəsb edir. Bu incə liflər beton və digər tikinti materiallarının möhkəmliyini artırmaq üçün istifadə olunur. Nəticədə daha dayanıqlı və uzunömürlü binalar, digər   infrastrukturlar inşa edilir. Tarixə baxanda isə görürük ki, bazalt sadəcə müasir tikintidə deyil, qədim dövrlərdə də insanların həyatında önəmli rol oynayıb. O zamanın insanları bazaltdan cürbəcür məişət aləti və silahlar hazırlayaraq gündəlik həyatlarını asanlaşdırıb, eləcə də ondan müdafiə üçün istifadə ediblər. Maraqlıdır ki, bazalt daşları təkcə tarixdə qalmayıb, onlar bu gün də "canlı" şəkildə yaranır. Məsələn, İslandiya, Havay və digər vulkanik bölgələrdə lava axınları hələ də aktivdir və soyuduqca yeni bazalt təbəqələri əmələ gəlir. 

Nə üçün biz onu indi daha çox xatırlayırıq? Çünki artıq dünya  dəyişir, ölkələr enerji keçidinə, "yaşıl iqtisadiyyat"a, ekoloji təmiz texnologiyalara doğru yönəlir. Məhz bu dəyişmələr fonunda bazalt kimi süxurlar strateji əhəmiyyət daşıyan resursa çevrilir. Bu daş sadəcə yol tikintisi üçün deyil. Onun sayəsində müdafiə sənayesi möhkəm materiallar qazanır, 3D texnologiya isə lazım olan xammalla təmin edilir. Vulkanların bağrından qopan bazalt sənaye  möcüzəsinə çevrilərək evlərimizdə bizi istilik itkisindən və yanğın təhlükəsindən qoruyan daş yunu formasında da həyatımıza daxil olur. Məlumat üçün bildirək ki, daş yunu bazalt kimi vulkanik daşların çox yüksək temperaturda əridilib, sonra lif halına gətirilməsi ilə əldə edilən istilik və səs izolyasiyası materialıdır. Binaların dam və fasad hissələrində, divar aralarında və sənaye obyektlərində istifadə olunan  daş yunun  üstünlükləri çoxdur. O, yanğın zamanı  alovlanmır və formasını itirmir, soyuqdan qoruyaraq istiliyi özündə saxlayır, səsi udur, təbii olduğu üçün ətraf mühitə zərər vermir. Bir müsbət tərəfi də odur ki, gəmiricilər və ya böcəklər bu materialda yuva qurmur.

Bu qədər faydalı özəllikləri mümkün edən təbii sərvət isə heç də uzaqda deyil, elə öz torpaqlarımızdadır. Naxçıvanda, Göygöldə, Gədəbəydə, Talış dağlarında bazalt yataqları mövcuddur. Bu bölgələrin yerin dərinliklərindən gələn gücü bu gün artıq dəyərləndirilir. Təbii ki, onlar təkcə daş deyil, iqtisadi imkan, strateji resurs və texnoloji sıçrayış potensialıdır. Bəlkə də illərlə kimsə Göygöl dağlarında gəzərkən ayağına ilişən boz, sərt bir daş parçasının içində milyardlarla illik tarix, ölkəsinin iqtisadi gələcəyi, sabahın texnoloji inqilabı olduğunu düşünməyib. Halbuki adi görünən  o bazalt, əslində, Azərbaycan üçün qüdrətli bir nemətdir.         

Bazalt Azərbaycanın geoloji xəritəsində sadəcə bir resurs kimi deyil, inkişafın, sənayeləşmənin, müasir texnologiyanın təməli kimi yer alır. Bu sərt daş, əslində, təbiətin bizə bəxş etdiyi strateji imkanlardan biridir. Avqustun 20-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Gəncədə təməli qoyulan "Azərbazalt" zavodu bunun bariz nümunəsidir.  Bu sənaye layihəsi təbiətlə dost, gələcəyə açılan bir qapıdır. Üstəlik də təbiətin bizə verdiyi strateji imkan, gələcək nəsillərə ötürüləcək milli sərvətdir. 

Ümumi sahəsi 4 hektar olan bu zavodda ildə 360 min ton orqanik gübrə istehsal olunacaq. Müəssisə İsveç və Türkiyə texnologiyaları əsasında qurulur və burada istifadə olunacaq  yüksəkkeyfiyyətli bazalt xammal olaraq,  Göygöl rayonunun "Çaykənd" yatağından çıxarılacaq. Zavodda istehsal ediləcək məhsullar həm daxili bazarın tələbatını qarşılayacaq, həm də xarici bazarlara ixrac ediləcək. Burada təkcə bazalt daşı emal olunmayacaq, o,  ümid yaradacaq, güvən formalaşdıracaq, gələcək inşa edəcək. Bu layihə, əslində, Azərbaycanın öz torpağına arxalanaraq sabahını qurmaq yolunda atdığı mühüm addımdır. Çünki bu torpağın dərinliklərində yalnız təbii sərvət deyil,  güc var, iradə var, sabaha olan böyük inam var. "Azərbazalt" zavodu da məhz bu gücü dəyərləndirəcək. Hər çıxarılan daş, hər əridilən bazalt parçası müstəqilliyimizin, iqtisadi gücümüzün və texnoloji irəliləyişimizin bir parçasına çevriləcək. Bu zavod Azərbaycan insanı üçün  yeni iş yeri, sabit gəlir və sosial rifah deməkdir. "Azərbazalt" bölgənin nəfəsidir, əllərin zəhməti, alnın təri ilə qurulan bir gələcək, yerli resurslarımızı beynəlxalq bazarlara daşıyan bir körpüdür. Bu gün Göygöldən çıxarılan bazalt sabah dünyanın ən müasir zavodlarında, 3D printerlərində, müdafiə texnikasında istifadə olunacaq. Azərbaycan adı yeni texnoloji məhsullarla birlikdə səslənəcək. Ən əsası isə  zavod bir mesaj verir: "Azərbaycan öz təbii sərvətlərinə sahib çıxır, onları dəyərə çevirir və gələcəyə inamla addımlayır".

Biz illərlə torpağımızın üstündə gəzdik, amma altındakı sərvətin səsini çox gec eşitdik. Bazalt  xalqın gücü, torpağın yadımıza saldığı səbir və potensialdır. İndi bazalt zavodlarda, laboratoriyalarda, layihələrdə, ixrac siyahılarında öz yerini tapmağa başlayıb. Bu daş  çəkidə ağır olsa da,  gələcəyimizi yüngülləşdirən dəyərli sərvətdir. Və günün  birində hansısa kənd yolunda  ayağımıza ilişən  bazalt parçasına baxanda düşünəcəyik: bu sadə daş, əslində, bir xalqın iradəsini, zəhmətini və yenidən doğulan ümidini daşıyırmış...


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

Media: İran səmasında vurulmuş ABŞ-nin helikopteri təhlükəsiz eniş edə bilib  

23:51
03 Aprel

BƏƏ-də Habşan qaz strukturuna hücum olub, ölən var

23:49
03 Aprel

Minifutbol üzrə Azərbaycan çempionu mükafatlandırılıb

23:01
03 Aprel

İranın hücumu nəticəsində zədələnmiş Tailand gəmisində insan qalıqları tapılıb  

22:44
03 Aprel

Türkiyə və Azərbaycan hərbçiləri sarsılmaz dostluq və qardaşlıq əlaməti olaraq bayraqları dəyişiblər  

22:31
03 Aprel

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə edib  

22:08
03 Aprel

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub 

20:12
03 Aprel

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub olub

20:09
03 Aprel

Azərbaycan və Türkiyə arasında konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair fikir mübadiləsi aparılıb

19:56
03 Aprel

Uqanda ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilir  

19:28
03 Aprel

Rusiya Ukrayna ərazisi üzrə kombinə edilmiş ən böyük zərbələrdən birini endirib  

19:19
03 Aprel

Madaqaskarda dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

18:57
03 Aprel

Britaniya vəhşi təbiətin qorunmasına 90 milyon sterlinq ayırır

18:45
03 Aprel

İnsan ömrünü uzadan sosial faktorlar

18:34
03 Aprel

Minatəmizləmə fəaliyyəti zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü təyin edilib  

18:20
03 Aprel

DTX rəisi: Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb  

18:07
03 Aprel

Nazir: TAP istismara veriləndən Azərbaycan Yunanıstana 5,6 milyard kubmetr qaz ixrac edib  

18:01
03 Aprel

Mina təhlükəsinə qarşı birgə fəaliyyət, maarifləndirmə və beynəlxalq çağırışlar  

17:58
03 Aprel

Əli Nağıyev: DTX Azərbaycana qarşı təhlükələrin vaxtında aşkarlanması və qabaqlanması istiqamətində səmərəli fəaliyyət göstərir  

17:47
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!