03 Fevral 2023 01:38
482
SİYASƏT
A- A+

Azərbaycanla təhdidlə danışmaq olmaz

 

İran törətdiyi terrora görə cavab verəcək

 

İranın Azərbaycana qarşı siyasətinin səmimi olmadığı, ortaq dəyərlərə söykənmədiyi çoxdan məlum idi. Öncə ondan başlayaq ki, özünü müsəlman dünyasının təəssübkeşi kimi göstərən İran Azərbaycanın torpaqlarının işğal edildiyi vaxt onun qarşısını almaq üçün bir addım belə atmayıbdı. İkincisi, torpaqlarımızın işğalda olduğu illərdə Ermənistanla geniş şəkildə siyasi-iqtisadi əməkdaşlıq edən az ölkələrdən biri məhz İran idi.  Bu baxımdan ermənilərin İranı özləri üçün nəfəslik adlandırmaları təsadüfi deyil.

 

İranın molla rejiminin niyyəti həmişə gözündə qalıb

 

Bu  bir tarixi həqiqətdir ki, Azərbaycan cənub qonşusu ilə əlaqələrə həmişə diqqət və həssaslıqla yanaşıb, münasibətlərin inkişafına çalışıb. Ölkəmiz ikitərəfli əlaqələrə azacıq da olsa kölgə salacaq bir addım belə atmayıb. Məlumdur ki, İranda molla rejiminin hakimiyyətindən sonra Tehranın istər müsəlman dünyası, istərsə də Qərb ölkələri ilə münasibətləri gərgin olub. Təbii ki, bunun da səbəbkarı elə molla rejiminin özüdür.  İslam dünyasında məzhəb ayrı-seçkiliyinin, dini bölücülüyün geniş şəkildə baş qaldırması, bəzi müsəlman ölkələrində qanlı qarşıdurmaların yaranması məhz İranın yürütdüyü siyasətin nəticəsidir. Elə bu cür siyasətinə görə də İranın həm islam, həm Qərb dünyası ilə münasibətləri gərgin olub və bu indi də davam edir.
Bütün bunlara rəğmən Azərbaycan beynəlxalq müstəvidə İranın milli maraqlarına zidd olan təşəbbüslərə və siyasi qarşıdurmalara qoşulmayıb. Xüsusən İranın nüvə proqramı ilə bağlı müzakirələrdə Azərbaycan bu ölkəyə qarşı sanksiyaları dəstəkləməyib. Eyni zamanda Azərbaycan heç vaxt İranın daxili işlərinə də qarışmamış, bu ölkədə əmin-amanlığın olmasını arzulayıb. 
Lakin İran tərəfi Azərbaycana qarşı daim məqsədli şəkildə qərəzli və riyakar siyasət yürüdüb, münasibətlərdə səmimi olmadığını hər zaman büruzə verib. Ölkəmizin əlaqələrdə mehriban qonşuluq prinsiplərini rəhbər tutmasına baxmayaraq, İranın siyasi, dini və hərbi dairələri Azərbaycan dövlətinə qarşı münasibətdə heç də səmimi olmadıqlarını zaman-zaman ən müxtəlif səviyyələrdə büruzə veriblər. 
İran mətbuatında türk xalqları daim təhqir edilib, televiziya kanallarında gecə-gündüz müstəqil, dünyəvi və demokratik Azərbaycan dövlətçiliyinə qarşı "mübarizə aparılıb". İran rəsmiləri bunu ölkə mətbuatının guya müstəqil olması ilə əlaqələndirsələr də, İranda söz azadlığının olmadığı bütün dünyaya bəllidir. Bu ölkə davamlı şəkildə Azərbaycanın daxili işlərinə qarışmaq üçün müxtəlif cəhdlər göstərib. Azərbaycanda guya dini azadlıqların və islami dəyərlərin boğulduğunu iddia edən İranın müxtəlif dairələri respublikamızın ərazisində antikonstitusion və dünyəvi dövlətçilik əleyhinə çirkin planlar həyata keçirməyə cəhd etsə də, niyyəti həmişə gözündə qalıb.

 

Tehran islami dəyərləri təhqir edən Ermənistanın yanında yer aldı

 

Azərbaycanın Vətən müharibəsindəki qələbəsi dostlarımızı sevindirdi, düşmənlərimizin bağrına isə xəncər kimi saplandı. Bu qələbə müstəqil Azərbaycan dövlətçiliyi ilə barışa bilməyən İranın da maskasını cırdı. Torpaqlarımızın, Azərbaycan-İran sərhədinin işğal altında olduğu dönəmdə bircə dəfə də olsun Ermənistana etirazını bildirməyən İran 44 günlük müharibədən sonra birdən-birə regionda sərhədlərin dəyişdirilməsinə yol verməyəcəyini bəyan etdi. Ən qəribəsi də odur ki, Qarabağ və Şərqi Zəngəzurda islam abidələrinin, məscidlərin ermənilər tərəfindən dağıdılmasına və murdarlanmasına münasibətini bildirməyən İran Ermənistanın təhlükəsizliyini özünün milli prioriteti elan etdi.
Məsələyə bu prizmadan yanaşdıqda görünür ki, Azərbaycanın öz torpaqlarını azad etməsi İranı yaman narahat edir. Bu ölkənin molla rejimi Azərbaycanın qətiyyəti və iradəsi ilə regionda yaranan yeni reallıqları, türk dünyası arasında yaranacaq bağlantıları həzm edə bilmir. Tehranın İrəvanla son dövrlər daha da yaxınlaşmasını, Qafanda konsulluq açmasını, Azərbaycanla sərhəddə hərbi təlimlər keçirərək əzələ nümayiş etdirməsini, Ermənistana silah satmasını başqa cür izah etmək mümkün deyil. Məscidlərimizi murdarlayan ermənilərin İranda məscidə aparılması isə, sadəcə, riyakarlıqdır. Bir müsəlman dövlətinin belə bir siyasət yürütməsi bütün islam dünyasında ikrah və qəzəb doğurur.

 

Terror İranın əsl siması və mahiyyətidir

 

Bir neçə gün əvvəl  Tehrandakı səfirliyimizin terror hücumuna məruz qalması da İranın Azərbaycanla bağlı yürütdüyü siyasətin nəticəsi idi. Vətən müharibəsindəki qələbəmizi, torpaqlarımızın azad olunmasını həzm edə bilməyən, Araz çayı sahilində hərbi təlimlər keçirib Azərbaycanı təhdid edən İran başqa bir şey edə bilmədiyi üçün səfirliyimizi hədəf seçdi.
Azərbaycanın İrandakı səfirliyinə qarşı silahlı hücum birmənalı şəkildə İran tərəfindən planlaşdırılmış terror hadisəsidir. Videogörüntülər də göstərir ki, bu hücum əvvəlcədən planlaşdırılıb, ölçülüb-biçilib. Polisin əlisilahlı şəxsin qarşısının alınması üçün müdaxilə etməməsi, cinayətkarın çox arxayın şəkildə hərəkət etməsi başqa cür düşünməyə əsas vermir. İran tərəfi hadisənin məsuliyyətindən yayınmaq üçün onun mahiyyətini təhrif etməyə çalışsa da, problemin məişət hadisəsi olmasını iddia etsə də, ortada olan faktlar bunu təkzib edir və göstərir ki, bu, Azərbaycan səfirliyinə qarşı törədilmiş terrordur. Səfirliyimizə qarşı terror isə Azərbaycan dövlətinə qarşı terrordur.
Bu hadisə ilk növbədə İranın əsl simasını bir daha ortaya qoydu. Xatırladaq ki, İran 1979-cu ildə Amerika səfirliyinə, 1992-ci ildə İsrailin Argentinadakı səfirliyinə də hücum edib. Son hadisə ilə bütün dünya ilk növbədə ona əmin oldu ki, fars-molla rejiminin öz məqsədləri naminə atdığı addımlardan biri terrordur. Azərbaycana əvvəlki təhdidlərində niyyətinə çata bilməyən İran səfirliyimizə qarşı bu terror əməlini törətməklə ölkəmizə qarşı əzələ nümayiş etdirəcəyini düşünüb.
İran indiyə qədər Yəmən, Suriya və digər dövlətlərdə yaratdığı terrorçu qruplaşmalarla qanlı hadisələrə rəvac verib, islam dünyası tarixinin qara səhifələrini yazıb. Bu ölkənin molla rejimi islam adına qara ləkə olan əməlləri ilə Azərbaycanda öz riyakar planlarını həyata keçirmək istəsə də hər zaman iflasa uğrayıb, ifşa olunub. 
Azərbaycan güclü dövlətdir və Bakı Tehranın nə düşünməsindən, nə istəməsindən asılı olmayaraq, öz milli maraqlarını bundan sonra da qətiyyətlə təmin edəcək. İranın hər bir riyakarlığı isə bumeranq kimi özünə dəyəcək.

R.CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video